İlkin Həsəni qəza keçirdib

Aparıcı İlkin Həsəni avtomobil qəzası keçirdib. Sozcu.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. "Bir neçə gündür başım qarışıb, kiçik qəza keçirtdim. Salamatçılıqdır, maşını düzəlməyə verdim" deyə, İlkin bildirib.

11 aylıq Məryəmin müəmmalı ölümü: “Həkim pul təklif etdi ki...”

11 aylıq Məryəm qızdırması qalxdığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Evə gətirilən Məryəmin halı ağırlaşdığı üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Məryəmin anası Esmira Xəlilova redaksiyaya göndərdiyi şikayət məktubunda bildirib ki, əkiz qızlarından biri olan Məryəmi 2023-cü ilin mart ayında xəstəxanaya aparıblar: “Qızdırması var idi. Həkim Pərvanə Əsgərovanın qəbulunda olduq. Bir həftə orada qaldıq. Uşağım müalicə alsa da səhhəti yaxılaşmadı. Həkimdən soruşanda dedi ki, düzələcək, dərmanların təsiridir. Bir həftə sonra bizim razılığımız olmadan xəstəxanadan evə göndərdi. Evə çatandan bir saat sonra uşağın vəziyyəti pisləşdi. Həkimə zəng edəndə yenə dedi ki, narahat olma. Bir dərman adı verdi ki, uşağa verək. Vəziyyətin pisləşdiyini görüb təcili yardıma zəng elədim. Uşağın bağırsaqları təmiz boşalmışdı. Xəstəxanaya aparanda uşaq orada vəfat etdi”. Esmira Xəlilova deyib ki, uşağı həkim səhlənkarlığının qurbanı olub: “Həkim məsuliyyətdən kənarda qaldı. Qızdırması olan uşaq niyə ölməlidir? Birinci dəfədir uşaq qızdırmalı olur? Səhv müalicənin nəticəsində uşağımı itirdim. Amma cinayət işinin açılması da rədd edildi. Ekpertiza rəyində yazılıb ki, guya uşağın bağırsağında xora aşkarlanıb. Necə oldu ki, indiyə qədər heç bir problem olmadığı halda bir gündə xoradan uşaq öldü? Bütün rəsmi qurumlara müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”. Esmira Xəlilova bildirib ki, həkim və onun yaxınları dəfələrlə barışıq üçün onlara müraciət edib, maddi və mənəvi zərərin qarşılanmasını təklif etsələr də razılaşmayıblar: “Pul təklif etdilər ki, barışaq. Amma bu, mümkün deyil. Məryəmin ölümünə səbəb olan həkim qanun qarşısında cavab verməlidir”. Esmira Xəlilova bir çox instansiyalara müraciət edərək, səbəbkarların cəzalandırılmasını tələb edir.

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil. Sozcu.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib. O qeyd edib ki, qondarma "soyqırımı"nın  beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".

Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. "Ermənistanın xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - XİN məlumat yayıb.

“Azza” bu məhsulun satışını dayandırdı - Rəsmi

“Azza”nın istehsal etdiyi “Fermazza” yağ məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Mingəçevirdə kütləvi dava - Xəsarət alanlar var

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb, mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

İlham Əliyev nazir müavininə yeni vəzifələr verdi - SƏRƏNCAM

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

Kürdəmirdə DƏHŞƏT: Özünü sürət qatarının altına atdı

Kürdəmirdə sürət qatarının vuraraq öldürdüyü şəxsin intihar etdiyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qarabucaq dəmir yolu stansiyasının ərazisində baş verib. Kürdəmir rayon sakini, 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Temperatur günbəgün artır: Sabah 26 dərəcə - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Anasını 57 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Çıraqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 16 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2024-cü il avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub. İttihama görə, Rəşad Çıraqov anasının Vatsap vasitəsilə "Nunu" adı ilə qeydiyyata alınmış istintaq materialları ilə soyadı, adı və atasının adının olduğu müəyyən edilmiş şəxslə sevgi məzmunlu SMS-lər yazdığını aşkarlayıb. Sonra o, anasının onun namusuna xələl gətirən hərəkətlər etdiyini düşünərək qadını gecə ümumilikdə 57 bıçaq vuraraq qətlə yetirib.

