Dibala “Yuventus”u məhkəməyə verir

2022-ci ilin yayında “Yuventus”dan “Roma”ya keçən Paulo Dibala sabiq klubunu məhkəməyə verə bilər. Turin klubunun argentinalı futbolçuya borcu var. Bu barədə oyunçunun özü bildirib. “Yuventus”dan sonuncu dəfə nə zaman maaş aldığını xatırlamadığını deyən 29 yaşlı forvard klubunu dəyişərkən bütün ödənişlərin edilməli olduğunu söyləyib. Ancaq “qoca sinyora”nın hələ də ona 3,7 milyon avro borcu var. Aprel ayından gec olmayaraq məbləğ tam ödənilməlidir. Əks halda, futbolçunun vəkilləri hüquqi prosedurlara baş vuracaq. Dibala bunu istəmədiyini ifadə edib. Qeyd edək ki, maliyyə maxinasiyalarında ittiham olunan “Yuventus”un A Seriyasında 15 xalı silinib. Mənbə: “La Gazzetta dello Sport”

Rəşad Dağlı məhkəməyə gətirildi

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib. Bu gün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq. Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Mənbə:trend.az

Rusiya bu ərazidə könüllü dəstələr yaradır

Simferopolda ruslar ukraynayönlü hərəkatın aktivləşməsindən qorxduqları üçün könüllü dəstələr yaradırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, sözügedən könüllü dəstələrin tapşırıqlarından biri, xüsusən də gözətçi və təxribatçıları müəyyən etmək olacaq: “Məlumdur ki, müharibəyə görə Ukraynada hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən çatışmazlığı var. Ona görə də şəhərə nəzarət etməkdən əlavə, müşahidəçilərin və təxribatçıların müəyyən edilməsi olmalıdır”.

Hər şeyi edirik ki, Rusiya cəzalansın - Zelenski

Ukrayna rus təcavüzü üzrə məhkəməyə maksimum dəstək toplayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz hər şeyi edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya cinayətkarlarını cəzalandırmağa nail olsun. Çalışırıq ki, milli hüquq-mühafizə orqanlarımız və məhkəmə qurumlarımız da bütün rus qatilləri və icraçıları üçün ədalətli hökmlər təmin etsinlər", - Zelenski qeyd edib.

Azərbaycanda zəlzələ oldu

Bu gün Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb. Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb. Ötən gün saat 21:15 radələrində 2007-ci il təvəllüdlü şəhər sakini İsmayılov Yusif Sadiq oğlu A.Məmmədov küçəsində avtomobil yolunun kənarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsmayılov Səfər Yusif oğlunun kürək nahiyəsinə ümumilikdə 4 ədəd bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bilkdirilib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir

“Niyə kişi hər istədiyini edəndə fahişə olmur?!” - Nura Suri

“Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?” Bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O qeyd edib: “Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başını aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər? Nə vaxtacan ǝrdə olmaq prioritet hesab olunacaq? Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, hamı travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki...”

Bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyəti dayandırılıb - SƏBƏB

Fövqəladə Hallar Nazirliyi bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyətini dayandırıb. Bu barədə Nazirlikdən məlumat verilib. FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və “xüsusi icazə”si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib. Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).

İmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular

Xəbər verdiyimiz kimi, ötən gün Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb. İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş tutan görüşün ardından hər iki siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini elan ediblər. Görüşdən sonra Ə. İmamoğlu sosial media hesabında Kılıçdaroğluna dəstəyini paylaşaraq onun millətin çətin günündə xalqın iradəsini təmsil edəcəyinə ümid etdiyini qeyd edib: “Millət İttifaqı xalqımızın çətin dönəmində üzərinə ağır bir məsuliyyət götürüb. İnanıram ki, millətimizə çarəsiz, ümidsiz günlərdə tək olmadıqlarını göstərəcəklər. CHP-nin öz övladı və Millət İttifaqının Bələdiyə başqanı olaraq millətimizin arzu etdiyi birlik içərisində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının daha da böyüyəcəyinə şübhəm yoxdur”. İmamoğludan sonra CHP sədri Kamal Kılıçdaroğluna dəstək Mənsur Yavaşdan da gəlib. Yavaş sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib: “İndiyə qədər verdiyimiz açıqlamalarda partiyamızın sədri cənab Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişdik. Eyni yoldayıq. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəflərlə yoluna davam etməsidir”. Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb./Qafqazinfo

Xankəndi-Laçın yolundakı aksiyanın 83-cü günü...

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür davam edir. Sozcu.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Tvitterin gəlirləri 40% aşağı düşdü

2022-ci ilin dekabrında Tvitterin gəliri 2021-ci ilin dekabr ayı ilə müqayisədə təxminən 40% azalıb. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Bildirilir ki, gəlirlərin aşağı düşməsi İlon Maskın platformanı aldıqdan sonra reklamçıların sosial şəbəkə ilə əməkdaşlıqdan imtina etməsindən sonra olub.

