ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi: ölənlər var

ABŞ ordusu Karib hövzəsində narkotik daşıyan daha bir gəmiyə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə katibi Pit Heqset açıqlama yayıb. Bildirilir ki, hücum nəticəsində 6 nəfər ölüb. Qeyd olunub ki, müdafiə katibi gəminin Venesuelanın “Tren de Aragua” dəstəsinə məxsus olduğunu bildirib. Bu, son bir neçə ayda ABŞ-ın beynəlxalq sularda narkotik daşıdığı deyilən gəmilərə 10-cu zərbəsidir.

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur - Komitə sədri

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur. Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Qeyd edək ki, hazırda Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır.

Putinlə Əliyev arasında telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyib. Putin və Əliyev regional əməkdaşlığın və beynəlxalq vəziyyətin bir neçə aspektini müzakirə edib, eləcə də müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəlib”, - məlumatda qeyd olunub.

Mirzoyan: Hamıya məlumdur ki, Ermənistan Azərbaycanla sülh bağlayıb

Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıb. Hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün ciddi səylər göstərir. Sozcu.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada 4-cü Feminist Diplomatiya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib. “Bəlkə də hamıya məlumdur ki, biz Azərbaycanla sülh bağlamışıq. Hazırda hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün böyük səylər göstərir. Hökumətin rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində apardığı işlərlə paralel olaraq, cəmiyyətlərin barışması üçün də böyük ehtiyac var”, - nazir qeyd edib.  O vurğulayıb ki, sülh prosesinin uğuru yalnız rəsmi razılaşmalardan deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşmasından asılıdır.

Oğlunun döyülməsinə dözməyən atanın ürəyi dayandı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Zaqatalada 41 yaşlı İsgəndər Musayev vəhşicəsinə döyülüb və komaya düşüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, onun atası Yusif Musayev buna dözməyib və ötən gecə ürək çatışmazlığından ölüb. Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıblar.

Bakıda bu yol tam bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-də saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq. Bu barədə Sozcu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncədə tanınmış vəkil saxlanılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir. Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, xuliqanlıqda ittiham olunur. Onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək, ona xəsarət yetirdiyi iddia olunur. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub. Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.

“Sputnik Azərbaycan”ın şef redaktoru da buraxıldı

“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov ev dustaqlığına buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. Məlumata görə, Xətai Rayon Məhkəməsi Yevgeni Belousovun işi üzrə vəsatətə baxıb: “Məhkəmə vəsatəti təmin edib və Belousov ev dustaqlığına buraxılıb”. Qeyd edək ki, daha öncə agentliyin icraçı direktoru İqor Kartavıx həbsdən azad edilmiş, bundan sonra isə Azərbaycanı tərk edərək Rusiyaya getmişdi.

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında “Kazhidromet” dövlət müəssisəsinin Xəzər dənizində suyun səviyyəsi ilə bağlı proqnozu dərc olunub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, burada mövcud iqlim dəyişikliyi və antropogen təsirlərin birgə təsirinin Xəzər dənizinin səviyyəsinin azalmasına təsir etdiyi bildirilib. Qeyd olunub ki, bu proseslərə ən həssas zona Qazaxıstanın dəniz sahəsidir. Qazaxıstan alimlərinin apardığı tədqiqatlar göstərib ki, dəniz səviyyəsinin aşağı düşməsi tendensiyası davam edəcək. Hesablamalara görə, 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsi Baltik sistemi boyunca -32,4 və -34,0 m səviyyəsinə enə bilər. Baltik dənizi sistemində Xəzər dənizinin hazırkı səviyyəsinin təxminən 28,5 m olduğu təxmin edilir. Bu o deməkdir ki, 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsi indiki səviyyəsindən 5,5 m aşağı düşə bilər. “Kazhidromet” 1940-cı ildən bəri Xəzərdə dəniz suyunun necə dəyişdiyi barədə də məlumat verib: - 1940–1977-ci illərdə dəniz səviyyəsinin enmə sürəti ildə 4 sm (ümumi azalma 1,2 m) olub; - 1978-1995-ci illərdə ildə 13 sm səviyyə artımı qeydə alınıb (ümumi artım 2,5 m); - 1996–2023-cü illərdə səviyyənin ildə 8 sm eniş dövrü müşahidə edilib (ümumi azalma 1,83 m); - 2006-2024-cü illər arasında səviyyə 2 m aşağı düşüb. Bu ilin avqustunda Aktauda keçirilən elmi konfransda bildirilib ki, son 20 ildə Xəzər dənizinin Qazaxıstana məxsus hissəsi sahildən 18 kilometr uzaqlaşıb. Bu müddət ərzində dəniz səviyyəsi orta hesabla 2 m aşağı düşüb. Bəzi hesablamalar göstərir ki, bu tendensiya əsasında Xəzər dənizinin Qazaxıstan hissəsi 2050-ci ilə qədər sahildən 35 kilometrə qədər uzaqlaşacaq.