"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir

"Yeni Klinika"nın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər. Sozcu.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir. "Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur". "Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sözügedən mövzu ilə bağlı sorğunu cavabsız qoyub.

Zelenski son nöqtəni qoydu: Ərazi güzəşti olmayacaq!

Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. “Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - Zelenski deyib. Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq: “Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.

Zelenski Ukraynada prezident seçkisinin vaxtını açıqladı

"Ukraynada seçki müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək". Sozcu.az "Strana.ua" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O vurğulayıb ki, hərbi münaqişə başa çatdıqdan sonra hərbi vəziyyət ləğv ediləcək və bundan sonra seçki Ukrayna qanunvericiliyinə uyğun olaraq keçiriləcək.

Ramazanın 13-cü günü - İmsak və iftar VAXTLARI

Sabah - martın 13-də Ramazan ayının 13-cü günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:30-da, iftar isə saat 19:00-dadır. 13-cü günün duası: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”. Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

İmişlidə yük və minik maşını toqquşdu: yaralılar var

İmişli rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Mersedes” markalı yük maşını və “Mersedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 qadın İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan bildirilib ki, 1939-cu il təvəllüdlü şəxsə sol mil sümüyünün tipik yerindən qapalı yerdəyişmiş sınığı, 1951-ci il təvəllüdlü şəxsə sol qol nahiyəsinin əziyi, 1953-cü il təvəllüdlü şəxsə isə alın nahiyəsinin və sağ biləyin əzilmiş, cırılmış yaraları, burun sümüklərinin qapalı sınığı diaqnozları təyin edilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Rusiyaya qarşı sanksiyalar müzakirə oluna bilər - Rubio

Avropanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması məsələsi Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək danışıqlarda müzakirələrin bir hissəsi ola bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib. "Avropalılar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Güman edirəm ki, Rusiya ilə istənilən danışıqlarda, əgər biz onlara müraciət etsək, bu, ona qarşı tətbiq edilən Avropa sanksiyaları məsələsini gündəmə gətirəcək. Ona görə də hesab edirəm ki, sanksiyalar məsələsi müzakirə olunacaq, hətta Rusiyanın dondurulmuş aktivlərinin taleyi və s.gündəmə gətirilə bilər”, - M.Rubio qeyd edib.

2 aprel böyük gün olacaq - Tramp

2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Ümid edək ki, Rusiya ilə atəşkəs əldə edə bilək", - Tramp bildirib. Eyni zamanda, o, müəyyən müsbət siqnallar aldığını qeyd edib: "Mən bəzi müsbət mesajlar almışam. Lakin müsbət mesaj heç nə demək deyil. Konkret addımlar atılmalıdır. Vəziyyət çox ciddidir. Bu, III dünya müharibəsinə səbəb ola biləcək bir vəziyyətdir".

Pakistandanda separatçılar girovları edam etməklə və qatarı partlatmaqla hədələyir

