Rusiya NATO ölkələrindən birinə hücum edəcək - Vadeful

Rusiya Ukrayna ilə müharibədən sonra NATO ölkələrindən birinə hücuma cəhd edə bilər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib. “Ukraynaya dəstək birbaşa bütün Avropanın təhlükəsizliyi ilə bağlıdır. Ukrayna maraqlarını nə qədər tez qoruya və vəziyyəti sabitləşdirə bilsə, qitə bir o qədər təhlükəsiz olacaq”, - nazir bildirib. Vadeful Rusiyanın NATO-ya hücum ehtimalını qiymətləndirməkdən imtina edib, lakin belə bir ssenariyə də hazırlığın vacibliyini vurğulayıb. Almaniyalı nazir xəbərdarlıq edib ki, Rusiya ordusunun Ukraynadakı davamlı hərbi uğuru NATO üçün ciddi təhlükə yaradacaq.

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Yenilənib

16:08 Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər görülür. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumara görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir. Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq: - 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), - 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və - 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib. Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq - 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), - 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), - 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki, Ruslan Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Xatırladaq ki, bir neçə gün öncə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, Bəylər Eyyubovun digər qardaşı oğlu Həsən Eyyubov da vəzifəsindən azad edilib.

Bakıda şəhid bulağından oğurluq edildi – Anbaan video

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik idarəsinin keçmiş rəis müavini, istefada olan polkovnik Dmitri Frolov Azərbaycana qaçıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Frolov, onun işlədiyi “K” idarəsinin sabiq əməkdaşı Andrey Vasilyev və “Kreditimpeks” bankının səhmdarı Georgi Şkurko barəsində cinayət işinə yenidən baxılmasına başlanılıb. İstintaqın versiyasına görə, Frolov 2007–2013-cü illər ərzində “Kreditimpeks” rəhbərliyindən ümumi himayə qarşılığında başqa şəxs vasitəsilə təxminən 87 milyon rubl məbləğində rüşvət alıb. Bundan əlavə, Frolov və Vasilyev vəzifə səlahiyyətlərindən istifadə edərək iş adamları Sergey Qlyadelkin və İqor Tkaçana məxsus “Ekostok” və “Yurpromkonsaltinq” şirkətlərindəki paylarının 49%-ni əllərindən alıblar. Nəticədə iş adamlarına 638 milyon rubl məbləğində ziyan dəyib. Təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. İlkin istintaq zamanı məlum olub ki, FTX-nin keçmiş rəis müavininin İtaliyada təxminən 2 milyon dollar dəyərində villası var. Bu əmlak üzərinə də həbs qoyulmuşdu. Lakin məhkəmə baxışı zamanı hakim rüşvət ittihamını dələduzluq maddəsinə yenidən tövsif edib. Nəticədə Frolov və Şkurko 4 iyun 2024-cü ildə dələduzluqda təqsirli biliniblər: Frolov 6 il, Şkurko isə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Keçmiş “K” idarəsi rəis müavini hökm elan edildiyi anda azadlığa buraxılıb, çünki həmin vaxta qədər cinayət üzrə müddət bitib. Şkurko da təcridxanada faktiki olaraq cəzasını çəkdiyinə görə azad edilib. Vasilyev barəsində cinayət işi isə hələ 2021-ci ildə müddətin başa çatması səbəbindən xitam olunub. Hökm ilə birlikdə məhkəmə Frolovun İtaliyadakı villasına qoyulmuş həbs tədbirini də ləğv edib. Prokurorluq bu hökmə etiraz edib və 2-ci Qərb Dairə Hərbi Məhkəməsi hökmü ləğv edib. Kassasiya Hərbi Məhkəməsi də hökmün ləğvini təsdiqləyərək cinayət işini eyni məhkəməyə, lakin başqa hakim tərkibində yenidən baxılması üçün göndərib. Lakin ilk iclasda Dmitri Frolov iştirak etməyib. Onun Azərbaycana qaçdığı və Azərbaycan pasportunun olduğu bildirilir. Qeyd olunur ki, o, növbəti proseslərdə məhkəməyə gəlməsə, barəsində axtarış elan oluna bilər.

