İsti hava bu həftə də DAVAM EDƏCƏK

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-2-3-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 2-3-4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin sentyabrın 3-ü gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir

Sentyabrın 1-dən Moskva şəhərində və Moskva vilayətində “Amina” mobil əlavəsindən istifadə etməklə əcnəbi vətəndaşların miqrasiya məqsədilə qeydiyyata alınması üçün eksperimentə başlanılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Çoxfunksiyalı Miqrasiya Mərkəzi məlumat yayıb. Yeni mexanizm bir müddət sonra mövcud proseduru əvəz edəcək. Məlumata görə, ərizə regiona işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları üçün məcburi olacaq: “Amina” yaşayış yerini və onun dəyişdirilməsi barədə distant şəkildə Daxili İşlər Nazirliyinə məlumat verməyə, həmçinin şəxsi səfər etmədən miqrasiya mərkəzinin ünvanında qeydiyyatdan keçməyə imkan verəcək”.

Avtobusda gediş haqqı artırılacaq? - AYNA-dan cavab

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Salyanda ağır qəza: Müharibə iştirakçısı öldü

09:12 Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1978-ci il təvəllüdlü Daşqın Aydın oğlu Zalıyev hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Şükran Həşim oğlu Həsənəliyev və Salyan sakini, 1977-ci il təvəllüdlü Alik Əlifağa oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. *** Salyan rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində həyatını itirən Daşqın Zalıyev Vətən müharibəsi iştirakçısı olub. Bu barədə Teleqraf məlumat yayıb. Bildirilib ki, D.Zalıyevin qardaşı Zülfüqar Zalıyev isə Salyan Rayon Məhkəməsində katib vəzifəsində çalışır.

İlham Əliyev Paşinyanla görüşdü - Foto

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Sozcu.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Temperatur 39 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Qətlə yetirilən sabiq spiker mühafizə tələb edibmiş...

Andrey Parubiy öldürülməsindən 6 ay öncə dövlət mühafizəsi üçün müraciət etsə də, rədd cavabı alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Mühafizə İdarəsinin yaydığı açıqlamada qeyd olunub. İdarədən bildirilib ki, onlar tapşırıqları sırf qanun çərçivəsində həyata keçiriblər və Parubiy dövlət mühafizəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına daxil edilməyib. Çünki səlahiyyət müddəti bitdikdən sonra məmurlar cəmi 1 il mühafizə ilə təmin olunur. Qeyd edək ki, avqustun 30-da Lvovda Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy qətlə yetirilib.

Ucarda ağır qəza: ölənlər var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alan var. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1285-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 082 140 hərbçi, 11 151 ədəd tank, 23 212 ədəd zirehli döyüş maşını, 32 199 ədəd artilleriya sistemi, 1 476 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 213 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 60 305 ədəd avtomobil texnikası, 55 062 ədəd PUA, 3 664 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 952 xüsusi avadanlıq itirib.

Krıma hücum: İki rus helikopteri məhv edildi

Ukrayna PUA-ları dünən Simferopol aerodromuna hücum zamanı iki helikopteri məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə OSİNT analitikləri peyk görüntülərinə istinadla məlumat yayıblar. Məlumata görə, hücum zamanı Mi-8 və Mi-24 helikopterləri vurulub.

Rusiyanın yay hücumu nəticəsiz başa çatdı - Ukrayna

Rusiya Baş Qərargahının 2025-ci ilin yaz-yay kampaniyasının nəticələri barədə açıqladığı hesabat yalandır və bu kampaniya praktiki olaraq nəticəsiz başa çatdı. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib. “O hesabat xəyalpərəstliyi reallıq və açıq yalan kimi ötürmək cəhdlərinə əsaslanır. Üç il yarım davam edən genişmiqyaslı təcavüzündən sonra Kremlin son mövsümi hücum kampaniyası praktiki olaraq heç bir nəticə vermədi. Gerasimovun açıqlamalarına baxmayaraq, rus qoşunları heç bir böyük şəhərə tam nəzarət edə bilməyib. Bununla belə, ilin əvvəlindən Xarkov, Luqansk və Donetsk vilayətlərindəki mənasız döyüşlərdə ruslar 210 minə yaxın əsgərini itirib”, - məlumatda qeyd olunub.

