Zelenskinin xarici siyasət üzrə müşaviri olsaydım ona bir riskli siyasi addım təklif edərdim

Mən Zelenskinin xarici siyasət üzrə müşaviri olsaydım ona bir riskli siyasi addım təklif edərdim. Trampın son günlərdə ritorikasında dəyişikliklər müsbət siyasi impuls hesab etmək, amma bu əsla o demək deyil ki, oturub Trampın yuxudan yaxşı əhvalda oyanmasını gözləmək lazımdır.  Trampa təsir məsələsində bəlkə də indiki məqam qədər daha əlverişli məqam olmayıb. Məsələ Trampın xarici siyasəti deyil, daxili siyasətidir. MAGA ciddi problemlər yaşayır və problemlər ümumi olaraq Trampa səs verənlər arasında yox, onun öz nüvə elektoratının daxilində baş verir. Daxili intriqalar xarici təsir üçün ən münbit şəraitdir. Daxili siyasi gündəm baxımından Trampın ətrafında "neokonların"(Qrem, Rubio, Kelloq və s) mövqeləri güclənir(fikir verin ki, Ukrayna keysində Uitkoffun rolu azalıb, Kit Kelloq önə çəkilir) və bu prosesi izləmək yox, iştirak etmək lazımdır. "Neokonlara" dəstək vermək, onlara "stavka" etmək lazımdır. Zelenskiyə məsləhət görmək lazımdır ki, ictimai çıxışlarında onların mətbuat orqanlarına(New York Post və s) istinadları çoxaltsın, açıq təşəkkür etməkdən çəkinməsin. Digər məsələ isə, Zelenski öz çıxışlarında dindar ritorikaya daha çox müraciət etməlidir, bu, elə həmin "neokonlar"a da elektoratları qarşısında Zelenskinin müsbət imicinin formalaşdırılmasına kömək edəcək. ABŞ daxili siyasətinə qarışmaq və təsir etməyə çalışmaq olduqca riskli addımdır, misal üçün respublikaçılar indiyənə qədər seçkilər kampaniyası zamanı Zelenskinin Pensilvaniya ştatına("bənövşəyi" ştat) səfərini bağışlaya bilmirlər, amma Ukraynanın dip. korpusu riskli addımlar atmağa məcburdur, ona görə ki, izolyasionistlərin güclənməsi və Trampa təsirlərinin çoxalması təqdirdə ABŞ-ın Ukraynaya dəstəyi 0-a qədər enəcək. Zelenskiyə daha bir kiçik məsləhətim odur ki, Kit Kelloqun qızı, keçmiş dəniz piyadası, Ukraynanın açıq dəstəkçisi Megan Mobbsla da gözəl təntənəli bir görüş təşkil etmək yaxşı olardı. Kamran Cəfəov, politoloq

Tanınmış şair prezidentə müraciət etdi

Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, iki çağırış parlament seçkilərinə namizəd, ixtisasca müəllim və şair – Səxavət Süleymanov (Səxavət Kəlbəcərli) tərəfindən ölkə başçısına açıq müraciət Cənab Prezident! Kəlbəcər rayonunun yenidən qurulan Zar kəndində aparılan tikinti işləri ilə bağlı dərin narahatlığımı bildirmək istəyirəm. Minlərlə insanın ümid yeri olan bu kənddə dövlət tərəfindən böyük məbləğdə vəsait xərclənsə də, ən vacib məsələ – insan sağlamlığı və tibbi təminat demək olar ki, nəzərə alınmır. Bu qədər iri tikinti aparılan ərazidə nə təcili yardım maşını var, nə tibbi məntəqə, nə də adi ilk yardım vasitələri mövcuddur. İşçilər arasında əl-qolu kəsilən, başı yarılan şəxslər olur. Lakin qanı dayandırmaq üçün parça yandırılıb hisi ilə bağlamaq kimi ibtidai üsullara əl atılır. Bu nə dövrə, nə də dövlətimizin humanist siyasətinə yaraşan bir mənzərədir. Bu vəziyyətə Anar Məmmədov adlı şəxs cavabdehdir. O, Zar kəndinə ayrılmış milyonlarla vəsaitə nəzarət etməlidir. Amma bu vəsaitlərin taleyini şirkətin rəhbəri kimi Laçın rayonundan olan Əbülfət adlı bir şəxsin öhdəsinə buraxıb. Həmin şəxsin nə ixtisası, nə tikinti təcrübəsi, nə də insan həyatı və təhlükəsizliyi ilə bağlı məsuliyyət hissi görünür. Nəticədə dövlət vəsaiti gözdən itir, insan həyatı təhlükə qarşısında qalır. Bu hal vəzifədən sui-istifadə və nəzarətsizlik nümunəsidir. Hörmətli Prezidentimiz, xahiş edirəm bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Əgər vaxtında müdaxilə olunmasa, bu cür məsuliyyətsizliklər həm dövlətimizin nüfuzuna, həm də vətəndaşların həyatına ciddi zərbə vuracaq. Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı hüquqi qiymət verilməsi təmin olunsun, məsul şəxslər cavabdehlik daşısınlar. Hörmətlə, Səxavət Süleymanov (Səxavət Kəlbəcərli) Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq 

