İcra başçıları nə qədər maaş alır? - Siyahı

İqtisaçı ekspert Natiq Cəfərli icra başçılarının maaşları ilə bağlı maraqlı məlumat paylaşıb. Sozcu.az xəbər verir ki, o, icra başçılarının maaşlarının inzibati-ərazi vahidləri üzrə bu cür maaş aldıqlarını qeyd edib: Bakı şəhər icra başçısı – 7650 manat. Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat. Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.) Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.) Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.). Ekspert əlavə edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir faiz də YAP-a üzvlük haqqı tutulur: “Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. Yəni, məsələn, 2022-ci ilə qədər Bakı şəhəri icra başçısının maaşı cəmi 3060 manat idi. Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra, 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə, bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?! Söhbət bir tək Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar”. N.Cəfərli bildirib ki, Azərbaycanda icra başçıları instutu köhnəlib.

Fuad Nəcəfli vəzifədən buna görə azad edilib

Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb. Qeyd edək ki, F.Nəcəfli 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilmişdi.

Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırdı

Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən qərar Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşlarının ehtiyat tədbiri olaraq həyata keçirilib.

Bu kəndlərə növbəti köç karvanları yola salındı

Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq.

İş yerinə dair arayışın alınması "mygov”a köçürüldü

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. Bu barədə Axar.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər. Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir: Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışın alınması” xidmətini seçir. Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir. İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi. Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər. Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir. Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər. Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Bütün hərbçilərin nəşi tapıldı

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçilərin hamısının nəşi tapılıb. Sozcu.az "A Haber"ə istinadən xəbər verir ki, bu barədə telekanalın bölgəyə ezam olunan müxbiri məlumat verib. Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Qəzalı məktəblər nə vaxt təmir olunacaq? - Nazir AÇIQLADI

Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Biz minə yaxın məktəbdən bu gün artıq 400-dən aşağı sayda məktəbə enmişik. Bu isə hər il orta hesabla 100 məktəbin yenidən tikilməsi və ya əsaslı təmiri deməkdir.  Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların ya əsaslı təmirə, ya da yenidən tikintiyə ehtiyacı var. Bu məsələnin həlli isə bir mənalı şəkildə hər il bu istiqamətdə ayrılan maliyyədən və planlı yanaşmadan asılıdır. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib. Düzgün başa düşmək lazımdır ki, bu məktəblərin hamısının bir ilə təmiri və ya yenidən tikilməsi mümkün deyil. Bu, təbii ki, obyektiv səbəblərlə bağlıdır. Lakin  bu proses yəqin ki, 6-7 ilə əsaslı şəkildə həll oluna bilər. Biz əsasən ilk növbədə daha böyük məktəblərin bərpası ilə məşğuluq.

Müəllimlərin saathesabı və yarımştatı ləğv edilir

Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib. “Müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?”, - nazir bildirib.

SƏNSƏN

Min düşmən sarıb səni, ey gözəlliklər diyarı, Saf ürək, saf qəlblisən, niyyəti pak olan sənsən. Nə qədər düşmənlərin dünyaya qəzəl oxuyur, Adların qoyub sənə, deyirlər bəs - yalan sənsən. Ey anamın beşiyi, gözümün nuru, vətənim, Odlar diyarı adlanan, qəlbimdə iman sənsən. Mən sənə oğul ikən sən də mənə ana oldun, Könül bağçamda açan gül-çiçəkli cahan sənsən. Düşmənə qan uddurdu doğduğun igid ərənlər, Çünki o damardan axan qan deyil - axan sənsən. Təbriz də, Ərdəbil də sənə baxıb “can” deyirlər, Qalx ayağa, ey Vətən, yetişibdir zaman sənsən. Bir olub bütövləşmək zamanıdır, an yetişib, Qalx, qalx uca millət, deyək - can Azərbaycan sənsən! Zakir İsmayil

Rusiya ilə danışıqlar dayandırıldı - Kiyev

Rusiya ilə sülh danışıqları bu il demək olar ki, nəticəsiz başa çatıb və dayandırılıb. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa bildirib. O qeyd edib ki, güzəştsiz və sərt mövqe şəraitində Ukrayna üçün Rusiya ilə danışıqlar aparmaq mümkün deyil.

Zelenski tələb etdi, iki nazir istefa verdi

Hesab edirəm ki, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir. Onların vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar operativ qərardır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefa ərizələrini təqdim etməsini xahiş etmişəm. Mən Ali Rada üzvlərindən xahiş edirəm ki, bu istefalar qanun çərçivəsində həll edilsin”, - o bildirib. Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri (və keçmiş energetika naziri) Qaluşenko Nazirlər Kabinetinin rəhbəri tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Ukraynanın energetika naziri Svetlana Qrinçuk isə istefa verdiyini sosial şəbəkədə elan edib. Qrinçuk 2025-ci ilin iyulundan bəri energetika naziri idi. Milli Antikorrupsiya Bürosu (NABU) Ukraynanın enerji sektorunda genişmiqyaslı rüşvət sxemi ilə bağlı apardığı araşdırmanın təfərrüatını açıqlayıb. Araşdırmada Ukrayna hökumətinin bir neçə keçmiş və indiki üzvünün, habelə Prezident Vladimir Zelenskinin yaxın dostu olduğu deyilən iş adamı Timur Mindıçın adı keçir.

Son görüşümdə Azərbaycan ərazisinə səfər etdim - Qriqoryan

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə müntəzəm əlaqələrim var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. “Həmkarımla son görüşümdə Azərbaycan ərazisinə səfər etdim. Lakin bu görüş mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub”, - Qriqoryan qeyd edib.

