Əmim oğlu yüksək vəzifəli dövlət məmuru idi. Mən onu tez-tez televiziya ekranlarından görürdüm. Onunla uşaqlığımız bir yerdə keçmişdi. Anam bizə fərq qoymazdı. Amma neynəmək olar ki, illər bizi bir-birimizdən ayırdı. Əmim oğlu ölkədə tanınmış adamlardan oldu. Hər dəfə vəzifəsi yüksəldikcə bizdən uzaqlaşdı. Demək olar ki, heç görüşmürdük. Bir gün mənə gizli nömrədən zəng gəldi. Tərəddüd içində telefonu açdım. Səsi tanıdım. Əmim oğlu idi. Maraqlıdır, görəsən nömrəmi haradan bilir, nə üçün zəng edib?! - Deyə, düşündüm. Salamlaşıb harada olduğumu soruşdu. Evdə olduğumu bildirdim. “Heç yerə getmə, dalınca maşın göndərirəm. Səninlə vacib işim var”- dedi. Fikir məni götürdü, görəsən əmim oğlu məni neyləyir? Birdən, qapımızın ağzında əmim oğlunun göndərdiyi maşın siqnal verdi. Pencəyimi götürüb, tez evdən çıxdım. Maşına oturdum və avtomobil sürətlə evdən uzaqlaşdı. Bir neçə dəqiqədən sonra artıq əmim oğlunun yanında idim. O, məni bahalı restoranların birində gözləyirdi. Hiss olunurdu ki vaxtı azdı. Qısa hal-əhvaldan sonra tələm-tələsik dərdini danışmağa başladı:
- Əmioğlu, axır vaxtlar işlərim düz gətirmir. Bir-iki ay bundan əvvəl cənab nazir başladı mənimlə soyuq danışmağa. Nazir mənimlə soyuq danışdıqca obyektlərimə gələnlərin sayı azaldı. İndi isə mənimlə ümumiyyətlə danışmır. Əmioğlu bilirsən nə elədim?
- Nə elədin?
- Yaman elədim. Axırda bu zəlilliyin səbəbini tapdım. Quran açtırdım. Molla baxıb dedi –“Nə qədər ki, dünya aləmində nazir dediyin şəxs, yəni Allahın o hökümlü qulu səninlnlə telefonda danışırdı, müştərilərin bol idi. Elə ki, o hökümlü şəxs səninlə rabitəni kəsdi, rızkın azaldı. Allahu-təala səni başqa müsibətlərdən qorusun!”
- Böyük dərddir əmioğlu.
- Allah eləmir ki, nazir eləyir. Əmioğlu sən hələ dalına qulaq as.e.e.e. Bir neçə şadlıq evlərim var a kişi, orada toy eləmək istəyən tapılmır. Tibb mərkəzim var, xəstə üzünə həsrət qalıb. Təhsil mərkəzlərim bu gün – sabaha bağlanacaq. Yas mərasim evim var. O boyda pul tökmüşəm. Bir köpəyoğlu gəlib, ölüsünü orada ağlamır. Kimə deyirəm dərdimə bir çarə tapan yoxdur. Son ümidim sənsən, əmioğlu!
Mən heyrətimdən donub qaldım. Bu nə danışır, ə.ə.ə?! Mənim əlimdən nə gəlir axı? Yenicə ağzımı açıb danışmaq istəyirdim ki, dedi:
- Mən bir neçə baxıcıların da yanında olmuşam. Hamısı deyir ki, “evinizdə cadu var”. Deyirlər ki, Dilşadı gətir, evini cadulardan təmizləsin. Dilşad da, sizin qonşunuzdur. Onu yaxşı tanıyırsan. Onun da, hörmətini edəcəm, sənin də.
– Əmioğlu, sən bu boyda dövlətin yüksək vəzifəli məmurusan, niyə belə şeylərə inanırsan?
- Səni bilmirəm, and olsun qara kresloma, mənim bu vəzifəyə gəlməyimdə molla Binyətin çox böyük rolu var. Nə olsun vəzifəliyəm? Bizim çoxumuz buna inanırıq. Sən sabah Dilşadı da götürüb, bizə gəl – deyib cibindən bir ovuc pul çıxardıb ovucuma basdı. Tamah mənə güc gəldi. Dilşadı onlara aparacağıma söz verdim. Evə gəlib Dilşadla danışdım. Dilşad təklifimdən sevinərək:- “Sən məni onlarla calaşdır, gör sənə necə hörmət edəcəm” - dedi.