Məktəblərdə telefon qadağası olsun! - TƏKLİF

Məktəblərdə nizam-intizam məsələsi Azərbaycan təhsilinin ən çox problemlərlə üzləşdiyi sahələrdən biridir. Şagirdlərin davranış qaydaları faktiki olaraq kağız üzərində mövcud olsa da, praktikada nəzarət mexanizmi bir qədər zəifdir. Dərs prosesində mobil telefonlardan istifadə, sosial şəbəkələrə giriş, oyun asılılığı, müəllimlə ünsiyyətdə hörmətsizlik və ümumi qaydalara əməl olunmaması artıq müəyyən qədər adi hal alıb. Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi  illərdir sözügedən istiqamətdə ciddi addım atmır, yalnız formal bəyanatlarla kifayətlənir. Onun sözlərinə görə, nə şagird davranış qaydaları yenilənib, nə də real icra mexanizmləri yaradılıb. Halbuki cəmiyyətin tələbi və beynəlxalq təcrübə açıq şəkildə göstərir ki, məktəblərdə qaydalar sərtləşdirilməsə, təhsilin keyfiyyəti artmayacaq: "Rəsmi statistikalara əsasən, Azərbaycanda məktəb yaşlı uşaqların təxminən 78 faizi gündəlik olaraq mobil telefondan istifadə edir. 2023-cü ildə aparılan sorğulara görə, şagirdlərin 62 faizi dərs zamanı telefonla sosial şəbəkəyə daxil olur, 48 faizi isə oyun oynadığını etiraf edib. Bu göstəricilər pedaqoji mühit üçün çox təhlükəlidir. Müəllimlərin öz müşahidələri də təsdiqləyir ki, mobil telefonlar uşaqların dərs zamanı diqqətini tamamilə yayındırır, öyrənmə tempini zəiflədir və intizamı pozur. Buna baxmayaraq, nazirlik bu sahədə vahid və sərt mexanizm ortaya qoymur, yalnız məktəb rəhbərliklərinin öhdəsinə buraxır. Nəticədə bir məktəbdə telefonlar toplanır, digərində isə şagirdlər dərsdə sərbəst şəkildə istifadə edirlər. Bu uyğunsuzluq isə ümumi təhsil sistemində xaos yaradır". Ekspert qeyd edib ki, “Təhsil haqqında” Qanunun 30-cu maddəsində ümumi təhsil müəssisələrində daxili intizam qaydalarının müəyyən olunması və onların icrası təminatı yer alır: "Lakin bu norma faktiki olaraq işlək deyil. Nazirlik qaydaların pozulmasına görə, konkret sanksiya mexanizmi hazırlamayıb. Şagirdlər intizamı pozanda yalnız “sinif rəhbərinin izahatı” ilə kifayətlənilir. Halbuki qanun tələb edir ki, məktəb davranış qaydaları icbari xarakter daşısın və bütün şagirdlərə bərabər tətbiq edilsin. Dünya təcrübəsinə baxdıqda, Fransa 2018-ci ildən məktəblərdə mobil telefon istifadəsini tam qadağan edib. Türkiyə 2024-cü ildən oxşar qadağa tətbiq etdi və bu qərar dərhal sinifdaxili intizam göstəricilərinə təsir göstərdi. İngiltərənin bəzi məktəblərində telefonlar dərs başlamazdan əvvəl xüsusi şkaflarda saxlanılır. ABŞ-da ştatların bir qismində telefon istifadəsi tam qadağandır, digərlərində isə ciddi məhdudiyyətlər var. Bu ölkələrin təcrübəsi göstərir ki, sərt qaydalar olmadan təhsil keyfiyyətini yüksəltmək mümkün deyil. Azərbaycan isə hələ də bu məsələdə addım atmaqdan çəkinir". Kamran Əsədovun sözlərinə görə, telefon qadağasının tətbiqinin müsbət tərəfləri çoxdur: "Birincisi, şagirdlərin dərsə diqqəti artır, müəllimlər dərs prosesinə nəzarəti daha rahat həyata keçirirlər. İkincisi, sosial-emosional mühit yaxşılaşır, uşaqlar bir-biri ilə ünsiyyət qurmağa, müzakirələr aparmağa başlayır. Üçüncüsü, şagirdlər arasında kiberzorakılıq halları azalır. Amma bu addımın atılmaması mənfi nəticələr doğurur: sosial şəbəkə asılılığı artır, dərsə maraq zəifləyir, şagirdlər müəllimdən daha çox telefona yönəlirlər". O həmçinin vurğulayıb ki, əgər bu tendensiya Azərbaycanda tətbiq olunarsa, dərs intizamı güclənəcək, tədrisin keyfiyyəti isə artacaq. Ekspertin fikrincə, bunun üçün sadəcə qadağa yetərli deyil: "Davranış qaydaları köklü şəkildə yenilənməli, şagirdlərin məktəbə davamiyyəti, geyim forması, müəllimlə ünsiyyəti və digər intizam məsələləri də ciddi nəzarətə götürülməlidir. Nazirlik isə illərdir bu istiqamətdə nə plan, nə də strategiya hazırlayıb. Marifləndirmə işləri aparılmır, valideynlərə və ictimaiyyətə bu qaydaların faydası izah olunmur. Ən böyük tənqid isə ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi proqnozlar hazırlamır, gələcək strategiya təqdim etmir, yalnız situativ qərarlarla idarəetməni davam etdirir. Halbuki normal təhsil siyasəti qabaqlayıcı tədbirlərə əsaslanmalıdır. Telefonların qadağanı və davranış qaydalarının sərtləşdirilməsi məsələsində də nazirlik yalnız problemləri seyr edir, amma həll mexanizmi ortaya qoymur. Bu, təhsil siyasətinə qeyri-peşəkar yanaşmanın açıq göstəricisidir". Təhsil eksperti onu da əlavə edib ki, əgər biz keyfiyyətli təhsil istəyiriksə, məktəbdə intizamı bərpa etməli, telefonlardan istifadəyə qadağa qoymalı, şagird davranış qaydalarını sərtləşdirməliyik: "Bu addımlar olmadan nə müəllimlərin əməyinə dəyər veriləcək, nə də şagirdlərin gələcəyi sağlam əsaslar üzərində formalaşacaq. Azərbaycan təhsilində əsas dəyişiklik də məhz buradan başlamalıdır",- deyə K.Əsədov fikrini yekunlaşdırıb.

