ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır

ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Frank E. Peterson" və "USS Michael Murphy" esminesləri Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb. Qeyd olunub ki, bu addım boğazın minalardan tam təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın tərkib hissəsidir.

Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsinin qazisi Ülvi Xasayzadə gənc yaşında vəfat edib. Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.  Qazinin ölüm səbəbi açıqlanmayıb.  Aprelin 16-da onun 27 yaşı tamam olacaqdı. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib.  Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Ü Xasayzadə evin tək övladı və subay idi. Allah rəhmət eləsin!

Bakıda bəzi evlər çökə bilər - QORXULU XƏBƏRDARLIQ

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur. Sozcu.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Eyni ərazidə iki icraedici qurum problemi Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır. Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: "Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur - həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır". E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır. Bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi gecikir Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30-40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq. Dövlət qeydiyyatı olmayan əmlak satıla bilməz Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur. Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz. Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır. Vizual qərarlar çökmə riskini artırır Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür. Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır. C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə

İsrail və Livan hökumətləri uzun illər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır. Sozcu.az-ın “Al Hadath”a istinadən yaydığı məlumata görə, görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək. Bildirilir ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək. Məlumata əsasən, rəsmi Vaşinqton görüş baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunması ilə bağlı xüsusi təhlükəsizlik zəmanəti verib. Bu diplomatik təşəbbüsün məqsədi bölgədə atəşkəsi möhkəmləndirmək və davamlı sülhə nail olmaqdır. Danışıqlar zamanı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, “Hizbullah”ın tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad olunması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib. Hazırda Vaşinqton və Beyrut rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumların müvəqqəti dayandırılmasını istəyiblər. Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında da birbaşa görüş keçirilib.

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

ABŞ, İran və Pakistan nümayəndə heyətlərinin danışıqları bu axşam İslamabadda davam edib. Sozcu.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər yayıb. Qeyd olunub ki, təmaslar dar tərkibdə davam edib. Daha əvvəl IRIB məlumatlı mənbəyə istinadən ABŞ nümayəndə heyətinin İslamabaddakı danışıqlar zamanı həddən artıq tələblər irəli sürdüyünü bildirmişdi. *** 21:27 ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb. Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir. Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib. İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir. Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır. *** 19:30 İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib. Sozcu.az “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib. İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub. Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır. Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb. *** 18:14 İran-ABŞ danışıqları İslamabadda başlayıb. Sozcu.az xəbər verir ki, barədə "Tasnim" məlumat yayıb. Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.

Atəşkəs pozuldu: Bu şəhərlərə zərbələr endirilir - KİV

İranın paytaxtı Tehrana hava hücumu həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Nournyus” nəşri məlumat yayıb. Məlumata görə, Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hücumundan müdafiə sistemlərinin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilir. Sistemin işə düşməsinin səbəbi açıqlanmayıb. “Mehr” agentliyi də 12 saatlıq atəşkəs rejiminin pozulduğunu, Tehran və Kərəcə hava zərbələri endirildiyini bildirib. Bundan əlavə, İsfahan və Əhvaz üzərində də qırıcı təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd edilib.

Tramp: “Yayılan məlumatlara inanmayın, hər şey nəzarət altındadır”

ABŞ Prezidenti Donald Tramp mediada ABŞ–İran danışıqları ilə bağlı məlumatları tənqid edib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında qeyd edib ki, guya danışıqlarla bağlı yayılan müxtəlif razılaşma, siyahı və məktublar prosesə heç bir aidiyyəti olmayan şəxslər tərəfindən hazırlanır. Onun sözlərinə görə, bu cür məlumatları yayanlar “fırıldaqçılar, şarlatanlar və daha pisləridir” və aparılan federal araşdırma başa çatdıqdan sonra onların ifşa olunacağı gözlənilir. Tramp vurğulayıb ki, ABŞ üçün qəbul edilə bilən yalnız bir sıra əsas şərtlər mövcuddur və bu məsələlər danışıqlar çərçivəsində bağlı qapılar arxasında müzakirə olunur. O, əlavə edib ki, həmin şərtlər atəşkəs razılaşmasının əsasını təşkil edir və kifayət qədər məntiqli olduğu üçün asanlıqla həll edilə bilər. Prezident, həmçinin CNN telekanalını da tənqid edərək bildirib ki, kanal etibarsız mənbəyə istinadla məlumatlar yayır.

