Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. “Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir”, – sənəddə diqqətə çatdırılıb. “Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”, - bəyanatda vurğulanıb.

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur: “Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək. Sozcu.az xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses aşağıdakılardır: - Tibb müəssisəsinə ilkin müraciət - Laborator analizlərin verilməsi - Həkim qəbullarından keçmək - Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi - Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Bu ölkədə NATO-nun təlimi keçiriləcək

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq. “Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. Sozcu.az Olay.az-a istinadən xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən Mədəniyyət Evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda o, həyat yoldaşından boşanıb. Rəhimi "Qubanın ağ alması", "Gəlmə, gəlmə" kimi mahnılarıyla məşhur olub.

Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT!

Demək olar ki, hər 3 insandan biri tez-tez başgicəllənməsi ilə üz-üzə qalır. Lakin bu vəziyyəti yaradan səbəblər haqqında çox az adam məlumatlıdır. Bu gün sizə başgicəllənməsinin ən geniş yayılmış 11 səbəbindən danışacağam. Susuzluq və maye itirilməsi başgicəllənməsinin ən geniş yayılmış səbəblərindəndir. Əgər qəbul etdiyimiz mayenin miqdarı itirdiyimiz mayenin miqdarından azdırsa, bədənimiz susuzluq çəkir. Xüsusilə, isti havalarda başgicəllənməsinə çox rast gəlinir; Təzyiqin aşağı olması. Aşağı təzyiqin insanın ümumi vəziyyətinə mənfi təsiri var. Bu hal insanlar arasında daha geniş yayılıb. Məsələn; oturduğunuz yerdən anidən ayağa qalxanda başgicəllənməsi olur. Səbəbsiz yerə tez-tez təzyiqiniz düşürsə, bunu həkiminizə bildirin. Çünki aşağı təzyiq bəzən hansısa ciddi xəstəliyin xəbərçisi ola bilir; Panika və əndişə. Həyəcan pozğunluğu və panika, nigaranlıq da başgicəllənməsinə gətirib çıxara bilir. Bəzən aldığımız hansısa pis xəbər buna səbəb ola bilir. Sağlamlığınız üçün ruhi sabitliyinizi qorumalısınız; Yuxusuzluq. Adətən, bu səbəb o qədər də ciddiyə alınmır. Lakin unutmaq olmaz ki, 7 saatdan az yatırsınızsa, başgicəllənməsinin olması labüddür. Yuxusuzluq nəinki baş gicəllənməsi, bir sıra psixoloji və fiziki problemlərə də səbəb olur. Ona görə yuxu rejiminizə diqqət edin. Qanda şəkərin səviyyəsinin aşağı düşməsi. Bu hal baş verərsə, xüsusilə, insulin müqaviməti varsa, yeməkdən əvvəl, yaxud sonra qanda şəkərin səviyyəsində qəfil dəyişikliklər olur.  Nəticədə, başgicəllənməsi yaşanır. Diabet xəstəsisinizsə, qanda şəkərin səviyyəsini daim nəzarətdə saxlamaq üçün həkim nəzarətində olmalısınız. Yaxud pəhriz saxlayırsınızsa, baş gicəllənməsi Daxili qulaq problemləri. Bilirik ki, vestibulyar aparat müvazinətimizi tənzimləyir. Daxili qulağın labirintində yerləşən vestibulyar aparatda baş verən cüzi dəyişiklik belə, başgicəllənməsi yaradır; Beyin damarlarındakı tıxanıqlıq. Boyunun hər iki tərəfindən yuxarı çıxan damarlar beyini qidalandıran damarlardır. Bu damarlarda tıxanıqlıq olanda beyin qidalana bilmir və başgicəllənmə yaşanır; Qan azlığı. Qan azlığı orqanizmin oksigen dövriyyəsini pozur. Bəli, təzyiqin aşağı düşməsi, başgicəllənməsi oksigen aclığı çəkən beyinin üsyanıdır; İnfeksiyalar.  Xüsusilə, tənəffüs yollarındakı, bağırsaqlardakı infeksiyalar orqanizmdən həddən artıq mayenin xaric olunmasının səbəbidir.  Susuzluq çəkən orqanizmdə başgicəllənmə olması təbiidir. Orqanizmin hansısa bir hissəsində infeksiya varsa, başgicəllənməsinin hər an baş verə biləcəyinə hazır olun; Siqaret. Təəccübləndiniz? Siqaretdə nikotindən başqa, orqanizmi təhdid edən bir çox maddə var. Dayanmadan, fasilə vermədən çəkilən siqaret kəskin hipotenziyaya səbəb olur. Bəzən deyirlər: “Yayın istisiydi. Elə siqaret əlimdəcə özümdən getmişəm”. Bu kimi durumlarda təzyiq kəskin şəkildə aşağı enir. Ən azı, 2-3 dəfə bu halı yaşayanlar siqareti tərgitsələr, yaxşıdır; İnfarkt və ürək çatışmazlığı. Əslində, bunlar başgicəllənməsinin səbəbləri deyil, nəticələridir desəm, daha doğru olar. Sadəcə, demək istədiyim odur ki, hər iki halın baş verməsindən qısa zaman öncə başgicəllənməsi yaşanır; Gördüyünüz kimi, başgicəllənməsi laqeyd yanaşılası hal deyil. Sadaladığım simptomlardan, ən azı, biri varsa, həkimə getməyi təxirə salmayın.    //oxu24.com/