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Ermənistanın ərazi bütövlüyü Azərbaycanla sərhədin delimitasiyası yolu ilə bərpa olunmalıdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Razılaşmalara sadiqik və istənilən güc tətbiqini istisna edirik. Delimitasiya nəticəsində ölkələrin ərazi bütövlüyünün konturları Almatı bəyannaməsi əsasında bərpa olunmalıdır. Bundan sonra mümkün ssenarilər müzakirə olunacaq”, - o bildirib.

Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı

Beyləqan rayonunun Qaradağlı kəndində qadın meyitinin qalıqları aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə olan meyit qalıqlarının bir ay öncə itkin düşmüş Şücaət Müslüm qızı İsmayılovanın meyiti olduğu ehtimal edilir. Qalıqlar kənd ərazisindəki kolluqda aşkar edilib. Qalıqlar yığılaraq hüquq-mühafizə orqanları tərəfindən ekspertizaya təqdim edilib. Ekspertizadan sonra meyitin qalıqları ailəsinə təhvil verilib.

Ərdoğandan qəza ilə bağlı yeni açıqlama: Araşdırırıq...

Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir. Eynilə, azərbaycanlı qardaş və bacılarımız da hər cür dəstək və töhfələr verirlər. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Millətim arxayın ola bilər ki, Türkiyə, Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər olunub. Sahə əməliyyatlarını gündəlik olaraq izləyirik. Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik. Milli Müdafiə Nazirliyimiz və Rabitə Nazirliyimiz mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır və bunu davam etdirəcək. Xalqımızı yalana, manipulyasiyaya və dezinformasiyaya qarşı ayıq olmağa çağırıram. Mən onları, xüsusən də sosial şəbəkələrdə, belə bir hadisədən çirkli siyasi maraqlar üçün istifadə edəcək qədər alçalan şəxslərə inanmamağı tövsiyyə edirəm”, - Ərdoğan əlavə edib. Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olub.

Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər - Prezident

“Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Prezident Nəsimi rayonuna yeni başçı təyin etdi

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident həbs edilən başçının yerinə onu təyin etdi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Xatırladaq ki, bir müddət öncə DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirmiş, icra başçısı İslam Rzayev saxlanılmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Prezident Fuad Nəcəflini işdən çıxardı - Yeni TƏYİNAT

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Paşinyan Azərbaycanla bağlı söz verdi: “...ilin sonunadək açıqlayacağıq!”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlara dair sənədlərin bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Paşinyan qeyd edib ki, bu qərar ATƏT-in Minsk Qrupunun tam ləğvi ilə bağlıdır: “Bu proses başa çatdıqdan sonra həmin sənədləri dərc edə biləcəyik. O zaman bu sənədlərin açıqlanmasına mane olan mənəvi və siyasi baryer aradan qalxacaq”. O, həmçinin, keçmiş prezident Serj Sarkisyanın başqa bir ölkə liderinə ünvanladığı məktubu da açıqlamaq niyyətində olduğunu təsdiqləyib. Paşinyan bildirib ki, sənədin məxfiliyinin aradan qaldırılması prosesi hazırda davam edir, lakin dərc üçün dəqiq tarix hələ müəyyən olunmayıb.

Sabah külək əsəcək, duman olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Havanın temperaturu gecə 9-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Dünən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin noyabrın 8-dən bəri uçuş istiqamətləri ortaya çıxıb. Sozcu.az xəbər verir ki, təyyarə noyabrın 8-də yerli vaxtla 10:46-da Sivasdan qalxaraq 13:21-də Gəncə hava limanına enir. Gəncədə bir neçə saat qaldıqdan sonra təyyarə 15:00-da birbaşa İstanbula uçub. Saat 17:18-də İstanbula enən C-130 1 saat sonra 18:19-da havaya qalxaraq Kayseriyə gəlib. Göründüyü kimi, C-130 təyyarəsi bir gün ərzində Sivas-Gəncə-İstanbul-Kayseri arasında uçuş həyata keçirib. Təyyarənin növbəti uçuşu noyabrın 10-da baş tutub. Səhər saat 09:31-də Kayseridən qalxan təyyarə 11:58-də Gəncəyə enib və elə həmin gün saat 15:36-da yenidən havaya qalxaraq, 18:34-də Kayseriyə qayıdıb. Noyabrın 11-də saat 09:34-də Kayseridən qalxıb və saat 12:04-də Gəncəyə enib. Gəncədən saat 14:19-da havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərində qəzaya uğrayıb. Bəzi məlumatlara görə, təyyarə həmin gün yenidən Gəncəyə qayıtmalı imiş. Qeyd edək ki, hərbi təyyarənin qəzaya düşməsi nəticəsində qardaş ölkənin 20 hərbçisi şəhid olub.

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir: “Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir, çünki pis hava olsaydı, müvafiq orqanlar məlumat verərdi. Qalan versiyalara isə havada toqquşma, təxribat və ya hücum daxildir”. Digər türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib: “Fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır: texniki nasazlıq, pilot xətası, mövsümi və hava şəraiti, zəif görmə. Amma xarici təsir ehtimalı da var”. Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130-ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib: “Sərhəd bölgələrində naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələdə təbii ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik”.axar)

Ukrayna Rusiyanın neft-kimya zavodunu vurdu

Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib. Rusiya isə hava hücumundan müdafiə qüvvələrinin Ukrayna PUA-larını dəf etdiyini bildirib.