Avtotitarların korporasiyası (Autocracy Inc)

İmperator I Aleksandrın təşviqi ilə 26 sentyabr 1815-ci ildə Parisdə Avstriya, Prussiya və Rusiyanın yaratdığı “Müqəddəs Alyans”ın əsas məqsədi Böyük Fransa İnqilabının doğurduğu inqilabi hərəkatları boğmaq idi.

Stalinin təşəbbüsü olan, ancaq qanlı diktatorun ölümündən sonra yaranan Varşava Müqaviləsi Təşkilatının (VMT) tarixi də 1956-cı ildə Macarıstanda sovet rejiminə qarşı üsyanı, 1968-ci ildə isə Çexoslovakiyada liberallaşama islahatlarını qan içində boğmaqdan ibarətdir. Çexoslovakiya Kommunist Partiyasının birinci katibi Aleksandr Dubçekın həyata keçirdiyi islahatlara cavab olaraq VMT-i bu ölkəyə 500 min əsgər, 6300 tank və 800 ədəd hərbi təyyarədən ibarət ordu yeridərək silahsız xalqa divan tutmuşdu.

Rusiyanın avtoritar lideri Vladimir Putinin təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsas məqsədi də Moskvanın özünün təsir dairəsinə aid etdiyi ölkələrdə hökumətlərin “rəngli inqilablar”la devrilməsinin qarşısını almaqdır.

Qazaxıstan hadisələri ilə bağlı KTMT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının onlayn görüşündə Putinin sözləri də yeni “Müqəddəs İttifaq”ın mahiyyətini aydın göstərir: “Biz qondarma rəngli inqilablar ssenarisinin reallaşmasına imkan verməyəcəyik”.

Putinin bu açıqlaması da KTMT-nin Qazaxıstana cəza dəstəsi kimi müdaxilə etdiyini, əsas məqsədin də “Qayığın çalxalanmasına imkan verməmək” olduğunun sübutudur. Putin hesab edir ki, avtoritar liderlərin hamısı rəngli inqilabların çalxaladığı “qayığ”ın sərnişinləridir. “Qayığın çalxalanmasına imkan verməmək” üçün də KTMT-i cəza dəstəsi kimi yaradılıb.

Ancaq, cəza dəstəsi “Qayığın çalxalanması”nın qarşısını almağın mümkün olmayacağını bilən Putin paralel olaraq avtoritar liderlərin qeyri-rəsmi klubunu yaradıb.

Avtoritar liderlərin klubu Rusiyanın imperiya maraqlarının gerçəkləşməsi və Qərblə qarşıdurmada Moskvanın əsas siyasi gücünə çevrilib. KTMT-nin Qazaxıstanda həyata keçirdiyi cəza tədbirlərinin Türkiyə və Çin tərəfindən dəstəklənməsi də bunun sübutudur. “Ryanair” təyyarəsinin Belarus tərəfindən məcburi eniş etməyə vadar edilməsinə qarşı NATO-nun Minskə qarşı heç bir qərar qəbul edi bilməməsinin səbəbi də Türkiyənin bütün təkliflərə veto qoyması idi. Putin Ərdoğandan NATO daxilində ikitirəlik yaratmaq üçün istifadə edir.

Artıq Putinin bu siyasi layihəsinin mahiyyəti ifşa olunub. Sovet həbs düşərgələri haqqında yazdığı kitabla ABŞ-ın ən nüfuzlu Pulitzer mükafatını qazanan Enn Applebaum Atlantic Daily-dəki “Pis oğlanlar qalib gəlir” məqaləsində siyasi ədəbiyyata yeni anlayış , “Autocracy Inc” (Avtoritarların korporasiyası) ifadəsini gətirməklə diqqətləri Putinin yaratdığı avtoritar liderlər klubuna yönəldib.

Enn Applebaum yazır ki, Autocracy Inc ümumi ideologiyası olmayan, lakin kleptokratik maliyyə strukturlarının, təhlükəsizlik xidmətlərinin və peşəkar təbliğatçıların mürəkkəb şəbəkələri vasitəsilə şəxsi güc və sərvətlərini qorumaq arzusunu bölüşən bir qrup avtoritar liderin klubudur.

Enn Applebaumun The Atlantic-dəki məqaləsindən sonra bu mövzu ətrafında ABŞ-da qızğın müzakirələr başlayıb. Demokratik Yeniləşmə Uğrunda Beynəlxalq Koalisiyaya (ICDR) görə, kleptokratiyanı təşviq edən qlobal maliyyə arxitekturasının dağıdılması Putinin Qərbə qarşı formalaşdırdığı gücün məğlub edilməsi ilə nəticələnəcək.

Bu vəzifənin öhdəsindən gəlmək üçün Rusiya müxalifətinin lideri Aleksey Navalnın korrupsiya ilə mübarizəyə həsr olunmuş, The Guardian, Le Monde və Frankfurter Allgemeine Zeitung qəzetlərində dərc olunmuş məqaləsində yer alan təkliflər həyata keçirilməlidir.

Çox yaxın zamanda Autocracy Inc-də təmsil olunan şəxslərin Qərbdəki sərvətlərinə həbs qoyulması ilə bağlı səsli-küylü hadisələrin şahidi olacağıq. Bütün bunlar isə avtoritarizmə qarşı sonuncu, həlledici etiraz aksiyalarını tətikləyəcək.

Xəqani Cəfərli, politoloq

Facebook Comments