Kelloq Ukraynaya gəldi: Nələr nüzakirə olunacaq?

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib. Onun səfəri uzun çəkəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Yermakın sözlərinə görə, müzakirə mövzuları müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, insanların müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi olacaq: “Rusiya atəşi dayandırmaq istəmir. Güc yolu ilə sülh ABŞ Prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik”.

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb. Sozcu.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb. İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb. Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir. Faktla bağlı araşdırma aparılır.modern)

Rusiya azərbaycanlılardan cinayət məqsədləri üçün istifadə edir

İyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb. Bir neçə gün öncə Kiyevdə güllələnən polkovnik İvan Voronicin qatilləri artıq xüsusi əməliyyatla zərərsizləşdirilib. Ukrayna KİV-lərinin yaydığı məlumatlarda zərərsizləşdirilən şəxslərin  azərbaycanlılar - 1981-ci il təvəllüdlü Güləlizadə Xaqani və xanımı, 1991-ci il təvəllüdlü Quliyeva Nərmin olduğu bildirilir. Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Yekaterinburqda baş verən cinayətdən sonra Rusiyada azərbyacanlılara qarşı təzyiq siyasəti dayanmır, əksinə davam edir: “Bu o deməkdir ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətində deyil. Təyyarə qəzası ilə bağlı heç bir addım atmadı, Yekaterinburq hadisələri araşdırılmır. Sanki belə də olmalıdır. Üstündən bir müddət keçdikdən sonra Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə təzyiqlər artırılır. Bu o deməkdir ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq fikrindən uzaqdır. Üstəgəl kənd təsərrüfatı məhsullarını da sərhəddə saxlayıb. Bu da təzyiqin bir üsuludur”. Politoloq vurğulayıb ki, başqa bir təzyiq forması da Rusiyada yaşayan azərbaycanlılardan müxtəlif cinayət məqsədləri üçün istifadə edilməsidir: “Məsələn, azərbaycanlıları zorla müharibəyə göndərməyə çalışırlar. Üstəgəl, bu günlərdə Ukraynada baş verən faciədə də çox təəssüf ki, bir neçə nəfər azərbaycanlılardan istifadə edib onları killer kimi Ukraynaya göndəriblər. Onlar da ukraynalı zabiti qətlə yetiriblər. Bunu da Ukrayna ilə yanaşı, Azərbaycana qarşı da təxribat siyasətinin davamı kimi qiymətləndirmək olar”.

