Erməni ekspertlər zaman-zaman Qazaxın işğaldakı 7 kəndi ilə yanaşı Ermənistanın Tavuş rayonunun da Azərbaycana veriləcəyi ilə fikirlər səsləndirirlər. Rəsmi Bakı isə Ermənistana ərazi iddiası olmadığını, bu ölkənin ərazisindəki anklavları daxil olmaqla 8 kəndin təhvil verilməsini tələb edir. Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında Tavuş bölgəsinin və oradakı hansısa kəndin təslim edilməsi ilə bağlı müzakirə aparılmadığını deyib.
Tez-tez gündəmə gələn, Ermənistan ərazisi kimi bilinən Tavuş coğrafi olaraq haranı əhatə edir? Bu sözün etimologiyası nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Azərbaycan Ermənistandan 8 kəndin geri qaytarılmasını tələb edir:
“Sərhəddə yerləşən 4 kəndin qaytarılması problem doğurmur, lakin digər 4 kəndin Azərbaycanla bağlantısı Sovet dövründə kəsildiyi üçün Bakı və İrəvan arasında sərhədlər müəyyənləşərkən bu nəzərə alınacaq. İşğal altında qalan 8 kənd qədim Azərbaycan torpaqlarıdır.
O ki qaldı Tavuşa, əslində, ərazinin əsl adı “Taus” olub, sonralar haylar “Tavuş” adlandırıb. Söz isə “tau”dan götürülüb, mənası “yüksək dağlıq ərazi”dir. Yəni yüksək dağda salınmış hərbi şəhər anlamındadır. Vaxtilə qıpçaqların hökmran olduğu dönəmlərdə Qıpçaq dövlətləri, hunlar kimi tanınan qıpçaq kökənli türk tayfaları bu bölgələrdə hərbi şəhərlər tikmişlər. Onlardan biri də Tavuşdur. Bu söz bizdə “Tovuz”, Ermənistanda isə “Tavus” formasında istifadə edilir. Onun etimologiyasına nəzər salsaq aydın olar ki, buranın qədim sakinləri türklər olub”.