Nəzakət Teymurovanın qızı evlənir?

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması ilə bağlı məlumata aydınlıq gətirib. Xanəndə “Qaynarinfo”ya açıqlamasında məlumatın yalan olduğunu deyib: “Verilişlərin birində qonaq idim, toydan söz düşdü. Dedilər qızına elçi gəlməyib ki? Dedim ki, elçi gəlib, amma xeyirli elçi gəlsin. Qızım oxuyur hələ. Xeyir iş olsun ki, deyim də, olmayandan sonra nə deyim”. Qeyd edək ki, Xalq artisti Nəzakət Teymurovanın qızı Nigarın ailə qurması ilə bağlı mətbuatda məlumat yayılıb.  

İran həbsxanalarında 12 məhkum edam edildi

Beynəlxalq ictimaiyyətin təzyiqlərindən sonra son bir neçə həftə ərzində İranda nisbətən azalan edam hökmlərinin icrası yenidən artıb. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, Qain, Kəhnuc, Şiraz, Kərəc və Bircənd şəhərlərinin həbsxanalarında 12 məhbus edam edilib. Onların dördü adam öldürməkdə, səkkizi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Qətldə ittiham olunaraq edam edilənlərdən biri qadındır. Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.   2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

İran mediası: Azərbaycan İranın təzyiqi nəticəsində Zəngəzur dəhlizindən imtina edib

Azərbaycan 1988-99-cı illərdə Qarabağı ermənilərdən təmizləmək istəyirdi. Bunu Ermənistan parlamentinin üzvü Anna Qriqoryan "Təsnim" xəbər agentliyinə müsahibəsində deyib. Ermənistan parlamentinin Millî Təhlükəsizlik Komissiyasınin üzvü, İrəvan hakimiyyətini Azərbaycanın tələblərini yerinə yetirməkdə günahlandırıb. "Son bir il yarım, iki il ərzində Azərbaycan İranın təzyiqləri nəticəsində Zəngəzur dəhlizindən imtina etdi",- Qriqoryan bildirib. O, Nikol Paşiniyanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərinə görə tənqid edib və bir çox problemlərin bundan sonra başladığını deyib. "Problem burada idi ki, Paşinyan 2022-ci il oktyabrın 22-də Praqada o vaxta qədər heç bir Ermənistan liderinin səsləndirmədiyi fikiri səsləndirdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, problemlər də buradan başladı,- A.Qriqoriyan vurğulayıb. Millət vəkili Praqa Bəyannaməsindən sonra Azərbaycan tərəfinin Qarabağla bağlı məsələləri özünü daxili məsələsi hesab etdiyini deyib, rəsmi Bakının soqırım törətdiyini, etnik təmizləmə apardığı barədə iddialar səsləndirib. O, 2023-cü ildə Azərbaycanın keçirdiyi anti-terror əməliyyatlarının qarşısını almadığına görə Paşiniyan hakimiyyətini ittiham edib. Anna Qriqoriyan Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılmasına da toxunub və bunu Ermənistan hökumətinin ağılsızlığı kimi qiymətləndirib.GünazTV