Vədələşdiyimiz vaxtda dünənki maşın bizi əmimoğlugilə apardı. Əmim oğlu və arvadı bizi gülərüzlə qarşıladı. Dilşad xanıma hazırlaşmaq üçün otaq ayırdılar. Çox keçmədi ki, Dilşad xanım əcaib bir görkəmdə otaqdan çıxdı. O, dizinə kimi qara rəngli dar şalvar, qolları dirsəkdən qatlanmış qara köynək geyinmişdi. Saçları dağınıq halda üzünə və çiyninə yayılmışdı. Zahiri görünüşü adamı qorxudurdu. Dilşad dodağının altında nəsə deyə-deyə əvvəlcə balıncları, sonra yorğanların içini eşib yerə tökdü. Bir şey tapmayıb döşəkləri sökdürdü. Əlini bir döşəyin içinə salıb “tapdım”- deyib qışqırdı. Döşəyin içindən sağ əlində göy rəngli parçaya bükülmüş kiçik bir bağlama çıxartdı. Mən diqqətlə onu izləyirdim. Dilşad əllərini döşəyin içərisindən çıxardanda sol qolu biləyinə qədər görünmürdü. Beləliklə o, əmim oğlunun evindən caduları “təmizləyib”qurtardı. Növbə gəlib çatdı Dilşadın hoqqa verməyinə. Hoqqa da, nə hoqqa! Budur, möhtəşəm kahin və sehrpozan Dilşad, caduları zərərsizləşdirməyə başlayıb. Əmim oğluna üzünü tutub, gözlərini bərəldib dedi:
- A gədə, bu cadunu apar güngörməz yerə, üstünə işə! Sonra ver uşaqlarına, onlar da hər biri bir cıqqağ olmaq şərti ilə üstünə kak eləsinlər. Bununla da bu cadu qiyamətə qədər pozulacaq və...
Əmim oğlu Dilşadın sözünü ağzında qoyub dedi:
- Bacı, sən bunu birdəfəlik elə, qiyamətdən sonraya da saxlama. Pul nə qədər lazımdır mən verəcəm!
Dilşad üzünü mənə tutub, təəccüblə soruşdu:
- Qonşu, bu məzlum əmin oğlu hansı dövlət vəzifəsini icra edirdi?
- Dövlətimizin mötəbər şəxslərindəndir...
- Hm.m.m...Əla!
Pis qazanmadım, həm əmim oğlu, həm də Dilşad mənə yaxşı “hörmət”elədilər. Əmim oğlunun sayəsində sifarişlərimizin sayı artır, artdıqca da qazancımız çoxalırdı. Pul sel kimi gəlirdi. Yığıb-yığışdırmaq olmurdu. İş o yerə çatmışdı ki, müştərilər falçı Dilşadı onlara aparmaq üçün mənə pul əvəzinə obyekt boyun olurdular. Biri maqazin, digəri kafe, bir başqası isə avto-servis bağışlayırdı. Dilşad xanım mənsiz bir yerə getmirdi, çünki onun fırıldaqlarından xəbərdar idim – açardım sandığı, tökərdim pambığı. Biz bəzən müştərilərin ölkə xaricində olan evlərində də “təmizlik”işləri aparırdıq. Xülasə, bir gün müştərilərdən biri Dilşad xanımın onun evindən cadu çıxartması müqabilində nazirliklərin birində mənə “yağlı” bir vəzifə verdi. Mənim obyektlərimin sayı artmışdı. Artıq kənddən şəhərə köçmüşdüm. Nəinki şəhərin görkəmli yerlərində, hətta müxtəlif xarici ölkələrdə də evlərim var idi. İldən-ilə vəzifəm yüksəlirdi, mən respublikanın tanınmış bir adamına çevrildim.Televiziya ekranlarından düşmürdüm. Artıq Dilşad xanımı unutmuşdum, işlərim yağ kimi gedirdi. Lakin günlərin bir günü mənim də başımın üstünü qara buludlar aldı. Nazir mənimlə soyuq görüşməyə başlamışdı. Sonra heç görüşmədi də. Neçə illərdir itirib-axtarmadığım bibim oğlunu axtarmağa başladım. Birtəhər telefon nömrəsini tapıb, zəng etdim:
- Bibioğlu, salam!
- Salam!
- Bibioğlu, səndən bir nəfəri soraqlamaq istəyirəm.
- Buyur, əlbəttə!
- O Dilşad var idi e.e.e, Dilşad xanım.
- Hə.
- O sağdırmı?
- ...
Əbil Həsən