Şəhid ailəsi qəzaya düşdü - 5 yaralı var

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün Camal İsgəndərovun idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlara ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub. Əlavə edək ki, ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın ağır günləri başlayır - Moskvanı vurmaq üçün raketlər göndərilir

ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynanın silahlandırılması ilə bağlı yeni planı açıqlayacaq. Planda Kiyevə uzaqmənzilli raketlərin verilməsinin nəzərdə tutulduğu da bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" sözügedən planla tanış olan iki mənbəyə istinadən məlumat yayıb. “Hərbi yardıma çox güman ki, Moskva da daxil olmaqla Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər daxil olacaq”, - məqalədə deyilir. Ancaq mənbələr yekun qərarın verilib-verilmədiyindən xəbərsizdir. Yardım planı Trampla Vaşinqtona səfər edəcək NATO-nun baş katibi Rutte arasında keçiriləcək görüşdə təqdim olunacaq. Plana əsasən, Ukraynaya göndəriləcək ABŞ silahlarının pulunu Avropa ölkələri ödəyəcək. Qeyd edək ki, Tramp özü artıq iki dəfə bu barədə açıqlama verib. “Trampı bu yola getməyə inandıran amillərdən biri iyulun 3-də telefon zəngi zamanı Putinin müharibəni genişləndirəcəyini açıq şəkildə bəyan etməsi olub”, - deyə mənbələr bildiriblər. Onlar həmçinin deyiblər ki, Zelenski NATO-nun son sammitində Avropa ölkələrinin maliyyəsi hesabına Trampdan silah istəyib.

Azərbaycanda güclü zəlzələ oldu

İsmayıllıda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri, “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan partiyanın siyasi toplantısının başladığı “Gorus” otelinə gəlib. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Gorusda partiyanın vacib siyasi toplantısı olacaq və Paşinyan partiya üzvlərinə mühüm mesajlar verəcək. Hazırda otelin yaxınlığında polis gücləndirilmiş iş rejimindədir. pizza Bundan əvvəl “Mülki Müqavilə” partiyasının 200-ə yaxın üzvü siyasi toplantıda iştirak etmək üçün Gorusa gəlib.

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib. Belə ki, Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində elektrik cərəyanı onu vurub. Faktla bağlı araşdırma aparılır.

Sumqayıta qonaq gələn qayınatasını öldürdü - Rəsmi

09:08 Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb. Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir. *** İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1235-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 032 690 hərbçi, 11 013 ədəd tank, 22980 ədəd zirehli döyüş maşını, 30 194 ədəd artilleriya sistemi, 1 437 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1193 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 822 ədəd avtomobil texnikası, 45 248 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 927 xüsusi avadanlıq itirib.

“İşdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir”

“Emin Əmrullayev ADA Universitetindəki çıxışında etiraf etdi ki, bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə vəzifəsinə bərpa olunub. Bu o deməkdir ki, təhsil nazirinin hər beş qərarından biri qanunaziddir və idarəetməsinin necə səriştəsiz olduğunun bir daha özü tərəfindən etirafıdır. Məhkəmənin vəzifəsi insanların pozulmuş əmək hüquqlarının bərpa edilməkdir. Bunu Emin Əmrullayev - ölkənin elm və təhsil naziri açıq şəkildə mətbuat qarşısında etiraf edir. Hələ bu, problemin kiçik bir hissəsidir. Ölkədə təhsil sistemində işdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir. Bu etiraf gələcəkdə məhkəmə proseslərində ona qarşı istifadə olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib. Ekspert bildirib ki, təhsil sahəsində tamamilə xaos, səriştəsizlik hökm sürür: “Hər dəfə deyirəm, Əmrullayev və səriştəsiz komandasının Azərbaycan təhsilinə vurduğu ziyanın aradan qaldırılması üçün on illərlə vaxt lazım olacaq. Açıq şəkildə etiraf edir ki, hər beş qərardan biri qanun pozuntusu ilə müşahidə olunur. Buna görə də Emin Əmrullayev çox hiyləgər metoda əl atıb, bütün təyin olunan vəzifələrə bir illik müddətli müqavilə ilə xitam verilir. Məktəb direktorlarını basqı altında saxlamaq, qanunsuz əmrləri, tapşırıqları yerinə yetirmək üçün müddətli müqavilə bağlanır. Kim elm və təhsil nazirinin qanundankənar tapşırıqlarını yerinə yetirmirsə, müddət başa çatdıqdan sonra əmək müqaviləsi davam etdirilmir. Bu isə Əmək Məcəlləsinə konkret olaraq ziddir. Elm və Təhsil Nazirliyi imtahan keçirən, ayrı-ayrı çox böyük milyonlarla vəsaiti özündə cəmləşdirən, boş, mənasız layihələrin həyata keçirilməsi, milyonlarla vəsaitin silinməsi ilə, mənasız, müəllimə heç bir faydası olmayan təlimlərin həyata keçirilməsi ilə müşayiət olunur. Bütün maliyyə fırıldaqlarının başında Emin Əmrullayev özü durur. Bu, reallıqdır. Təhsil sistemində ciddi kadr dəyişikliyi edilməlidir. Emin Əmrullayevin maliyyə fırıldaqları ilə ölkənin təhsil büdcəsini talayan dəstəsi təhsil sistemindən uzaqlaşdırılmalıdır. İkinci bir yolu yoxdur”.

Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz

Rusiya Ukraynada apardığı müharibənin uzanmasının ona istər qlobal geosiyasətdə, istərsə də resurs baxımından çox ağır zərbələr vurduğunu şübhəsiz ki, görür və anlayır.  Kiyev başda olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket-dron zərbələrinin intensivləşdirilməsi, eləcə də yay hücumu çərçivəsində yeni cəbhələr açılması (Sumı və Zaporojye istiqamətləri) müharibəni mümkün qədər tez yekunlaşdırmaq planının tərkib hissəsidir. Məqsəd Ukraynanın iradəsini qırmaq (o cümlədən, xalqı canından bezdirib, savaşı bitirmək yönündə Zelenski hökumətinə təzyiq göstərməsinə nail olmaq) və sonda Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir.   Lakin planın icrası Moskvanın istədiyi kimi getmir. Ötən həftələrdə Rusiya ordusu Sumı istiqamətində 7-12 km dərinliyə qədər irəliləyə bilsə də, Ukrayna ordusu onların qarsısını kəsə bilib və son günlər işğalçıları Rusiya sərhədinə doğru qovur. Diktatorun Sumı vilayəti ərazisində “bufer zonası” yaratmaq barədə tapşırığını ordu icra edə bilmədi. Bu tapşırığın icrası üçün cəlb edilmiş qüvvələrin özəyini Putinin çox yüksək qiymət verdiyi 155-ci əlahiddə dəniz piyadaları briqadası təşkil edir(di). Lakin Ukrayna ordusu iyulun 2-də dəqiq raket zərbəsi ilə bu briqadanın komandan heyətini sıradan çıxartdı. Bu zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini, general-mayor Mixail Qudkovun və köməkçisi, 2-ci dərəcəli kapitan Nəriman Şıxəliyevin öldürüldüyü barədə daha öncə məlumat vermişdik. İndi məlum olub ki, həmin zərbə nəticəsində 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin, briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin, qoşunların idarəetməsi və rabitə təminatı üzrə qərargah rəisi, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov də ölüb. Təcrübəli komandirlərdən məhrum qalmış briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir.  Zaporojye istiqamətindəki əməliyyat isə Ukrayna komandanlığını öz ehtiyatlarını müxtəlif istiqamətlərə səpələməyə məcbur etməyə yönəlmiş yayındırıcı həmlə idi. Burada da Ukrayna ordusu düşmənin komanda məntəqəsinə dəqiq raket zərbəsi endirib. Nəticədə 346-cı xüsusi təyinatlı əlahiddə briqadanın qərargah rəisi, Putinin “Rusiya qəhrəmanı” adını verdiyi mayor Aleksandr Volkov və daha 10 zabit öldürülüb.  Ukraynanın raket hücumundan müdafiəsi üçün NATO ölkələri əlavə addımlar atmağa hazırlaşır. Hazırda yeni “Patriot” sistemlərinin (3 kompleks) Ukraynaya tədarükü üçün Avropa və ABŞ arasında danışıqlar gedir. “Reuters”in məlumatına görə, Donald Tramp gələn həftə ilk dəfə olaraq prezident səlahiyyətləri çərçivəsində Ukraynaya əvəzsiz hərbi yardım ayırmağa hazırlaşır. Bundan başqa, ABŞ maliyyə naziri Bessent bildirib ki, prezident Tramp Ukraynanın bərpası üzrə İnvestisiya Fonduna rəhbərliyi öz üzərinə götürüb.   Bütün gövdəsi ilə Ukraynadakı girdaba daxil olmuş Rusiyanın digər qlobal və regional məsələlərə müdaxilə imkanlarının getdikcə məhdudlaşdığı göz önündədir. ABŞ, Britaniya və İsrail (anqlo-saksonlar və yəhudilər) müxtəlif regionlarda öz planlarını daha rahat icra etməyə başlayıb. Orta Şərqdə (Türkiyə də daxil) və Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz. Şahin Cəfərli, politoloq

