“Melissa Group”un səhifəsi bağlandı – Nə baş verir?

“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayt giriş mümkün deyil. Şirkətdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir. Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək. “Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?” sualına isə cavab belə oldu: “Bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq”. Qeyd edək ki, ötən gün saat 11 radələrində “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlərin olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır. Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır: "Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır".  Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər: "Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik".

Gəncədə 21 yaşlı qız atasının qərbi üstündə zəhər içdi

Gəncədə 21 yaşlı qız intihar edib. Sozcu.az Gencexeber.az-a istinadla xəbər verir ki, Nüşabə Məmmədova 4 il öncə atasının vəfatından sonra psixoloji sarsıntı keçirib. O, iki gün əvvəl atasının qəbrinin yanında essensiya məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc qız orada dünyasını dəyişib. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin tələbəsi N.Məmmədova təhsil aldığı müddətdə tədrislə də məşğul olub.

“Melissa”nın daha bir yalanı üzə çıxdı: 2 milyon istəyib?

“Melissa Group” tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib. Bəs görəsən, bu iddia həqiqəti əks etdirir? Sozcu.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.az-a açıqlamasında 2 milyon manat iddiasının tamamilə yalan olduğunu bildirib. “Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”. Qeyd edək ki, hadisə ilə bağlı bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Yevlaxda 6 tibb işçisi qəzaya düşdü: 1-i ağır vəziyyətdədir

11:46 Yevlaxda mikroavtobusla minik maşını toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər xəsarət alıb. Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Mikroavtobusda tibb işçilərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. *** Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub. Həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır. Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.

Ramazanın 28-ci günü - İmsak və iftar vaxtı

Sabah martın 28-i Ramazan ayının 28-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:04-də, iftar isə 19:15-dədir. İmsak duası: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”. Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Heç kim yalandan vətən-vətən deməsin, vətən, vətəndaşıyla vətəndir

Mülkiyyət hüququ kimi fundamental bir hüququn mövcud olmadığı ölkədə heç bir hüquqdan danışmaq mümkün deyil. Mülkiyyət toxunulmaz deyilsə, başqa nələrinsə qorunduğunu demək yalandır.  Vətəndaşı razı salmaq əvəzinə onu qorxutmaq, vətəndaşın evini başına uçurmaq dövlətin gücünün deyil, gücsüzlüyünün, vətəndaşı qoruya bilməməsinin ifadəsidir. Heç kim yalandan vətən-vətən deməsin, vətən, vətəndaşıyla vətəndir. Vətəndaşa verilən dəyərlə vətənin, dövlətin gücü ölçülür. Dövlət şəxsiyyət vəsiqəsi verdiyi hər kəsin hüquqlarını qorumağa, pozulan hüquqlarını bərpa etməyə borcludur. Səxavət Soltanlı, Müsavat başqanının müavini

Trampın İranla bağlı ŞOK PLANI: "Xomenei devriləcək, əvəzində isə..."

“Tramp İran rəhbərinə iki ay vaxt verib və danışıqlara başlamağı təklif edib. ABŞ-ın İrandan əsas tələbi nüvə məsələsinin həll olunmasına nail olmaq və Yaxın Şərqdəki proksi qüvvələri maliyyələşdirməkdən vaz keçirməkdir. Bilirik ki, İran son 30-35 il ərzində Yaxın və Orta Şərqdə bir çox proksi qüvvələri dəstəkliyib və onların güclənməsi üçün milyardlar xərcləyib”. Bu fikirləri “KONKRET.az“a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. “Bu proksi qüvvələr İran tərəfindən müqavimət oxu kimi də dəyərləndirilir. Bu qüvvələrdən İsrailə qarşı istifadə olunub. 2023-cü ilin oktyabrından artıq İranın proksi qüvvələrinə qarşı savaş açılıb. Bu müddət ərzində həm HƏMAS, həm də Hizbullah ciddi şəkildə zəiflədilib. Eləcə də İranın Yaxın və Orta Şərqdə əsas dəstəkçisi rolunda çıxış edən Bəşər əsəd rejimi də devrilib. Trampın mövqeyi ondan ibarətdir ki, qeyd olunan bütün proksi qüvvələr sıradan çıxarılmalıdır. Belə olan halda onlar ABŞ və İsrailin maraqlarına təhdid yaratmayacaqlar. Trampın husilərə qarşı mübarizəsi bir müddət davam edəcək. Onların tamamilə sıradan çıxarılması məsələsi mürəkkəbdir. Amma xeyli dərəcədə zəiflədə bilərlər. Çünki ABŞ-ın Yaxın və Orta Şərqdə kifayət qədər ciddi maraqları var. Ona görə də, Tramp İranın zəiflədilərək ABŞ-ın iradəsinə tabe edilməsinə çalışır. Ən azı İranda rejimi dəyişərək özünə yaxın və sözəbaxan hökumətin qurulmasında maraqlıdır”.

