Ukrayna rus ordusunu darmadağın edəcək – Polkovnik

Rusiya ordusunun Xarkov və İzyumda, eləcə də digər istiqamətlərdə geri çəkilməsi tamamilə gözlənilən idi. Artıq müharibənin 82-ci günüdür və Rusiya öz ordusunun üçdə birini, xeyli sayda texnikasını, silah və sursatını Ukrayna torpaqlarında itirib. Proses getdikcə dərinləşməkdədir və rus ordusu artıq demaralizə edilib. Ona görə Britaniya kəşfiyyatının, Pentaqona yaxın mənbələrin, Ukrayna rəsmilərinin verdiyi məlumatlar həqiqətə uyğundur.

Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında son günlər Rusiya ordusunun geri çəkilməsi və Xarkov vilayətinin şimal-şərqi istiqamətində Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə bağlı məlumatları şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, Ukraynaya verilən hərbi texnikanın, silah-sursatın qarşısında Rusiya duruş gətirə bilməz və yaxın zamanda onu daha ağır nəticələr gözləyir:

“Son iki həftədir ki, vəziyyət tədricən dəyişir. ABŞ-ın Ukraynaya göndərdiyi M-777 uzaqvuran artilleriya haubitsaları, o cümlədən dron-kamikadzelər, yeni tanklar, piyadaların döyüş maşınları vəziyyəti kardinal şəkildə dəyişir. Rusiya Ukraynada olan-qalan qoşununu da itirə bilər, ona görə geri çəkilir. Ukraynanın müharibənin Donbas, Luqansk və Krımın azad edilməsi ilə bitəcəyi haqqında verdiyi açıqlamaların da təməlində bəhs etdiyimiz amillər dayanır. Mən şəxsən buna inanıram və apardığım təhlillər də onu deməyə əsas verir ki, proses qeyd edilən istiqamətdə gedir və Ukrayna yaxın vaxtlarda tamam fərqli bir döyüş göstərərək yeni uğurlar qazanacaq. Ukraynaya verilən silah sistemlərinin, ağır texnikanın və s. qarşısında rus ordusunun duruş gətirməsi mümkün deyil. Rus ordusunu qabaqda ağır və çətin günlər gözləyir”.

Facebook Comments