Məsud Pezeşkianın missiyasi və məsuliyyəti

Keçmiş prezident Həsən Ruhanin başlatdığı dəyişiklik çağrısı İranda kütləviləşməyə başlayır. İranın 180 ictimai-siyasi xadimin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir. Həsən Ruhani bəzən ad çəkmədən, bəzən də birbaşa Seyyid Əli Xameneini hədəf alaraq ölkədə dəyişikliklərin qarşısının alınmasında Ali rəhbəri ittiham edir.  Elə bir vəziyyət yaranmağa başlayır ki, cəmiyyətin tələbi ilə elitanın istəyi üst-üstə düşməyə başlayır. Seyyid Əli Xameneinin başçılıq etdiyi azlıq dəyişikliklərə müqavimət göstərsə də, dəyişikliklər qaçınılmaz xarakter almağa başlayır.  Siyasi elitanın böyük bir hissəsi dəyişikliklərin tərəfdarı kimi çıxış etsə də, bu dəyişikliyin nələri əhatə etməsi ilə bağlı aydın fikir olmadığı hiss olunur. Bu Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır. Sovet İttifaqında da cəmiyyət və elita dəyişikliyin zəririliyi qənaətinə gəlmişdi, ancaq bu dəyişikliyin nədən ibarət olmalı olduğunu aydın təsəvvür edə bilmədikləri üçün atılan addımlar yarımçıq, bəzən isə əks effektli olduğu üçün dövlət qısa müddətdə dağıldı.  Məhdud məlumatların doğurduğu qənaət ondan ibarətdir ki, dəyişikliklərin nələri əhatə etməsi ilə bağlı yalnız Prezident Məsud Pezeşkian aydın təsəvvürləri var. Qənaətlərim ondan ibarətdir ki, Məsud Pezeşkian Azərbaycan türklərinin ana dilində təhsil haqqının gerçəkləşməsinin təmin edilməsi ilə ölkəni tədricən iki dövlətli federasiyaya doğru aparmağa çalışır. İranın iki dövlətli federasiyaya çevrilməsi ideyasının İran xaricində də dəstəkçiləri çoxdur. Nüfuzlu ekspertlər və beyin mərkəzlərində belə hesab edirlər ki, farslar və Azərbaycan türkləri istisna olmaqla İranda yaşayan digər xalqların tarixi dövlətçilik ənənlərinin olmaması ilə yanaşı çağdaş milli dövlət quracaq səviyəyyə çatmayıblar. Buna görə də İranın iki dövlətli federasiyaya çevrilməsi yaranmış vəziyyətdən ən doğru çıxış yolu ola biləcəyini qeyd edirlər.  Digər tərəfdən İranın parçalanacağı halda Yaxın Şərqdə domino effekti verəcəyi, ən azı 8-10 dövlətin bütövlüyünün pozulacağına səbəb olacağı ehtimalı da İranın federallaşmasını ən doğru yol hesab edənlərin mövqelərini gücləndirir. Avropada qorxurlar ki, Yaxın Şərqdə dövlətlətin çöküşü nəhəng qaçqın ordusu yarada bilər. Aydın məsələdir ki, bölgəni bürüyəcək xaosdan xilas olmaq istəyənlər ilk olaraq Avropaya üz tutacaqlar. Suriya qaçqınlarının yaratdığı miqrant böhranına dözə bilməyən Avropa 8-10 dövlətdən gələ biləcək qaçqın ordusunu qəbul etmək iqtidarında deyil. Buna görə bir tərəfdən sərhədlərin gücləndirilməsi, miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı digər tərəfdən bölgə dövlətlərinin ərazi bütövlüyünün qorunub, saxlanılmasına çalışırlar. Avropanın Suriyadakı HTŞ hakimiyyətinə qarşı dözümlü yanaşılmasının səbəbi də budur. Ancaq Avropada və bütövlükdə dünyada mütəxəsilər yaxşı bilirlər ki, Yaxın Şərqin taleyi Suriyadan deyil, İrandan asılıdır. İran bölünsə Yaxın Şərqdə hökmən bir neçə ölkə bölünəcək. İranın taleyi də belə görünür ki, Məsud Pezeşkianın aydın və qətiyyətli siyasətindən asılıdır.  İranın federallaşmaısnın, mərkəzi Təbriz olmaqla Azərbaycan və mərkəzi İsfahan olmaqla fars dövlətinin yaranmasının xalqımızın maraqlarına nə qədər uyğun olmasına başqa yazıda aydınlıq gətirməyə çalışacağam. Xəqani Cəfərli, politoloq