Evi başına uçurdulan şəxsdən ŞOK SÖZLƏR: "Melissa Park" məhkəmə qərarını HEÇƏ SAYDI"

"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?" Bu fikirləri Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib. O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb: "Bildiriş məktubunda yazılmışdı ki, "sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama "gecəqondu" deyirlər, üstəlik, evimin çıxarışı var. Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin "Melissa Park" şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar. Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm".Oxu.az

Azərbaycanlı gənc Zelenskinin partiyasında vəzifəyə seçildi

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib. Sozcu.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətçisi” partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub. Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır. Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər. Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçkilər keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub. Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir.

Putin tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək - Zelenski

Rusiya diktatoru Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Avrovision Nyus"a (Eurovision News) verdiyi müsahibədə rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən deyib. “Onun qorxduğu əsas şey – cəmiyyətdə sabitliyin pozulmasıdır. Amma heç kim buna təsir edə bilməz. Buna o özü - onun iqtisadiyyatı, sanksiya siyasəti təsir edəcək. O, bütün ərazilərə nəzarət edə və qoruya bilmir - bütün bunlar müxtəlif qüvvələrin birləşməsi ilə nəticələnəcək, əgər bizim tərəfdaşlarımız indki qədər güclü olsalar və fövqəlgüclərini deyil, sadəcə, real güclərini tətbiq etsələr. Putinə təzyiq etsələr, cəmiyyətdə sabitlik pozulacaq. Putin də məhz bundan qorxur”, - Zelenski bildirib. Onun fikrincə, Putinin qorxduğu bir şey də var - gücünü itirmək: "“Bu, həm də cəmiyyətin sabitliyindən, eyni zamandan, onun yaşından asılıdır. O, tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək. Yəni onun məsələsi özünün tamamilə uğursuz tarixi həyatını başa vurmamış bitə bilər. Onun qorxduğu da budur. Həmçinin tənhalıqdan da qorxur".

Fransa və Britaniya Ukraynaya hərbi nümayəndələr göndərir

Yaxın günlərdə Fransa və Böyük Britaniya Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək. Sozcu.az verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara dirəməklə” hədələyib. Sozcu.az xəbər verir ki, Paşinyan bunu parlamentdə hökumət saatında deyib. Onun sözlərinə görə, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar: “Halbuki biz hakimiyyətə gələndə bu, (müharibə - red.) qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Amma bu üç “düşüncə nəhəngi” deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpənməyin... Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəyəcəm. Və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq”.

Bakıdan müəyyən məlumatlar almışıq - Paşinyan

"İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu öyrənir".  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.  "Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Və biz diplomatik kanallar vasitəsilə bu mesajı göndərmişik və göndəririk, eyni kanallar vasitəsilə də bir sıra məlumatlar almışıq və vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddilik və səmimiyyətlə araşdırma aparırıq", - deyə o, Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumatlara münasibət bildirərkən qeyd edib. 

Özəldən Starmerə İmamoğlu reaksiyası: Niyə bu həbsə susdunuz?

