İsrail bununla islam dünyasına müharibə elan etdi - HƏMAS

İsrailin Dohada olan HƏMAS hərəkatının liderlərinə zərbə endirməsi bütün ərəb və islam dövlətlərinə müharibə elanıdır. Sozcu.az xəbər verir ki, bu fikri hərəkatın siyasi bürosunun üzvü Fövzi Bərhum deyib. “İsrailin törətdiyi cinayət təkcə Qətərə hücum deyil, bütün ərəb və islam ölkələrinə açıq müharibə elanı, eləcə də bütün regionun sabitliyinə təhdiddir”, - deyə Barhum bildirib. Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hava zərbəsi endirib.

ABŞ-dan Hindistana şərt: Rus neftindən imtina etsə...

Hindistan Rusiya neftini almağı dayandırdıqdan sonra onunla ticarət sazişi bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə açıqlamasında deyib. "Hindistan ümumən öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda bu həll olunacaq", - deyə o bildirib. Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistana Rusiyadan neft və neft məhsulları alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib.

Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb oldu

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Köçkün alim nazirə çağırış etdi: Bu köçkünləri və söyənləri həbs edin!

Əslən Ağdamdan olan tanınmış alim, professor Zaur Əliyev daxili işlər nazirinə sosial şəbəkə üzərindən müraciət edib. Sozcu.az xəbər verir ki, Z.Əliyev keçmiş məcburi köçkünlərə qarşı sosial şəbəkələrdə bəzilərinin apardığı kampaniyanı kəskin tənqid edib. “Cənab nazir, sosial mediada məcburi köçkünlər əleyhinə başlanan təhqirlərə səbəb olan məlum çıxışların səbəbkarları barədə tədbir görməyinizi xahiş edirəm. Biz məcburi köçkünlər olaraq şəxsi evlərə girib və çıxmaq qarşılığında pul istəyən köçkünlərə qarşı da tədbir görməyinizi xahiş edirik. Biz qarabağlılar olaraq bu addımı pisləyirik və belə şəxslərin cəzalandırılmasını tələb edirik. Bu başqa məsələdir. Lakin bunun fonunda Ağdamda kimsə döyüşməyib deyən və 6570 şəhidin haqqına girən şəxsin və məcburi köçkünləri ardıcıl şəkildə video paylaşaraq təhqir edən jurnalist və digərlərinin qanun qarşısında cavab verməsini də tələb edirik. Çünki o çıxışlar evi zəbt edənlər fonunda ümumilikdə məcburi köçkünlərin ailələrinin, ölülərinin təhqir edilməsi ilə davam edir. Bizin daha söyüşlərə və təhqirlərə dözüm göstərmək niyyətimiz yoxdur”, - o bildirib. Z.Əliyev qeyd edib ki, belə şəxslər söz azadlığı anlayışından sui-istifadə edərək, insanları kütləvi şəkildə təhqir edir. Qeyd edək ki, vaxtilə məcburi köçkün kimi evə girmiş 2 ayrı-ayrı şəxsin ev sahibinin tələbinə və məhkəmə qərarına baxmayaraq, evdən çıxmadığı, 30 ildən çoxdur yaşadığı evdən çıxması üçün ev sahibindən külli miqdarda pul istədiyini əks etdirən səs yazıları yayılıb. Bu bir neçə fakta görə ümumilikdə keçmiş məcburi köçkünlərlə bağlı aşağılayacı ifadələrlə çağırışlar səsləndirənlər olub.

