Məmməd Əmin Rəsulzadə: “Nizami Gəncəvidə türklük” – Nəsiman Yaqublunun araşdırması

Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə ədəbiyyat sahəsində də zəngin irs qoyub getmişdir.Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi haqqında onun çox maraqlı araşdırmaları vardır.Bu faktı söyləmək mümkündür ki, N.Gəncəvinin ən böyük araşdırmaçısı M.Ə.Rəsulzadədir.Onun Nizami haqqında olan və 1952-ci ildə “Azərbaycan” jurnalında nəşr edilən yazısını oxuculara təqdim edirəm.

M. Ə. Rəsulzadə

Nizamidə türklük
(“Azərbaycan şairi Nizami” cildindən)

(Klassik ədəbiyatla uğraşanlar XII yüzil şairi Gəncəli Nizamiyi bilirlər. Üləmayi- rüsum(rəsmi alimlər) deyilən bir çox bilgin və ədəbiyatçılar Nizamiyi bir əcəm şairi qəbul edərlər. Çünki o, əsərlərini əcəmcə, yəni farsca yazmışdır. Fəqət bəziləri Nizaminin Gəncəli olduğunu nəzərə alaraq, onun türk olduğunu söylərlər. Halbuki Nizami sadə Gəncəli olduğu üçün deyil, farsca yazmış olmasına rəğmən, duyuşlarıyla, düşünüşlərində türk anlamına olağanüstü bir dəyər verməkdədir. Əsil buna, bu duyuş və düşünüş tərzinə görə o, bir türkdür və azərbaycanlı bir şairdir.

Böyük qitədə 400 səhifə tutan “Azərbaycan şairi Nizami” adlı incələməsində möhtərəm ustad Mehmed Əmin Rəsulzadə Azərbaycanlı bir şair deyil, bir Azərbaycan şairi olduğunu müvəffəqiyyətlə isbat etməkdədir. “Qonuları(mövzuları) baxımından Nizami” bölümü kitabın ən orijinal səhifələrini təşkil etməkdədir. Əsərin “Nizamidə farslıq”, “Nizamidə türklük”, “Nizamidə Qafqasya”, “Nizami görüşü ilə rus”, “Nizamiyə görə qadınlıq” bəhslərini incələyən bu bölümdə müəllif bu nəticəyə varmışdır:

Farscılığı yox Onun,
Türklüyə çox bağlıdır.
Qafqaz deyə zövq alır,
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri,
Ya türk, ya Qafqaslıdır.
Şübhəsi yoxdur ki O,
Bir Azərbaycanlıdır.

Dünya ədəbiyat çapında müstəsna bir yer tutan Şərqin böyük şairi Nizaminin azərbaycanlılığını təşkil edən ünsürlərdən biri onun türklüyə qarşı duyduğu sevgi və bağlılıqdır. Bu bağlılıq Əmin bəyin əsərində “Nizamidə türklük” başlığını daşıyan səhifələrdə anladılmışdır. Bu fəsli ixtisasa təəlüq haşiyə və farsca mətnlərdən ayıraraq və qismən də qısaldaraq aşağıya nəql ediyoruz).

Klassik İran ədəbiyatında “türk” sözünün gözəl mənasına qullanıldığı(işlənildiyi) vaqedir (həqiqətdir). Şirazlı Hafizin bir qəzəlində “tork-e Şirazi”dən bəhs etməsi məşhurdur:

Şirazlı türk edərsə könlümüzü şadman,
Səmərqəndlə Buxara bənli(çilli) yanağına qurban.

Buradakı “Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində, əndam tənasübü və üzlərinin gözəllikləriylə məşhur Qaşqay türklərindən,sözün həqiqi mənasiylə, bir türkmüdür, yoxsa “türk” sözü burada məcaz olaraq gözəl mənasınamı qullanılmışdır? Bu xüsusda türlü təfsirlərdə bulunanlar vardır.

Hafizin “İnsanlar mey qədirini bilsələrdi, gecələri uyumaz, üzüm əkərlərdi. Asmaları (tənəkləri) ud ağacından yapar, arxlardan gülab axıdılardı və hər salxımın altında bir türk qızı oturdub sinək (milçək) qovdururlardı” deyir.
Gözəllik qarşılığı olaraq qullanılan “türk” sözünün həqiqi və ya məcazi mənalarda başqa şair və yazarlarda dəxi misallarını bulmaq qabildir (mümkündür).
Fəqət heç bir yerdə və farsca yazılmış heç bir şeirdə türk anlamı Nizamidə olduğu qədər sevgi və məntiqli bir silsilə ilə ifadə edilməmiş olsa gərəkdir. Şairin incələməkdə olduğumuz “Beş kitab”ında(“Xəmsə”sində-red) bu iddianın 80-ni keçən türlü dəlil və dayanaqlarını təsbit etmişizdir.

