Həmədanın “Ağ göl”ü qurudu

Bu barədə Həmədan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı məlumat verib.

Həmədan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Möhsün Cəfərinəjad bildirib ki, quraqlıq, yağıntıların kəskin azalması, yeraltı su qaynaqlarından qaydasız istifadə və ən əsası gölə illik su payının buraxılmaması bölgənin ekosistemində önəmli rol oynayan Ağgölün qurumasına səbəb olub.

Bundan öncə Həmədan əyalətinin Məlayir mahalının Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Abbas Nəccari gölün qurumaqda olduğu barədə məlumat vermişdi. O, gölün 2009 və 2016-cı illərdə də suyunun azaldığını ancaq yenidən canlandığını söyləmişdi.

“Bundan öncədə belə hal baş verib, ancaq indi son 50 ilin ən şiddətli quraqlığı ilə üzləşdiyimizdən bu, daha geniş vüsət alıb”-deyə, açıqlama verib.

A.Nəccari yağıntıların azaldığını və Ağ gölün əsas suyunun təmin olunduğu Qara çayı suyunun quruması gölün bu duruma düşməsinin əsas amili hesab edib.

Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı gölün qurumasının vəhşi təbiətin məhv olması ilə yanaşı əyalət və bölgədə toz fırtınalarının yaranmasına və əhalinin həyatının, fəaliyyətinin çətinləşməsinə səbəb olacağını deyib.

Abbas Nəccari hər il nadir quş növlərinin köç vaxtı bu gölə gəldiklərini, ancaq ekoloji problemlərin şiddətlənməsi və gölün qurumasından sonra köçəri quşların bölgədə görünmədiyini qeyd edib.

Qeyd edək ki, Ağ göl 830 hektar sahəyə malikdir və bölgənin görməli yerlərindən biri sayılır. Gölün quruması burada yaşayan balıqların, su canlılarının məhvinə və nadir köçəri quşların yoxa çıxmasına səbəb olub.

Facebook Comments