Sertifikasiya sistemi müəllimə motivasiya verir, yoxsa məsuliyyəti təkbaşına daşıtdırır?

Paylaşılan rəsmi cədvələ əsasən, 2025–2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olaraq göstərilir. Sertifikasiya prosesində yüksək nəticə göstərən müəllimlərə 35% əlavə verilməklə əməkhaqqı 1320 manata çatır, 10% əlavə alanlar üçün isə bu rəqəm 1010 manat təşkil edir. Sertifikasiyada iştirak etməyənlər isə 765 manat maaş alacaqlar. Burada diqqət çəkən əsas məsələ “orta əməkhaqqı” ilə real vəziyyət arasındakı uyğunsuzluq və stimullaşdırıcı modelin qeyri-kafi olmasıdır. Əvvəla, “orta əməkhaqqı” göstəricisi, yalnız sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərin maaşlarının daxil edilməsi ilə süni şəkildə şişirdilmiş bir göstəricidir. Halbuki 2023 və 2024-cü illərdə keçirilən imtahanlarda yüksək nəticə göstərənlərin faizi əksər fənlər üzrə 20 faizdən aşağı olub. Bu isə o deməkdir ki, əslində müəllimlərin böyük əksəriyyəti bu 1320 manatlıq əməkhaqqını almır və statistik olaraq təqdim edilən “orta əməkhaqqı” real deyil. Bundan başqa, 35% və 10% artımın özü də kifayət qədər problematikdir. Əgər bu artımlar real əməkhaqqı artımını əvəzləyirsə, deməli, müəllim maaşları artmır, sadəcə əvvəlki məbləğlər üzərində “bonus” adı ilə fərqləndirmə aparılır. Halbuki inkişaf etmiş ölkələrdə müəllimlərin maaşı yalnız nəticəyə görə deyil, təcrübəyə, təhsilə, ixtisasdaxili inkişaf səviyyəsinə və fənn üzrə çətinlik amillərinə görə dəyişir. Misal üçün, Estoniyada müəllimlərin minimum aylıq əməkhaqqısı 1749 avrodur və bu məbləğ hökumət tərəfindən təhsil sektoruna investisiyanın bir hissəsi kimi görülür, şərtli bonus mexanizmi deyil. Azərbaycanda isə aşağı nəticə göstərən müəllim cəzalandırılır (maaş azalır), yüksək nəticə göstərən isə stimullaşdırılır, amma bu stimulların dayanıqlılığı, şəffaflığı və ədalətliliyi sual altındadır. Ən əsası, müəllimlərin bu qədər fərqlə maaş alması məktəbdaxili əməkdaşlığı zədələyir, kollektivdə gərginlik və rəqabət yaradır, təhsilin keyfiyyətini isə kompleks şəkildə artırmır. Orta əməkhaqqı statistikası isə yalnız kağız üzərində gözəldir, müəllimin süfrəsində yox. Təhsili düzəltmək istəyiriksə, müəllimi həqiqətən qiymətləndirməklə başlamalıyıq. Maaşla yox, dəyərlə. Kamran Əsədov, təhsil ekspeti

Zəngin məmləkətin ürək yandıran ağrıları...

