“Onun şah əsəri əsirlikdən azad edilib sağ qalan xocalılardı…”

Xəbər verdiyimiz kimi bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür.

Moderator.az-ın əməkdaşı bu münasibətlə Ağdam döyüşçülərinin fikrini öyrənib.

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bu gün torpaqlarımızın işğaldan azad olunmasına şəhidlərimizin ruhunun sevindiyini bildirib:

“Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Təbii ki, işğalda olan torpaqlarımızın azad olunmasına ən çox sevinən şəhidlərimizin ruhudur. Çünki onlar bu vətən, torpaq üçün canlarını qurban verdilər. O cümlədən Azərbaycanın Milli Qəhrəmanı və səkərdəsi Allahverdi Bağırovun da ruhu şaddı. A.Bağırov Azərbaycan Ordusunun qurulmasında çox böyük xidməti olan bir neçə nəfərlərdən biridir. Onun çox böyük xidmətləri var. Əsir düşən Xocalı sakinlərinin azad edilməsində çox böyük xidmətləri olub. Hətta ən qısa müddətdə min nəfərdən çox insanımızı geri aldı. Təsadüfi deyil ki, A.Bağırov şəhid olandan sonra düşmən tərəfdə əsir qalan soydaşlarımızı geri almaq mümkün olmadı. Bu onun göstərici idi ki, A.Bağırovun nüfuzu təkcə Ağdamda deyil, Qarabağda, azərbaycanlıların və ermənilərin içindəki çox böyük rol oynayıb. Allah rəhmət eləsin. Bu gün onun doğum günüdür və yaşasaydı, torpaqlarımızın işğaldan azad edilməsini görərdi. İndi ruhən burdadır, onun məzarı artıq bizdədir, işğaldan azad edilib. Onunla bağlı danışmaq son dərəcə ağırdı”.

Birinci Qarabağ müharibəsinin döyüşçüsü Həsən Xəlilov qardaşının A.Bağırovun batalyonunda döyüşdüyünü bildirib:

“Qardaşım Allahverdi Bağırovun batalyonunda döyüşüb. Mən isə başqa batalyonda döyüşmüşəm. Qaldı ki, Ağdamda A.Bağırovu tanımayan insan yoxdur. Onun kimi vətənpərvər, qeyrətli oğullar tarixə yüz ildən bir gəlir. Allah şəhidlərimizə rəhmət eləsin, döyüşçülərimizə cansağlığı versin. Düşmən ondan çox çəkinirdi. Torpaqlarımızın işğalda qalması bir ləkəydi və bu gün həmin ləkəni qəhrəman oğullarımız təmizlədilər. Vaxtında biz də döyüşdük və heç birimizin günahı yox idi. Müharibədən əvvəl Allahverdi Ağdamda futbol klubunun yaradıcılarından biri olub. Biz ondan yaşca kiçik idik. A.Bağırov çox sayılıb-seçilən oğlan idi. Kişi kimi kişi idi. Bununla yanaşı, hamının da məsləhətinə qulaq asırdı. Amma vətən adı çəkiləndə bu onun üçün ən böyük söz idi. Onun üçün öndə gələn vətən idi. Allah rəhmət eləsin. O cür insanın haqqında danışmaq bizim üçün şərəfdi”.

Birinci Qarabağ döyüşçüsü Seyid Musayev Allahverdi Bağırovun əsl ad gününün bu gün olduğunu bildirib:

“Allahverdi Bağırov haqqında danışmaq şərəfdir. O, həqiqi qəhrəmanlara xas olan bütün keyfiyyətlərə malik idi. A.Bağırov çox abırlı, həddən artıq cəsarətli, ağıllı bir insan idi. Adətən cəsarətlə abır ikisi birlikdə bir adamda olmur. Onun ən böyük şah əsəri indi sağ qalan xoclalılardır. Əsir düşən Xocalı sakinlərini o, xilas edib. Onun heç vaxt siyasətə, hərbiyə marağı olmayıb. Sadəcə Ağdam dar gündə olanda o, buna məcbur olub. Son 20-30 ildən sonra deyərdim ki, onun əsl ad günü bu gündür. Çünki Ağdamda Allahverdinin azad ad günü keçirilir. Allah qəni-qəni rəhmət eləsin”.

Facebook Comments