Küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Növbəti iki gündə hava isti olacaq

Sentyabrın 3-4 tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. Ə. Əsgərov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb. “Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Qəbələdə yüksək, Şəkidə isə çox yüksək, Quba-Xaçmaz bölgəsində Xızıda yüksək, Quba, Qusar, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Astarada yüksək, Yardımlıda isə çox yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”. Xidmət rəsmisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Rumıniya Ukraynaya "Patriot" VERİR

Rumıniya hökuməti "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentlik yazır ki, kompleks Rumıniya parlamenti müvafiq qanun layihəsini təsdiqlədikdən sonra Ukraynaya gedəcək. Rumıniyanın “Patriot”u NATO ölkələrinin Ukraynaya vəd etdiyi 5 hava hücumundan müdafiə sistemindən biri olacaq. Bunun müqabilində Rumıniya müttəfiqlərindən oxşar hava hücumundan müdafiə sistemi almağı gözləyir.

Pezeşkianın vədi işə yaramadı - Etirazlar davam edir

İranda bir ay əvvəl başlayan tibb bacılarının etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində davam edir. Bu barədə insan haqları fəalları məlumat yayıb. Bildirilib ki, etirazçılar Məsud Pezeşkianın tibb bacılarının tələblərinin yerinə yetirməsinə dair vədlərinə məhəl qoymayıblar. Məsud Pezeşkian avqustun 31-də ölkə televizyasındakı çıxışında tibb bacılarının, müəllimlərin, əczaçıların və əklinçilərin problemlərinin həlli üçün Milli İnkişaf Fondundan vəsait ayrılacağına söz verib. Qeyd edək ki, bu günə kimi ölkənin 37 şəhərinin 60 xəstəxanasının on minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər. Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər. Səhiyyə sisteminin nümayəndələri və məsul şəxsləri tibb bacılarının işi dayandırmalarının xəstəxanalarda problemlərin artmasına səbəb olduğu deyirlər. Etirazların qarşısının alınması üçün təhlükəsizlik məmurları tibb bacılarına təhdid mesajları göndərir, onlardan aksiyalara qoşulmamağı tələb edirlər.

İlham Əliyev Kəlbəcərdə inzibati binanın təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub. Sozcu.az xəbər verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır. Dövlət başçısı inzibati binanın təməlini qoydu.

“Ukrayna müharibəni çox səbirlə və hərbi elm əsasında aparır...- Qələbə gec-tez onundur...”

“İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb...” “Kursk əməliyyatı gözlənilən idi. Rusiya 3 günə almağı planlaşdırdığı, amma gündə 1000 nəfərdən çox itki verdiyi Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı bir şəraitdə Ukrayna ilə digər sərhəd əraziləri lazımınca qoruya bilməzdi. Kursk vilayətinin sərhədində də yalnız zastavalar var idi, onlar da peşəkar Ukrayna ordusunun qarşısını almaq gücündə deyildi. Ona görə də Ukrayna komandanlığı həm zəif, həm də Rusiya üçün strateji və iqtisadi əhəmiyyətli bir ərazini –Kursk vilayətini seçdilər. Məsələn, hazırda Ukraynanın nəzarətində olan Sudja şəhərindən Rusiyanın Avropaya gedən bütün qaz xəttləri keçir. Həmçinin Kurçatov adına Kurslk atom elektrik stansiyası da yaxın məsafədədir”.  Bu fikirləri Moderator.az-a açıqlamasında Ukraynanın artıq bir aya yaxındır ki, davam edən Kursk əməliyyatının əhəmiyyətindən danışarkən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Ukrayna məhz Kursk kimi belə ağrıdıcı yerdən zərbə vurdu ki, Rusiya reaksiya versin. Digər tərəfdən, Ukrayna bununla “Rusiyanın guya dünyanın ən güclü ordusuna malik ən güclü dövlət” olması haqda mifi darmadağın etdi. Və Qərbi inandırdı ki, Rusiya ilə nəinki vuruşmaq onun ərazisini nəzarətə də almaq olar. Üçüncüsü isə bu əməliyyatdan sonra Moskva az da olsa, Donetsk və Xarkov istiqamətindəki qoşunlarını Kursk istiqamətinə gətirməli idi. Və Ukrayna buna da nail oldu. Dördüncüsü isə, artıq Rusiya ərazisində əsgər anaları, müxalifət və s. Putinə qarşı tədricən  etirazlara başlayırlar.  Ukraynanın məqsədlərindən biri də bu idi”, -deyə davamında keçmiş nazir bildirib.. “Axı o da var ki, Rusiya Dombasdan çox az miqdarda hərbi qüvvə çıxarıb və strateji Pokrovsk uğrunda çox ağır döyüşlər aparır. Arda-arda kəndləri işğal edirlər. Bunun axırını necə görürsüz?” sualını isə Tacəddin Mehdiyev belə cavablandırıb: “Bilirsiz, Ukrayna ordusundan sayca qat-qat çox olan Rusiya ordusu bir kəndi almaq üçün bəzən aylarla vuruşur. Yaxud bir kəndi alırlar, 3 gündən sonra ukrayınlar onu azad edirlər. Bundan əlavə, Ukrayna ordusu Rusiya ordusunu tükəndirmə taktikası ilə döyüşür. Ruslar Avdeyevka, Baxmut kimi qəsəbələri neçə aylar ərzində işğal edə bilsə də, əvəzində on minlərlə canlı qüvvəsini minlərlə texnikasını itirdi. Bu minvalla Rusiya ciddi irəliləyiş əldə edə bilmir və getdikcə həm hərbi, həm iqtisadi cəhətdən zəifləyir. “F-16” qırıcıları da gəldi axır ki... Və onların sayı getdikcə artacaq. İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb. ABŞ və digər Qərb dövlətləri tədricən öz raketləri ilə Rusiya ərazisini vurmağa da icazə verir”. “Hazırda Ukrayna komandanlığı “F-16”-ların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın yaxın ərazidəki hava hücumundan müdafiə(HHM) qurğularını sıradan çıxarmaqla məşğuldur. Bu işdə də ona Amerikanın “AVAKS” peyk-kəşfiyyat sistemi böyük dəstək verir. Onlar dəqiqliklə hərbi obyektlərin yerlərini Ukrayna tərəfinə ötürür və nəticədə Rusiyanın HHM sistemləri, radioelktron mübarizə qurğuları, hərbi aerodromları, zavodları və s. vurulub sıradan çıxarılır. Eyni zamanda  Britaniya, Almaniya, Fransa kimi aparıcı Avropa ölkələrinin də kəşfiyyatları Ukraynaya bir çox məsələlərdə ciddi dəstək verirlər.  Və bütövlükdə onu demək olar ki, Ukrayna Rusiyaya qarşı müharibəni çox səbirlə, ağılla savadlı şəkildə hərbi elm əsasında aparır. Odur ki, qələbə gec-tez Ukraynanın olmalıdır”, -deyə general-mayor vurğulayıb.

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Abbas Lisani sürgünə göndərildi

Avqustun 31-də təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhkum Abbas Lisani 2 illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. O, sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib. Abbas Lisani barəsində çıxarılan ədalətsiz və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib. Milli hərəkat fəalının ailəsinin verdiyi məlumata görə, o, təhlükəsizlik idarəsindən buraxıldıqdan sonra Ərdəbilə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb. Xatırladaq ki, Abbas Lisani 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib. Hüquqşünas Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. Bu səbəbdən milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb. Ülviyyə Bayramova ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Rusiyanın itkiləri 617 mini ötdü

Ukrayna müharibənin 922-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 617 600 hərbçi, 8 601 ədəd tank, 16 786 ədəd zirehli döyüş maşını, 17 646 ədəd artilleriya sistemi, 1 177 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 940 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 925 ədəd avtomobil texnikası, 14 537 ədəd PUA, 2 557 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 993 xüsusi avadanlıq itirib.

Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəlllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Almaniyanın qərbindəki Zigen şəhərində (Şimali Reyn-Vestfaliya federal ərazisi) qadının avtobusda bıçaqla hücumu nəticəsində azı 5 nəfər yaralanıb. Bu barədə "Bild" qəzeti yazıb. Nəşrin məlumatına görə, hadisə avqustun 30-da saat 19:40 (Bakı vaxtı ilə saat 21:40) radələrində baş verib. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, avtobus festival üçün Zigenə gedirmiş. Hadisə zamanı avtobusda azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğuna inanmırlar. Hadisə yerinə polis əməkdaşları gəlib və qadın saxlanılıb. Qadının 32 yaşı var, milliyyətcə almandır, ruhi xəstə və narkotikin təsiri altında ola bilər. Şahidlər dindirilib, avtobusun digər sərnişinlərinə psixoloji yardım göstərilib.

