Rusiya öz içindən vurulur

Müharibə Rusiyanın daxilinə keçir.

Ötən yazılarda müharibə uzanacağı təqdirdə, hərbi əməliyyatların Rusiyanın içərilərinə keçəcəyi ehtimalı barədə dəfələrlə yazmışdıq. Bu gün gecə Ukrayna ilə sərhəddən təxminən 150 km məsafədə olan Bryanskda iki böyük yanğın hadisəsi baş verib. Onlardan biri Rusiyanın Ukraynadakı işğalçı qüvvələrini yanacaqla təmin edən nəhəng neft bazasıdır. Digəri isə hərbi hissələrdən birinə məxsus olduğu güman edilən silah-sursat anbarıdır.
Bu obyektlərin eyni vaxtda Ukrayna ərazisindən vurulması inandırıcı deyil. Çünki bu gün Ukraynanın əlində 150 km məsafədə dəqiq zərbə vuran raketlərin olduğu bəlli deyil. Əgər belə bir imkan olsaydı Ukrayna ilk növbədə Kırımdan gələn strateji əhəmiyyətli körpünü vurub, rusları çətin vəziyyətə salardı və ya Mariupolu mühasirədə saxlayan 58-ci ordunun mövqelərinə zərbə endirərdi. Ona görə də bu yanğın və partlayışların kənardan vurulan zərbə ilə deyil, həmin obyektlərin öz daxilində törədildiyi daha çox ehtimal olunur. Belə görünür ki, bu, Rusiyanın hərbi qüdrətini, müharibə aparmaq imkanlarını sarsıtmaq üçün ölkə daxilində həyata keçirilən əməliyyat planının tərkib hissəsidir.

3-4 gün əvvəl Dimitrovskda Rusiyanın nəhəng kimya zavodlarından biri yanaraq yararsız hala düşüb. Ondan bir gün öncə isə Tverdə yerləşən “İskəndər” və S-400 raketlərini layihələndirmiş hərbi sənaye kompleksinə aid elmi tədqiqat müəssisəsi tam yanaraq sıradan çıxıb.

Bu gün gecə isə Bryanskdakı baş verən bu iki güclü yanğın onu göstərir ki, artıq Rusiya daxilində geniş miqyaslı kəşfiyyat – diversiya fəaliyyətinə başlanıb. Belə görünür ki, Rusiya xüsusi xidmət orqanları bu cür halların qarşısını almaq iqtidarında deyillər. Bu da o deməkdir ki, Putinin təkcə Ukraynada deyil, həm də ölkə daxilində başı dərdə girib. Baş verən bu iki yanğın nəticəsində Rusiyanın Donbasdakı geniş miqyaslı hücum planlarına çox ciddi zərbə dəydi. Bu hadisə nəticəsində yanacaq və hərbi sursat təminatı pozulan rus ordusunun döyüş qabiliyyəti ciddi şəkildə zəifləyəcək.

Məsələnin ən önəmli tərəfi isə rus ordusunun zəifliyindən sonra Rusiya xüsusi xidmət orqanlarının da ölkə daxilində vəziyyətə nəzarət edə bilməməsinin üzə çıxmasıdır. Demək ki, müharibə davam etdikcə bu cür hadisələrin sayının artması, törədilə biləcək təxribat hadisələrinin qarşısını ala bilməmək Putin hakimiyyətini getdikcə daha çətin duruma sala və ölkə daxilində nəzarətin itirilməsinə yol aça bilər.

Fuad Qəhrəmanlı

Facebook Comments