Ukrayna Rusiyanın daha iki neft emalı zavodunu vurdu

Ukrayna avqustun 30-a keçən gecə Rusiyanın daha iki neft emalı zavodunu vurub. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə pilotsuz qurğular qüvvələrinin komandanı Robert Brodi məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın ümumi neft həcminin 1,1%-ni istehsal edən və xüsusilə hərbi ehtiyaclar üçün aviasiya yanacağı təchiz edən Krasnodar Neft Emalı Zavoduna, eləcə də Samara vilayətindəki Sızran Neft Emalı Zavoduna hücum edilib.

ABŞ-dan Ukraynaya böyük dəstək: Bu silahları verir...

ABŞ rəsmiləri Ukraynaya "Starlink" peyk rabitəsi xidmətlərinin göstərilməsinin davam etdiriləcəyini təsdiqləyiblər. Qeyd olunub ki, Kiyevə şəbəkənin işləməsi üçün zəruri avadanlıqların satılması da planlaşdırılır. Sozcu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti xidmətlərin dəyərinin təxminən 150 milyon dollar olduğunu açıqlayıb. Bununla yanaşı, Vaşinqton Ukraynaya uzaqmənzilli silahların tədarükünü də davam etdirəcək. Dövlət Departamenti əlavə olaraq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrinin satışını da təsdiqləyib. Bu razılaşmanın dəyəri təxminən 180 milyon dollar təşkil edir.

