İrana gedən azərbaycanlı gənc itkin düşdü

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərli İranda itkin düşüb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə məlumat verib. O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb. Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb: “5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.

Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi qaydası dəyişib

Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.

Bu təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib. Sozcu.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

İranda azərbaycanlı körpəyə adının türk olduğuna görə sənəd verilmir

İran Qeydiyyat İdarəsi azərbaycanlı Almilaya adının türkcə olduğuna görə kimlik vəsiqəsi verməkdən imtina edir. Güney Azərbaycanın Makı şəhərindən olan Almila 5 aylıq olmasına baxmayaraq doğum şəhadətnamə ala bilmir. Almilanın valideynlərinin dediyinə görə, İranın Qeydiyyat İdarəsi türkcə "Qızıl alma" anlamında olan türkcə adın yabançı olduğunu bəhanə edərək sənəd verməkdən boyun qaçırır. Körpənin doğum şəhadətnaməsi olmadığı üçün o tibbi xidmətlərdən istifadə edə , peyvənd oluna bilmir. Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.  İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Xankəndidə gecə müəmması: divardakı sözləri Azərbaycan kəşfiyyatçıları yazıb?

Xankəndidə separatçı-terrorçu rejimi narahat edən müəmmalı hadisə baş verib. Sozcu.az xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda silahlı instidentdən bir həftə əvvəl gecə saatlarında müəmmalı şəxslər kilsənin divarlarına yaşıl boya ilə yazılar yazıb. Səhər separatçılar yazıları tələsik siliblər, lakin qeydlərin Araik Arutyunyanın verdiyi “vədlər” ilə bağlı olduğu deyilir. Arutyunyan separatçı rejimin “başçısı” olanda kilsənin yanında çıxış edib və erməni əhalisinə vədlər verib. Müəmmalı şəxslər də kilsənin divarlarına Araikin unutduğu vədləri yazıb. Bu hadisənin Xankəndidə erməni əhalisi arasında Azərbaycana inteqrasiya etmək istəyənlərin olduğu faktının gündəmə gəldiyi vaxt baş verməsi separatçılarda suallar yaradıb. Onlar anlamağa çalışırlar ki, bunu erməni əhalisi arasında kimlərsə edib, yoxsa Azərbaycan kəşfiyyatçıları?! Hər iki versiya mümkündür. Bakıya üz tutmaq istəyən, lakin təzyiqlərə görə bunu açıq ifadə etməkdən çəkinən ermənilər separatçılara bu yolla etiraz edə bilər. Həmçinin, Azərbaycan kəşfiyyatçılarının öz suveren ərazisində bu addımı atması, separatçılara “vədlərini yerinə yetirməyənlər erməni əhalisinin təmsilçisi ola bilməz” mesajı verdiyi də istisna deyil./Publika.az

Pioli: "1/4 finala layiqik"

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Tottenhem"lə heç-heçədən (0:0, ilk matç - 1:0)) sonra komandasının  1/4 finala yüksəlməsini şərh edib. Sozcu.az xəbər verir ki, o deyib: “Biz əla oyun nümayiş etdirdik və bu görüşdə qol vura bilərdik. İki oyunu necə keçirdiyimizi nəzərə alsaq, 1/4 finala layiqik. “Milan” bunu addım-addım atmalıdır. Əvvəlcə keçən il bacarmadığımız qrupdan çıxmaq, sonra 1/8 finala yüksəlmək vacib idi. İndi püşkatmanı gözləyirik və yenə bütün gücümüzü çempionata sərf edəcəyik". Mütəxəssis bildirib ki, Çempionlar Liqasında oynamaq "Milan" üçün çox vacibdir: "Bu, bizim səylərimizin mükafatıdır. Ya Çempionlar Liqasının qalibi olmalıyıq, ya da ölkə çempionatını ilk 4-lükdə bitirməliyik. Ona görə də dərhal çempionat haqqında düşünməliyik”.

Acun yayılan xəbərləri yalanladı

"TV 8"in rəhbəri Acun Ilıcalı beşinci övladı olacağı haqda çıxan xəbərlərə münasibət bildirib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yayılan məlumatların doğru olmadığını açıqlayıb. Acun sevgilisi Ayça Çağla Altunkayanın şayiələrə görə pis olduğunu da vurğulayıb. Qeyd edək ki, Acunun müxtəlif evliliklərdən 4 qız övladı var.

Türkiyə yenə silkələndi: Bu dəfə Bursa...

Türkiyənin Bursa vilayətində zəlzələ olub.  Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Karacabey rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib. Zəlzələnin episentri Mərmərə dənizində olub.  Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Vatsapda bu da mümkün olacaq

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır. Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Tezliklə mesencerdə səsli statuslar yerləşdirmək üçün funksiya işə salınacaq. Bununla yanaşı statuslara emojilərlə də cavab vermək mümkün olacaq.