Van Persi Niderland klubu ilə razılığa gəldi

Niderland millisin sabiq hücumçusu Robin van Persi bu yaydan ölkəsinin "Heerenveen" klubunu çalışdıracaq.  Sozcu.az AD-a istinadən xəbər verir ki, tərəflər iki illik müqavilə bağlamaq barədə razılığa gəliblər. Van Persi sözügedən vəzifədə bu mövsümün sonunda komandadan ayrılacaq Kees van Vondereni əvəz edəcək.  Qeyd edək ki, "Heerenveen" turnirin bitməsinə üç tur qalmış Erediviziya cədvəlində 10-cu yerdədir.

Türkiyə ordusu 5 PKK-çını məhv etdi

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular Türkiyə ordusunun Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi. Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır. QMİ rəsmisi həmçinin deyib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb. Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sozcu.az-a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri - “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən Azərbaycana ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib. Məlumatda qeyd edilib ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə cavab verməyib. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirinin müavini Alibek Bakayev deyib. “Bu ölkələr (Azərbaycan və Ermənistan - red.) mənim yurisdiksiyamda deyil, amma bildiyimə görə, görüşün tarixi hələ müəyyən edilməyib, çünki gələcək iştirakçıların heç də hamısından cavab alınmayıb: Ermənistan hələ ki, razılığını verməyib, lakin biz bu danışıqların baş tutacağını gözləyirik”, - Bakayev bildirib.

Hərbçilərimiz Aralıqda keçirilən təlimdə iştirak etdilər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata keçirilib. "Kurtaran - 2024" beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.

Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistanla Azərbaycan arasında Tavuş vilayətində həyata keçirilən sərhəd delimitasiyası rəsmi İərvanın regionda davamlı sülh istəyinə yönəlib. Sozcu.az xəbər verir ki, Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalı ilə söhbətində bu mövzuya toxunub. “Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq. Əks halda, təhlükə həmişə var və bu təhlükə zərərsizləşdirilməlidir”, - deyə prezident bildirib. Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər. “Amma mən əmin edirəm və inanıram ki, biz baş verən hadisələrə daha çox maraqlı və məsuliyyətliyik. Bizim üçün ən vacibi isə bu kəndlərdə yaşayan insanların təhlükəsizliyini təmin etməkdir”, - prezident vurğulayıb. O əlavə edib ki, Ermənistan Respublikasının vətəndaşı kimi hökumətin hərəkətlərini cəsarətli hesab edir. “Təəssüflər olsun ki, biz problemi gələcəyə buraxırdıq və hətta bunu bir neçə dəfə açıq şəkildə bəyan etmişik. Qarabağ probleminə gəlincə, məlum tezis var idi: daha 100 il belə yaşaya bilərik. Gördük ki, 100 il belə yaşamaq qeyri-mümkündür, çünki zaman və situasiya dəyişir, bu gün nə etmək olarsa, sabah onu edə bilmərik. Təhdidləri vaxtında aradan qaldırmağı bacarmaq lazımdır. İndi vaxt yetişib və biz bu istiqamətdə gedəcəyik”, - deyən prezident hökumətin fəaliyyətini alqışlayıb. Vaaqn Xaçaturyan Ermənistan vətəndaşlarını hakimiyyətin hərəkətlərinə etibar etməyə və bir çox hallarda onların hissləri ilə oynamaq məqsədi daşıyan, bir damla həqiqəti özündə əks etdirməyən təxribatlara uymamağa çağırıb.

Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA

Mayın 1-dən etibarən bütün avtomobillərdə katalizatorların yoxlanacağı, katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb. Sozcu.az xəbər verir ki, belə bir elan sosial şəbəkələrdə paylaşılıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a bildirib ki, may ayının 15-dən etibarən respublika ərazisində “Təmiz hava” aylığının keçirilməsinə başlanılacaq. “Təmiz hava” aylığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçiriləcək”, - deyə R.Tağıyev qeyd edib. Şöbə rəisi diqqətə çatdırdı ki, “Təmiz hava” aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaq, habelə sürücülərin, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirilməsidir. “Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.  Bütün bunlar nəzərə alınaraq bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq”, - deyə R.Tağıyev bildirib.

Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!

Ata-oğul birlikdə təsərrüfatı böyütmək üçün “Access Bank”dan 3 il müddət olmaqla 15 min manat kredit götürmüşdük və bunu da vaxtında ödəmişik. Elə aylar olub ki, vaxtından tez də ödənişlər olub. Amma oğlum şəhid olandan sonra bu pulu ödəməyə imkanıməz çatmadı, borclar yığıldı qaldı. Sozcu.az xəbər verr k, bu sözləri Axar.az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatları zamanı şəhid olan Əkrəm Kəlbiyev atası Faiq Kəlbiyev deyib. “Axı bu pulu ödəyən şəxs şəhid övladım idi, mən yox. İndi necə edim? Hazırda 6 min manat qalıq borcun üzərinə də faiz gəlir, amma mən yenə də ödəyə bilmirəm. Tək istəyim borcun bizə bağışlanmasıdır. Bu pulu övladım işlərimiz üçün istəmişdi, mənim adıma götürmüşdük”, - o bildirib. Şəhid atasının sözlərinə görə, proses artıq məhkəməyə qədər gedib çıxıb: “Əgər övladım vətən uğrunda canından keçməsəydi, şəhid olmasaydı, ödəyərdik. Necə ki, ödəmişik də. Sadəcə, indi bu pulu ödəmək imkanım yoxdur. Bank isə məni məhkəməyə verib. Nə qədər vəziyyəti izah etməyə çalışsam da, başa düşmürlər. Xahiş edirəm ki, şəhid övladımla birgə götürdüyümüz bu pulu bizə bağışlasınlar”. Qeyd edək ki, Əkrəm Tahir oğlu Kəlbiyev 1993-cü il 13 avqustda Biləsuvar rayonu Aşağı Cürətli kəndində anadan olub. Şəhidlik zirvəsinə 2023-cü il 20 sentyabrda ucalıb.

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

Ermənistanda parlament çoxluğu müxalifət “Hayastan” fraksiyasının Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı bəyanat layihəsini rədd edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, hakim partiya buna səbəb kimi “Ermənistanın 1 millimetr ərazisinin heç kimə verilməməsi” faktını müzakirə etməyəcəyini göstərib: “İndiki proses Ermənistan və Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır”.

Bakıda kişi özünü 11-ci, qadın isə 8-ci mərtəbədən atıb

Bakıda kişi özünü 11-ci mərtəbədən atıb. Sozcu.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü yaşadığı 16 mərtəbəli binanın 11-ci mərtəbəsindən ataraq intihar edib. Bundan başqa, Nizami rayonu ərazisində 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva da yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.apa

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb. Sozcu.az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib. Qeyd edək ki hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. Belə ki, rayon sakini 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.modern)

Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. Qeyd olunub ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir.