Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ – Pullarınız oğurlana bilər

Son vaxtlar sosial şəbəkələrdə yerli adlarla açılan profillər vasitəsi ilə edilən dələduzluq halları artıb. Xüsusən “Facebook” və “Telegram” kimi platformalarda istifadəçilərə Azərbaycan dilində şirnikləşdirici reklam mesajları və linklər göndərilir. Lakin belə saxta linklər şəxsi məlumatların oğurlanması və bank hesablarının ələ keçirilməsi ilə nəticələnir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, vətəndaşlar sadəcə 1 nüansı hər zaman yadda saxlamalıdır: “Bunlar əslində mesaj deyil, reklama qoyulan postlardır. Ona görə də sosial şəbəkələrdən istifadə edən hər bir istifadəçinin qarşısına bu çıxır. Burada aldanmaq istəməyənlər sadəcə bilməlidir ki, pulsuz heç nə olmur. Yəni insanlar bilməlidir ki, sosial şəbəkələrdə müftə yolla heç kim onlara pul verməyəcək. Bunun üçün sadəcə ayıq olmaq və şəxsi anlayış lazımdır. Əks təqdirdə belə şeylərin qarşısını texniki olaraq almaq mümkün deyil”. Vahid Qasımov qeyd edib ki, belə paylaşımlar kütləvi formada iqnor (qara siyahıya atmaq) edilməlidir: “İqnor zamanı belə paylaşımlar bəzən silinir, bəzənsə yox. Bəzi şikayətlər istifadəçilər tərəfindən kütləvi edilsə də, sosial şəbəkələr bunu rədd edir. Bu daha çox sosial şəbəkələrdən asılıdır. Paylaşımın məzmunu Azərbaycan dilində olduğuna görə sosial şəbəkə adminləri spam səbəbini dəqiq başa düşmür. Gərək külli miqarda insan eyni postu dəfələrlə şikayət etsin ki, botlar da həmin postu silsin. Ona görə də insanlar kütləvi formada belə postları şikayət etməlidir”.

Tramp Szinpini andiçməyə dəvət etdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çin lideri Si Szinpini 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə “CBS Nyus” telekanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Szinpinə dəvət göndərib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

Bakıda yağış, rayonlarda qar - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bakıda qəzalı evlər: “200-dən çox belə bina, yəni 7000-dən çox mənzil...”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Bakıda 200-dən çox qəzalı bina, yəni 7000-dən çox mənzilin təhlilini aparıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Anar Quliyev deyib. O bildirib: "Bakıda və digər şəhərlərdə bir çox qəzalı binalar mövcuddur. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edib". Anara Quliyevin sözlərinə görə, indiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb: "Bu proses çərçivəsində həm özəl tikinti şirkətləri investor qismində cəlb edilir, həm də dövlət vəsaiti hesabına qəzalı vəziyyət aradan qaldırılır. Hazırda təxminən 1000 mənzildə işlər aparılır, 600-dən çox mənzil sahibinin problemi isə artıq həllini tapıb. Bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanda daha çox mənzilin vəziyyətinin həll olunması gözlənilir". Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.

Azərbaycanda bəzi məktəblər bağlanacaq? — Nazirdən açıqlama

“Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı yoxdur”. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəb binası var: “İstismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir. Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”. (Unikal)

Bufer-zonaya buna görə daxil olduq - Netanyahu

İsrail ordusu Suriya sərhədindəki bufer-zonaya müvəqqəti olaraq nəzarət edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İsrail cihadçı qrupların bu boşluğu doldurmasına və 7 oktyabr hücumları formasında Qolan təpələrində İsrail yaşayış məntəqələrinə təhlükə yaratmasına icazə verməyəcək. Bu səbəbdən ordu-bufer zonaya daxil olaraq, İsrail sərhədinə yaxın strateji yerləri nəzarətə götürüb. Bu, (Suriyada) 1974-cü il müqaviləsinə sadiq qüvvələr hakim olana və sərhədimizdə təhlükəsizlik təmin edilənə qədər müvəqqətidir”, - Netanyahu bildirib.

Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb. Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib. Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Külək güclənəcək - 2 gün üçün sarı və narıncı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə 12-13-dekabr tarixlərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Goranboy və Naftalan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Ən çox şikayət olunan 5 bank - SİYAHI

Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən bank 3,46 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Ötən ay bu rəqəm 2,08 bənd təşkil edib. Başqa sözlə, bir ayda bankdan şikayətlər 66% artıb.  “Yelo Bank” isə 2,56 indeksi ilə siyahıda ikinci, “Accessbank” isə 2,16 indeksi ilə üçüncü olub.  Son bir ayda şikayətlərin kəskin artan bankların siyahısında “Azər-Türk Bank” da var. Bankın şikayət indeksi bir ayda 0.67 bənddən 2.15 bəndə yüksəlib. Bu isə 3,2 dəfə artım deməkdir.  Top-5-liyi eyni indeksdə olan digər bir bank - “Unibank” tamamlayır. Son bir ayda bankın şikayət indeksi 1.77 bənddən 2.15-ə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər 21%-dən çox artıb.valyuta.az)

Onların əsgərlikdə 4 günü 1 gün sayılacaq

Milli Məclisdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur "Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim edib ordudan təxris etməlidirlər. Lakin bu qanunda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunların (DQ) hərbi təhsil müəssisələrindən xaric edilən kursantlarının taleyi ilə bağlı boşluqlar mövcuddur. Belə ki, DSX və DQ-də korpus sistemi mövcud deyil və bu səbəbdən kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur"./Axar.az

26 min manatlıq heyvan oğurlayan şəxs tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb. DİN-dən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb. Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26 min manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Sozcu.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir. Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq. Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Gəncədə ağır qəza - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Xudadat bəy Rəfibəyli küçəsi ilə Ozan küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Kia" ilə "Audi" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Audi" yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Novruzda neçə gün qeyri-iş günü olacaq?

Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb. Sozcu.az xəbər verir ki, qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq. Martın 27-si isə bayramdan sonra ilk iş günü olacaq.

Bakıda yağış, rayonlarda leysan - HAVA PROQNOZU

Azərbaycanın bəzi yerlərində dekabrın 12-də arabir yağış yağacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Həftəsonu ilə bağlı XƏBƏRDARLIQ

Hər il 4-20 dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Geminidlər ən intensiv dövri meteor sellərindən biridir: "Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər". Meteor selləri adətən komet mənşəli olurlar Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir. Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.

Bakıda Messi ilə görüşmək neçəyədir? - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək. Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 - 50 manat arasındadır. Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək./Metbuat.az

İlham Əliyev Bernard Kaminetskini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Samuxda ev yandı: xəsarət alan var

Samuxda evdə yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Neftçalada motosiklet su kanalına düşdü, ölən var

Neftçalada motosiklet su kanalına düşüb. Sozcu.az xəbər verir ki, Rəşad Hadıyev idarə etdiyi "Ural" markalı yedəkli motosikletlə hərəkətdə olarkən su kanalına düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,60 dollara, yüngül neftin bir barreli isə 69,01 dollara satılır.

Bu, Kremlə güclü zərbədir

Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiyanın Suriyadakı hərbi varlığını sual altına qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business Insider) nəşri yazıb. Bildirilir ki, bu, Rusiyanın gücünü Yaxın Şərqdə və onun hüdudlarından kənarda genişləndirmək qabiliyyətini də təhdid edir. "Bu, onlara (ruslara - red.) güclü zərbədir. Suriya onların ən etibarlı ərəb müttəfiqi idi", - bunu Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib. Qeyd edək ki, 2017-ci ildə Suriya hərbi yardım qarşılığında Hmeymim aviabazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə verib. Rusiya bu bazalardan Aralıq dənizi və Afrikadakı qüvvələri, həmçinin NATO-nun cənub cinahına qarşı çıxmaq üçün istifadə edib.

Azərbaycan ordusunun hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.