Kəndi seçən gənc müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların maaşına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək. Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

Xocalının bu kəndlərinə növbəti köç yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə olmaqla 24 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Venesuelada təyyarə qəzaya uğradı: ölənlər var

Venesuelada təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb, iki pilot ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” qəzeti məlumat yayıb. Bildirilib ki, faciə oktyabrın 22-də baş verib. Məlumata görə, təyyarə San-Kristobaldakı Paramillo hava limanında uçuş-enmə zolağına düşüb və alovlanıb. Həlak olanlar 50 yaşlı Xose Antonio Bortone Terife və 47 yaşlı Xuan Maldonadodur. Təyyarədə sərnişin olmayıb. Qəzaya səbəb kimi şinin partlaması və ya pilot səhvi göstərilir.

“Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynanın iştirakı olmadan Budapeştdə Rusiya-ABŞ sammiti baş tutmayacaq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında oktyabrın 17-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrini şərh edərkən bildirib. "Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edilib. Macarıstanda Ukraynasız görüş olmayacaq. Hələ ki, "Tomahawk" raketləri yoxdur. Nəticə budur. Düşünürəm ki, bu, pis deyil", - Zelenski Trampla görüşünün nəticələrini şərh edərkən deyib.  Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığından sonra iki tərəfin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşdə Tramp ona Putinlə söhbətinin nəticəsi barədə məlumat verib. Oktyabrın 23-də isə Amerika lideri rəsmi Moskvanın Rusiya-Ukrayna münaqişəsindəki barışmaz mövqeyinə görə Putinlə Macarıstan paytaxtında keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Noyabrda neçə gün iş olmayacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.

"Tomahavk"dan güclü silahlarımız var - Zelenski

Ukrayna indi öz uzaqmənzilli silahları ilə 3000 kilometrə qədər məsafədən zərbələr endirə bilər ki, bu da “Tomahavk” raketlərindən daha uzunmənzillidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz Ukrayna istehsalının imkanlarından açıq şəkildə istifadə edirik. Onlardan (uzaqmənzilli silahlardan) 150 ilə 3000 km arasında istifadə edirik", - deyə Zelenski bildirib. Qeyd edək ki, “Tomahavk” raketləri 2500 km-ə qədər uçuş məsafəsinə malikdir.

İki böyük dövlət rus neftindən imtina edir

ABŞ-ın “Rosneft” və “Lukoil”a qarşı genişmiqyaslı sanksiyalarından sonra Çinin dövlət neft şirkətləri Rusiya neftinin dəniz yolu ilə alışını dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, Çinin dövlət neft emalı zavodları gündə 500 min barreldən çox neft alır. Bundan əlavə, Çin şirkətlərinin müvafiq addımı Hindistanın da Rusiya neftinin alışını azaltması ilə eyni vaxta təsadüf edir. İki ən böyük alıcının neftə tələbatının kəskin azalmasının Rusiya büdcəsinə gərginlik yaradacağı gözlənilir.

5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır

"Azəristiliktəchizat” ASC xidməti avtomobil almaq üçün tender elan edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, ASC 1 ədəd xidməti avtomobilin alınması üçün 100 min 100 manat pul ayırıb. Tenderin şərtlərinə əsasən, avtomobilin buraxılış ili 2025, mühərriki 2.2-2.5 hibrid, sürətlər qutusu isə avtomot olmalıdır. Qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyevdir. O, bu ilin mayında ASC-yə sədr təyin edilib.