Qətər: İran tərəfindən ölkə ərazisinə zərbələr endirilib

Qətər Müdafiə Nazirliyi ölkə ərazisinin kütləvi hücuma məruz qaldığını açıqlayıb. Sozcu.az xəbər verir ki, rəsmi məlumatda hücumun İran tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunub ki, ölkə ərazisinə 7 ədəd ballistik raket və bir neçə zərbə tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Hazırda dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir. Rəsmi Doha hücuma görə məsuliyyəti Tehranın üzərinə qoyur. Bu hadisə regionda vəziyyəti daha da gərginləşdirərək böyükmiqyaslı hərbi qarşıdurma riskini artırır.

BMT Baş katibinin nümayəndəsi İrana gedib

BMT baş katibinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Jan Arno çərşənbə günü İrana səfər edib. Sozcu.az-ın xarici mediaya istinadən məlumatına görə, o, səfər çərçivəsində İran rəsmiləri ilə görüşlər keçirəcək. Məlumata görə, Arno bu görüşlərdə İran tərəfinin mövcud vəziyyətə münasibətini və gələcək perspektivlərə baxışını öyrənəcək. O, həmçinin Pakistan və digər ölkələrin vasitəçiliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib. Bu razılaşma müvəqqəti atəşkəsi nəzərdə tutur və danışıqlar üçün imkan yaradır, diplomatik prosesə yol açır. BMT-nin baş katibi Antonio Quterreş də atəşkəsi müsbət qarşılayıb və tərəfləri beynəlxalq hüquqa uyğun şəkildə öhdəliklərinə əməl etməyə çağırıb.

Hörmüz boğazında gəmilərin hərəkəti dayandırıldı - KİV

İran İsrailin atəşkəsi pozmasından sonra Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb. “İsrailin Livana hücumlarından sonra Hörmüz boğazı ilə gəmilərin hərəkəti dayandırılıb”, - məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.

54 yaşlı sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR

Bu il keçiriləcək sertifikasiya imtahanına tarix fənni də daxildir. Ancaq artıq indidən bəzi tarix müəllimləri narahatdırlar ki, imtahan çətin keçəcək və nəticədə kəsilənlərin sayı çox olacaq. Maraqlıdır, tarix fənni üzrə sertifikasiyaya cəlb olunacaq müəllimlərin aqibəti necə olacaq? Sozcu.az xəbər verir ki, "AzEdu.az"a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, tarix fənni üzrə imtahan da digər fənlərlə təxminən eyni səviyyədə olacaq: “Ümumiyyətlə, mən sertifikasiya imtahanına belə baxıram ki, müəllim bu imtahandan qorxmamalıdır. Çünki müəllim şagirdin qarşısına çıxır və onun biliyi, bacarığı yüksək səviyyədə olmalıdır ki, şagirdə lazım olan məlumatları düzgün şəkildə ötürə bilsin. Ona görə də hər bir fənn müəllimi öz ixtisası üzrə sertifikasiya imtahanına daim hazır olmalı, qorxmamalı və çəkinməməlidir. Əksinə, müəllim düşünməlidir ki, bu imtahanda daha yaxşı nəticə əldə edərək əməkhaqqına əlavə qazansın. Bildiyiniz kimi, sertifikasiya nəticələrinə görə 10% və 35% əməkhaqqı artımı nəzərdə tutulur. Bu da müəllimlər üçün əlavə motivasiya olmalıdır. Hesab edirəm ki, tarix fənni üzrə imtahan da digər fənlərlə eyni səviyyədə olacaq. Çətinlik və ya asanlıq baxımından ciddi fərqin olacağını düşünmürəm. Çünki sualları hazırlayanlar hər fənn üzrə müvafiq metodik birliklərdir. Tarix fənni üzrə də suallar çətin, orta və asan səviyyədə balanslı şəkildə tərtib olunmalıdır. Digər fənlərdə necədirsə, tarix fənnində də eyni yanaşma tətbiq edilir. Mən sertifikasiya imtahanlarını dəstəkləyirəm. Bu proses bir reallığı ortaya qoydu: bəzi müəllimlərin öz ixtisası üzrə ali təhsili yoxdur və ya ixtisasından kənar sahə üzrə təhsil alaraq müəllimlik edirlər. Hətta ixtisası üzrə müəllim olanların bir qisminin də öz sahəsini yetərincə yaxşı bilmədiyi üzə çıxdı. Biz hər birimiz övladımızı məktəbə göndərəndə istəyirik ki, ona savadlı, peşəkar müəllim dərs desin. Təhsil sistemi də bunu hədəfləyir: məktəblərdə güclü müəllimlər qalsın. Sertifikasiya imtahanlarının məqsədi də məhz budur. Müəllim hər zaman özünü inkişaf etdirməlidir. “Mən artıq müəllim oldum, kifayətdir” yanaşması doğru deyil. Dövr müasirləşir, texnologiya sürətlə inkişaf edir və müəllim də bu dəyişikliklərə uyğunlaşmalıdır. Nazirlik də müəllimlərin daim yenilənməsini və müasir tələblərə uyğun dərs keçməsini istəyir. Belə müəllimlər sertifikasiyadan uğurla keçəcəklər. Digərləri isə imtahandan keçə bilməyərək müəllimlik fəaliyyətindən uzaqlaşa bilərlər. Bu, hər sahədə olduğu kimi, ən bacarıqlının seçilməsi prinsipidir. Məqsəd öz ixtisasını yaxşı bilən, müasir texnologiyalarla işləməyi bacaran və dövrün tələblərinə uyğun dərs deyən müəllimləri məktəblərdə saxlamaqdır".

Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi və hadisənin təsiri nəzərə alınmaqla müəyyən edilir. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli hesab olunur. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a xəyanətə görə təzminat artıq Azərbaycanda mövcud olduğunu bildirib. "Yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər. Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər". Vəkil deyib ki, mənəvi təzminat davasında şəxsin öz qiymətləndirməsinə əsasən təzminat məbləğini müəyyən etməsi mümkündür, amma məbləğ ağlasığmaz olmamalıdır: "Bu məbləğ 10–20 min manat arasında ola bilər. Bu zaman şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi və mənəvi sarsıntının dərəcəsi nəzərə alınır. Müraciətin vaxtı da məhkəmə prosesində vacibdir. Dərhal müraciət olunarsa, məhkəmə təsirli hesab edir, amma bir neçə il sonra müraciət edilsə, mənəvi zərbənin dərəcəsi və məhkəmənin inamı azala bilər. Qanunla boşanmaq şərt hesab olunmasa da, şəxs boşanmırsa, xəyanəti daxilən qəbul etmiş sayılır", - deyə vəkil bildirib.

Raket qorxusu: Səudiyyə bu rayonu boşaldır

Səudiyyə Ərəbistanı İranın mümkün raket və ya dron hücumları səbəbindən Ər-Riyadın əsas maliyyə rayonunu boşaldıb. Sozcu.az xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb. Məlumata görə, rayondakı şirkətlərə işçilərini ərazidən köçürmək tapşırılıb.

Evinin damını təmir edərkən yıxıldı, öldü

Gəncə şəhərində hündürlükdən yıxılan 53 yaşlı kişi həyatını itirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1973-cü il təvəllüdlü Hafiz İsmayılov şəxsi evinin dam örtüyünü təmir edərkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Universitetlərdə dərslər dayandırılıb? - AÇIQLAMA

Bakıya yağan güclü yağışlar ali məktəblərdə dərslərin keçirilməsinə mənfi təsir göstərib.   Sozcu.az xəbər verir ki, bəzi universitetlərdə tədris formatı müvəqqəti dəyişdirilib. Xəzər Universitetindən bildirilib ki, ali təhsil ocağında dərslər dayandırılıb: “Bu gün dərslər onlayn formada keçirilib. Növbəti gündən ənənəvi qaydada davam edəcəyik”. Azərbaycan Memarlıq və İnşaat Universitetindən qeyd edilib ki, artıq hava şəraiti yaxşılaşıb, yağıntılar kəsilib və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada təşkil olunur: “Bəzi tələbələrin universitetə gəlməsi və ya dərslərə vaxtında çatması ilə bağlı müəyyən çətinliklər mövcuddur. Həmin tələbələr bizə məlumat veriblər və bu müraciətlər dekanlıqlar vasitəsilə müəllimlərə çatdırılıb. Müəllimlərə tapşırılıb ki, belə hallarda tələbələrin dərslərdə iştirak etməməsini anlayışla qarşılanmalı, onların davamiyyəti mümkün qədər nəzərə alınmalı və iştirak edə bilmədikləri dərslər üzrə sonradan fərdi şəkildə materialları mənimsəmələri üçün şərait yaradılmalıdır”. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərslərin keçirilməsi formatında dəyişiklik edilib. “Bu gün ADMİU-da magistr səviyyəsindəki dərslər onlayn keçiriləcək. Bakalavrların dərsləri isə olduğu kimi davam edir”, - ali məktəbdən bildirilib. Bakı Mühəndislik Universitetində isə dərslər ənənəvi şəkildə keçirilir: “BMU-da dərslər ənənəvi qaydada davam etdirilir. Hava şəraiti ilə əlaqədar bir sıra ərazilərdən universietə gəlməyə çətinlik çəkənlər az saydadır”. Həmçinin, Azərbaycan Dillər Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universitetindən verilən açıqlamalarda heç bir problemin olmadığı və dərslərin onlayn formata keçmədiyi vurğulanıb. Qeyd edək ki, iki gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.yenisabah)

