“Qərb dəstək verərsə, Paşinyan Saakaşvilinin yolunu gedəcək” – Partiya sədri

Nikol Paşinyan müstəqil siyasət aparacaqsa, bu zaman Türkiyə və Azərbaycanla əlaqələr qurmaqda maraqlı olacaq. Rusiyanın təsiri altında qalmağı seçəcəksə, bu zaman sülh müqaviləsinin bağlanması təhlükə altına düşəcək. Əslində Paşinyanın müşavirini Xankəndinə göndərməsi, Moskva səfərindən sonra Xankəndindəki baş separatçı Araik Arutyunyanla görüşməsi göstərir ki, ruslar Paşinyana yeni xəritə verib..

Sozcu.az xəbər verir ki, Ermənistanın son davranışlarını şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə düşünür.

Onun fikrincə, Paşinyanın özü Azərbaycan və Türkiyə ilə sazişlər imzalayaraq əlaqələri qurmaqda maraqlıdır: “Bu iki dövlətin imkanlarından bəhrələnərək daha çevik islahatlar apara bilər. Ancaq təəssüflər olsun ki, Rusiya Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə imkan vermir”.

Sərdar Cəlaloğlu hesab edir ki, Moskva yeni Ermənistan hökumətində öz namizədlərinin təmsil olunması məsələsini qaldırıb: “Əgər Paşinyan Moskvaya ciddi müqavimət göstərib bunu qəbul etməsə, taleyi Dəmirçiyanın aqibəti kimi olar. Ehtimal edirəm ki, Moskva yeni erməni hökumətində Müdafiə, Daxili İşlər Nazirlikləri və Təhlükəsizlik Komitəsinə öz namizədinin təyin edilməsini istəyir. Rusiya əsasən siyasi nəzarətdə maraqlıdır. Ermənistanın iqtisadi baxımdan elə güclü potensialı olmadığına görə, Rusiyanı bu ölkədə əsasən hüquq mühafizə orqanları və hərbi güc maraqlandırır. Bu istiqamətlərdə də Rusiyanın irəli sürəcəyi çoxsaylı namizədləri var. Ermənistanın uzun müddət Rusiyanın nəzarəti altında qalması Moskvaya orada öz kadrlarını yetişdirməsinə imkan verib”.

Bununla belə ADP sədri ehtimal edir ki, əgər ABŞ və Avropa Paşinyana dəstək versə, o, Rusiyanın şərtlərini qəbul etməyə və müqavimət göstərə bilər: “Bu halda Saakaşvili təcrübəsi ortaya çıxır. Dəstək olacaqsa, Paşinyan Saakaşvilinin yolunu gedəcək. Dəstək olmayacaqsa, deyilənlərə əməl edəcək”./Teleqraf

Facebook Comments