Zəngin məmləkətin ürək yandıran ağrıları... Zibillikdən çörək axtaran kasıb vətəndaşlar, yaxud, villada lüks həyat yaşayan məmurlar. Şair-jurnalist kimi XALQımın neçə illərdir ki, sosial-iqtisadi baxımdan çox ağrılı-acılı  dözülməz günlər içində, səfalətdə, min bir əzab-əziyyətdə zülümnən yaşamasına heç cürə susa bilmərəm.  Vətəndaş olaraq yəni bu ədalətsizliyi, bu haqsızlığı vicdanıma qəti sığışdıra bilmirəm. Bu, mümkün də deyil. Ölkədəki  bu qədər ədalətsizliyi, bu qədər haqsızlığı şair olan, jurnalist olan vicdanına necə sığışdıra bilər axı? Bu, mümkündürmü yəni?  Düşünürəm ki, SÖZ ADAMıyam, ŞAİRəm, JURNALİSTƏM. Deməli, haqqı yazmalıyam. ŞAİR də, JURNALİST də hər zaman haqqın, ədalətin tərəfdarı olmalıdır! Elə buna görə ədalətsizliyə, haqsızlığa vicdanım dözmür. Jurnalist XALQın danışan dili olmalıdır... Mənim fikrimcə, jurnalist həmişə haqqı dilə gətirməlidir, XALQın problemini qələmə almalıdır və mətbuatda işıqlandırmalıdır... Məncə, çox doğru, çox düzgün düşünürəm. Bu baxımdan şair-junalist kimi belə bir haqq yoldayam. Haqq yolumdan heç vaxt bir addım da dönmərəm. İnsan gərək təmiz-saf əqidənin sahibi olsun. Mən, jurnalist olaraq belə bir haqlı əqidəyə sahibəm. Bu, həm şair kimi, həm jurnalist kimi mənim amalımdı. Məni dar ağacından assalar da şair-jurnalist kimi hər zaman haqq sözümü deyəcəyəm  və haqqı-ədaləti yazacağam. Bir daha qeyd edirəm ki, söz adamı, qələm sahibi olaraq belə bir doğru, düzgün əqidənin sahibiyəm.  Neft-qaz ölkəsi AZƏRBAYCAN adlı milyonlar səltənəti olan məmləkətin ac-yalavac qalan, yavan çörəyə möhtac olmuş kasıbları, yoxsulları zibil qutularından hər gün dəmir toplayıb yığaraq qazandığı pula çörək alır, korrupsioner yüksək vəzifəli şəxsləri, məmurları isə bər-bəzəkli villalarda, təmtəraqlı, al-əlvan , göz oxşayan bəzəkli saraylarda ailə üzvlərilə, doğmalarıyla birgə lüks və komfortlu həyat yaşayıb xoşbəxt ömür sürürlər... Bu, necə haqq-ədalətdir axı? Cənablar, deyin, haqq-ədalət belə olurmu? Xalqın səfalətdə yaşaması ədalətlidirmi?  Xalqa ədalətsizlik, haqsızlıq etmək olarmı? Bu xoşagəlməz hal düzgündürmü sizcə? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, korrupsioner məmurlar və korrupsiya içində üzən, XALQa məxsus olan təbii sərvətlərdən gələn milyonlarla, milyardlarla maliyyə vəsaitini talayan vəzifəli şəxslər o təmtəraqlı villalarında, o möhtəşəm Şah sarayına bənzər saraylarında balınca necə baş qoyub rahat yata bilirlər? Cənab məmurlar, xahiş edirəm, şair-jurnalist kimi sizlərə ünvanladıgım bu ciddi sualları çox tez bir vaxtda cavablandırasınız... Əgər bilmirsinizsə, nəzərinizə çatdırıram ki, zəngin neft ölkəsi olan Azərbaycan adlı  məmləkətin vətəndaşları səfalət içində ac-yalavac yox, zənginlik içində xoşbəxt yaşamalıdır... Bu, birmənalı belə olmalıdır...  Axı özünüz də çox-çox yaxşı bilirsiniz ki, bu ölkənin sayız-hesabsız yeraltı-yerüstü tükənməz təbii sərvətləri var. Bəs hanı bu sərvətlərdən Azərbaycana gələn milyonlar, milyardlar? Görəsən kimlərin büdcəsinə, kimlərin cibinə dolur bu maliyə vəsaiti??? ZAVALLI XALQ... Sözün bitdiyi andı. P. S. Bu dünyadan heç nə aparmayacaqsız. Məmurlar, var-dövlətiniz, sərvətiniz inanın, bu dünyada qalacaq. Apara bilsəniz, 5 metr ağ kəfən apara bilərsiniz. Bunu qəti unutmayın. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Suriyada güclü partlayış baş verdi