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ

Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib. Sozcu.az  "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb. Təfərrüatlar:  Rəsmilərə görə, bu,  həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur. Gecə boyu döyüş sursatları - dalğalarla və müxtəlif istiqamətlərdən gəldi. Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib. İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.  “Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin - sığınacaqlara yollanın!" Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib. Onu da əlavə edək ki, Ukrayna ordusu Baş Qərargahından bu səhər verilən məlumata görə, son 24 saat ərzində Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1360 əsgər, 8 tank və 42 artilleriya sistemi itirib.

İstanbulda xəstəxanaya silahlı basqın edildi

İstanbulda xəstəxananın təcili yardım şöbəsinə silahlı basqın olub. Sozcu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Şəxsiyyəti hələlik bilinməyən şəxs (şəxslər) şöbəyə atış açıb, beş nəfər yaralanıb. Polis araşdırma aparır.

Göygöldə ağır qəza: 1 ölü, 4 yaralı

Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ukrayna Kurskda daha 30-40 km irəliləyə bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənub-qərb istiqamətində Kursk əməliyyatının sərhədlərini genişləndirmək potensialı var. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. “Uğurlu Kursk əməliyyatı ilə Ukrayna nümayiş etdirdi ki, müharibənin gedişatını dəyişməyə qadirdir", - o deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əməliyyatı Qluşkovski rayonuna qədər genişləndirə bilər: "Orada düşməni sıxışdırmaq və ya daha yaxşısı, Rusiyada əsirlikdə olan hərbçilərimizin daha çox hissəsini dəyişdirmək üçün bütün perspektivlər var. Bundan əlavə, bu, Ukrayna qoşunlarının nəzarətində olan zonanı qərbə doğru 30-40 km genişləndirməyə imkan verəcək".

İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Avqustun 30-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə görüşüb. Müsavat Partiyasının qərargahında baş tutan görüşdə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri və deputatlığa namizədlər Nüşabə Sadıxlı, Gülağa Aslanlı, Razim Əmiraslanlı və Mustafa Hacıbəyli iştirak ediblər.

Azərbaycanda qoturların sayı 5 dəfə artıb – Daha çox bu bölgələrdə...

Ötən il Azərbaycanda 2 561 qoturluq xəstəliyi qeydə alınıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə qoturluq xəstəliyinə yoluxma halları 67% artıb. Belə ki, 2022-ci ildə Azərbaycanda 1 535 qoturluq xəstəliyi qeydə alınıb. Məlumat üçün onu da bildirək ki, son 14 il ərzində qoturluq xəstəliyinə yoluxma halı 5 dəfə artıb. 14 il əvvəl – 2010-cu ildə ölkədə 511 qoturluq xəstəliyi qeydə alınıb. Qoturluğa ən çox yoluxma halı Siyəzən və Xızı rayonlarında, həmçinin Mingəçevir şəhərində qeydə alınıb. Siyəzəndə hər 100 000 nəfərə düşən qoturluq xətəliyi 439, Xızıda 192,2, Mingəçeviridə isə 112 olub. Ən az yoluxma halı isə Laçın rayonunda (hər 100 000 nəfərə 1,3) Samux rayonunda (1,7),  Şərur rayonunda (1,8) və Kəngərli rayonunda (2,1) qeydə alınıb. Qeyd edək ki, qoturluq xəstəliyi qoturluq gənəsi (Sarcoptes scabiei) tərəfindən törədilən xəstəlikdir. Qoturluq dəri xəstəlikləri içərisində ən geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik yoluxucu xarakter daşıyır. Təmas, paltar, yataq vasitəsilə asanlıqla yoluxa bilir. Qoturluq xəstəliyinin əsas əlaməti qaşınma və dəridə olan səpgilərdir. Səpgilər xırda nöqtə şəklində və cüt-cüt yanaşı durur və qaşıdıqda qanayır. Bu nöqtələr gənənin dəriyə giriş və çıxış yollarıdır. Qaşınma bəzən elə güclü olur ki, xəstənin sinir sisteminə təsir edir. Çox vaxt qaşınmadan dəridə dırnaq yerlərinin izi qalır. Hətta qaşınma yerlərindən dəriyə infeksiya düşüb iltihablaşma da baş verə bilir. Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1-2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir.

Razi Nurullayev vətəndaşı təhqir etdi: "Nankor adamsan, yaxşı tərbiyə almamısan”

81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşı təhqir edib. Sozcu.az xəbər verir ki, deputatlığa namizəd feysbuk hesabında paylaşdığı videonun şərh bölümünə yazılmış rəyə təhqiramiz formada cavab verib. Belə ki, bir istifadəçi “sizin 5 il ərzində İmişli camaatına xeyriniz dəyməyib, işiniz ancaq hökuməti tərifləmək olub” rəyi Razi Nurullayevi özündən çıxarıb: “Çünki sən korsan. Uğursuz və başqalarının etdiyinə həsəd aparan nankor adamsan. Qəribətdir ki, ASAN Xidmətdə işləyə bilirsən. Bu da ölkəmizin qəribəliyidir. Bu yaşında içində nifrət var. Bir az böyü, niftər dağarcığı. Yaxşı tərbiyə almamısan”. Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.konkret)

İrəvanla Bakı bu məsələdə razılaşdı - Təcili

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Sozcu.az xəbər verir ki, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Ermənistan Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir! - Hikmət Hacıyev

“Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.Lakin haqq, ədalət öz yerini tapdı!Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı paylaşımında qeyd edib. H.Hacıyev bildirib ki, bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. “Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”. Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi. Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir. Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bakıda dəhşət: İki yaşlı uşaq eyvandan yıxılaraq öldü

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.  Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.  09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğlu yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.  vakansiya Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib./Bakupost.az/ 

​​​​​İtmiş və korlanmış sənədləri yenidən almaq olarmı? - Rəsmi CAVAB

Keçmiş SSR-i dövründə və müstəqilliyin ilk illərində verilən bəzi sənədlərdən istifadə mümkün olmur. Buna müəyyən səbəblər maneə yaradır - sənədin itməsi, yazılırın oxunmaması, müəyyən hissələrin doldurulmaması və s. Bura doğum haqqında şəhadətnamə, nikahla bağlı sənədlər, notoriata aid alqı-satqı, əsasən də əlilliyin müəyyən edilməsi ilə bağlı sənədlər aid edilə bilər.  Adı çəkilən sənədlərin verilməsi üzərindən uzun illər keçibsə və müasir dövrdə müxtəlif qurumlar tərəfindən həmin sənədlər qəbul olunmursa, bu hal ilə qarşılaşan insanlar nə etməlidir?  Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov qeyd edib ki, doğum haqqında şəhadətnamə, nikaha kağızı, notoriata aid alqı-satqı və bu kimi sənədlərin bərpası mümkündür.  turbo az mercedes “İtirilmiş və ya korlanmış sənədin kötüyü, yəni arxivdə saxlanılan akt qeydi mövcuddursa, sənədin təkrarını almaq mümkün olacaq. Bu problemlə qarşılaşan şəxslər şəxsiyyət vəsiqəsi ilə istənilən qeydiyyat şöbəsinə müraciət edə bilərlər”. Əlliliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin bərpası haqqında danışan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.  “Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib edilən forma 88 (göndəriş) elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirildiyi üçün əlillik təyin edilmiş şəxsin məlumatları da birbaşa elektron reyestrə daxil edilir. Bu səbəbdən əlilliyi olan şəxslərin kağız daşıyıcıya və ya hər hansı təsdiqedici sənədə ehtiyacları yoxdur”.  “Birinci Qarabağ müharibəsində, yəni 30 il əvvəl əlliliyi təyin edilən şəxslərin məlumatları da birbaşa reyestrə daxil edilib və əlliliyin dərəcəsi kimi məlumatlar sistemdə göstərilir” - deyə DTSERA-nın rəsmisi bildirib. 

Azərbaycanlı gənc Rusiyada öldürüldü - FOTO

Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib. Sozcu.az qafqazinfo-ya istinadla bildirir ki, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb. Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil. Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.