"BMT baş katibi terror hücumunu pisləyib və girovların dərhal azad olunmasına çağırıb..." Pakistanın Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən dünən baş verən dəhşətli terror aktı- 450 nəfər sərnişini olan qatarın girov götürülməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, Pakistan təhlükəsizlik qüvvələri 20 saatdan çoxdur ki, girovları azad etməyə və ərazidə nəzarəti bərpa etməyə çalışır. Rəsmilər azı 10 nəfər həlak olduğunu bəyan edib. Hücum necə baş verib? "Jaffer Express" qatarı Kvetta şəhərindən (Bəlucistan, Pakistanın cənub-qərbi) Peşəvara (Hayber-Paxtunxva vilayəti) gedərkən çərşənbə axşamı günorta saatlarında tuneldə silahlı BLA yaraqlıları tərəfindən dayandırılıb. Dəmir yolu partladılıb, maşinist yaralanıb və yaraqlılar 450 sərnişini girov götürüb. Hökumət və dəmiryolu rəsmilərinin verdiyi məlumata görə, terrorçular azı 10 nəfəri öldürüb. Öldürülənlər arasında 9 təhlükəsizlik əməkdaşı və girov götürülən qatarın maşinisti var. Girovların azad edilməsi əməliyyatı Çərşənbə axşamı axşam saatlarında Pakistan qüvvələri terrorçuları mühasirəyə alıb və silahlı qarşıdurma baş verib. Məlumata görə, terrorçular qadın və uşaqları insan qalxanı kimi istifadə edir. Axşam saatlarında Pakistan təhlükəsizlik qüvvələri 104 girovu xilas edib. Onların arasında 58 kişi, 31 qadın və 15 uşaq var. Lakin qalan sərnişinlərin taleyi hələ ki naməlumdur. Rəsmilər bildirir ki, terror hücumu nəticəsində bir neçə qadın və uşaq yaralanıb. Girovların tam azad edilməsi istiqamətində əməliyyat davam edir. BLA-nın ultimatumu BLA nümayəndəsi Ciyand Bəluc dünən sosial şəbəkələrdə yayımlanan bəyanatında Pakistan hökumətini hədələyib. O, bütün Bəluc siyasi məhbuslarının, fəallarının və itkin düşmüş şəxslərin 48 saat ərzində azad olunmasını tələb edib. "Əgər tələblərimiz göstərilən müddət ərzində yerinə yetirilməsə və ya işğalçı dövlət bu müddət ərzində hərbi əməliyyata başlasa, bütün hərbi əsirlər edam ediləcək və qatar tamamilə məhv ediləcək," - BLA bəyan edib. Pakistan hökumətinin cavabı Bəlucistanın baş naziri Mir Sarfraz Buqti çərşənbə axşamı gecə saatlarında terrorçuların tam məhv ediləcəyini bildirib. Təhlükəsizlik mənbələri məlumat verib ki, 16 yaraqlı öldürülüb, bir çoxu yaralanıb. Beynəlxalq reaksiya BMT-nin baş katibi Antonio Quterreş hücumu kəskin şəkildə pisləyib və girovların dərhal azad olunmasına çağırıb. BMT nümayəndəsi Stefan Düjarrik bununla bağlı bəyanat verib.

“Praktiki olaraq ömürlükdür” - Saakaşvili həbsindən yazdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb. Sozcu.az xəbər verir ki, eks-prezidentin sözlərinə görə, bu cəza onun üçün “praktiki olaraq ömürlükdür”. "Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güc!" - Saakaşvili paylaşımında qeyd edib.  Martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Xankəndidə separatçıların yuvası olan bina SÖKÜLÜR

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir. Məsələ ilə bağlı açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib. O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər. "Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.

ABŞ PUA istehsalı üçün Ukraynadan kömək istədi

Heç bir ABŞ şirkəti Ukrayna ilə ayaqlaşa bilmir. Amerika daha yaxşı dronların yaradılmasında kömək üçün Ukraynaya müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb. “ABŞ-ın dron texnologiyası döyüş meydanında uğursuz olduğunu sübut etdi, ona görə də startaplar ABŞ ordusuna daha təkmil, döyüş sınaqlarından keçmiş PUA-lar yaratmaq üçün Ukrayna istehsalçılarına müraciət edirlər. Müdafiə Nazirliyinin hesablamalarına görə, ABŞ ildə 100 minə yaxın PUA istehsal etmək gücünə malikdir. Keçən il isə Ukrayna iki milyondan çox dron istehsal edib”, - nəşr bildirib. CX2 şirkətinin əməkdaşı Natan Mints də deyib ki, Ukraynanın dizaynları əla işləyir, bütün modelləri döyüş şəraitində sınaqdan keçirmək üçün ən yaxşı laboratoriyaya malikdirlər.

Görür xəbərdarlıq etdi: Bu ərazidə daha çox zəlzələ olacaq...

Türkiyəli geoloq Naci Görür Türkiyədə zəlzələ olacağı bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, geoloq bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. “Diləkli-Yüksəkova, Hakkaridə 5 bal gücündə zəlzələ oldu. Bu zəlzələ Bitlis-Zaqros bölgəsi daxilindədir. Gözlədiyimiz bir zəlzələ idi. 2023-cü il 6 fevral zəlzələlərindən sonra bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında sıxıldı. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır”, - Görür bildirib. Qeyd edək ki, AFAD-ın məlumatına görə, İraqın Ərbil şəhərinin Merqasur rayonunda 11 martda saat 21:03-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ Hakkari, Bitlis və Şırnakın rayonlarında da hiss olunub.

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi

Məhkəmə Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Qərar bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib. İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib. Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakaşvili və Canaşiya iş üzrə özlərini təqsirli bilmirlər.

Dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 12-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.