Ermənilərin cinayətlərinə dair sənədlər məhkəmədə elan olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub. Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində bir neçə nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərinin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub. Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlifkalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib. Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb. Elan olunan digər sənədlər 1990-cı ilin mart ayında Sədərəyə hücum edilməsi, Şuşada Ağalarov Əşrəf Salman oğlunun girov götürülməsi, aprelin 25-də Babək rayonu Gərməçataq kəndini düşmənin odlu silahdan atəşə tutması, nəticədə müxtəlif şəxslərin xəsarət alması, iyunun 13-də Əsgəran rayonunun Badara kəndində avtomobil karvanının atəşə tutulması, nəticədə yaralananların olması faktları ilə bağlı olub. Gədəbəy rayonunun Göyəlli kəndinə silahlı hücum edilməsi nəticəsində isə Nuriyev İsmayıl Mustafa oğlu, Nağıyev Mədəd Şəmil oğlu və Orucov İbrahim Şəmil oğlu öldürülüb, İsmayılov İlham Tahir oğlu döyüldükdən sonra girov götürülərək Ermənistana aparılıb. O, girovluqda 21 gün saxlanılıb. Bundan başqa, Əzizov Dönməz Soltan oğlunun, Çobanov Şamo Məhəddin oğlunun, Əsgərova Səhər Müslüm qızının, Əliyev İlham Müzəffər oğlunun öldürülmələri, Əliyev Eldar Şahmar oğlunun girov götürülməsi, Talışov Razi Mehdi oğlunun yaralanması faktları üzrə sənədlər elan edilib. 1990-cı il avqustun 17-də Mehtiyev Fazil Əli oğlunun öldürülməsi zamanı daha iki nəfər - Həsənov Viktor Əli oğlu və Eminov Kəmaləddin Mustafa oğlu yaralanıb. Sənədlərə əsasən, yaralanmış şəxslər ifadələrində onlara atəş açan şəxslərin üç nəfər üzü saqqallı hərbçi olduğunu, bir-biriləri ilə erməni dilində danışdıqlarını deyiblər. Elan olunan növbəti sənədlər Mustafayev Faqət Mirzalı oğlunun, Məmmədov Məmməd Əli oğlunun, Quliyev Yunis Əli oğlunun, Qarayev Ülfət Mansır oğlunun, Nağıyev Tanrıverdi Abdulla oğlunun, Poladov Hümbət Allahverdi oğlunun, Namazov Elçin Yolçu oğlunun, Əliyev Etibar Cəbrayıl oğlunun və Rəhimov Gündüz Səməd oğlunun xəsarət almaları ilə bağlı olub. Növbəti sənəddə “QAZ-52” markalı avtomobilə silahlı hücum edilməsi faktından bəhs edilib. Laçında baş vermiş hadisə zamanı yerli sakinlər - Elman və Xanoğlan Süleymanov qardaşları qətlə yetirilib, onların qardaşı Elxan Süleymanov isə yaralanıb. Digər sənədlər 1990-cı il sentyabrın 15-də Xankəndi şəhərində televiziya və radio verilişləri yayımı binasında partlayış törədilməsi, oktyabrın 14-də Xankəndi dəmiryol stansiyasında sərnişin vaqonunun partladılması, sentyabrın 11-də Xocavənd rayonunun Xocavənd kəndinin atəşə tutulması, Ağdam-Füzuli avtomobil yolunun 57-ci kilometrliyində körpünün partladılması, Kərcivan-Astazur-Naxçıvan stansiyalarının dağıdılması, Əliyev Möhbalı Niyaz oğlunun, Məmmədov Rasim Xasay oğlunun, Məmmədov Adil Həmzə oğlunun, Cavadov Əhməd Əliş oğlunun, Hacıyev İmamverdi Həsən oğlunun öldürülməsi, Məmmədov Şakir İngilis oğlunun girov götürülməsi faktları ilə bağlı olub. Elan olunan növbəti sənəd isə 1990-cı il noyabrın 30-da Xankəndi şəhəri yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinin Xocalı hava limanında növbəyə çıxmaq üçün avtobusla gedərkən keçdikləri körpünün partladılması və avtobusun atəşə tutulması ilə bağlı olub. Hadisə zamanı kiçik çavuş Rafiq Yunusov yaralanıb. Sənədlərə əsasən, təqsirləndirilən şəxs Babayan Samvel Andronikoviç ifadələrində avtobusun keçdiyi yolun “Qaqo” ləqəbli erməninin dəstəsinin partlatdığını bildirib. Həmin gün Xanlar (indiki Göygöl) rayon daxili işlər şöbəsinin əməkdaşlarının həyatına sui-qəsd edilməsi hadisəsi də baş verib. Bildirilib ki, hadisə zamanı xidməti vəzifələrini icra edən bir neçə nəfər sahə inspektoru hadisə yerində ölüb, bir neçə nəfərə ağır bədən xəsarəti yetirilib, 1 nəfər itkin düşüb. Elan olunan növbəti sənəd oktyabrın 22-də Əsgəran rayonunda “UAZ” markalı avtomobilin sürücüsü Quliyev Elxan Sevindik oğlu, sərnişinlər Hacıyeva Qələmzər Ələkbər qızı və onun 12 yaşlı övladı - Hacıyev Elşən İbrahim oğlunun girov götürülməsi faktı ilə bağlı olub. Əsgərova Salatın Əziz qızının və digərlərinin öldürülmələri faktı üzrə sənədlər də elan edilib. Bildirilib ki, 1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Əsgərova Salatın Əziz qızı və sovet ordusunun hərbi qulluqçuları - polkovnik-leytenant Larionov Oleq Mixailoviç, Laçın rayon hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Mixailoviç və serjant Qoyek İvan İvanoviç “UAZ-469” markalı, 30-14НБ dövlət qeydiyyat nişanlı avtomobillə (avtomobili İvan Qoyek idarə edib) Yevlax-Laçın avtomobil yolunun 141-ci kilometrliyində yerləşən körpünün üzərindən keçərkən avtomobil ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı adları çəkilən şəxslərin hamısı qəsdən öldürülüb. Məhkəmə prosesi sentyabrın 12-də davam etdiriləcək. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Əsas problem bu müəllimlərlə bağlıdır - Nazir

