Aprelin 13-nə keçən gecə İran 150-dən çox kamikadze PUA, 100-dən çox ballistik raket və onlarla qanadlı raketlə İsrailə misli görünməmiş cavab hücumu həyata keçirəndə Təl-Əvivin müdafiəsi təkcə ABŞ-da deyildi.
İsraili qorumaq üçün kiçik bir koalisiyanı bir araya gətirən Co Bayden administrasiyası İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Böyük Britaniyanın da dəstəyini almağa nail olub. Cümə günü Amerika yəhudi icmasına danışan Ağ Evin Yaxın Şərq koordinatoru Brett Makqurk iddia edib ki, tarixçilər son iki həftəyə nəzər saldıqda, bu böhranın idarə olunmasından yeni Yaxın Şərq təhlükəsizlik arxitekturasının yarandığını görəcəklər.
Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bəzilərinin Suriyanın şimalında YPG/PKK terror təşkilatına və qurulması arzulanan terror dövlətinə verilən dəstəyin əsas aktorlarından biri kimi gördüyü Makqurk İsrail üçün bir araya gətirilən müdafiənin qeyri-adi olduğunu düşünür.
ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə yeni bir dövrə işarə edərək və İsrailin bu böhrandan daha güclü çıxdığını müdafiə edərək deyib: “Biz bunu regionda oyunun qaydalarını dəyişdirəcək bir inkişaf kimi görürük”.
ABŞ aprelin 13-nə keçən gecə İsraili İranın hücumlarından qoruyan çoxmillətli ittifaqa əsaslanaraq, Yaxın Şərqdə İsrailin xeyrinə yeni təhlükəsizlik arxitekturasının meydana çıxacağını proqnozlaşdırır.
Ötən ildən Vaşinqton İsrail və Səudiyyə Ərəbistanı arasında “meqa razılaşma” üzərində işləyir. Makqurk deyir ki, ABŞ prezidenti Baydenin oktyabrın 7-dən (HƏMAS - İsrail müharibəsi başlayandan - red.) sonra bir neçə dəfə xatırlatdığı bu tarixi normallaşma sazişi “bir neçə ay ərzində nəticə verə bilər”.
Bildirilir ki, Səudiyyə Ərəbistanına İsrailin diplomatik tanınması müqabilində yeni silah müqavilələri, mülki nüvə proqramları və müstəqil Fələstin dövləti üçün həll prosesi təklif edilib. Oktyabrın 7-dən bir neçə gün sonra verdiyi açıqlamada prezident Bayden HƏMAS-ın İsrailə hücumunun bu normallaşmanı pozmaq olduğunu düşündüyünü deyib: “HƏMAS-ın İsrailə qarşı hərəkətə keçməsinin səbəblərindən biri də səudiyyəlilərlə masa arxasında oturacağımı bilmələri idi”. Bayden administrasiyası ümid edir ki, bu meqa sövdələşmə təkcə regional sabitliyi dəstəkləməyəcək, həm də İsrailin bölgədə daha rahatlaşdığı bir vaxtda İranın artan təsirinə qarşı mühüm rol oynayacaq.
Aprelin 13-də İordaniya və Səudiyyə Ərəbistanının dəstəyi ilə İsrailin İrana qarşı müdafiəsi Yaxın Şərqdə gələcək tarazlıq üçün bir treyler olaraq görülür.
Amerika mətbuatına danışan ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası İsraillə tank sursatları, hərbi maşınlar və minaatanlar da daxil olmaqla 1 milyard dollardan çox dəyərində yeni silah sövdələşməsini nəzərdən keçirir. Bu saziş hazırda Konqresdə təsdiqini gözləyən İsrailə ayrılan 26,3 milyard dollarlıq böyük yardımdan ayrı qiymətləndirilir.