Suriyanın Hələb şəhərində hava limanı yaxınlığında hərbi qərargahda güclü partlayış baş verib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış əhali arasında təşvişə səbəb olub. Olayla bağlı rəsmilər hələ ki, açıqlama verməyib.

Şənbə günü temperatur 40 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturugecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Təbrizdə güclü partlayış baş verdi: yaralılar var

Təbriz şəhərində yerləşən “Sahənd” sənaye kompleksində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim Nyus” məlumat yayıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə, partlayışa texniki nasazlıq səbəb olub, lakin rəsmi qurumlar araşdırmanın davam etdiyini bildiriblər.

Ermənistanda insident: Rusiya əsgəri başından yaralandı

Ermənistanda rus əsgəri özünü başından vurub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, iyulun 10-da başından güllə yarası alan əsgər Gümrü şəhərinin tibb mərkəzinə aparılıb. Zərərçəkmiş təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsində komadadır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər. İlkin məlumata görə, yaralı Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçisidir. Onun Rusiya vətəndaşı Aleksey Q. (2002-ci il təvəllüdlü) olduğu müəyyən edilib. İntihara cəhd variantı nəzərdən keçirilir.

Tehranda partlayış oldu

Tehranın Çitqar bölgəsində hündürmərtəbəli yaşayış binasında partlayış olub. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Şahidlərin sözlərinə görə, partlayışa səbəb kiçik ölçülü pilotsuz uçan aparat zərbəsi olub. Tehran Fövqəladə Hallar Təşkilatı isə partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

ABŞ-dan Azərbaycanın qonşusu ilə bağlı xəbərdarlıq

ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməlidir. Sozcu.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti xəbərdarlıq edib. “Biz vətəndaşlarımıza, xüsusən də ikili vətəndaşlığı olan şəxslərə İrana səfər etməməyi tövsiyə edirik”,- xəbərdarlıqda bildirilib.

Bu müəllimlərin yarısı qiymətləndirmədən KƏSİLİB

Məktəbəqədər təhsil müəssisəsində çalışan 4977 müəllim diaqnostik qiymətləndirmədən 30-dan az bal toplayıb. Sozcu.az xəbər verir ki, 2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib. Müəllimlərdən sadəcə 1-i maksimum – 60 bal toplayıb. Digər göstəricilər isə aşağıdakı kimidir: 50 baldan yuxarı toplayanların sayı – 324 nəfər (2.9%) 46 baldan 51 bala qədər – 911 nəfər (8.1%) 41 baldan 46 bala qədər – 1380 nəfər (12.3%) 36 baldan 41 bala qədər – 1624 nəfər (14.5%) 30 baldan 36 bala qədər – 2002 nəfər (17.8%) 30 baldan aşağı toplayanların sayı – 4977 nəfər (44.4%)