600 manata ev kirayə verənlər dövlətə 60 manat ödəyəcək

Fiziki şəxslərin bir-birinə ev kirayə verməsindən əldə olunan gəlirlərdən yeni tariflə vergiyə cəlb ediləcək. Bu qayda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məsələnin həm kirayə bazarına, həm də vətəndaşların gəlirlərinə təsirini "Yeni Sabah"a açıqlayıb. Ekspert bildirib ki, bu dəyişiklik mütərəqqi addım kimi qiymətləndirilə bilər:  “İndi də qüvvədə olan qanuna görə, növündən, tərəflərin hüquqi və ya fiziki şəxs olmasından asılı olmayaraq, ödəmə mənbəyindən vergi 14 faiz tutulurdu, indi isə yeni dəyişikliyə əsasən, fiziki şəxslər arasında kirayə münasibətlərində 10 faizlik vergi tutulacaq. Bu, mütərəqqi haldır. Bununla bağlı bir neçə dəfə təkliflər etmiş və bildirmişdik ki, məhz kirayə münasibətlərinin leqallaşdırılması və büdcənin şəffaflaşdırılması məqsədilə 14 faizin 7 faizə endirilməsi daha məqsədəuyğundur. Belə olan halda tərəflər bu məbləği ödəməkdə o qədər də çətinlik çəkməyəcək və zaman keçdikcə müqavilələrin notarial qaydada imzalanması, dövlət vergisinin ödənilməsi stabilləşəcək və məbləğin böyük olmaması buna müsbət təsir göstərəcək. Görünür, yeni qərar həm də onu nəzərdə tutur ki, böyük məbləğ olmasın, vətəndaşlar onu asanlıqla ödəyə bilsin”. Vüqar Oruc hesab edir ki, yeni qərar qüvvəyə mindikdən sonra da proses dərhal tam şəkildə leqallaşmayacaq: “Onun tətbiqindən sonra bir müddət gözləməliyik. Ümid etməyək ki, ilk aylardan bütün kirayə münasibətləri leqallaşacaq, vergidən yayınma halları tam aradan qalxacaq. Bu qərarın tam icra olunması üçün müəyyən dövr lazımdır. Ona görə də düşünmürəm ki, mövcud prosesin hər ay artan daşınmaz əmlak bazarına ciddi təsiri olacaq. Amma qiymətlərin bahalaşması üçün əlavə stimulun yarandığını söyləmək olar. İndiyə qədər kirayə münasibətlərinin gizlədilməsi, tərəflərin öz aralarında heç bir hüquqi qüvvəsi olmayan müqavilələrlə əsaslandırması ondan irəli gəlirdi ki, dövlətə vergi ödənilməsin”. AQC sədri qeyd edib ki, artıq vergini kirayə götürən tərəf ödədiyi məbləğlə birgə verəcək: “Əvvəlki qaydalara görə, vergini kirayə verən tərəf ödəməli idi, indi isə kirayə götürən tərəf ödədiyi məbləğin bir hissəsini, eyni zamanda, vergiyə ödəyəcək. Məsələn, 600 manata verilən kirayə mənzilə görə, 60 manat ödəniləcək, bu da kirayə biznesinin rəsmiləşməsinə gətirib çıxacaq”.

Gələn il minimum maaş və pensiya artmayacaq

Azərbaycanda 2026-cı ildə də minimum əmək haqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. Sozcu.az APA-ya istiandən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Azərbaycanda gələn il də minimum əmək haqqı 400 manat, minimum pensiya 320 manat olacaq.

Bu xəstələr icbari tibbi sığorta hesabına müayinə olunacaq

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

Bu maşınlar partlamağa hazır olan bomba kimidir - BDYPİ

Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır: "Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur". Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələri hər an partlamağa hazır olan bir "bomba" kimidir: "Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının – yoldakı hər bir insanın həyatını riskə atır. BDYPİ hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir".

Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. Sozcu.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, bir illik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və “Quran”ın rusca və azərbaycanca tərcüməçisidir.

Bu məktəblərin adı dəyişdirildi

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

İş qurmaq adı ilə yalan vəd verdi - Tanışlarının 87 min manatını ələ keçirdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.  Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.  G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.