Şəhid hərbçimizin tək yaşayan anası Birinci Vitse-prezident Mehriban Əliyevadan kömək istədi…

Vətən müharibəsində şəhid olan müddətdən artıq hərbçi qulluqçu, tankçı Əhmədov Sənan Qalasən oğlunun anası Əzət xanım Moderator.az-ın redaksiyasına müraciət edərək kömək istəyib.

Şəhid anası əməkdaşımızla söhbəti zamanı bildirib ki, kiçik oğlu Sənan onunla bir evdə yaşayıb və oğlu şəhid olandan sonra Əzət xanım tək yaşamağa başlayıb:

“Üç oğlum, iki qızım var. Böyük oğlum hərbidədi, ikinci oğlumun başına iş gəldi və hazırda həbsdədi, vaxtilə o da hərbçi olub. Sənan sonbeşiyim idi, ailə qurdu, amma sonradan həyat yoldaşıyla boşandılar. İki oğlu və bir qızı var. Sənan ordu sıralarında işləyəndə bizim evimiz yox idi, kirayələrdə qalırdıq. Aliment verdiyi üçün pul yığıb torpaq ala bilmədik ki, ev tikək. Elə Sənan şəhid olanda da nəşi Şamaxıda əmisinin evindən götürüldü və Şəhidlər Xiyabanında dəfn edildi”.

Şəhid anası deyib ki, vaxtilə onun “Beynəlxalq Bank”a 1000 (min manat) kredit borcu olub və bunu da “YAŞAT” Fondu bağlayıb:

“Mən hazırda Müşfiqabad qəsəbəsində 28 may massivində yaşayıram. Sənan şəhid olandan sonra “Beynəlxalq Bank”a 1000 (min manat) kredit borcum var idi və onu da çox sağ olsunlar “YAŞAT” Fondu bağladı. Daha sonra mən torpaq alıb bir ev tikmək istədim. Buna görə də Kapital Bankdan 7000 (yeddi min) kredit götürdüm. Sənana görə hər ay 395 manat pul alıram və onun da 250 manatını kredit verirəm. Evim isə yarımçıqdı, heç bir şəraitim yoxdu. Qarşıdan şəhidlərimizin il mərasimi gəlir və mən də istəyərdim ki, evimin bir otağında oğlumun xatirələrini saxlayım”.

Şəhid anası ona köməklik edilməsi üçün Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyib:

“Mən indi tək yaşayıram və evimin isə heç bir şəraiti yoxdur. Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm tikintisi yarımçıq qalmış evimin təmirinin başa çatdırılması üçün mənə köməklik etsinlər”.

Qeyd edək ki, Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1994-2005-ci illərdə F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Sənan oktyabrın 11-də Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin İbrahim, Həmid və Nuray adlı üç övladı yadigar qalıb.

Facebook Comments