Avropanın lideri bu ölkə olmalıdır - KİV

Fransa Avropanın siyasi və hərbi mərkəzinə çevrilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” avropalı diplomata istinadla məlumat yayıb. “Paris nüvə silahına malikdir və üç-dörd il ərzində Rusiya ilə toqquşmaya hazırlaşır. ABŞ-ın Avropa təhlükəsizliyindəki rolunun zəifləməsi fonunda Fransa Avropa lideri rolunu öz üzərinə götürə bilər. Fransa Prezidenti Emmanuel Makron Avropanın müdafiəsi məsələsində liderliyi ələ almalıdır: bunu Fransadan başqa kim edəcək?”, - nəşr qeyd edib.

ABŞ-Venesuela Gedişləri: Natiq Cəfərlinin Azərbaycan üçün proqnozu

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli yaxın həftələrdə Venesuela məsələsinin ABŞ tərəfindən ya hərbi, ya da diplomatik yolla həll olunacağını bildirib. Onun sözlərinə görə, ABŞ artıq Venesuelada fəaliyyət göstərən “Chevron” şirkəti vasitəsilə ölkənin neft aktivlərinə nəzarəti gücləndirir. Venesuela Nefti və ABŞ-ın Strategiyası Cəfərli qeyd edib ki, sanksiyalar və ABŞ-la münasibətlərin gərginliyi səbəbindən Venesuela hazırda gündəlik təxminən 1 mln. barel neft hasil edir. Qısa müddətə proqnoz: Hasilat 2,5–3 mln. barelə, orta müddətdə isə 5 mln. barel/gün səviyyəsinə yüksələ bilər. Venesuela nefti “ağır” növə aiddir və ABŞ-da uzun illər bu neft növünü emal edə bilən zavodlar fəaliyyət göstərir. Hazırda həmin zavodlar Kanada neftini emal edir, amma Venesueladan da neft almağa hazırdırlar. Proqnoz: ABŞ Venesuela neftinə tam nəzarət edərsə, qlobal neftin qiyməti gələn il 50–55 $/barel səviyyəsinə düşə bilər. ABŞ Seçkiləri və Qlobal Siyasət Ara seçkilər: ABŞ-da ucuz benzin seçicilər üçün əsas məsələdir; qiymət aşağı olarsa, hakim partiya üstünlük qazanır və inflyasiya azalır. Qlobal siyasət: Ucuz neft Rusiyaya problem, Çinə isə üstünlük təmin edir. Monro doktrinası: ABŞ-ın yenilənmiş doktrinası çərçivəsində həm Çin, həm Rusiya Venesuelaya müdaxilə edə bilməyəcək. Azərbaycan üçün Gözlənilən Risklər Natiq Cəfərli vurğulayıb ki, ucuzlaşan neft Azərbaycana mənfi təsir göstərə bilər: Hasilat artıq düşür və OPEC kvotasını tam doldurmaq mümkün deyil. Neftin qiymətinin 50 $/barel səviyyəsinə düşməsi büdcə gəlirlərini azaldacaq və dövlətin vətəndaşa əlavə yükünü artıra bilər. Bu, makroiqtisadi göstəriciləri pisləşdirə və iqtisadi tənəzzül riskini artırar. Nəticə: Dövlət və biznes strateji planlar hazırlamalı və iqtisadi aktivliyi qorumaq üçün tədbirlər görməlidir.

İmişlidə FACİƏ: ailəsi 13 yaşlı oğlanın meyitini tövlədən TAPDI

İmişlidə yeniyetmə oğlanın meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə Cavadxanlı kəndində qeydə alınıb. 13 yaşlı yeniyetmənin meyiti yaşadığı evin tövləsində ailə üzvləri tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Ukraynanın "Azov" qvardiyası işğalçı Rusiyanın tank kalonunu məhv etdi...

