“Həmin minalar 10 günlük güzəşt müddətində basdırılıb”

Bu gün Kəlbəcərdə xidməti fəaliyyətlərini yerinə yetirən jurnalistlərin minaya düşərək həlak olmasından sonra ermənilərin 30 illik işğal dövründə minaladıqları ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsi və erməni diversantların Azərbaycan torpaqlarına keçərək yollarda mina basdırması ictimai müzakirələrə səbəb olub.

Sozcu.az xəbər verir ki, Azərbaycanın ictimai-siyasi sferasında yer tutan şəxslər də bu məsələyə reaksiya veriblər.

“Real” partiyasının sədri İlqar Məmmədov bildirib ki, ermənilər həmin minaları sonradan orada basdırıblar: “Susuzluq kəndi Kəlbəcər rayonunun ərazi dərinliyində yerləşir deyə, işğal dönəmində orda mina basdırmağın ermənilər üçün heç bir məntiqi yox idi. Həmin minalar müharibədən sonra Ermənistana ərazidən çıxmaq üçün verdiyimiz əlavə 10 güzəşt günlərində basdırılıb”.

AXCP sədri Əli Kərimli qeyd edib ki, bu hadisədən sonra Azərbaycan hakimiyyəti minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana qarşı ciddi beynəlxalq kampaniya başlatmalıdır.

Tanınmış jurnalist Xədicə İsmayıl ingilis dilində status yazaraq bildirib ki, erməni silahlı qüvvələri minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir: “Keçən həftə ərazidə bir qrup erməni silahlısı tutulmuşdu. Azərbaycan rəsmiləri onların mina yerləşdirdiklərini bildirdi, Ermənistan tərəfi isə “mühəndislik” işləri ilə məşğul olduqlarını iddia etdilər”.

Facebook Comments