Gerçək və məcazi mənada türlü anlamlar və türlü münasibətlər dolayısiylə, şairin bolca qullandığı “türk” isim və sifətlərini genəl bir tərifə tabe tutarsaq görürüz ki: Nizami, türk deyir – gözəl, mərd, qəhrəman, əskər, komandan, bilgin, ər, rəhbər və şef (başçı) anlıyor, türklük deyir – gözəllik, eyilik, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şeflik anlıyor, Türkistan deyir – vəfa, doğruluq və aranılan yer ilə ərmişlik (visal) anlıyor.
Türk gözəldir. “Dilbər” deyəcəyi yerdə şair çox kərə, sadəcə, “türk” deyir. “Tork-e delsetan”, “tork-e tənnaz”, “tork-e nazənin əndam” kimi tərkiblərə Nizamidə sıx-sıx rastlanıyor.

Gözəl gözdən bəhs etmək istərkən “türk gözü” deyir, onu “ahu” (gəzal) gözüylə qarşılaşdırır. Bir gülüşün dadlılığını anlatmaq istərsə, buna “türk gülüşü” deyir. Bu gülüş Nizaminin təsəvvüründə o qədər dadlıdır ki, “şəkər belə onu qısqanırmış”.
“Həft peykər” əfsanəsində yeddi iqlimin yeddi prinsesini(şahzadəsini) Bəhram- Gurun yeddi köşkündə oturdub həftənin yeddi gecəsində kəndilərinə ayrı-ayrı birər eşq masalı söylədən şair masal söyləyən gözəlləri də, masaldakı dilbərləri də “türk”deyə təvsif(vəsf) etməkdədir. Rum prinsesi, ona görə, “Rum cinsindən bir türk”dür (tork-e rumi nəsəb). Bir kürd qızının gözəlliyini anladırkən “gözləri bir türk gözü qədər gözəldi” deyir. Ərəb gözəllərini anladıyor,yenə türklə müqayisə yapıyor. Məcnunun sevgilisi Leylinin ətrafındakı ərəb qızlarına “Ərəbistanda oturan türklər” deyir, sonra da “ərəb əndamlı türklərə” bayılıyor (məftun olur).
Çin gözəlimi, Hind gözəlimi, nə gözəli olursa-olsun, Nizamidə onun bir türkə bənzədildiyini görürsünüz.

Şair gözəllərin bulunduğu saraya “Türkistan” deyir. “Xosrov ilə Şirin”də Şapur Şirinin “şahın Türkistanı”na nasıl göndərildiyini anladıyor. Burada “Türkistan” sözü “hərəm” mənasına qullanmışdır.
Hətta “Həft-peykər” mənzuməsinin fantazi baxımından ən parlağı bulunan “Qara köşk”(qəsr) prinsesinin hekayəsindəki “narin(zərif) vücudlu türk kraliça”nın adı belə “Türknaz”dır.
Məcazlarla işlənmiş Nizami üslubunda türklük qüvvət və qəhrəmanlıq simvoludur. Məsəla: Xosrov ilə düşmanı Bəhram cəng ediyorlar, ikisi də iranlıdır. Birinin ordusu rumlardan, ötəsininki(o birininki) iranlılardan toplanmış ikən, şair bu iki qüvvət arasındakı çarpışmayı təsvir edərkən “bu türklər arasında qızışan savaşda türk borusunun(neyinin) bağırtısından türklərin qırtlağı qısılıyordu” deyir Burada “türk” “cəngavər”, “əskər” və “muharib”(döyüşçü) qarşılığı olaraq qullanılmışdır.

Xosrovun Şirini aramağa getdiyini anladırkən şair “türklüyü” əzmkarlıq mənasında qullanıyor. Məsəla, “atını Şirinin səmtinə qoşturaraq türkdən türklüklə qarət almaq istədi” deyir. Bir savaşı təsvir edərkən igidlərdən birinin savaş meydanına atılışını “ordunun qəlbigahından(mərkəzindən) fırlıyan(sıçrayan) dəmir geyimli birisi türk kimi (torkvar-bu söz farsca yazılıb-red) meydana atılıverdi” deyir. Dara ilə İskəndər orduları qarşılaşıyorlar, şair yenə “türk yürüyüşündən” və “türklərin coşqunluqlarından” bəhs ediyor.
Türklərin qəhrəmanlıq və cəngavərliklərinin bənzəri yoxdur. Dara İskəndərə xitab edərkən qarşısındakını “türkləri” ilə qorxuduyor: “Türklərimin oxunu yemədinmi ki, mənə çıxışıyorsun?!..” deyə soruyor.
İskəndər dəxi, hind xaqanı ilə yapdığı deyişmədə “Türklərim əl qaldırırlarsa, atdıqları bir tək oxla bir orduyu yıxarlar” deyə öyünüyor.