Dekabrın 22-i səhər Rusiya işğalçıları Donetsk bölgəsindəki Dobropolye istiqamətində mexanikləşdirilmiş hücuma keçiblər və nəticədə Ukrayna müdafiəçiləri tərəfindən darmadağın ediliblər. Sozcu.az  "Fokus" nəşrinə istinadla xəbər verir ki,  Azov Ukrayna  "Azov" milli qvardiyasının 1-ci korpusunun məlumatına görə, Rusiya tankları, zirehli döyüş maşınları və  kvadrosikllərdən ibarət kalon Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri tərəfindən demək olar ki, tamamilə məhv edilib. Düşmən texnikasının və şəxsi heyətinin məhv edilməsini göstərən videonun başlığında deyilir:  "Azov" milli qvardiyasının 1-ci korpusunun qüvvələri, ona bağlı və bitişik bölmələr işğalçı qüvvələrin Dobropolye istiqamətində daha bir mexanikləşdirilmiş hücumunu dəf etdilər". "Azov" milli qvardiyası izah edib ki, hücum üçün tanklar, piyada döyüş maşınları və zirehli personal daşıyıcıları da daxil olmaqla bir neçə mexanikləşdirilmiş kalon göndərilib, Rusiya dəniz piyadaları isə müxtəlif yollardan istifadə edərək Ukrayna müdafiə qüvvələrinin xətlərini yarmağa cəhd ediblər. Rusiya hücumunu dəf etmək üçün hücum dronlarından, top artilleriyasından, yaylış atəşli raket sistemlərindən və atıcı silahlardan istifadə ediblər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin mühəndislik bölmələri Rusiya Silahlı Qüvvələrinin irəliləmə marşrutları boyunca mina sahələri yerləşdiriblər. "Azov" qeyd edib ki, "Mexanikləşdirilmiş hücumu dəf etmək nəticəsində Müdafiə Qüvvələri 6 tankı, doqquz piyada döyüş maşınını, 5 zirehli personal daşıyıcısını və 1 zirehli bərpa maşınını məhv edib. Düşmənin son hücum dalğası kavdosikllərdən istifadə etməklə həyata keçirilən hücumu əhatə edib.11 bir motorlu maşından onu məhv edilib. Biri döyüş meydanını tərk edib". Xatırladılır ki, 20 dekabrda mediada Rusiya Silahlı Qüvvələrinin Sumı vilayətindəki sərhəd kəndinə basqın etdiyi və 50-dən çox sakini deportasiya etdiyi barədə məlumat yayılıb.moderator)

Bölgədə fəaliyyət göstərən ASC-lər ləğv olunur

Oğuz şəhərində fəaliyyət göstərən şirkət gələn ilin əvvəli ləğv olunur. Sozcu.az xəbər verir ki, "Oğuz-Məişət" Açıq Səhmdar Cəmiyyəti 9 fevral 2026-cı il tarixində səhmdarların ümumi yığıncağını keçirəcək. İclas ASC-nin Oğuz şəhəri, Əzizbəyov küç, 7 ünvanında yerləşən inzibati binasında olacaq. Səhmdarların ümumi yığıncaqda "Oğuz-Məişət" ASC-nin ləğv edilməsi, səhmlərinin dövlət qeydiyyatından çıxarılması, cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, əmlakın Cəmiyyətin balansindan çıxarılması, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi müzakirə olunacaq.

AKP-li millət vəkilindən Hakan Fidana istefa hədəsi

AKP-nin Diyarbəkir millət vəkili Qalip Ensarioğlu Türkiyənin xarici işlər naziri Hakan Fidanın SDQ-yə (Suriya Demokratik Qüvvələri) dair son açıqlamalarını sərt tənqid edib. Sozcu.az xəbər verir ki, Ensarioğlu dövlətin xarici siyasətində yekun qərar və siyasi iradənin birbaşa prezidentə məxsus olduğunu bildirib. “Prezidentin iradəsinə zidd mövqe nümayiş etdirən şəxs ya vəzifəsini tərk etməli, ya da vəzifədən azad olunmalıdır. Nəticə etibarilə, son qərarı prezident müəyyən edir, son sözü də o deyir”, – deyə AKP-li deputat vurğulayıb. Xatırladaq ki, Qalip Ensarioğlunun tənqidinə səbəb olan açıqlama Türkiyənin xarici işlər naziri Hakan Fidanın TRT World kanalına verdiyi müsahibədə səsləndirdiyi “SDQ aidiyyəti tərəflərin səbrinin tükənmək üzrə olduğunu anlamalıdır” fikri və 10 mart tarixli inteqrasiya razılaşmasının icrasında yaranan gecikmələrlə bağlı xəbərdarlığı olub.

Ukrayna “Lukoyl”un zavodunu vurdu

Ukrayna ordusu Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Lukoyl” şirkətinə məxsus “Stavrolen” neft-kimya zavoduna hücum edib. Sozcu.az xəbər verir ki, bu barəsə “Astra” Teleqram kanalı məlumat yayıb. Hücum nəticəsində zavodda yanğın baş verib. “Stavrolen” Rusiyada polietilen və polipropilenin əsas istehsalçılarından biridir. Zavod ildə təxminən 340 min ton etilen, 319 min ton polietilen və 113 min ton polipropilen istehsal edir.