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb Mərkəzinin Ümumi Cərrahiyyə üzrə mütəxəssisi, TƏBİB Direktorunun müşaviri vəzifəsində çalışan tanınmış onkoloq-cərrah Vüqar Yaqublu Azəbaycan səhiyyə sistemi, xüsusən də tibb təhsili sahəsindəki vəziyyəti təhlil edib, nöqsanlarla bağlı maraqlı yazı hazırlayıb. Sozcu.az Bakupost.az-a istinadla həmin yazını təqdim edir: Dostlardan biri təhsilimizdə, xüsusilə də tibb təhsilində müşahidə etdiyimiz ciddi bir fenomeni sonuncu yazıma şərh olaraq xatırlatdı. Mən də fürsətdən istifadə edib bu mövzuya münasibətimi təhsillə, o cümlədən tibb təhsili ilə məşğul olan dostlarımızla bölüşmək istədim. Uzundur, amma ciddi mövzu olduğu üçün səbr edib oxumağınızı xahiş edirəm. Bəlkə də sizlərdən bəziləri ilə fikir oxşarlığı taparaq bu fenomeni Azərbaycanda daha dərindən təhlil edib, ondan necə bəhrələnmək yollarını birlikdə axtara bilərik. TƏBİB-in mənə yaratdığı imkanlardan faydalanaraq son zamanlar apardığım təhlil göstərir ki, ölkəmizin müasir tibbi praktikasında bu fenomen həlledici rol oynayır. Bu fenomen “Self-made Man” (Frederick Douglass, 1879) adlanır, azərbaycanca “Özü özünü inşa etmiş insan” kimi tərcümə etdim. Şəkil də məhz bu fenomeni təsvir edən heykəllərdən biridir. Daha doğrusu, onun pozitiv tərəfini. Amma bu fenomenin neqativ tərəfi də var. Mən onun təsvirini yazı ilə verəcəyəm. Allah qoysa, şəklini də çəkən tapılar. “Özü özünü inşa etmiş insan”lar əslində, inkişaf etmək istəyən icmalar üçün çox pozitiv və ruhlandırıcı bir fenomen olmalıdır. Amma ehtiyatla deyim ki, bizim kimi inkişafda olan cəmiyyətlər üçün bu fenomen təhlükəli və dağıdıcı da ola bilər. Çalışacağam fikirlərimi ehtiyatla çatdırım. Ürəkağrıdıcı olsa da, söyləməsəm də olmaz. Mövzu ilə bağlı nə istəsəniz, yazın, məni yıxıb sürüyə də bilərsiniz, problem deyil, səhiyyə strukturlarını ittiham edə bilərik, amma sizə pis xəbərim var, problem ümumi problemdir və biz də onun tərəfiyik... İndi keçirəm mövzuya… Son yazıma şərhi yazan xalam qızı idi. O, musiqiçidir, uşaqlıqdan bir-birimizlə mübahisə etməyi, müzakirə aparmağı sevmişik, indi də mənim paylaşımıma reaksiya verib. Sağ olsun ki “Özü özünü inşa etmiş insan”lar haqqında yazmağıma vəsilə olub. O yazır ki, vaxtilə Tibb Universitetinə daxil olmaq istəyən bir gənc az bal topladığı üçün ora düşməyib, kimya ixtisasına düşüb və kimyaçı olub. İndi kimyaçı kimi işləyir və yaşadığı regionun ən sevimli özəl müəllimlərindən (repititor) birinə çevrilib. Bu gözəl və uğurlu bir həyat nümunəsidir. O insan sonunda özünü tapıb və sevdiyi işlə məşğul olur. Əminəm ki, gördüyü işdən ləzzət alır, xoşbəxtdir. Əks halda uğurlu ola bilməzdi və insanlar tərəfindən bu qədər sevilməzdi. Uğurlu insan sevilən, axtarılan, kömək edən, problemləri həll edən biridir. Düşünürəm ki, məhz bu da xoşbəxtliyin