Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Darende rayonunda 4 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ yerin 10,43 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yayılmayıb.

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

48 yaşlı narkokuryer TUTULDU

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ. Hüseynzadə saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib. Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın təhlilinə başlayıblar. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) məlumatları təhlil edirlər. Mütəxəssislər qara qutulardan məlumatların çıxarılması və təhlili üzərində işləyirlər, bunlarda pilotların söhbətlərinin yazıları və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatlar var. CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Braziliyada edilən təhlillərin nəticələri Qazaxıstanın məsuliyyətində olan istintaqın yekun hesabatına daxil ediləcək.

Bu ərazilərdə 9 dərəcə şaxta oldu

Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1046-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 794 760 hərbçi, 9 679 ədəd tank, 20 093 ədəd zirehli döyüş maşını, 21 578 ədəd artilleriya sistemi, 1 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 32 843 ədəd avtomobil texnikası, 21 356 ədəd PUA, 3006 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Yeni araşdırma: spirtli içkilər 7 növ xərçəng yaradır

ABŞ-ın baş cərrahı Vivek Murti alkoqolun sağlamlığa zərərli təsirləri ilə bağlı yeni araşdırmaların nəticələrini açıqlayaraq, alkoqolun yeddi növ xərçənglə əlaqəli olduğunu bildirib. O, alkoqollu içkilərin etiketlərində xərçəng riski ilə bağlı xəbərdarlıqların siqaret qutularında olduğu kimi göstərilməsini təklif edib. Bu barədə Sozcu.az xarici mediaya istinadla xəbər verir. Murti qeyd edib ki, ABŞ-da hər il 100 min xərçəng halı və 20 min ölüm alkoqol istifadəsi ilə əlaqələndirilir. Bundan əlavə, alkoqol 13 500 ölümcül yol-nəqliyyat hadisəsinə də səbəb olur. Onun sözlərinə görə, alkoqol tütün və piylənmədən sonra xərçəngin qarşısı alına bilən üçüncü əsas səbəbdir. Murti, amerikalıların əksəriyyətinin alkoqolun sağlamlıq üçün bu qədər ciddi risklər yaratdığından xəbərsiz olduğunu vurğulayıb və məlumatlandırma tədbirlərinin artırılmasının vacibliyini qeyd edib.

Azərbaycan təyyarəsinin qara qutuları Braziliyadadır - Araşdırmalar BAŞLAYIB

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan və Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin "Embraer 190" təyyarəsinin qara qutuları Braziliyaya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb. Məlumata görə, ekspertlər artıq qeydiyyat qurğularından alınan məlumatları tədqiq etməyə başlayıblar. Proses Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir. Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları qara qutulardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək. Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də Braziliyadadır. Nəşrin məlumatına görə, CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Onlar yekun təhqiqat hesabatına daxil ediləcək ki, bu hesabatın dərci Qazaxıstanın üzərinə düşür.

Rusiyanın 2024-cü ildəki itkiləri açıqlandı

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun 2024-cü il ərzində itkisi haqda məlumat yayıb. Sozcu.az xəbər verir ki, Rusiya qoşunlarının 2024-cü ildə 430 790 əsgər itirdiyi bildirilib. Qeyd edilib ki, bu, canlı qüvvədə bərpa olunmayan və sanitar itkilərdir. Rusiyanın texnika itkisi isə aşağıdakı kimidir: - 3.689 tank; - 8.956 zirehli döyüş maşını; - 13.050 artilleriya sistemi; - 313 MLRS və 407 HHM sistemi; - 21.345 avtomobil.

Açıq-saçıq geyindiyi üçün bacısını küçədə öldürdü

Türkiyədə qardaş bacısını açıq-saçıq geyimə görə öldürüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Bahçelievlər adlanan ərazisində qeydə alınıb. Küçədə 23 yaşlı F.F. ilə 27 yaşlı bacısı T.F. arasında açıq-saçıq geyim üstündə mübahisə yaranıb. Bu zaman qardaş bacısına bıçaqla bir neçə dəfə xəsarət yetirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralı qadını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, T.F. orada ölüb. Cinayəti törədən qardaş isə saxlanılaraq, həbs olunub.