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl CNN International-dan sonra BBC-yə müsahibə verib. Sozcu.az xəbər verir ki, o, Əkrəm İmamoğlunun diplomu ləğv edildikdən bir gün sonra “korrupsiya” və “şəhər konsensusu” ittihamları ilə saxlanılmasını, Böyük Britaniyanın hakim İşçi Partiyasının da bu əməliyyat zamanı səssiz qalmasını tənqid edib. BBC Türkcənin sosial media hesabında paylaşdığı videoya görə, Baş nazir və İşçi Partiyasının lideri Keir Starmeri tənqid edən Özgür Özəl "Bu necə dostluqdur?" – deyə soruşub. Bir çox Avropa ölkəsindən reaksiya olduğunu, lakin İşçi Partiyasının səssiz qaldığını bildirən Özgür Özəl: "Bunun hansı əsaslandırması və ya səbəbi var? Bütün Avropa reaksiya verir, amma İşçi Partiyası və Starmerin niyə bu barədə heç nə demədiyini anlaya bilmirəm" deyib. Bu susqunluqdan incidiklərini ifadə edən Özgür Özəl bunları bildirib: "İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini aparıb həbsə atırlar, bir yerdə səsimizi kəsmirik. Bu necə dostluq, qardaşlıqdır? Qardaş partiyamız Leyboristlər Partiyası, demokratiyanın beşiyi olan İngiltərə buna necə reaksiya verməsin? Biz həqiqətən incidik".

NATO-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücum etsə, dağıdıcı cavabla üzləşəcək

NATO-nun baş katibi Mark Rutte xəbərdarlıq edib ki, Rusiya Polşaya və ya hər hansı digər müttəfiqə hücum edərsə, alyansın cavabı “dağıdıcı” olacaq. Sozcu.az xəbər verir ki, Rutte rəsmi səfərdə olduğu paytaxt Varşavada Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı keçirib. Polşanın Ümumi Daxili Məhsulunun 4,7 faizini müdafiə xərclərinə ayırdığını xatırladan Rutte, bu vəziyyətin digər üzv ölkələrə nümunə olması lazım olduğunu bildirib. Rutte Rusiyanın Avropa üçün "təhdid yaratmağa davam etdiyini" deyib və əlavə edib: "Getdikcə daha təhlükəli olan dünyada müdafiə xərclərinin artırılması vacibdir. Polşanın müdafiəsinə və NATO ərazisinin ümumi müdafiəsinə gəldikdə, əgər kimsə səhv hesablasa və Polşaya və ya hər hansı digər müttəfiqə hücum etməklə xilas ola biləcəyini düşünsə, bu zorakı ittifaqın tam gücü ilə qarşılanacaq. Bizim cavabımız dağıdıcı olacaq. Bu, Vladimir Putin və bizə hücum etmək istəyən hər kəs üçün çox aydın olmalıdır".

Kənar Dairəvi yolda yük avtomobili yandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Martın 27-si Azərbaycanın rayonlarında gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Braziliya son 11 ildə hələ belə uduzmamışdı

Braziliya millisi son 11 ilin ən pis məğlubiyyətini alıb. Sozcu.az xəbər verir ki, komanda DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsi çərçivəsində Argentinaya uduzub - 1:4. Braziliya yığması 2014-cü ildən bəri ilk dəfə rəsmi oyunda öz qapısından 4 top buraxıb. DÇ-2014-də sözügedən komanda məhz Argentinaya 1:7 hesabı ilə məğlub olmuşdu. Qeyd edək ki, Argentina bu qələbə ilə DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə turnir cədvəlində 21 xalla 3-cüdür.

Tovuzda 42 yaşlı qadın dəm qazından boğuldu

Tovuzda dəm qazından zəhərlənmə olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