Sertifikatlaşdırma müəllimləri işdən çıxarmaq üçün deyil. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib. O bildirib ki, bu prosesdə 90%-dən çox müəllimin əmək haqqı artıb: "Bu prosesdə 10 müəllimdən biri çıxarılır. Əsas problem ibtidai sinif müəllimləri ilə bağlıdır".

Dənizdə dalğanın hündürlüyü 3 metrdir

Sentyabrın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Ağcəbədidə ana doğuş zamanı öldü

Ağcabədidə doğuş zamanı ana ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, ana ölümü rayon mərkəzi rayon xəstəxanasında baş verib. Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə sağ qalıb. Faktla bağlı araşdırma aparılır.

Sabah 4 şəhidimiz dəfn olunacaq - ADLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu,  Zərbəliyev Ayaz Əsgəralı oğlu,  Qayıbov Vəkil Möylan oğludur.  M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər Xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Oəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Pensiya yaşına çatmadan ölənlərin pulları hara gedir? – AÇIQLAMA

“Hər bir insanın əməkhaqqı məbləğindən asılı olaraq, hesabına vəsait yığılır. Biz təklif etmişdik ki, gəlin qanun layihəsi qəbul edək və vətəndaş yığılan vəsaitdən istifadə edə bilsin. O zaman dedilər ki, yox, bu mümkün deyil, bu vəsait dövlətn vəsaitidir. Bu dövlət vəsaiti deyil axı, vətəndaşın maaşından sığorta fonunda yığılmış kapitaldır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun ailə üzvləri, heç olmasa xanımı bu vəsaitdən istifadə edə bilməlidir: “Bu məsələ çoxdan gündəmdədir. Mən Milli Məclisdə deputat olarkən, bir neçə dəfə pensiya kapitalı məsələsinə toxunmuşam. Çünki pensiya fondunda yığılan kapital, insanın əməkhaqqından toplanan vəsaitdir. Hər bir insanın əməkhaqqı məbləğindən asılı olaraq, hesabına vəsait yığılır. Biz təklif etmişdik ki, gəlin qanun layihəsi qəbul edək və vətəndaş yığılan vəsaitdən istifadə edə bilsin. O zaman dedilər ki, yox, bu mümkün deyil, bu vəsait dövlətn vəsaitidir. Bu dövlət vəsaiti deyil axı, vətəndaşın maaşından sığorta fonunda yığılmış kapitaldır. Elə adamlar var ki, onun 200-300 min manatlıq kapitalı yığılıb. Həmin vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun ailə üzvləri, heç olmasa xanımı bu vəsaitdən istifadə edə bilməlidir”.  Vahid Əhmədov qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılmasına da ehtiyac var: “Faktiki olaraq, qanun layihəsi olmalıdır ki, vətəndaş sığorta kapitalından istədikləri formada istifadə edə bilsin. Eyni zamanda ölkəmizdə özəl pensiya fondlarının yaradılmasına da ehtiyac var. Dünyanın bir çox ölkəsində bu praktika var. Özəl pensiya fondlarının özlərinin faiz qaydaları və digər imkanları olur. Bu qanun layihəsi mütləq olmalıdır. Özəl pensiya fondları yaradılmalıdır ki, alternativ olsun. Bütün dünyada alternativ var və həmin fondlardan istənilən vətəndaş istifadə edə bilir”. Qeyd edək ki, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması təklif olunub. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli çıxış edib.

