Güney Azərbaycanda koronavirus: Yoluxma və ölüm sayı kəskin artdı

İranda və Güney Azərbaycan bölgələrində koronavirusa yoluxma və ölü sayı sürətlə artır.

Bu barədə Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə məlumat verib.

Onun sözlərinə görə, son sutkada əyalətdə 21 COVİD-19 xəstəsi dünyasını dəyişib. Bununla da bu günə kimi əyalətdə koronavirus qurbanlarının sayı 5051 nəfərə çatıb.
C.Ağazadə 24 saat ərzində əyalətdə 1571 nəfəri koronovirusa yoluxduğunu, onlardan 300 nəfərinin xəstəxanalara yerləşdirildiyini deyib.

Ərdəbil Tibb Elmləri Universitetindən verilən məlumatda son sutkada daha 170 nəfər tibb məntəqələrinə yerləşdirilib.

Hazırda Ərdəbil xəstəxanalarında müalicə olunan koronavirus xəstələrinin sayı 769 nəfərdir. Son 24 saatda daha 10 COVİD-19 xəstəsi dünyasını dəyişib. Bununla da Ərdəbildə koronavirus qurbanlarının ümumi sayı 1970 nəfərə yüksəlib.

Həmədanın Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tahirinin bildirdiyinə görə son sutkada əyalətdə 1116 nəfər koronavirusa yoluxub.

Onlardan 225 nəfər adi palatalarda, 28 nəfər reanimasiya bölməsində yerləşdirilib. 46 nəfər isə süni tənəffüs aparatına qoşulub. Ötən 24 saatda daha 12 koronovirus xəstəsi həyatını itirib. Bu günə kimi Həmədan əyalətində COVİD-19-dan ölənlərin sayı 2430 nəfərə çatıb.

Qəzvin əyallət valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Qudrətullah Mehdixani hazırda əyalət xəstəxanalarında müalicə olunan COVİD-19 xəstələrinin sayının 800 nəfər olduğunu deyib.

Q.Mehdixani son sutkada yoluxma sayına toxunmadan daha 10 xəstənin həyatını itirdiyini qeyd edib.

Şərqi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rektor müavini Abbasəli Dürüsti hazırda əyalət xəstəxanalarında 1350 nəfər koronavirus xəstəsinin yerləşdirildiyini deyib. O, hazırda əyalətdə gündəlik koronavirus qurbanlarının sayının 17 nəfər olduğunu qeyd edərək gündəlik yoluxma sayının 900 olduğunu bildirib.

Zəngandan verilən məlumatda son sutkada əyalətdə daha 2 COVİD-19 xəstəsinin öldüyü, ümumi ölü sayının 1544 nəfərə yüksəldiyi bildirilib. Hazırda Zəngan xəstəxanalarında 629 koronovirus daşıyıcısının müalicə olunduğu deyilir.

Avqustun 13-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 527 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 96,742 nəfərə çatıb. Son 24 saatda 39119 yeni növ COVİD-19 infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 4,359,385 nəfərə yüksəlib.

Facebook Comments