Bakıda və bəzi rayonlarda külək gücləndi

09:39 Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur. Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlıq deməkdir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Bakıda tıxac olan YOLLAR

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:  1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;  6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  7. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;  8. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  13. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;  15. Babək prospekti, mərkəz istiqamətində;  16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Prezident Nəsir Məmmədovu vəzifəsindən azad etdi

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? – Tam siyahı

Bu ilin ilk 3 rübü ərzində işğaldan azad olunan rayonlarda 1 442 yeni iş yeri açılıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ən çox iş yeri Laçın rayonunda açılıb. Bu rayonda 9 ay ərzində açılan yeni iş yerlərinin sayı 409 olub. Ən az iş yeri isə Xocavənd rayonunda açılıb. Bu rayonda cəmi 30 yeni iş yeri açılıb. Qeyd edək ki, ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda 243 yeni müəssisə və təşkilat yaradılıb. Xankəndi şəhərində 46 müəssisə yaradılıb və bu müəssisələrdə 209 yeni iş yeri açılıb. Xankəndi şəhərindən sonra ən çox Ağdam rayonunda yeni müəssisə və təşkilat yaradılıb. 9 ay ərzində Ağdamda yaradılan 33 müəssisə və təşkilatda isə 17 yeni iş yeri açılıb. Bunlardan başqa, Füzuli rayonunda 25 yeni müəssisə və təşkilat yaradılıb və bu rayonda, ümumilikdə, 70 yeni iş yeri açılsa da, onların heç biri yeni açılan müəssisə və təşkilatlarda olmayıb. Füzulidə açılan yeni iş yerlərinin hamısı köhnə müəssisə və təşkilatlarda olub. Bu ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda yeni iş yerləri, yeni yaradılan müəssisə və təşkilatlar, həmçinin yeni müəssisə və təşkilatlarda açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:

Əhaliyə xəbərdarlıq edildi: Dekabrın 17-18-də...

Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

“Əjdaha” lotereyası işə yaramadı – “Unibank”dan şikayətlər artır

Son dövrlər “Unibank”dan şikayətlər artmağa başlayıb.  Sozcu.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.  Məlumata görə, bankın şikayət indeksi əvvəlki ayla müqayisədə noyabr ayında 1.77 bənddən 2.15 bəndə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər son bir ayda 21%-dən çox artıb.  “Unibank” bu nəticə ilə ən çox şikayət olunan bankların TOP-5-nə düşüb.  Bankın şikayət indeksi bu ilin iyun ayından yenidən yüksəlməyə başlayıb. İyun ayında şikayət indeksi 1,28 bənddən 1,75 bəndə yüksəlib.  Qeyd edək ki, “Unibank”  kart əldə edib, onunla ödəniş  edənlərə mənzil, avtomobil və bahalı smartofn uduşu təklif edən lotereya keçirməyə başlayıb. Görünən isə odur ki, keçirdiyi hədiyyə və “Əjdaha” lotereya kampaniyaları da bankın məmnuniyyət səviyyəsinə təsir edə bilməyib.  Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin 94,1%-i Eldar Qəribova, 5,9%-i isə digər fiziki şəxslərə aiddir.

Lənkəranda velosipdçini maşınvurub öldürdü

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Girdəni kənd sakini Murad Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimqədər ölüm faktı qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli Məclis gələn ilin dövlət büdcəsini III oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Sozcu.az xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Temu-dan növbəti DƏLƏDUZLUQ: İçi boş çıxdı

Son zamanlar onlayn alış-verişdə məhsul keyfiyyətinə dair etimad azalır. Sozcu.az xəbər verir ki, Temu adlı platformadan istifadəçinin aldığı “Wi-Fi” gücləndirici bu mövzuda diqqət çəkən nümunələrdən biri oldu. Müştəri məhsulu xaricdən tamamilə funksional bir cihaz kimi sifariş edir. Lakin içini açdıqda vəziyyətin tam əksi ortaya çıxıb. Cihazın içi boş idi və yalnız dekorativ antenalarla təchiz edilmişdi. Bu hadisə istifadəçilərin onlayn alış-veriş zamanı daha diqqətli olmalı olduqlarını bir daha gündəmə gətirir. İnsanlar xüsusilə naməlum və ya etibarsız satıcılardan elektronika kimi məhsullar alınarkən mütləq müsbət rəylərə və zəmanətə diqqət yetirilməlidir./milliaz

Bakıda faciə: 40 yaşlı qadın dəm qazından ÖLDÜ

Bakıda 40 yaşlı qadın dəm qazının qurbanı olub. Sozcu.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunun Balaxanı qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü Aygün Məmmədova qəsəbə ərazisində yaşadığı evin hamamında dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır.

“Avrasiya Hospital”ın lifti qırıldı - Xəsarət alan var

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub. Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü

Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli xəsarətdən müalicə aldığı xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb. Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi məlum olub. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Kombinin donmaması üçün bunları MÜTLƏQ EDİN

Soyuq havalarda evlərin açıq eyvanlarında yerləşən kombi donma təhlükəsi ilə üzləşir. Ehtiyat tədbirləri görülməzsə, kombi yararsız vəziyyətə düşür. Bəs soyuq havalarda, xüsusən də temperatur mənfi dərəcəyə düşdüyü zaman kombi və istilik sisteminin donmaması üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı "Yeni  Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev bildirib ki, vətəndaşlar aşağıda qeyd olunan nüanslara xüsusi diqqət etməlidir: “Kombinin donmaması üçün ilk növbədə, kombi sistemi çəkilən zaman, onu qapaılı bir yerə qoymaq lazımdır. Qapalı məkana yerdədirsə, işıq və qaz olmadığı zaman donmanı gecikdirə bilər. Hətta qaz-işıq varsa və hava şaxtalıdırsa, onda istilik kombinin partlamağının qarşısını alır. Deyək ki, kombi çöldədir və işlədirik. Belə olduqda isti və soyuq suyun giriş xətti donub partlaya bilər. Bunun qarşısını almaq üçün gecə soyuq suyun vintini bağlayıb, içəridə isti suyun kranını açırıq ki, həmin hissədə su qalmasın. İnsanlar bir müddət evdə olmadığı və kombini işlətmədiyi zaman kombinin altındakı vintləri bağlayıb və 4 bağlantını açıb, suyu təmiz boşaltmaq lazımdır. Ümumiyyətlə, istilik sistemində suyu təzyiqdə qoymamalıyıq. O təzyiqi də boşaldırıq ki, evdə yaşayış olmadığı zaman radiatorlar şaxta olanda güclü təzyiq altında qalıb partlamasın. Çöldə havanın temperaturu 0-ın altında olanda və işıq-qaz olmadığı zaman mütləq şəkildə biz kombinin altını boşaltmalıyıq. Yenə də 4 ədəd vinti bağlayır, kombinin altından sistemi açıb boşaldırıq. Sistem çəkilən vaxt kombinin girişinə əks-axın kranı qoymalıyıq. Bunu kranı qoymalıyıq ki, ən pis halda suyu boşalda bilməyəndə bunu açıb suyu boşalda bilək. Həmin vaxt soyuq suyun girişini bağlamalıyıq və içəridən sistemdəki suyu açıb boşaltmalıyıq”.  Mütəxəssis donma hallarına qarşı atapleniyalar üçün nəzərdə tutulan antifrizlərdən istifadə etməyi tövsiyə edib: “Bəzi kombilərdə donmaya qarşı xüsusi rejim olur. Kombi işləməsə belə, işıq-qaz olduğu zaman dərəcə +5-dən aşağı düşəndə öz daxilində işə düşür və qaz yanaraq öz daxilindəki suyu isidir. Bu donmaya qarşı rejim sayılır. Amma yenə də buna arxayın olmaq olmaz. Çalışıb ümumiyyətlə işlədilməyən kombinin içərisində və ümumi xəttə təzyiqli su saxlamamaq lazımdır. Hətta soyuq suyun özündə belə, ümumi xətti bağlayıb, vinti açıb mətbəxdə və hamamda suyun təzyiqini aşağı salmalıyıq. Bəzən xəttə antifriz də vurulur. Həmin antifriz ingibiter tərkibli olmalıdır. Yaşayış yerinin sahəsi və otaq dərəcəsinə görə antifriz vurulur. Deyək ki, su kütləsi nə qədərdisə, onun 20 faizi, bəzi yerlərdə 50 və 80 faizi antifriz olmalıdır. Amma çalışıb sırf atapleniya sistemi üçün olan antifriz istifadə etmək lazımdır. İstifadə miqdarı iləbağlı isə mühəndislərlə məsləhətləşmək lazımdır. Antifriz düzgün tökülmədikdə, radiatorları, dövriyə nasosunu, esenjoru sıradan çıxara bilər. Bunu seçərkən çalışıb ən keyfiyyətli və yaxşısını seçmək lazımdır. Kombinin göstəricilərində antifriz vurmaq var və bu da sırf atapleniya sistemi üçün nəzərdə tutulan antifrizlərlə edilməlidir”.

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri - 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onların dəm qazından zahərləndiyi məlum olub. Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Soyuq hava İranı iflic etdi: 18 əyalətdə tətil elan edildi

Havaların kəskin soyuması və enerji çatışmazlığı səbəbindən İranın 18 əyalətində məktəblər, universitetlər və bir sıra dövlət idarələrində tətil elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bununla yanaşı, enerjiyə qənaət etmək üçün bir neçə əyalətdə də dövlət idarələrinin iş rejimi dəyişdirilib, iş saatları azaldılıb. Tətil elan edilən əyalətlər arasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin əyalətləri də var.

Bakıda ev yandı

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 89 m² sahədə yanıb. Sozcu.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xilaskar

Atam müəllim idi. Aylıq məvacibi gündəlik çörəkpuluna güclə çatırdı. Ailədə üç uşaq idik. Böyük qardaşım, bacım və mən. Onlar ali məktəbdə oxuyurdular. Mən isə doqquzuncu sinifə gedirdim. Mənimlə eyni sinifdə İlqar adlı oğlan da oxuyurdu. İmkanlı ailədən idi. Amma çox sadə, gülərüz biri kimi tanınırdı. İlqar mənimlə dostluq edirdi. Amma onun atası həmişə dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara - “Səviyyəli uşaqlarla dostluq et! Bundan sənə dost olmaz!“ demişdi. Yaxşı xatırlayıram, İlqarın ad günü idi. Bir qol saatı alıb, İlqargilə getdim. Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın atası açdı. Salam verib, içəri daxil olmaq istəsəm də, o, məni evlərinə buraxmayaraq-“İlqar sənin tayın deyil, get tayını tap!”- dedi. Bu hadisədən sonra İlqar dəfələrlə məndən üzr istəsə də ona yaxınlaşmayıb, həmişə ondan uzaq gəzməyə çalışdım. Aradan bir neçə ay keçmişdi. Yay tətilində ailəmə kömək etmək üçün yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim. Həmin günlərin birində gecədən xeyli keçmiş işdən evə gəlirdim. Maşın dayanacağının yanından keçərkən qulağıma inilti səsi gəldi. Qaçaraq səs gələn tərəfə gedəndə bir kişinin huşsuz vəziyyətdə yerdə inildədiyini gördüm. Adamın üzü-gözü qan içində sifəti tanınmırdı. Mən özümü itirməyərək təcili tibbi yardıma zəng vurub gördüklərimi danışdım və ünvanı dedim. Qısa vaxt ərzində təcili yardım maşını hadisə yerinə gəldi və xəstə ilə məni xəstəxanaya apardı. Dərhal əməliyyat otağına aparılan xəstənin yaxınları gələnə qədər mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan həkim xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət vəsiqəmi həkimə təqdim edib mənim də qanımı yoxlamasını xahiş etdim. Həkim qan qrupumu müəyyənləşdirib təcili qan verməyimi istədi. Otağa keçib lazımi miqdarda qan verdim. Bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu bildirdi. İzahatım alındıqdan sonra sabah valideyinlərimlə polis şöbəsinə gəlməli olduğumu dedi. Evə səhərə yaxın gəldim. Qan verdiyimə görə başım gicəllənirdi. Özümü zorla çarpayının üstünə atdım və həmin an da, yuxuya getdim. Günorta anamın səsi məni oyatdı -“Gecə harada olmusan? Atanla səni polis şöbəsinə çağırırlar - dedi. Mən, gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim etdiklərimdən razı qaldılar. Mənə verdikləri tərbiyyəyə görə qürurlandıqlarını üzlərindən oxumaq olurdu. Yemək yeyəndən sonra atamla rayon polis şöbəsinə getdik. Bizi dünənki müstəntiq qarşıladı və sorğu-suala tutdu. Məndən gecə saat ikidə nə üçün küçədə olduğumu soruşdu. Mən isə işimdən gileylənib, toy qurtardıqdan sonra evə yollandığımı dedim. Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da səbrli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, axşam etdiyim yaxşı əməlimə görə az qala peşman olacaqdım. Axı mən cinayət etməmişdim?! Kiminsə həyatını xilas etmişdim. Hiss olunurdu ki bizdən umacağı var. Uzun çək-çevirdən sonra müstəntiq bizi evə buraxaraq, “Çağıranda gələrsiniz”- dedi. Biz evə gəldik. Bir neçə gündən sonra həkimdən zəng gəldi. O məndən xəstəxanaya gəlməyimi xahiş elədi. Xəstəxanaya getdim. Həkim mənə-“Xilaskar, belə olmaz. Heç gəlib xəstənin halını soruşmursan. Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir”-dedi. Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O isə mənə -“Narahat olma, Qurban müəllimə deyərəm yoluna qoyar.”-dedi. Ondan palatanın nömrəsini öyrənib xəstənin yanına tələsdim. Palataya daxil olanda çarpayıda başı və üzü sarıqlı bir nəfərin uzandığını gördüm. İlqarla anası da, palatada idilər. Mən İlqardan burada nə etdiklərini soruşmaq istədikdə çarpayıdakı şəxs xırıltılı səslə üstümə qışqıraraq: - Alə, sənə neçə dəfə demişəm, İlqardan uzaq dur?! Adama sözü neçə dəfə deyərlər?- dedi. Və mən başa düşdüm ki, “Qurban müəllim” İlqarın atası imiş. Mən onu gözümdə o qədər böyütdüm ki, alt dodağı yer süpürdü, üst dodağı göy. Sonra o birdən, əyilib Qanq çayından su ovuclayıb içdi. İstəyirdim ki, qışqırıb ona deyəm: - Qurban əmi, Qanq çayı zəhərlidir, içmə! Qurban əmi, bunu mənə coğrafiya müəllimim öyrədib. İnanmırsansa ondan soruş! Qanq çayında vəba var, içmə o sudan! Sonra qəfil xəyallarım sivişib Qurban əminin düz yatağının ayaq ucunda Gorgo kimi dayandı. O dili zəhərli ilanlarını bir-bir yuxudan oyadıb, Qurban əminin ayaqlarına salışdırdı. İlanlar Qurban əmini zəhərləyirdi. Deməli İlqarın atası yaxşı insanmış. Deməli bu lənətə gəlmiş Gorgonun ilanları Qurban əmini zəhərləyirlərmiş! Qurban əmi! Qurban əmi.i.i.i! Dilini dişlə Qurban əmi! Dilini dişinlə çərtməsən, vücudundan qan çıxmasa, bu zəhər səni tezliklə öldürəcək! Qurban əmi.i.i.i.i! İlahi! Gorgo gözlərini mənə zilləyib, mən qaçıb aradan çıxmalıyam! Tez geriyə çevrilib otaqdan çıxmaq istəyəndə, həkimlə toqquşdum! Ana, and olsun Allaha həkimlə toqquşmasaydım, özümə gəlməyəcəkdim.  - Az oxu, o yunan mifalogiyasını! - Axı burda yunan mifalogiyasının heç bir günahı yoxdur?! Günah Qurban əminin dilindədir... - Unut o adamı! - Bilirsən nə oldu? Həkim Qurban əmiyə dedi ki, sənin xilaskarın bax, bu oğlandır. Qurban əmi yumuşadı. Kövrəldi. Nəsə demək istədi, udğundu, deyəsən dilini uddu. İlqar da gəlib, düz yanımda dayandı. Atasına baxdı, baxdı, sonra heç nə demədi.  - Sonra nə oldu? Arvadı da heç nə demədi? - Heç nə olmadı, arvadı da heç nə demədi.  - Sən nəsə dedin? - İlqara baxıb gülümsədim, evə qayıtdım. Nəyə gülürsən ana? - Sənin təbəssümünə. - Təbəssüm və sevgi yoluxucudur.  - Zəhərli dil də... Əbil Həsən

Bakıda qəza - 5 yaşlı uşaq xəsarət aldı

Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 2019-cu il təvəllüdlü A.Eyvazov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qaxda avtomobil yandı

Qax rayonunda “Opel Astra” yanıb. Hadisə rayonun Turaclı kənd ərazisində baş verib. Sozcu.az Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə texnika və canlı heyət göndərilib. Yanğın zamanı kənd sakin, 43 yaşlı Taleh Abbasova məxsus 99DX783 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili tamamilə yanıb. Yanğınsündürənlər yaxınlıqdakı tikilini yanğından mühafizə ediblər.

Rusiyanın itkiləri 762 mini ötdü

Ukrayna müharibənin 1026-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 762 440 hərbçi, 9 551 ədəd tank, 19 707 ədəd zirehli döyüş maşını, 21 128 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1025 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 31 398 ədəd avtomobil texnikası, 20 356 ədəd PUA, 2 863 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 648 xüsusi avadanlıq itirib.

Hərbi xidmətin 1 ilə endirilməsi müzakirə olunur - Rəsmi

Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib. O bildirib ki, əsas məqsəd bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada olması nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.

Yaş 30-a endirilsə, onlar hərbi xidmətdən azad olunacaq

Yaşın 35 yaşdan 30-a endirilməsi 2 övladı olan bir çox şəxsin hərbi xidmətdən azad olunmasına səbəb olacaq. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib. Azər Babayev bildirib ki, qanun qəbul olunarsa, faktiki həmin kateqoriya insanlar çağırışdan azad olunacaqlar: “Amma ümumiyyətlə 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində də yoxdur”.

Həbsxana məni susdura bilməyəcək - Nərgiz Məhəmmədi

Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, həbsxananın məni susdurmasına imkan verməyəcəyəm. Sozcu.az xəbər verir ki, bunu tibbi məzuniyyətdə olan Nobel Sülh Mükafatı laureatı və siyasi məhbus Nərgiz Məhəmmədi deyib. O, Nobel Komitəsinə verdiyi ilk müsahibədə bildirib ki, insan hüquqlarını və qadın hüquqlarını müdafiə etmək cinayət deyil. “Qadın hüquqlarına, insan hüquqlarına və azadlığına sadiqlik heç bir həbsxana divarı ilə məhdudlaşdırıla bilməz. Tehran rejimi məni susdura bilsə də, bu heç nəyi dəyişməyəcək. Ona görə ki, İran xalqı artıq üsyan edib”, - Məhəmmədi bildirib.

"Saatlarla yollarda qalırıq" - Saray sakinləri narazıdır

Məlum olduğu kimi, dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Avtobuslar "20 Yanvar" metrostansiyası yaxınlığından 8 dəqiqəlik intervalla yola düşür. Gediş haqqı isə 80 AZN-dir. Avtobusun dayanacaq məntəqələri “Sumqayıt Avtovağzalı”, “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “20 Yanvar” metrostansiyası olmaqla müəyyənləşdirilib. Yeni ekspres avtobus marşrutunun açılması ilə əlaqdəar mikroavtobusların 20 Yanvar-Sumqayıt istiqamətində hərəkəti məhdudlaşıb. Bu da Saray sakinləri, eləcə də bu qəsəbədən keçərək Sumqayıta gedən sakinlər üçün problemlər yaradır. Onlar bu barədə Bakupost.az -a açıqlamalarında bildiriblər. Sakinlər qeyd ediblər ki, Saray əhalisi təxminən 20.000 olan böyük qəsəbədir.: "Lakin bütün Bakıətrafı qəsəbələrə şəhərdən birbaşa avtobus marşrutu olsa da, Saraya ayrıca marşrut ayrılmır. Biz yollarda qalırıq. "20 Yanvar"dan Sumqayıta açılan yeni marşrut, eləcə də mikroavtobus və taksilər "Ceyranbatan yolu" ilə gedirlər. Biz Saraya gedib-gəlmək üçün yolalrda saatlarla gözləməli, vaxt itirməli oluruq. Takisilər də baha aparır". Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, Saray istiqamətinə getmək üçün sərnuişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düçən avtobuslardan istifadə edə bilərlər: “Vətəndaşlar avtovağzaldan Saraya gedə bilərlər. Saray qəsəbəsindən keçməklə Sumqayıta 595 nömrəli ekspress avtobusları işləyir. Saraya yeni marşrutun açılmasına gəlincə, əgər gələcəkdə bu barədə hər hansı yenilik olarsa, ictimaiyyətə açıqlama verəcəyik”.