“Putinin müharibə niyyətində olmadığını düşünmək sadəlövlükdür” – TƏHLİL

Putini qorxudan kabus

Vladimir Leninin “Hökumətinin imperialist müharibəsində məğlub olması haqqında” məqaləsi 26 iyun 1915-ci ildə qeyri-leqal şəraitdə nəşr olunan “Sosial demokrat” qəzetində dərc olunub. Əhalisinin 95 faizinin yazıb-oxumaq bilmədiyi bir şəraitdə qeyri-leqal şəraitdə dərc olunan azsaylı qəzetdə dərc olunan məqalə Birinci Dünya Müharibəsinin nəticələrinə təsir göstərən amillərdən biri hesab olunur. Həmin məqalədə Leninin irəli sürdüyü “İnqilabçı sinif öz hökumətinin məğlub olmasını arzulamaya bilməz” tezisini bolşeviklər əməli işə çevirdilər və Rusiya İmperiyası çökdü.

Bu gün internetin çox geniş imkanlar yaratdığı bir zamanda rus ziyalıları Leninin məşhur tezisini bir qədər dəyişərək belə ifadə edirlər: “Hökumətinizin məğlubiyyətini arzulamaq olar, bəzən də lazımdır. Əgər onun qarşıya qoyduğu məqsədlər ölkənin maraqları ilə birbaşa ziddiyyət təşkil edirsə, onun məğlubiyyəti yalnız ölkənin və xalqın qələbəsi üçün deyil, həm də yaşaması üçün zəruri şərtdir”.

Putinin Ukraynaya qarşı müharibə niyyətində olmadığını düşünmək ya sadəlövlükdür, ya da tərəfkeşlik. Quru qoşunlarının tən yarısını Ukrayna sərhədinə yığan, Sakit okean donanmasının gəmilərini Uzaq Şərqdən Qara dənizə göndərən bir hökumətin başqa nə niyyəti ola bilər?

Ancaq anti-müharibə hərəkatı böyüməkdədir və hər gün nüfuzlu ictimai-siaysi xadimlərin müharibə əleyhinə öz imzaları ilə açıq çağrışları yayılır. Putini Ukraynaya hərbi müdaxilə ərəfəsində qorxudan əsas məqamlardan biri də budur. Anti-müahribə kampaniyası Putinin kabusuna çevrilib.

Xəqani Cəfərli, politoloq

Facebook Comments