Qabarlar insan həyatı üçün TƏHLÜKƏDİR

Ayaq altında yaxud barmaqlarda yaranan sulu və quru kalluslarla (el arasında qabar kimi tanıdığımız) həyatımızda çox rastlaşırıq. Çox zaman onun sağalması üçün heç nə etmirik. Düşünürük ki ,öz - özünə keçib gedəcək. Lakin öz - özünə keçməyən kalluslar var ki, müalicəsiz sağalmır. Daha betəri bu kalluslar ayaq ətrafını bürüyür və xoşagəlməz yaralar peyda olur. Həmçinin sağlamlığımız üçün də təhlükəlidir. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, həkim dermatoloq - kosmetoloq, trixoloq, trixoloq Tatyana Yeqorova kallusların yaratdığı problemlərdən danışıb. Əgər o, iltihablanırsa və yenidən diqqətsiz qalırsa, hətta sepsisə səbəb ola bilər. Kallusun iltihabını tanımaq o qədər də çətin deyil - bu, qızartı, ağrı, şişlik və pulsasiya daxil olmaqla bir sıra əlamətlərdir. Bəzən irin hətta sərbəst buraxıla bilər. Bəzən bildiyimiz sulu və ya quru kallusdan başqa, bərk şəkilli,içərisi tikanlı və irinli kalluslar var ki, onu xüsusi yapışqan dərmanlarla müalicə edirlər. Zamanında müalicə olunmazsa bunun qarşısını almaq çətin olur.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 82,66 dollara, yüngül neftin bir barreli isə 76,64 dollara təklif olunur.

Bakıda bir ailənin 3 üzvü dəm qazından öldü

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Bravo"dakı insidentlə bağlı 3 nəfər həbs edildi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sozcu.az sözügedən məlumatı təqdim edir: "Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Sumqayıtda avtobusla yük maşını toqquşdu: 15 nəfər...

10:48 Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və DAF markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib. Bu barədə tibb mərkəzindən məlumat verilib. Qeyd olunub ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29 BA 586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi DAF markalı, 99 GJ 323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Əliyev sülh müqaviləsindən danışdı: Beş prinsip...

İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.

Ərdoğanın təşəbbüsünə Zelenski nöqtə qoydu

Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyimi təsəvvür edə bilmirəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiya prezidenti ilə ünsiyyət üçün belə hallar yoxdur. Çünki o, sözünün üstündə durmur. Bizim ona heç bir etimadımız yoxdur”, - Zelenski bildirib. O qeyd edib ki, diplomatik vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsini təmin etmək lazımdır. Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Putin və Zelenskini apreldə istanbulda görüşdürmək istədiyi barədə məlumat yayılıb.

379-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 379-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 156 120 hərbçi, 3441 ədəd tank, 6736 ədəd zirehli döyüş maşını, 2465 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 254 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5331 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 237 xüsusi avadanlıq itirib.

Rəsmi Bakıdan Ermənistana cavab

Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İlər Nazirliyindən bildirlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır. Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir. Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir. Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.

Tbilisidə etirazçılar qalib gəldi - Parlament rusiyayönlü qanunu geri çağırdı...

Hakim “Gürcü arzusu” partiyası “Xalqın Gücü” ictimai hərəkatı ilə birlikdə “xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.  Sozcu.az xəbər verir ki, bu haqda  Gürcüstan mətbuatı məlumat yayıb.  Bundan öncə səhər saatlarında polis və xüsusi təyinatlılar Tbilisidə etirazçıları böyük çətinliklə dağıdıblar.  “Biz cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hökumət olaraq heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik”, - bəyanatda belə deyilir. Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-də qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb. Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb. Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.  Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib. Bundan sonra ictimaiyyət etiraz aksiyalarına başlayıb.

"Gürcüstanda baş verənlərin region üçün təhlükələri var " - Natiq Cəfərli

Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər.  Etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institurları olan ölkədə normal işləməsi mümkün deyil - zatən, Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi.  Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir - Kreml "yumşaq gücdən" ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir.  Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir.  Bizdə bəziləri dünyanın harasında olur-olsun küçədə 5-10 min adam görəndə "siyasi orqazm" yaşayayırlar, onlara məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar... Natiq Cəfərli, politoloq  Sozcu.az 

Türkiyə baharı olacaqmı?

Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz.  Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri,  Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”. Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz. Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər.  Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz.   Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər.  Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır.  Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər. Xəqani Cəfərli, politoloq 

Tiflisdə gərginlik: xüsusi təyinatlılar müdaxilə edir - Video

Gürcüstan parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra bu gün yenidən etiraz aksiyaları davam etdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Akakiy Minaşvili məlumat verib. Onun sözlərinə görə, etirazçılar Tiflisin Rustaveli meydanına toplaşmağa başlayıblar: “Gürcüstan vətəndaşları olan fəallar müxtəlif yerlərdən parlamentə doğru hərəkət edirlər. Bu gün saat 19:00-da baş tutacaq genişmiqyaslı aksiyaya müxtəlif peşə və idarələrin nümayəndələri qoşulacaq”. *** Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Etirazçılar qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb.

Gürcüstanda etiraz aksiyası davam edir -FOTOLAR

Hazırda Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir. Gürcüstan mətbuatı xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır. Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.

Kadırov atının oğurlanmasını təsdiq etdi: "Oğurlanan at mənimdir"

Çexiyada oğurlanan ingilis cinsindən olan “Zazu” adlı atın qiyməti 18 min yox, ən azı 10 milyon dollardır. Redaktor.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada atının oğurlanması haqda Teleqram kanalında qeyd edib. Kadırov bildirib ki, 2014-cü ildə tətbiq edilən ilk sanksiyaya Zazu aid edilib: “Təmizqanlı ayğır demokratik Qərbin ilk zərbəsini öz üzərinə götür Onun sözlərinə görə, at oğruları “unikaldırlar”: sanksiya altında olan atı oğurlayacaq qədər axmaq, polisin onları tapmayacağı qədər hiyləgərdirlər: "İnanmıram. Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi ayıbdır. Zazunun pis əllərə düşə biləcəyindən narahatam".