Maduro sərt oynasa, bu onun sonuncu sərt oyunu olacaq - Tramp

Maduro sərt oynasa, bu onun sonuncu sərt oyunu olacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Məqsədim Maduronu hakimiyyətdən göndərməkdir. Bu ondan asılıdır. Ağıllı olsa, özü gedəcək”, - o bildirib.

Döyüş təyyarələrinə indi ehtiyacımız var - Tramp

F-35 döyüş təyyarələrini çoxları istəyir. Bu təyyarələri müttəfiqlərə və ya özümüzə çatdırmaq çox uzun çəkir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar F-35, helikopter, yeni reaktiv F-47 təyyarələri istehsal edəcək zavodlar tikməlidirlər.... Təyyarələr və gəmilərə indi ehtiyacımız var, 10-15 il sonra yox”, - o bildirib.

Ukrayna neft terminalını vurdu: iki körpü, iki gəmi...

Ukrayna PUA-ları Rusiyanın Krasnodar ərazisində "Tamanneftqaz" dəniz neft terminalına hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu ciddi zədələnib. Partlayışlar nəticəsində boru kəmərləri, iki körpü və iki gəmi də zədə alıb. Hücum dekabrın 21-dən 22-nə keçən gecə baş tutub.

Əhaliyə xəbərdarlıq: Bu lotereya və hədiyyə təklifləri...

Elektron Təhlükəsizlik Xidməti bayram qabağı əhaliyə çağırış edib. Sozcu.az xəbər verir ki, ETX şübhəli linkləri tıklamamaq barədə xəbərdarlığında qeyd edir: “Bayram vaxtı saxta lotereya və hədiyyə təkliflərinə diqqət edin. Şübhəli linklərə daxil olmayın, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirin”.

Türkiyədə bu televiziya kanalı fəaliyyətini dayandırdı

Türkiyənin Ekol TV telekanalı fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib. Bildirilib ki, telekanal maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırıb. Qeyd edək ki, kanal 1,5 ildir fəaliyyət göstərirdi.

Azərbaycanda hakim dəhşətli yol qəzasında öldü

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib. Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.

Zelenski Mayamidəki görüşün ilkin nəticələrini açıqladı

Mayamidə ABŞ nümayəndələri ilə bir neçə sənəd layihəsi razılaşdırılıb ki, bura Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsi də daxildir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Mayamidəki görüşün ilkin nəticələrindən danışarkən deyib. Zelenski qeyd edib ki, hazırda Ukrayna nümayəndələri Mayamidən Ukraynaya qayıdır.

Siqaretin qiymətində kəskin artım: Nə baş verir?

Paytaxt Bakıda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib. Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb. Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir. Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan “Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər.  Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdu. (Bizim.Media)

Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı

Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.

Bakıda bacı-qardaş faciəli şəkildə öldü

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Putinə məruzə edən general-polkovnik məhv edildi

9 dekabr tarixində Rusiya lideri Vladimir Putinə Kupyanskın Rusiya ordusunun nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlev təltif olundu. 12 dekabrda Zelenski Kupyanska səfər etdi (Kupyanskın işğal altında olmadığını nümayiş etdirmək üçün – red.). Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayıldı ki, general Kuzovlevin cəsədi tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. “İki gün əvvəl Zelenski şəxsən özü bildirdi ki, çox güman, bu general artıq sağ deyil. Dövlət başçıları belə bəyanatları, adətən, kəşfiyyat qurumlarının dəqiq məlumatı olmadan səsləndirmirlər. Bu hadisə Rusiya hərbi-siyasi elitasında hökm sürən kritik gərginlikdən xəbər verir”, - politoloq əlavə edib. Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarovun olduğu avtomobil partladılıb. General ağır yaralanıb.

Rusiyanın daha iki qırıcısı məhv edildi

Lipetsk hərbi aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 və Su-27 qırıcıları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb. “Bir neçə həftədir hazırlanan diversiya əməliyyatı nəticəsində hər iki təyyarə anqarda olarkən yandırılıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, bundan öncə Belbek aerodromunda 2 ədəd Su-27 qırıcısı məhv edilmişdi.

3 milli fəala 12,9 il həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsinin ikinci bölməsi azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimini ümumilikdə 12 il 9 ay azadlıqdan məhrum edib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıblar. Adı çəkilən fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.