İran İslam Respublikasının sonuncu ili

Novruz bayramının ilk dəfə nə zaman və harada qeyd edildiyi haqqında tarixi qeyd yoxdur. Ancaq Doğu Türküstandan Ərəbistan sərhədlərinə qədər uzanan çoğrafiyada ərəblər istisna olmaqla Novruzu bütün xalqlar milli bayramları olaraq qeyd edirlər. Novruz bayramının tarixdə ilk dəfə harada və nə zaman qeyd olunduğu haqqında məlum olmasa da, son 1400 ildə ərəbləşməyə qarşı ən kütləvi ayin, qoruyucu zirehi olub.   Bu il Novruz bayramı İslamın beş şərtindən biri hesab olunan orucluğun tutulması zamanını müəyən edən Ramazan ayı ilə üst-üstə düşmüşdü. Bundan başqa bu il Novruz bayramı İslam peyğəmbərinin kürəkəni, Rəşidi xəlifələrin dördüncüsü və şiələrin ilk imamı Əli ibn Əbu Talibin yaralanması və vəfatının ildönümünə təsadüf edirdi. Bütün bunlara baxmayaraq İranda Novruz bayramı çox geniş qeyd olunub. Sosial şəbəkəklərdə və Youtebe-də yayılan video və fotolar təsdiqləyir ki, bu il Novruz bayramı geniş və kütləvi əyləncələrlə müşaiyyət olunub. Elə bir vəziyyət yaranıb ki, baş verənlər İranın dini lideri Seyid Əli Xameneini özündən çıxarıb. Təmkinliyi ilə fərqlənən Seyid Əli Xamenei son cümə xütbəsində Novruz bayramı şənliklərində iştirak edənləri pisləyib. Seyid Əli Xameneini özündən çıxaran əsas məsələ dini ziyarətgah və məscidlərə getməyən İran vətəndaşlarının musiqili əyləncələr və kütləvi yürüşlər keçirmələri olub. İranın bəzi yerlərində kütləvi Novruz tədbirlərinə görə yollar bağlanıb. Müşahidəçilər İran İslam İnqilabından ötən 46 ildə ilk dəfə olaraq Novruz bayramının bu qədər açıq sürətdə mövcud rejimə və dinə qarşı yönəldiyini qeyd edirlər. Bütün bunlar göstərir ki, İrandakı mövcud rejimin ideoloji-mənəvi əsasları tamamilə dəyərini itirib. Rejim ancaq süngü- sərt represiya maşının üzərində mövcudluğunu saxlaya bilir. Bu represiya maşınını əzildikdən sonra İrandakı mövcud rejim dərhal çökəcək. İranda və bölgədə gedən proseslərin təhlili onu göstərir ki, bu il İran İslam Respublikasının sonuncu ilidir. Çökən imperiyanın dağıntıları altında qalmamaq, əksinə imperiyanın çöküşünü böyük bir başlanğaca çevirmək üçün xalqımızın çox böyük tarixi şansı var. Xəqani Cəfərli, politoloq

