Ermənistan təxribatları dərhal dayandırmalıdır - XİN

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsindəki paylaşımda bildirilib. "Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını qəsdən basdırılmış minaya düşüb və mina partlayışı nəticəsində 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - paylaşımda vurğulanıb. Qeyd edək ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Rusların olduğu üç bölgə vuruldu

Bu gün Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus hərbçilərin bir sursat anbarını vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. Qeyd olunub ki, Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi üç bölgə də vurulub. "Müdafiə Qüvvələrinin aviasiyası bir gündə işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib", - Baş Qərargah bildirib.

Şuşada mina partladı: yaralı hərbçilərimiz var

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumatda bildirilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Abşeronda avtomatla gəzən şəxs tutulub

Abşeronda silahlı şəxs tutulub. Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı 30 ədəd patron aşkarlanıb. Fakt üzrə Abşeron RPŞ-də CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rəhimov Namiq Oktay oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. Ötən gün Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 13/14-də yaşayan 2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı evdən çıxıb gedib, geri qayıtmayıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.

“Atamın vəziyyəti ağırdır, heç kim kömək etmir” - Xalq artistinin qızı

“Atamın vəziyyəti çox ağırdır. Xəstəxanadan evə buraxıldıqdan sonra stansionar olaraq müalicəsini davam etdiririk”.  Sozcu.az xəbər verir ki,bu sözləri Xalqa artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında deyib. Aktyorun qızı 79 yaşlı Xalq artistinin hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməsə də, mədəniyyət nazirliyi tərəfindən hər hansı bir köməklik olmadığını vurğulayıb: “Zəng edib, vəziyyət ilə maraqlanıblar. Amma vəziyyəti ilə bağlı heç bir yardım və dəstək göstərilməyib”. Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi.  Bununla bağlı kulis.az-a danışan aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini demişdi: "Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır. Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”. 

İki qardaş itkin düşdü

Xaçmazda iki qardaş itkin düşüb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Rusların bütün istiqamətlərdə hücumları dayandırıldı

Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib. "Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik", - o vurğulayıb. Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri düşməni effektiv şəkildə vura biləcəklərini dəfələrlə nümayiş etdiriblər.

18 yaşlı əmisi oğlunu iplə boğaraq öldürdü

Aprelin 22-də saat 07 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Tural Mahir oğlu Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Türkiyənin bu bölgəsi terrorçulardan tamamilə təmizləndi

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib. “Sizlərə bir şeyi demək istəyirəm. Türk xalqı bunu ilk dəfə eşitmiş olacaq. Son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazan bayramını tam təhlükəsiz şəkildə qeyd edirlər. Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə bu günə kimi çox böyük çətinliklərin öhdəsindən gəlib”, - nazir bildirib.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,66 dollara, yüngül neftin bir barreli isə 77,87 dollara təklif edilir.

423-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 423-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 185 730 hərbçi, 3672 ədəd tank, 7130 ədəd zirehli döyüş maşını, 2832 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 289 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5718 ədəd avtomobil texnikası, 2398 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 337xüsusi avadanlıq itirib.

G7 Rusiyaya qarşı sanksiyaları genişləndirir

G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi G7-yə sədrlik edən Yaponiya hökuməti rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, sözügedən qərar may ayında G7 liderlərinin Xirosimada keçiriləcək sammitində verilə bilər. Rəsminin sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır. Xüsusilə, işlənmiş avtomobillər, təkərlər, gözəllik məhsulları və geyimlərə ticarət embarqosu genişləndirilə bilər. Qeyd edək ki, mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, həmçinin Avropa Birliyinin liderlərinin də iştirakı gözlənilir.

NATO-nun mobil təlim qrupu Azərbaycana gəldi

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub. Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Sozcu.az xəbər verir ki, A.Bağırovun dünyaya gəlməsindən 77 il ötür. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. 1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb. 1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. 1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda da torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü il fevralın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb. 1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də düşməndən azad edilib. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər. Şəhidin qızları - Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıdaraq atalarının məzarı önündə hərbi salam veriblər.

"Ukrayna daha çox uğur qazanacaq"

Ukrayna daha çox uğur qazanacaq. Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə müsahibəsində bildirib. NATO-nun baş katibi Yens Stoltenberq təmas qrupunun Ramşteyn aviabazasında keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna daha çox ərazini azad etmək üçün əks-hücum anını gözləyir. Stoltenberq əlavə edib ki, Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur əldə etmək bacarığından xəbərdardır. O qeyd edib ki, buna digər şeylərlə yanaşı, Qərbin inanılmaz dəstəyi də kömək edir. Bundan əvvəl Kiyevə səfərindən sonra Stoltenberq bildirib ki, alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.

Ermənilər Qarabağa yenə silah daşıyır - Yeni video

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub. "Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır", - məlumatda bildirilib.

Bir peykimiz sıradan çıxdı: İsrail ikisini verir

İsrailin müdafiə şirkətlərindən biri Azərbaycana iki peyk satacaq. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Zman.co.il” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, sövdələşmə yaxın vaxtlarda baş tutacaq, sazişin ümumi məbləğinin 120 milyon dollar civarında olacağı gözlənilir.

Vətənə getmək üçün ziyalı çobanlara yalvarır

Kənd Təsərrüfatı Nazirliyinin yaz mövsümünü açıq elan etməsi ilə  işğaldan azad olunan dağ rayonlarına fermerlərin qeydiyyatına başlanılıb. 30 ildir ki, doğma yurdundan didərgin düşən bu rayonların sakinləri isə müxtəlif vasitələrlə ata yurdlarını görməyə cəhd edir. Ancaq bir çox hallarda bunun qarşısı yarandığından haqlı narazılıq baş qaldırır. Gununsesi.info-nun xəbərinə görə, Kəlbəcərdən olan şair Elşən Əzim də mövcud durumla bağlı narazılığını ifadə edib. O, bildirir: Kəlbəcərə getmək üçün gərək ən azı 200 qoyunun və ya 40 pətək arın ola. Qəribə tendensiya yaranıb. Ziyalı çobana yalvarır ki, məni dola qoyunlarının başına, özünə çoban götür, gedim vətəni görüm. Bir sanballı ağsaqqllal gənc arıçıya boğaz çəkir ki, sən o milçəklərinin əziz canı, məni özünə körüktutan götür, son nəfəsimdə vətəni görüm. Görəsən, bu rəzil qayda-qanun hansı beyinin məhsuludur? Mən də bir təklif verim: 200 qoyunu və ya 40 qutu milçəyi olmayan adamların oğlunu əsgər aparmasınlar.

Ağsuda bayram namazı qılınıb - Foto

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra dualar oxunub.

Allah tutduğunuz orucları qəbul etsin! - Britaniya səfiri

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Ramazan bayramı ilə bağlı təbrik yazıb. Sozcu.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib. "Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah tutduğunuz orucları qəbul etsin!", - o qeyd edib.

Müsəlmanların səxavəti məni heyran etdi - Bayden

ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Sozcu.az xəbər verir ki, ABŞ mətbuatı Baydenin təbrik məktubunu dərc edib. “Həyat yoldaşım Cill və mən mübarək Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə ölkədəki və dünyanın bütün müsəlman icmalarını ən xoş arzularımızla təbrik edirik. Müsəlmanların ehtiyacı olanlara yemək və sədəqə paylamaqda səxavət göstərmələri bizi xüsusilə heyran etdi”, - təbrikdə deyilir. Bayden bütün dünya müsəlmanlarını ədalətli dünya qurmaq uğrunda daha fəal iş görməyə çağırıb.

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 185 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib. Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib. Belə ki, Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, son 25 gün ərzində Kiyevə ilk hücum olub. Paytaxta hücum zamanı itki və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb. Eyni zamanda, Ukrayanın Poltava vilayətində mülki infrastrukturlara hücum nəticəsində yanğın baş verib. Burada isə itki və dağıntının olmadığı bildirilib. Baş Qərargahın məlumatında vurğulanıb ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 668 tank, 7 083 zirehli maşın, 2 394 operativ-taktiki PUA, 2 827 artilleriya sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 713 avtomobil və tanker, 911 qanadlı raket, 18 gəmi və kater, 334 xüsusi texnikadan ibarətdir.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Sozcu.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları ucuzlaşaraq, 85.29 ABŞ dolları təşkil edib.