23 yaşlı gənc dəm qazından BOĞULDU

Bakıda 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Balaxanı qəsəbə sakini 2003-cü il təvəllüdlü İlkin Əsədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

9-cu sinif imtahanında səhv sual: bu il ballar düşəcək? - AÇIQLAMA

Ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Buraxılış imtahanından sonra riyaziyyat fənni üzrə bir neçə sualın çətin olması ilə bağlı fikirlər səsləndirilib. Belə ki, qeyd olunan fənn üzrə 1 yaxud 2 sualda yanlışlıq olduğu bildirilir. Bu kontekstdə imtahanın ümumi çətinlik səviyyəsi və yekun nəticələrin necə formalaşacağı ətrafında da suallar yaranır. Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, buraxılış imtahanından sonra ən çox narahatlıq doğuran fənn riyaziyyat fənni olub. "Şagirdlər və bəzi müəllimlər bildirirlər ki, bu fəndən bir neçə sual kifayət qədər çətin olub. Hətta bir sualın səhv olduğu, bəzi yanaşmalara görə isə iki sualın yanlış olduğu bildirilir. Əgər həmin sualda səhv təsdiqlənərsə, DİM tərəfindən bu sual bütün şagirdlərin xeyrinə düzgün cavab kimi qəbul olunacaq". Ekspert onu da qeyd edib ki, diqqət çəkən məqamlardan bir digəri də imtahan cavablarının gec açıqlanmasıyla bağlıdır: "Adətən DİM imtahandan təxminən 2 saat sonra, saat 16:00 radələrində düzgün cavabları açıqlayırdı. Lakin son imtahanda cavabların açıqlanmaması bu sualın doğrudan da yanlış olması ətrafında şübhələri daha da artırıb. Şagirdlərin nəticələrinə gəlincə, builki imtahan ötən ilin 9-cu sinif buraxılış imtahanları ilə müqayisədə daha çətin hesab olunur. Keçən il sualların daha asan olması nəticələrin xeyli artmasına səbəb olmuşdu. Bu il isə balların müəyyən qədər aşağı düşəcəyi ehtimal edilir". R.Nurəliyev əlavə edib ki, əslində gözlənti ondan ibarət idi ki, 9-cu siniflərin imtahanı 11-ci siniflərin imtahanı qədər çətin olacaq: "Lakin bu hal baş vermədi, imtahan bir o qdəər ağır olmadı. Sadəcə riyaziyyat fənni üzrə ötən illə müqayisədə cüzi çətinlik hiss olunurdu. Ümumilikdə hələlik əsas çətinlik builki 11-ci siniflərin buraxılış imtahanlarında müşahidə olunub. Ehtimal edilir ki, bu fərq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan blok imtahanlarında sualların səviyyəsinin müəyyən qədər asan olması ilə tənzimlənəcək". Xatırladaq ki, imtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə məhdudiyyətli və digər) şagird də iştirak edib. Qayda pozuntusuna yol verdiyi üçün 4 nəfərdə mobil telefon aşkar olunaraq imtahandan xaric edilib. Bundan əlavə, imtahanda iştirak üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, sənədin surəti ilə gələn və ya vəsiqəsində şəkil olmadığı üçün məktəbdən verilmiş şəkilli arayışı təqdim etməyən şagirdlər də qeydə alınıb. Məlumat üçün bildirək ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Futbol dünyası yasdadır - Mirça Luçesku vəfat etdi

Rumıniya futbolunun əfsanəsi, ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Mirça Luçesku vəfat edib. Sozcu.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun ölümünə səbəb kimi uzun sürən xəstəlik və yaşla bağlı yaranan fəsadlar göstərilir.

Bakıda torpaq sürüşdü: Bu istiqamətdə hərəkət dayandırıldı

Bakının Səbail rayonunun ərazisində yerləşən Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb. "Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur. Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", məlumatda deyilir.

Qida borusunda yemək qalan qadın öldü

Ələtdə 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, aprelin 4-ü saat 20 radələrində Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasova yaşadığı evdə qida borusunda yemək qalması nəticəsində ölüb. Araşdırmalar Qaradağ rayon prokurorluğu tərəfindən aparılır.

İrana 168 zərbə endirildi: ölən və yaralananlar var

Ötən sutka ərzində ABŞ və İsrail hərbi hava qüvvələri İranın 11 əyalətinə hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə, 83 hava hücumu zamanı 168 dəfə zərbə endirilib. Zərbələr nəticəsində ölən və yaralananların olduğu vurğulanıb.

Sabah hava necə olacaq?

Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntlar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.