İranın Qarabağ təxribatı: Tehran nəyə nail olmaq istəyir?

İyul-avqust aylarında İrandan Qarabağa 35 yük maşını 70 dəfə girib-çıxmışdısa, 10 avqustda İran səfirliyinə xəbərdarlıqdan sonra Qarabağa yük daşıyan maşınların sayı bir ayda 58-ə qalxıb. Onlardan 10 sentyabr tarixinə qədər 55-nin geri qayıtdığı bildirilir, 3-ü hələ də Qarabağdadır.

Görünən odur ki, İran Qarabağda separatizmə dəstək siyasətindən bir an da olsun əl çəkməyib. 1992-ci ilin 7 mayında guya “vasitəçiliklə” Azərbaycanın başını qatıb arxayınlaşdıran və Şuşanın işğalına şərait yaradan İran 30 illik siyasətindən imtina etmək niyyətində deyil. Rəsmi Tehran yaxşı bilirdi ki, Şuşanın işğalı bütün Qarabağın işğalına səbəb olacaq – gözlənildiyi kimi də oldu. Şuşanın ardınca rayonlar bir-bir işğal edildi.

İran 30 il boyunca Ermənistanın bir nömrəli iqtisadi dəstəkçisi olub. Əgər guya Fələstində “müsəlmanların haqqını qoruduğu üçün” İsraillə düşmən olan İran elan etdiyi prinsiplərə azacıq sədaqət nümayiş etdirsə və düz sərhədinin dibindəki “şiə qardaşları”nın haqq və hüquqlarını qorumaq yolunda bircə addım atsaydı, İrəvan 30 il işğal siyasətini davam etdirə bilməzdi. Ən azı ona görə ki, Azərbaycan Ermənistanı bütün transmilli layihələrdən kənarlaşdırmış, faktiki olaraq blokadaya almışdı və yeganə müttəfiqi olan Rusiya ilə quru sərhədlərinin olmaması Ermənistana fəlakət yaşadırdı (hazırda da yaşadır). Yeganə Lars yolu isə dağlardan keçdiyi üçün çox əhəmiyyətsizdir, üstəlik, Rusiya ilə “soyuq müharibədə” olan Gürcüstan Moskvanın maraqlarına zərbə vurmaq üçün istənilən variantdan bəhrələnirdi.

Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan İran oldu. İşğaldakı torpaqlarımızda evlərin dağıdılması, tikinti materiallarının daşınmasından tutmuş, İran şirkətlərinin burada qanunsuz fəaliyyətinə qədər, hər vəchlə İran erməni işğalının ömrünü uzatmağa çalışdı.

Ən sonda isə 44 günlük müharibədə İran simasını tam göstərdi: Rusiyadan Ermənistana uçan təyyarələrdəki yük rəsmən elan edilmədiyi və şübhəli olduğu üçün Gürcüstan hava məkanını bu tip laynerlərə bağladı, həmin zaman Rusiyadan qanunsuz silah-sursatlar İran üzərindən Ermənistana daşınırdı. Əlavə olaraq isə İrandan Ermənistana daşınan onlarla zirehli və hərbi maşınların videosu həmin vaxt internet resurslarında yayıldı.
Ermənistanın kapitulyasiyasından sonra da İranın siyasi ritorikası dayanmadı: gah hansısa SEPAH-çı çıxıb, Qarabağda bir ovuc erməniyə “status” verilməsinin vacibliyi haqda cəfəngiyyat danışmağı özünə rəva bildi, gah da Bakıda keçirilən Zəfər paradında Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar…” məşhur bayatısını söyləməsində siyasi mesaj aldıqları “görüntüsü” ilə tələm-tələsik “meydanoxuma” fürsəti axtardılar.

Əlbəttə ki, bütün bunlar əbləhcəsinə bir reaksiya, Azərbaycanın qələbəsini və Bakıdakı möhtəşəm paradı, bu paradın ali qonağının regiondakı nüfuzunu həzm etməməkdən doğan qısqanclığın patologiyasindan başqa bir şey deyildi.

Ölkə əhalisinin tam yarısını təşkil edən 40 milyona yaxın azərbaycanlı və digər türk etniklərinin haqqını yeyib, onların bir əsrdə 4 dəfə azadlıq istəyini qan içində boğan, Konstitusiyasını ayaqlar altına atıb, soydaşlarımıza ana dili haqqını belə tanımayan İran rejiminin 20 minlik erməniyə “status” istəməsindən düşük bir iddia təsəvvür etmək çətin olsa da, İran rəsmiləri bunu dilə almaqdan çəkinmirlər. Müsəlman-şiə təəssübkeşi olduğunu iddia edən İran rəsmilərinin erməni sevgisi əslində bu rejimin tam mahiyyətini ifşa edən faktdır. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var. Bunun üçün o, məscidlərdə donuz saxlayan, 30 min şiə-müsəlman azərbaycanlını qətlə yetirən, bir milyon şiə-müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanı bəsləməkdən və ayaqdan tutmaqdan əl çəkmir.

