“Həbsxanaların qapılarını açın”: Sosial şəbəkələrdə güneyli siyasi məhbuslara dəstək aksiyası keçirilir

Son günlər İranın əksər bölgələrində koronavirusun geniş yayılması, pandemiyanın daha təhlükəli dördüncü dalğasının başlanması, həbsxanalarda virusa yoluxan şəxslər barədə məlumatların yayılması güney azərbaycanlı siyasi məhbuslarların sağlıq durumu ilə bağlı narahatlıqları artırıb.

Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri şəxsi hesablarında və ümumi qruplarda müxtəlif yazı və paylaşımlarla güneyli məhbusların, özəlliklə milli-mədəni fəaliyyətinə görə həbs edilənlərin məzuniyyətə buraxılmalarını tələb ediblər.

Milli fəallar tərəfindən hakimiyyət orqanlarına “həbsxanaların qapılarını açın”, “siyasi məhbuslara məzuniyyət verilsin” və digər çağırışlar edilib.

Qeyd edək ki, Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Yusif Karinin həbsxana nəzarətçiləri və məmurları tərəfindən zorakılığa məruz qalması, döyülməsi haqqında məlumatlar yayılıb. Məlumata görə, ağır işgəncədən sonra Yusif Kari ciddi xəsarətlər alıb və naməlum istiqamətə aparılıb.

O, bir müddət öncə həbsxana rəhbərliyini məhbusların hüquqlarını pozmaqda, məhbusların məzuniyyətə buraxılmasında ayrı-seçkiliyə yol verməkdə günahlandırdığı üçün təzyiqlərə məruz qlmışdı.

Siyasi məhbus saxlanıldığı bölmədən karantin bölməsinə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başladıqdan və başqa siyasi məhbusların, o cümlədən, Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları ona dəstək aksiyasına qoşulduqdan sonra öz bölməsinə qaytarılıb və aclıq aksiyasını dayandırıb.

Bu saata qədər Yusif karinin ailəsi onu hara köçürülməsi barədə məlumata malik deyil. Onların Yusif bəyin sağlıq durumu ilə bağlı məlumat öyrənmək üçün etdiyi müraciətlər də cavabsız qalıb.

Facebook Comments