təriflərindən biri olsun gərək. Bu xoşbəxt insanlardan səhiyyəmizdə də çoxdur. Bizim səhiyyədə “Özü özünü inşa etmiş insan”lardan bir-iki nümunə verim, bəlkə də bu gün Azərbaycanda çalışan hər bir aktiv həkim özünü bu numunələrdə görəcək. Əslində elə işin pozitivliyi də, problemi də məhz burasındadır. Məsələn, biri ürək cərrahı olmaq istəyirdi, sovet dövrlərinin sonu idi, kənddən gəlmiş bir gəncə o imkan verilməzdi, amma çox bacarıqlı idisə, ümümi cərrah ixtisasını alardı. Amma bu ixtısası alsa da, onu heç kim öyrətməzdi, işlədiyi klinikada bəzən saatlarla nərd oynayardı, bəziləri də şahmat. O zamanlar İnstaqram da, Facebook da yox idi ki, heç olmasa, vaxtını fərqli öldürsün. İki-üç il öncə bir universitet klinikasında qonaq idim, orada olan rezidentlər hamısı telefonda idilər, yanımda olan xarici dostlar da qəribə-qəribə sullar verirdilər: Bunlar niyə işləmirlər? Rəhmətliyin nəvəsi, o zaman bizdə də belə idi. Bunların heç olmasa, telefonları var, klinikadan da çıxsalar "NB" qoyacaqlar, sonda da diplom ala bilməyəcək, sizin alman təhsil qurumları da "bukvayed"dirlər, deyir, filan kağızı verməsən, səni imtahana baraxmaram, o da məcbur olub gəlir və klinikanın koridorunda vaxt öldürür. Klinikada yeni başlayan həkimin yanına xəstə gəlməzdi. Sistem belə idi. Xəstə yalnız tanınmış həkimlərin yanına gələrdi. Kinolarda gödüyümüz və ya mənim kimilərin Almaniyada yaşadığı kimi deyil ki, xəstə klinikaya gəlir və onun müalicəsi ilə komanda məşğul olur, hər kəs bilik və bacarıqları çərçivəsində töhfəsini verir, öyrənmə imkanı isə bol və mərhələli olur. Yeni başlayanın işi də hamıdan çox olur, o həm öyrənməli, həm də işləməlidir. Amma o zamanlar təsadüfdən yeni başlayan biri kimi sənə xəstə gələrdisə, nə badə başqası ilə onun barəsində məsləhləşəsən, rus demiş, "zapadlo" hesab edilirdi. O zaman da ChatGPT, Youtube, dosta zəng yox idi ki, xəstə haqqında suallarına cavab tapasan. Məcbursan ki, anadangəlmə mütəxəssis olasan. “Oseçka” versən, bir də sənə xəstə gəlməz... İndi sənə oğul deyirəm bu vəziyyətdə o "kurtlar süfrəsində" yer tap. Bir səhv etdinmi, süfrənin “dembelləri” həkim diplomu almanı sənə zəhər edərlər. Bu təzyiqə yalnız çox güclülər tab gətirir və onların da bəziləri əvvəl ona həyatı dar edənin yerini tutur, ondan daha qəddar olmağı özünə borc bilir. Amma gənclərin çoxu kimyaçı dostumuzun nümunəsində olduğu kimi, təklif edilən "çərçivəni" qəbul etməyəcək dərəcədə güclü çıxır və üzərinə qoyaraq daha gözəl “heykəl” tikmə iddiasına girir. Spartak olmayacaq dərəcədə ağıllı. Özünü sevər, gücünə inanar və qapısının qarşısından onlarla xəstə dayananlardan özünü daha güclü hesab edərdi. Özünü inkişaf etdirmək yolları elə də çox deyildi. Ya kiməsə pul ödəməliydin ki, səni öyrətsinlər, ya da Türkiyəyə və ya Moskvaya getməliydin. Sonradan