Berbok Suriyadan Rusiyanı "qovmasını" istədi

Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat yerləşdirilib. Berbok Dəməşqə gözlənilməz səfəri zamanı deyib: “Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb”. O, bunun Ərəb Respublikasının suverenliyinə hörmət olduğunu vurğulayıb. Bundan əlavə, XİN rəhbəri ölkənin yeni rəhbərliyini qadınların və etnik azlıqların nümayəndələrinin maraqlarını nəzərə almalı olan inklüziv hökumət formalaşdırmağa çağırıb. Qeyd edək ki, Almaniya və Fransa XİN başçıları Annalena Berbok və Jan-Noel Barro Suriyaya birgə səfərə gediblər.

Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- Rəsmi AÇIQLAMA

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb. Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fondu ilə əlaqə saxlayıb. Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib: “Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də “Tələbə Plus” kartlarının verilməsi planlaşdırılır. Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən “Təhsil Kartı” layihəsinə start verilməsi planlaşdırılır. Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda “Təhsil Kartı” müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən “Təhsil Kartı”nın icrasına başlanılacağı gözlənilir,” – deyə qeyd edilib.

Rusiyaya gedənlərin DİQQƏTİNƏ - Bu sənədlər tələb olunacaq

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Sozcu.az xəbər verir ki, müvafiq qaydalar hökumətin qərarı ilə təsbit edilib. Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək. Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.

Balakəndə yanğın: xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Təyyarə qəzasında xəsarət alanların vəziyyəti... - TƏBİB

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. “Onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər. 30.12.2024-cü il tarixində Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir. Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir. Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib”, - məlumatda deyilib.

Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: "Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər". Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Ukrayna Moskvanı vurmağa hazırlaşır...-ÖZ RAKETLƏRİ İLƏ...-"The Telegraph"

"Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər..." "Ukraynalılar partnyorlarının onları işğalçı ilə baş-başa qoyacağı situasiyadan ehtiyat edirlər..." ABŞ-nin yeni administrasiyasının Ukraynaya hərbi yardımı kəsəcəyi qorxusu fonunda ukraynalılar özlərini müharibə alətləri ilə təmin etməyə tələsirlər. Ən perspektivlilərdən biri "Trembita" raketidir. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Böyük Britaniyanın "The Telegraph" nəşri belə yazır. “Ukraynanın yeni “Trembita” qanadlı raketi onun avtonom atəş gücü istəyinin ən böyük simvolu ola bilər. Amerika sursatlarının bitəcəyi günü gözləyən Ukrayna "Trembita" və digər uzaqmənzilli, dərin öldürücü sursatlar yaratmağa hazırlaşır. Onlardan çox var”, - deyə nəşr bildirir. Təxminən iki metr uzunluğunda və 90 kiloqram ağırlığında olan "Trembita" rampadan(raket qurğusu-S.L.) buraxılır. O, sadə impulslu reaktiv mühərrikə, boruvari gövdəyə və kvadrat qanada malikdir. Nəşr qeyd edir ki, bu sadəlik "Trembita"ya ən yaxşı xüsusiyyətini verir - aşağı qiymət... Bir vahidinin qiyməti təxminən 10.000 dollar olan "Trembita" 18 kiloqram partlayıcı maddəni 144 km-ə qədər məsafədə daşımağa qadirdir. Amma bu raketin yaradıcısı indi  650 kilometr məsafə qət edə bilən və Moskvaya çatmağa zəmanət verən daha güclü versiya üzərində işləyir. Təxminən bir ildən sonra hazır olacaq bu versiya, şübhəsiz ki, 10.000 dollardan baha başa gələcək, lakin hələ də potensial olaraq dünyada ən ucuz dərin zərbə sursatı olacaq. Müqayisə üçün qeyd edək ki, maksimum 300 km uçan "ATACMS" raketinin qiyməti 1 milyon dollardan çoxdur. Nəşrin müəllifi qeyd edir ki, Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər. Rusiyanın Ukrayna şəhərlərini, bazalarını, elektrik stansiyalarını və fabriklərini kütləvi şəkildə bombalamasına uyğunlaşmaq üçün Ukrayna Rusiya şəhərlərini, bazalarını, neft emalı zavodlarını və fabriklərini bombalamasını kütləvi şəkildə artırmalıdır. Ukraynanın ABŞ, Böyük Britaniya və Fransadan aldığı az sayda "ATACMS" və "Storm Shadow/SCALP-EG" qanadlı raketləri intensiv dərin zərbə kampaniyası üçün kifayət deyil”, - nəşr diqqətə çatdırır. "Trembita" Rusiyanın hərbi sənaye kompleksinə qarşı yaxşı işləyə bilər, lakin təbii ki, ukraynalıların Britaniyanın “Storm Shadow” raketləri ilə vurduğu yeraltı komandanlıq bunkerlərinə qarşı çox təsirli olmayacaq. "Daha çox öz silahlarına güvənməklə ukraynalılar fərqli hədəflər toplusuna müraciət etməli ola bilər. Amma heç olmasa, vurmağa davam edə biləcəklər. (...) Ukraynalılar bilirlər ki, gün gələcək, onlar tam tək olmasalar da, daha tək qalacaqlar, Onlar hazırlaşırlar”, - deyə ingilis nəşri yekunlaşdırır. Ukrayna Silahlı Qüvvələrinin yeni silahları "UNIAN"-ın yazdığı kimi, Müdafiə Nazirliyi fiber optikdən istifadə edən Ukrayna "FPV" pilotsuz təyyarələrini nümayiş etdirib. Bu yeni silahlar kodlaşdırmanın son mərhələsindədir və tezliklə Müdafiə Qüvvələrinə göndərilməyə başlayacaq. Baş Kəşfiyyat İdarəsinin  ən son yüksək sürətli gözəgörünməz pilotsuz təyyarə aldığı da bildirilib. Tapşırıqdan asılı olaraq, bu dronlar düşmənin yerüstü hədəflərini məhv etmək üçün müxtəlif gücə malik döyüş başlıqları ilə təchiz oluna bilər.