SƏRÇƏ - Hekayə

Mən onu bağışlamamışam, sən də bağışlama. Hamının yükü özü üçün ağır olur. İndi bəlkə, sənin də yükün sənə ağır gəlir. Bilirəm, payızdan qorxmursan. Hələ qabaqda qışın çovğunu var. Mən də isti yuva axtarıram, sənin kimi. Dostum, mən sənə hər şeyi danışacam… Sən görməmisən o araq dolu şüşəni necə qucaqlayırdı. Məni heç elə qucaqlamazdı. Bir dəfə də araq dolu şüşəni qucaqlayanda, hardansa bir musiqi sədası eşitdi, üzü güldü. Araq dolu şüşəni əzizləməyə başladı. İstədim ki, onu qucaqlayam. İstədim ki… Ona, - ata, səni sevirməm, – demək istəyirdim. Qorxdum, məni döyə bilərdi. Sonra qədəhə araq süzüb, gözucu mənə baxdı, gülümsədi. Elə sevindim ki…”Yaxınlaş”,- dedi. Qorxa-qorxa yaxınlaşdım. Dodaqlarını qulaqlarıma tərəf uzatdı. Bir az da sevindim. Pıçıldadı,- sənin o qəhbə anan, səni mənim üstümə atıb, gedib, aşnasının yanına. Bu sözlərimi yadından çıxartma, sən fahişədən doğulmusan.     Atam o sözləri mənə bir il əvvəl demişdi. Anam evdən qaçmışdı. Atam çox içirdi, anamı döyürdü, məni döyürdü. Sənə dəhşətli bir əhvalat danışım, qorxma...  Bir gün, atam yenə içmişdi. Bir dostu ilə gəlmişdi evə. Dostu ilə evdə nəşə çəkməyə başladılar. Özləri ilə şirniyatlar da gətirmişdilər. Mən sonuncu dəfə o şirniyyatları deyəsən yuxumda görmüşdüm. İkisi də ağızlarını marçıldada-marçıldada, şirniyyatları yeyirdilər. Onlara baxırdım. Ağzım sulanmışdı. Atam dodaqlarımı yalayıb udğunduğumu gördü. Kökənin birini mənə atıb, “tut”,- dedi. Kökə yerə düşdü. Özümü yerə atdım, cumdum kökəyə. Mənim belə etməyim ikisnin də xoşuna gəldi. Sonra dostu da mənə kökə atdı. Atam dedi ki, əgər balaca it kimi hürsəm, mənə ən dadlı kökəni atacaq. Hürdüm… Sən indi elə bilirsən, sənə danışdığım bu əhvalat çox dəhşətlidir? Yox, bu sənə danışacağım əhvalatı xatırlamağım üçün idi. Həmin günü xatırlayıram. Anam, səsini də çıxartmırdı. Sadəcə məni görəndə, ağzına dürtdüyü dəsmalı tez ağzından çıxardıb üzünə tutdu. Həmin gün, atamın dostu, anamla yataqda idi. Elə bilirsən atamın xəbəri yox idi? Mən də elə bilirdim. Mən tez-tələsik otaqdan çıxanda, atmla göz-gözə gəldim. O hallı idi. Məni görüb dedi,- Küçük, o otağa niyə girdin? Ananın nə pox yediyini görmək üçün? Atamın dostu gecəyarı getdi. Atam səhərə qədər məni və anamı döydü. Anam ağlaya-ağlaya ona deyirdi ki, - “Ay oğraş, sən özün mənə dedin ki, nə etsə dinmə, səsini çıxartma, yoxsa səni də, uşağı da, öldürərəm! Ay alçaq, boğazıma bıçağı niyə dirəmişdin?”.  Atam yuxuya gedəndən sonra, anam polisə zəng etdi. Həyətə iki polis gəldi. Anam başını salıb itirmişdi. Hər şeyi elə açıq-aşikar danışırdı ki polisə, utanırdım. Həyətda balaca otaq vardı. Polislər anamla orda danışırdılar. Anamın danışdıqları ilə, atamın evdən gələn xorultu səsi vahiməli harmoniya yaradırdı. Anamın paltarı cırıq-cırıq idi. Polislərdən biri, anamın sinəsinə göz qoymuşdu, həris-həris baxırdı. Arada dəxilsiz suallar da verirdi: - Ərinizin dostu sizinlə necə sevişirdi?  Anam da hər şeyi danışırdı. O biri polis gülümsəyirdi… Bilmirəm, buna bənzər hadisəni neçə uşaq yaşayıb. Əslində mən özümə uşaq da demirəm. Mənim heç vaxt oyuncağım olmayıb. – O hıçqıraraq, içini çəkə-çəkə ağladı. Əlindəki quru çörək qırıqlarını dəmir barmaqlı pəncərənin önünə töküb, əlinin üstü ilə islanmış yanaqlarını və burnunu sildi. Sonra öz həyat hekayəsinə qaldığı yerdən davam etdi: - Gülümsəyən polis, məni otaqdan çölə çıxartdı. “Çöldə gözləyək, o polis əminin ananla məxvi söhbəti var”, - dedi. Məni çölə çıxardan polisə qəfil zəng gəldi. Başı telefonla danışmağa qarışdı. İki addım sola doğru çəkildim. Şüşəsi qırıq, köhnə pəncərənin ağ tül pərdəsi küləklənib yellənirdi. Mən otaqdakı polisin nə etdiyini gördüm. O, anamla…- On dörd yaşlı uşaq qırx yaşlı kişi kimi dişlərini qıcadı. Yumruqlarını düyünləyib dedi, – Mənim bu ölkənin polsilərindən zəhləm gedir! Oğraşlar! – Deyib, qışqırdı! Sonra sağa çevrilib sərçəni görməyəndə, yavaşca pıçıldadı: – Yəqin qışqırmağımdan qorxdu… Zindanın dəmir barmaqlı kiçik pəncərəsinə qonan sərçə, çoxdan uçub getmişdi.  *** - Onu necə öldürdün? - Kimi? - Atanı? - Nə bilim… - Ay uşaq, bizi yorma. Atanı necə öldürdün? - Danışdım da.a… - Sən atanın ananı necə döydüyünü və polislərin sizə gəldiyini, sonra isə ananın səni atıb getdiyini danışdın. Başqa heç nə demədin. - Anam getdi atasıgilə. Polislər atamı oyatdılar. Atam izahat yazdı. Dedilər, bir gün sonra polis bölməsinə gəlməlidi. Bir az atamı qorxutdular. Dedilər, “səni içəri basacağıq”. Polislər gedəndən sonra, atam da evdən çıxıb getdi. Fikirləşdim ki, evə içib gələcək. Mən də anamın yanına getdim. Anam atası məni görüb dedi ki, “rədd ol dədənin xarabasına!”. Mən isə həyətdə dayanıb, ana, deyib, qışqırırdım. Anam evin balkonuna çıxıb məni görən kimi dedi, - “Rədd ol gəldiyin yerə! Sən də böyüyəndə dədən kimi olacaqsan! Onun belindən gəlmisən da.a.a!” Mən çox ağladım. Evə qayıdanda da ağlayırdım. Getməyə başqa yer yox idi. Evə gedib yatağa uzandım, dayanmadan ağladım. Ağlaya-ağlaya yatmışam. Dik atıldım yuxudan. Atam boynumun arxasından sillə ilə vurmuşdu. Birtəhər sivişib, həyətə qaçdım. Atam söyürdü. Anamı söyürdü. Məni söyürdü. Hər şeyi, hamını söyürdü. Allahı da söyürdü. Hamını hər şeyi söyə-söyə yuxuya getdi… Mən pilləkənda oturmuşdum. Aya baxırdım. Göyə baxırdım. Heç birində Allah baba yox idi. Arada qonşu kişinin səsini eşitdim. Qışqırıb arvadına deyirdi ki, - “səni öldürəcəm!”. Elə bil öldürmək sözünü birinci dəfə idi eşidirdim. Dodaqlarım qurumuşdu. Atamı yuxudan oyatmayım deyə, astaca mətbəxə keçdim. Gördüm ki, qəhvədan sobanın üstündə qaynayır. Bir fincan soyuq su içdim. Atam xoruldayırdı. Soyuq su boğazımda ilişib qalmışdı. Anamın dediklərini xatırladım. Mən də atama oxşayacam. Özümə nifrət etdim. Atam yatdığı otağa tərəf getdim. Qapının arasından atamın yatağına boylandım. Atamı gördüm. Ağzını geniş açıb xoruldayırdı. Sonra…Sonra… - Sonra nə? - Deyəsən nəfəsi çatmadı. - Boğuldu? - Hə. Qaynar su boğazına gedən kimi, qəfil hoppandı yataqdan. Özümdən asılı olmadan, qəhvədandakı qaynar suyun qalanını da, üzünə tökdüm. Əlini üzünə tutub, ögüyə-ögüyə yerə yıxıldı. Yerdə qıvrıla-qıvrıla, köynəyinin yaxasını cırıqladı. Mən də qorxub, ağlaya-ağlaya evdən qaçdım. - Atanın öləcəyini bilib, qorxdun? - Yox, müstəntiq. Ona görə qorxmadım allahaqqı. - Nəyə görə qorxdun? - Durub məni döyəcəkdi. - Sən atanı öldürmüsən. - Atam neçə dəfə siqaretini mənim əlimin üstündə söndürmüşdü. Mən heç ölmədim… - Atan öldü. - Anam eşitsə inanmayacaq. - Nəyə? - Mən siqaretin közündən yanıb ölmədim amma atam qaynar sudan yanıb öldü. Gördünüz? Mən atama oxşamıram! - Uşağın üzündə qəribə bir sevinc vardı… Əbil Həsən

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi

"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Tramp Rusiyanı tənqid etdi: 5-6 şərt irəli sürüb!

Rusiya bilərəkdən Ukraynada atəşkəs danışıqlarını gecikdirir və razılaşmadan yayınır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, vaxt uzadır. Mən bunu illərdir biznesdə etmişəm: müqavilə imzalamaq istəmirəm, bir növ oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm”, - Tramp bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanın 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra elan edilmiş Qara dənizdə atəşkəslə bağlı tələblərinə baxacaq: “Hazırda onların hamısını nəzərdən keçiririk. Bunlar təxminən beş-altı şərtdir”.