Almaniya, Amerika çıxdı. Oralarda pulsuz öyrədirlər deyərlərdi. Yəqin ki elə idi, imperiya yatarmiş millətlər mütəxəssisin nə olduğunu anlayırdılar və bilirdilər ki, kəndli birindən də millət üçün dəyərli mütəxəssis çıxa bilər. Amma oralara getmək üçün də pul yox idi. Dövlətin də pulu yox idi. Cəmi 6 nəfər göndərirdilər. Amma o xəyallarda olanlar çox idi. Pul tapmaq da çətin idi. Ən yaxşı pul qazanmaq yolu "talkuçka"da piştaxta götürmək idi. Dostlardan biri isə orijinal bir yol tapmışdı, kiçik bir elektrik qizdirıcısı alıb "Gənclik" metrosunun üstündə sendviç satırdı, pul topladı, Moskvaya getdi. İndi Azərbaycanın tanınmış cərrahlarından biridir. Arada səsi Almaniyadan gəlir. Digərləri başqa ölkələrə getdi, bəziləri özləri özlərini yetişdirdi, fərqli kurslara getdilər, başlarının üstünü sertifikatlarla doldurdular, "Xoşqədəm xanım" da çox dəstək oldu. Deyəsən, hələ də yardımını əsirgəmir. İndi deyilənə görə, İnstaqram daha güclü mövqedədir. Beləliklə, səhiyyəmiz çoxlu gözəl mütəxəssislər qazandı. Xeyli “Öz özünü inşa etmiş insan”lar formalaşdı. Onların hər biri fərqli tarixçəsi olan uğurlu insanlardır. Fəxr etməliyik! Amma gördüyüm qədəri ilə onların sistemlə münasibətində problemlər mövcuddur. Onlardan inkişaf etməli olan səhiyyə üçün gözləntilər artıb. Bu səbəbdən problemlər dərinləşir. Elə burada keçirəm işin məğzinə, söhbətin ən çətin yerinə... Bu çətin yollardan keçib özünü təsdiq etdinsə, səviyyən orta sistem səviyyəsindən bəzən dəfələrlə yüksək olur. Bu yüksəkdə durmanı heç də hər kəs idarə edə bilmir. Bəzən də haqlı olaraq. Çünki etmək istədiklərin çərçivəyə sığmır. Ətrafdakılar kim olduğunu bilsələr də, səninlə çox uğraşmaq istəmirlər. Onlar öz kiçik rutin həyatlarını yaşamaq istəyirlər. Hamı sənın kimi iddialı deyil ki. Məcburi uzaqlaşırsan. Ya da münaqişələr yaranır. Bu münaqişələr bəzən elə ciddi olur ki, sənin həyatında dərin iz buraxır. Onu yaddan çıxara bilmirsən. Məsələn, belə gənclərdən biri son zamanlar Amerikaya getməzdən öncə işə gəlmədiyi üçün universitet məhkəməyə verilir və s. O gəncə elə od vurursan ki, Amerikada gözəl mütəxəssis olsa da, bir daha özünə gələ bilmir. Halbuki, o orada yüzlərdən, minlərdən biridir, burada “ən”lərdən olmaq istəyirdi. Amma öz rutinini pozmaq istəməyən mövcud komanda üçün baş ağrısı idi. Öz yüksəlişini hiss edən, ancaq istəkləri yerinə yetirilməyən bu mütəxəssislər məcburən sistemdən çıxmalı olurlar və bir "qusurlu dövran" yaranır. Beləliklə, bu gün səhiyyə strukturlarının mübarizə apardığı ən ciddi problem ortaya çıxır - mütəxəssis çatışmazlığı. Onları saxlaya bilmirsən, çox güclüdürlər. Hər birinin də istəyi fərqli olur. “Öz özünü inşa etmiş insan” fenomenin də yaratdığı əsas problem məhz budur, hamısına eyni yanaşmanı tətbiq edə bilmirsən. İkisini bir araya gətirə bilmirsən. Hətta ən