“Birdən birə belə bir terrorist hərəkətə yol verilməsi hansısa gizli məqsədlərdən xəbər verir”

“Mehdinin xidmətçiləri birliyi” adlı radikal dini təşkilatın Londonda səfirliyimizə hücumu və bayrağımızı endirmələri, həm də buna Britaniya polisinin seyrçi qalması xeyli sayda suallar doğurur.

Ermənişunas alim Qafar Çaxmaqlı baş verən hücumu Moderator.az -a şərh edərkən radikal qrup üzvlərinin İranla bağlantılarının ola biləcəyini və hansısa mərkəzdən tapşırıq aldıqlarını deyib:

“Əvvəla Vyana konvensiyasına görə xarici ölkələrdə diplomatik nümayəndəliklərin qorunması və diplomatların mühafizəsi həmin ölkənin hakimiyyət orqanlarının birbaşa vəzifəsidir. Böyük Britaniya bu insidentin baş verməsinə görə birbaşa məsuliyyət daşıyır və hələ bu biabırçı aksiyaya görə rəsmi cavab yoxdur. Bu dini qrupun indiyədək Azərbaycanla bağlı nə problemi olduğu da bilinmir, həmin radikal dini qrupun atdığı addımın da heç bir açıqlaması olmayıb. Birdən birə belə bir terrorist hərəkətə yol verilməsi hansısa gizli məqsədlərdən xəbər verir. “Mehdi xidmətçiləri”nin guya ki, İran dini rəhbərini qəbul etməməsi fikri isə əsassızdır. “London şiələri”nin özlərinin televiziyasında əslində İran şiəliyi təbliğ olunur. Onun liderlərinin Qum şəhərində yetişiblər. Heç şübhəsiz burada İrana uzanan xətt vardır, qrup rəhbərlərinin İran uzantısı kimi Britaniyada himayə olunması gələcəkdə ayətullah Xamneyiyə alternativ kimi yetişdirilir. Onların İranda güclü dayaqları faktı vardır və İrana birbaşa olmasa da şiə təəssübkeşi olmaları əsas verir ki, onlar hansısa mərkəzdən tapşırıq almışlar. İranın dini liderinin Ermənistan Azərbaycan münaqişəsinə müdaxil olub Zəngəzur koridorunun açılmasının reallaşdığı ərəfədə dediyi “qırmızı xətt” ifadəsindən sonra və Azərbaycanın son qisas əməliyyatından sonra belə bir addım atılır. Bu təsadüfi sayılmamalıdır. Bu qrupun Azərbaycanla hansı problemi ola bilər? Bütün dünya bilir ki, Azərbaycanda şiəliklə və məhərrəm ayında insanların dini rituelləri yerinə yetirməklə bağlı heç bir problem yoxdur və “Mehdinin Xidmətçiləri”nin bu vəhşicə əməli bəhanədən başqa bir şey deyildir. Demək Azərbaycanla bağlı hazırlanmış gizli plan vardır və bu provakasiya onun bir başlanğıcı sayıla bilər. Bəs bununla Azərbaycana nə mesaj verilir? Onların Azərbaycanla bağlantılar varmı?. Radikal islamçıları himayə edən imperializmin məqsədi nədir? Bütün bunların bölgəmizdə gedən proseslə əlaqəsi varmı,? Başqa ölkəıərdə səfirliklərimizin mühafizəsi nə yerədir? Ölkədə İranpərəst qüvvələrin fəallaşması hansı təhlükələr doğura bilər? Bütün bunlarla bağlı düşünməyin vaxtı deyilmi?”

Facebook Comments