Koreya prezidentini həbs edə bilmədilər

Cənubi Koreya Prezidenti Yun Sek-Yula qarşı həbs orderinin icrası mümkün olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayıb. Müstəntiqlər əvvəllər dövlət başçısının iqamətgahına daxil olsalar da, hərbi qulluqçuların müqaviməti ilə üzləşiblər. “Biz müəyyən etdik ki, davam edən qarşıdurma səbəbindən həbs qərarı icra etmək mümkün deyil. İşçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə onun icrası dayandırılıb", - açıqlamada bildirilir.

Bu ərazidə güclü külək əsdi – Faktiki hava

Yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Azər Baxşəliyevin son durumu açıqlandı

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Tibb Universitetindən bildirilib. Bildirilib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Qeyd edək ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

İmişlidə iki maşın toqquşdu - yaralılar Bakıya gətirilir

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində komanda məntəqəsinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, Ukrayna hərbçiləri Kursk vilayətinin Maryino kəndində rus qoşunlarının komanda məntəqəsinə yüksək dəqiqliklə zərbə endiriblər. Bundan əvvəl regional hakimiyyət Maryinonun yanında yerləşən Rılski rayonunun İvanovskoye kəndinin atəşə tutulduğunu açıqlayıb. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynin sözlərinə görə, itki yoxdur.

İmişlidə iki maşın toqquşdu - yaralılar Bakıya gətirilir

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolu və Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun birləşdiyi dairəvi yol qovşağında qeydə alınıb. Hadisə zamanı "Range Rover" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan Vidadi Musalı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya təcili təxirə salınmaz tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.

ABŞ-da terakt törədən şəxs ötən yay İŞİD-ə qoşulub - FTB

ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı (Şamsud Din Cabbar) 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib. "Yenu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib. Qeyd edək ki, Yeni Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Sürücünün maşınından İŞİD bayrağı tapılmışdı.