yüksək səviyyədə xahiş (tələb yox, xahiş!) gəlsə belə, hər biri öz həqiqətlərini əsas götürür və "stəkanda fırtına" başlayır. Sistem onlardan tələb də edə bilmir, çünki alternativi yoxdur. Onlar da bəzən özləri də bilmədən alternativləri məhv edirlər. Beləliklə, özü özünü yaradan insan mənim paylaşdığım şəkildəki kimi, gözəl və pozitiv olmur, monstra çevrilir. Ortaya maliyyə məsələsi də çıxır. Çünki sən artıq sistem ortalamasından çox yüksək məbləğ qazanırsan və öz mini-sistemini formalaşdırmısan, onu saxlamaq isə maliyyə tələb edir və beləliklə, uzaqlaşıb özəl fəaliyyət formalaşdırırsan. Hətta özünə məxsus "təhsil sistemi", idarəetmə üsulları yaradırsan. Dövlət səndən geri dönməni istəyərsə, orada məhz bu sistemin qurulmasını tələb edirsən. Amma say yüzlərcə olunca, hər kəsin özü qurduğu sistem "error" verir. Özü özünü inşa etmiş mütəxəssislər üçün əslində çıxıb kənarda öz işini görmək normaldır, elə deyilmi? "Bacarana baş qurban" demirdilərmi? Deyə də bilərsən ki, səndən bir şey istəmirəm, əl çək məndən, öz əlim, öz başım. Amma elə deyil, sistemin özəl xidməti ala bilməyəcək xəstələrə xidmət üçün sənə ehtiyacı var. Eyni zamanda sənin gəncliyində olduğu kimi, öyrənməyə ac olan gəncləri yetişdirmək üçün mütəxəssis gərəkdir. Almaniyaya qaçır hamısı. Onları saxlamaq lazımdır. Hər problemdən çıxış yolu var. Bu problem də həll ediləcək. İnkişaf edən iqtisadiyyat, Qarabağ zəfəri əldə etmiş millətin istəkləri bunu qaçılmaz edir. “Özü özünü inşa etmiş insan” mütəxəssislərdən dövlət “gözəllərini” seçər və ovuc içərisində saxlayar, onlara yeni gəncləri yetiştirmək imkanı yaradar ki, gələn nəsil də eyni yolu tutmasın. “Monstr” roluna girmişlərə də yolu açıq saxlar. Nə zaman istərlərsə, gələrlər. Amma şərtlər fərqli olar təbii ki. Ya da təqaüdə gedərlər. İnsan, xüsusilə də həyatının başlanğıcında ən kiçik hesab edilən bir yaxşlığı belə unutmaz. Sənin ona inkişafı üçün verdiyin 1000 manat belə onu sonunda milyonlar qazandıracaq bir mütəxəssisə çevirər və sən onu ən zəif zamanında dəstəklədiyi üçün qazanarsan. Heç də hamının çörəyi dizinin üstündə deyil. Yeni təqaüd proqramları bir-birinin ardınca açılar, fondlar, layihələr, imkanlar göydən yağış kimi yağar. Kim hara istərsə, öyrənmək üçün gedər, təki sən öyrənmək istə. Mənim sonuncu çinli PhD tələbəm klinikasının təqaüdü ilə üç ildir çalışır. Bu günlərdə geri dönəcək. Hətta bir zaman gələcək ki öyrənmək həvəsi olan gəncləri tapmaq üçün günün günorta çağı lampa ilə küçə-küçə gəzmək lazım olacaq. O zaman qonşu və uzaq ölkələrdən gəlib iş axataracaqlar, beləliklə, “Özü özünü inşa etmiş insan”ların idarə etdiyi sistem özü özünü inkişaf etdirən və digərlərinə nümumə olan bir sistemə çevriləcək. “Özü özünü inşa etmiş insan”lar yenə yaranacaq, amma cəmiyyətə pozitivlik verən istiqamətdə formalaşacaqlar.