"Formula 1"ə görə dərslər onlayn KEÇİRİLƏCƏK - Nazir

"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq.

Müəllimlər vahid formaya keçir? - Nazir açıqladı

Müəllimlər üçün vahid məktəbli formasının yaradılması hələ ki nəzərdə tutulmayıb. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, etik kodeksdə müəllimlərin geyimləri ilə bağlı tövsiyyələr var: "Bəzi yerlərdə belə təcrübə var, amma bizim əlgəcək zamanda belə planımız yoxdur.

Polşaya hücum təsadüf deyil: Rusiya savaşı böyüdür

Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb. “Əlamətlər onu göstərir ki, bu hücum qəsdən edilib, təsadüfi deyil. Rusiyanın müharibəsi bitmir, əksinə böyüyür. Biz Moskvanın xərclərini qaldırmalı, Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq”, - Kallas qeyd edib.

Kəlbəcərdə yük maşını aşdı - Xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qarabağ qazisi Ukraynada vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi Ukraynanın Donetsk şəhərində vəfat edib. Sozcu.az xəbər verir ki, Sahib Şəmistan oğlu İsmayılov ürək çatışmazlığından dünyasını dəyişib. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib. Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi "Bozqurd" dəstəsinin döyüşçülərindən olub və "Dılım" ləqəbi ilə tanınıb.

Nazirliyin yoxlama apardığı tibb müəssisələrinin - Siyahısı

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlayıb. Sozcu.az Unikal-a istinadla hazırda yoxlama aparılan tibb müəssisələrinin siyahısını təqdim edir: - Kliniki Tibbi Mərkəz; - Yeni Klinika; - Sabunçu Tibb Mərkəzi; - Bakı Baş Səhiyyə Mərkəzi; - Gəncə Şəhər Birləşmiş Xəstəxanası; - Lənkəran Rayon Mərkəzi Xəstəxanası.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1295-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 091 000 hərbçi, 11 172 ədəd tank, 23 262 ədəd zirehli döyüş maşını, 32 606 ədəd artilleriya sistemi, 1 483 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 290 ədəd avtomobil texnikası, 57 851 ədəd PUA, 3 691 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 964 xüsusi avadanlıq itirib.

415 PUA, 40 raket... – Rusiyanın bugünkü hücumu

Rusiya Ukraynaya təxminən 415 PUA və 40-dan çox qanadlı və ballistik raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında məlumat yayıb. “Rusiyalıların raketlə adi tikiş sexini vurduğu Xmelnitski vilayətinin Voloçisk bölgəsində hazırda xilasedicilər işləyir. 3 nəfərin yaralandığı bildirilir. Bu, Rusiyanın bugünkü kütləvi zərbələrinin keçirildiyi yerlərdən yalnız biridir: təxminən 415 müxtəlif tipli dron və 40-dan çox qanadlı və ballistik raket... 15 rayonumuz hücuma məruz qaldı. Təəssüf ki, Jitomir vilayətində mərmi atılması nəticəsində bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - Zelenski bildirib.

Payız fəsli Azərbaycana nə vaxt gəlir?

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Ukrayna PUA-ları Vladimir Putini hədəf aldı: Hücum...