Sözün qısası “türk” maddi-mənəvi bütün yüksəkliklərin simvoludur. O, günəşin ta kəndisidir: sabahın açılıb günəşin doğduğunu anlatmaq istərkən, Nizami “sultan şükuhlu(əzəmətli) türkün Çin dəryasından yüksələrək dağlara nur saçdığından” bəhs edər.
“Türk” demək Nizaminin lüğətində bir rəhbər, bir şef deməkdir. Ən böyük şefi, ən böyük peyğəmbəri, ən böyük imperatoru bir təşbih ilə anlatmaq istərkən, Nizami “türk” sifətini qullanıyor. Bu qədər idealizə etdiyi İskəndəri Nizami “İskəndərnamə”nin ikinci qismində İskəndərin ağlını, tədbirini, işləri iş bilənlərə vermək əsasına dayanan idarə sistemini anladırkən “Əgər böylə olmasaydı, Rum külahlı(papaqlı) bir türk Hind ilə Çinə nasıl sahib olurdu?” demək olan bu beyti yazıyor:

Bilginlərə daim qulaq asardı,
İşlərini bilginliklə yapardı.
Yoxsa bu Rum qalpağı geymiş bir türk,
Hində, Çinə nə surətlə qonardı?!

Həzrəti Peyğəmbəri mədh edərkən şair yenə “türk” sifətini qullanıyor. Nizaminin bu beyitləri eyniylə nəql edilməyə dəyər bir şah əsərdir:

Öylə peyğəmbər ki, Əfridun ilə Cəmşid anın,
Hökmü altında duyar qorxu-güvən.
Bir ərənlər heylinin sərheyli kim,
Ta qiyamət tək odur söz söyləyən.
Öylə bir əmir ki əmriylə anın,
Uslanır hər kəs, görür dünya düzən.
Yerdə, göydə həp odur yol göstərən!

“Sultani Kəbə” başlığını daşıyan qəsidəsində də şair Məhəmməd Peyğəmbərə ərəb vücudlu türk deyir.

Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealini türk dövləti tipində buluyor. Nitəkim(necə ki), didaktik əsəri olan “Məxzənül-əsrar”da zülmə uğramış ixtiyar bir qadının ağzıyla Böyük Səlcuqlulardan Sultan Səncərə xitabla: “Madam ki ədalətsizliyə təhəmmül(dözürsən) ediyorsun, demək ki, türk deyilsən!” – deyir.

Azərbaycan padşahlarından şairin, bilxassə, yüksəltdiyi Atabəy Məhəmməd Cahan Pəhlivana yazdığı mədhiyədə Nizami Məhəmməddəki iki “mim” üzərində oynayaraq “tarac hökmü olmaqsızın qələm türklərinə “mim”inin biri kəmər, digəri də tac bağışlar” mənasındakı beyti yazmışdır. “Türk” sözü burada “sahib” mənasına qullanılmışdır.

Bütün dünya münəqqidlərinin(araşdırıcılarının) bildiyimiz genəl təqdirlərinə görə, Nizami ən böyük bir qələm türküdür.

Bu böyük türk çağdaşlarından şikayət edən bir yazısında “bu həbəşlikdə türkcəmi anlayan yox” deyə oxuyucularına dərd yanmaqda və eynən bunları yazmaqdadır:

Ağıl bilir ki, mən nələr söylərim,
İşarətimlə həp nələr istərim.
Heç qıramaz məni soyu pozuqlar,
Arxamda çün yoxluq kimi varlıq var.
Türkcəmi bu həbəşlikdə alan yox,
Doğayı(şorba) bir yemek deyə sayan yox!

“Həbəşlik”dən məqsəd mütəəssiblərin (təəssübkeşlərin) qara cəhaləti, “türkcəsi”ndən məqsəd də dühasının məhsulu bulunan yüksək düşüncələridir. Siz istərsəniz, bu şikayəti şairin yaşadığı devirdə türkcə yazmanın daha adət olmayışı üzündən duyduğu təəssür(təəssüf) deyə yorunuz.
Hər halda türk anlamına sezişlərində, duyuşlarında, düşünüş və buluşlarında bu qədər yüksək yer verən bir Azərbaycan övladına gözəl ilə böyüyə – türk, gözəllik ilə böyüklüyə −türklük, gözəl və böyük ifadəyə – türkcə, gözəllik və böyüklük diyarına − Türkistan deyən bir şairə sırf farsca yazmışdır deyə türk deməmək qabilmidir?..

Əsla!!!

Əsərlərini ərəbcə yazmışlar ikən türklük haqqındakı duyğularıyla Türk kültür və milliyətçiliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Qurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türklərsə, Nizami də onlar qədər türkdür!

Nizaminin türklüyünü inkar etmək onun 800 il sonra dəxi təzəliyini mühafizə edən “türkcə”sini anlamayan fəci bir “həbəşilik” olur.

“Azərbaycan” jurnalı, Ankara, 1 mayıs, 1952,il-1,sayı-2,səh.3-6.

Facebook Comments