Pediatrdan məktəb çantaları ilə bağlı xəbərdarlıq

Pediatr Vaqif Qarayev məktəbli çantaları ilə bağlı valideynlərə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşımında bildirib. "Oturuşmuş normalar var: ibtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kq ağırlığında olmalıdır. Bu belədirmi? Xeyr, belə deyil! Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb çantaları müxtəlif lazımsız vəsaitlərlə doldurur. Hətta eyni məktəbin bir sinfində sanitar normalara əməl edilir, digərində isə hər gün valideynə nəsə aldırırlar. Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır çantaları kürəyində daşımasıdır", - pediatr qeyd edib.

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Mourinyo "Fənərbağça"dan rəsmən GETDİ

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat paylaşıb. Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024/2025 mövsümündən "Fənərbağça"ya rəhbərlik edirdi.

“Gediş haqqının 1 manat olması yolverilməzdir!” – Ekspertən sərt açıqlama

“Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı iictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm.” Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. Onun fikrincə, vaxtı ilə gediş haqqının 50 qəpiyə qalxmasının iqtisadi əsası var idi, amma 1 manatlıq gediş haqqı artıq yol verilməzdir: “Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir. Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır. Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir. Əlqərəz, əgər kimlərsə nəbzi yoxlamaq məqsədilə belə bir manevr edirsə, yekunda bu niyyət yuxarı qərarvericilər tərəfindən dəstəklənməməlidir.”Bakupost)

“Eməni soyqırımının tanınması bizə heç nə vermir” – Paşinyandan Netanyahuya etiraz

"Erməni soyqırımının tanınmasının xarici siyasətçilərin əlində geosiyasi alver vasitəsinə çevrilməsinə ehtiyac yoxdur". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyandeyib. O, İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı"nı tanımasını tənqid edib: “Biz anlamalıyıq: doğrudanmı istəyirik ki, erməni soyqırımının tanınması bizim reallığımızla və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alətə çevrilsin?” Onun sözlərinə görə, Netanyahu tərəfindən səsləndirilən bu bəyanat nə Ermənistan Respublikası, nə də onun əhalisi ilə əlaqəlidir. Paşinyan vurğulayıb ki, "soyqırımı"nın tanınması ölkəyə heç bir fayda vermir.

Tramp rus casusudur - Portuqaliya prezidenti

Donald Tramp hazırda Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına dəstək verməklə sovet casusu kimi çıxış edir. Sozcu.az CNN-ə istinadla xəbər verir ki, bunu Portuqaliya prezidenti Marselo Rebelo de Sousa bildirib. "Dünyanın ən böyük fövqəldövlətinin lideri obyektiv olaraq sovet və ya rus casususdur. O, casus kimi fəaliyyət göstərir. Obyektiv desək, Amerikanın yeni rəhbərliyi strateji baxımdan Rusiya Federasiyasına şərait yaradıb", - deyə o vurğulayıb.  De Sousa əlavə edib ki, Tramp həm Ukrayna, həm də Avropanı istisna olmaqla, yalnız tərəflərdən biri ilə danışıqlar aparmaq istəyir.

Rus ordusu darmadağın olunur: 23191 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1283-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 080 480 hərbçi, 11 143 ədəd tank, 23 191 ədəd zirehli döyüş maşını, 32 125 ədəd artilleriya sistemi, 1 476 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 213 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 60 116 ədəd avtomobil texnikası, 54 375 ədəd PUA, 3 626 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 952 xüsusi avadanlıq itirib.

Hərbi müxbirlər fəryad edir: Rusiya artıq qoruya bilmir...

Rusiya neft emalı zavodlarına hücumlar inflyasiyanı sürətləndirəcək və Rusiyada iqtisadi vəziyyəti daha da pisləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya hərbi müxbirləri artıq problemlə bağlı fəryad edir: “Onlar vətəndaşların artıq hiss etməyə başladığı benzin qiymətlərinin artmasının nəticələrindən danışmağa başlayıblar. Arxa cəbhədəki hədəflərə zərbələr Rusiya üçün ən ağrılı məsələlərdən biri olaraq qalır və eyni zamanda hakimiyyətin kritik infrastrukturu qorumaq qabiliyyətinə inamı sarsıdır. Rusiya informasiya məkanı ölkə rəhbərliyini hərbi infrastrukturları Ukraynanın PUA zərbələrindən qoruya bilməməkdə ittiham edir. Ukraynanın uzaq mənzilli pilotsuz təyyarələri bu ağrılı nöqtəyə zərbələr endirməkdə davam edir”.

Namiq Qaraçuxurlu Rusiyaya buraxılmadı

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb. Sozcu.az olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.  İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.  İlkin Şükürov hadisəni təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.