Ötən gecə Ukrayna pilotsuz təyyarələrinin Soçiyə hücumu təsadüfi deyil. Rusiya Prezidenti Vladimir Putinin Soçidə olduğu ehtimal edilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, dünən Putin Soçidə BRİKS-in fövqəladə toplantısında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır. Qeyd edək ki, Krasnodar qubernatoru Venyamin Kondratevin yaydığı məlumata görtə, Soçiyə hücum edən PUA vurulub, parçaları isə avtomobilin və evlərin üzərinə düşüb. Avtomobilin sürücüsü ölüb, evlərə ziyan dəyib. Gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı bir müddət bağlı qalıb.

İsrailin Qətərdə vurduğu binada kimlər olub? - ADLAR

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın administrasiyasını əvvəlcədən xəbərdar edib və Vaşinqton əməliyyata “yaşıl işıq” yandırıb. Sozcu.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb. Məqsəd Qətərin paytaxtı Dohada “HƏMAS” rəhbərliyinə qarşı zərbə endirmək olub. Partlayışlardan sonra ABŞ səfirliyi Dohadakı vətəndaşlarını təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmağa çağırıb. "Əl-Hədət" kanalının məlumatına görə, hücum ABŞ-ın atəşkəs təklifini müzakirə edən “HƏMAS” rəhbərlərinə qarşı həyata keçirilib. Binada təşkilatın yüksək rütbəli şəxsləri olub: Qəzza zolağındakı lider və danışıqlar qrupunun rəhbəri Xalil əl-Heyya, Hərəkatın xaricdəki ofisinin başçısı Xalid Məşəl, İordan çayının Qərb sahilindəki qruplaşmanın komandiri Zahir Cəbarin, Siyasi büro üzvləri Nizar Audalla və Qazi Həmmad. Əlavə olaraq, hadisə vaxtı təşkilatın digər yüksək səviyyəli təmsilçilərinin də görüşdə olduğu bildirilir. "Əl-Cəzirə" telekanalı bildirib ki, partlayışdan sonra “HƏMAS” liderləri sağ qalıb.

İsraildən DƏHŞƏTLİ hücum: Qətərin paytaxtı bombardman edildi - HƏMAS liderləri öldürüldü

İsrail Müdafiə Qüvvələrinin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə HƏMAS-ın yüksək rütbəli rəsmilərinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, İsrail ordusu Qətərin paytaxtı Dohayta zərbələrdən əvvəl dinc əhaliyə dəyən zərərin azaldılması üçün tədbirlər görüldüyünü bildirib. Hücumdan sonra Dohada silsilə partlayış səsləri eşidilib. İsrail Müdafiə Qüvvələri hücum zamanı HƏMAS-ın yüksək səviyyəli liderlərinin vurulduğunu qeyd edib. Qətər Xarici İşlər Nazirliyi İsrailin Dohada HƏMAS üzvlərinə hücum etdiyini təsdiqləyib. Öz növbəsində, İsrailin dövlət televiziyası “Kan” İsrail hakimiyyətinin Qətərə zərbə endirmək planları barədə ABŞ-ni əvvəlcədən xəbərdar etdiyini bildirib. Qeyd edilib ki, kampaniya Fələstin hərəkatı rəhbərliyinin nümayəndələrini sıradan çıxarmaq məqsədi daşıyıb. HƏMAS-ın Qəzza zolağındakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Xeya, hərəkatın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl və İordan çayının qərb sahilindəki qrupun komandiri Zahir Cabarin İsrailin hücumu nəticəsində həlak olub. Mənbələr HƏMAS Siyasi Bürosunun üzvü Nizar Abudallahın ölümünü təsdiqləyib. Kampaniya zamanı hərəkat rəhbərliyinin digər üzvü Qazi Həməd binada olub, amma onun taleyi ilə bağlı hələlik məlumat yoxdur.

Nazirlik TƏBİB-də yoxlamalara başladı - Təcili

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, maliyyə yoxlamaları hazırda davam etdirilir. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir. pizza hut O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Bakupost.az -ın əldə etdiyi məlumata görə, yoxlamalara avqustdan başlanılıb. Bu səbəbdən adı çəkilən qurumlarda çalışan bəzi vəzifəli şəxslər məzunuyyətdən geri çağırılıb. Bu yoxlamalarla bağlı ayrıca yazı təqdim edəcəyik. Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.

Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.  Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.