Əlbəttə, hər ölkənin öz milli maraqları və siyasəti var və İranın Ermənistanla siyasi-iqtisadi əməkdaşlığını yalnız bu kontekstdən dəyərləndirmək də olardı. Ancaq Ermənistan hansı iqtisadi və siyasi potensiala malikdir ki, İran bu işğalçı ölkə ilə əməkdaşlıq etsin?

Ermənistanla müqayisəolunmaz dərəcədə qüdrətli olan Azərbaycanla daha geniş və səmimi əlaqələr İranın iqtisadi maraqlarına cavab versə də, strateji maraqlarına guya ziddir?

Kökündən yanlış düşüncədir. Heç bir imperiya belə riya siyasəti üstündə əhalisinin yarısını əsarətdə saxlamaqda davam edə bilməz. Əksinə, Azərbaycanla səmimi, “şiə-müsəlman” qardaşlığı siyasəti İranın bütün gələcəyini sığortalamış olardı və hətta İran Azərbaycanda təsir imkanlarını da artırardı. İran mədəniyyəti – birbaşa Azərbaycan mədəniyyəti ilə sıx bağlıdır və dünyada Azərbaycana İran mədəniyyəti qədər ikinci doğma mədəniyyət yoxdur. Çünki “İran mədəniyyəti” adlı anlayışı Azərbaycan türkləri ilə farslar birgə yaradıb və bunun tarixi Zərdüştdən də qədimdir.

İran isə Azərbaycanın hər zaman Qarabağ problemi ilə başını qatmaq yolunu tutub və bu siyasəti cidd-cəhdlə indi də davam etdirir – həm də primitiv səviyyədə, düşüncəsizcəsinə. Guya İrandan neft və neft məhsulları, o cümlədən digər şübhəli məhsullar daşıyan sisternlər və TIR-lara Ermənistanda erməni nömrəsi bağlayanda və onlar erməni nömrəsi ilə Qarabağa girəndə, Azərbaycan məsələdən xəbərsiz olacaq və yaxud heç nəyi sübut etmək mümkün olmayacaq.

Azərbaycanın özünün bir neçə sputniki var, üstəlik, Laçın dəhlizinə tam nəzarət etdiyini, ordan gün ərzində neçə maşın keçdiyini və nələr aparılıb-gətirildiyini dəqiqliklə bildiyini Prezident İlham Əliyev bir müddət öncə rəsmən elan etmişdi. Bu, həm də İrana bir ismarış idi. İran isə bu ismarışı almır və yaxud qulaqardına vurmağa davam edir.

İran nəyə nail olmaq istəyir? Azərbaycana qarşı məkrli siyasətin davamı və ölkənin ərazi bütövlüyünə hörmətsizliyin qarşılığını necə görmək istəyir? Regional platformada bölgənin əsas dövləti kimi iştirak imkanlarını dəyərləndirmək və Azərbaycan-Türkiyə birliyinin rəğbətini qazanmaqla, imkanlarını genişləndirmək əvəzinə niyə düşmənlərinin sayını artırır?

Azərbaycan İranın bu qanunsuzluğunun qarşısını onsuz da alacaq: Laçın dəhlizinə nəzarəti gücləndirmək və rus sülhməramlılarından üzərlərinə düşən missiyanı yerinə yetirməyi tələb etməklə, yaxud Qafan yolunun Azərbaycandan keçən 21 kilometrlik hissəsində qoyulan DİN postunda şübhəli maşınların yoxlanılması üçün ora xüsusi təyinatlılar göndərməklə, yaxud da başqa üsullarla…

Bu, yaxınvədəli addımlardır. Amma bu siyasətin uzunvədəli alternativi İsraildə səfirlik açmaq, İsraillə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmaq, ETTALAAT-a qarşı MOSSAD-la əlaqələri maksimuma yüksəltməkdir.

Azərbaycanda bu gün Türkiyə-Azərbaycan-Pakistan orduları birgə təlim keçirirsə, sabah bu təlimlərə İsrailin qoşulmasının tək səbəbi İran rejiminin düşmənçilik siyasəti olacaq.

İran bunamı nail olmaq istəyir? İran doğrudanmı elə güman edir ki, İrandakı azərbaycanlılar bu düşmənçiliyi illərlə həzm etməkdə davam edəcəklər və səslərini çıxarmayacaqlar? İran doğrudanmı elə düşünür ki, Azərbaycan dövlətinə qarşı qeyri-adekvat addımlarla 40 milyonluq İran türkünün milli düşüncələrində inqilab yaratmır?

Güney azərbaycanlıların əksəriyyəti İranı öz dövləti sayır və buna haqqı var, çünki bu dövləti min il qoruyub saxlayanlar türklər olublar. Ancaq İran rejiminin bu siyasəti azərbaycanlıların mütləq əksəriyyətində bir gün “İran bizim dövlət deyilmiş” düşüncəsini təsdiqləyərsə, nə olacaq?

İran Azərbaycana qarşı ənənəvi aqressiv siyasətini davam etdirməklə ciddi strateji yanlışlığa yol verir. Ən yüksək hərbi texnologiyaya və NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyəni və nüvə dövləti Pakistanı yanına alan Azərbaycanla 90-cı illərin zəif və köməksiz Azərbaycanı kimi davranmaq kimsə üçün yaxşı heç nə vəd etmir.axar.az

Facebook Comments