Adıyamanda yenə zəlzələ oldu

Adıyamanın Çelikhan rayonunda yerli vaxtla 08:27-də 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,83 dollara, yüngül neftin bir barreli isə 79,68 dollara təklif olunur.

Rusiyanın itkiləri 152 mini keçdi

Ukrayna müharibənin 374-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 152 190 hərbçi, 3409 ədəd tank, 6683 ədəd zirehli döyüş maşını, 2414 ədəd artilleriya sistemi, 487 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 247 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5289 ədəd avtomobil texnikası, 2 066 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 230 xüsusi avadanlıq itirib.

Hacı Şahinlə bağlı əsassız məlumat yayıldı - Diqqət

Ötən gün vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənlinin dəfni ilə bağlı yardım edilməsinə dair əsassız məlumatlar yayılır. Sozcu.az xəbər verir ki, bu barədə din xadiminin sosial şəbəkə hesabı açıqlama yayaraq, iddiaları təkzib edib. "Əziz dostlar! Hacı Şahin Həsənlinin dəfni və ya digər məsələlərə yardım edilməsi bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik", - məlumatda deyilir.

Rusiyanın iki yanacaq anbarı vuruldu

Ötən gün ərzində ukraynalı hərbçilər rusların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə beş zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Həmçinin, Baş Qərargah qeyd edib ki, raket qoşunlarının bölmələri və artilleriya bölmələri gün ərzində komanda məntəqəsini, düşmənin üç cəmləşdiyi ərazini, bir sursat anbarını, iki yanacaq anbarını və düşmənin elektron döyüş məntəqəsini vurub.

Levits Zelenskini əmin etdi: AB-yə qoşul, Ukraynanı müdafiə edək...

Ukrayna Avropa Birliyinə qoşulduqdan sonra Qərb Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək. Sozcu.az xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib. "Sülh formulu beynəlxalq hüquq normalarına əsaslanan və 1991-ci il sərhədləri daxilində Ukraynanın tam ərazi bütövlüyünü təmin edən davamlı sülhün yaradılmasına imkan verəcəkdir. Bunsuz sülh davamlı olmayacaq və bizə davamlı sülh lazımdır", - Levits qeyd edib.

Rusiyaya məxsus Su-34 qırıcısı məhv edildi

Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir Su-34 qırıcısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Döyüş təyyarəsi Yenakiyevo şəhəri yaxınlığında vurulub. Təyyarənin Vostok Hərbi Hava Komandanlığının Nikopol zenit-raket alayının zenitçiləri tərəfindən vurulduğu bildirilir.

Kılıçdaroğlu namizədlikdən geri çəkilməyəcək - İDDİA

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə tviter səhifəsində türkiyəli jurnalist İsmail Saymaz yazıb. O, iddiasını CHP-dəki mənbələrdən əldə etdiyi informasiyaya istinadən bölüşüb. Belə ki, Kılıçdaroğlunun seçkilərdə namizəd kimi iştirak etmək qərarının üzərində durduğu vurğulanıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir. İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.modern

Ukraynalı general Baxmuta gəldi

Ukraynanın Şərq Qüvvələr Qrupunun komandanı general-polkovnik Aleksandr Sırski bir həftə ərzində ikinci dəfə cəbhənin ən qaynar nöqtəsinə - Baxmut şəhərinə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik əlavə hərbi qüvvələrin cəmləşdiyi cəbhəyə gəlib: "O, Baxmutda vəziyyətlə bağlı məruzələri dinləyib, cəbhə xəttində bölmələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı problemli məsələlərlə tanış olub”.

Akşener “Altılı masanı” tərk etdi — Vahid namizədin adı məlum oldu

Türkiyədə İYİ Partinin sədri Meral Akşener müxalifətin seçkilərdə vahid namizəd üçün yaratdıqları “Altılı masa”nı tərk etdiyini bəyan edib.  Akşener bununla bağlı bəyanat verib. O, namizədlərinin Ekrem İmamoğlu və Mansur Yavaş olduğunu bildirib. “Ötən il ölkənin gələcəyini düşünərək mühüm addım atdıq. Dünənki toplantıda Prezidentliyə vahid namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya CHP sədri Kılıcdaroğlunun namizədliyini bəyan etdilər. Biz Ərdoğana qarşı ola biləcək iki namizədin adını açıqladıq. Bunar Mansur Yavaş və Ekrem İmamoğludur. Təəssüf ki, bu təklifimiz rədd edildi. “Altılı masa” bu qənaətə gəldi. Təəssüf ki, olmadı”-deyə Meral Akşener bəyan edib.

Əkbər Rzayevə və Valeh Qasımova yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

Ermənilərin Zəngəzur planı: İranlılar köçürülür?

Müharibədən sonra Zəngəzur beynəlxalq rəsmilərin və strukturların diqqət mərkəzindədir. İki ilə yaxındır ki, regiona müxtəlif səviyyəli rəsmilər, səfirlər, son vaxtlar BMT, UNİSEF, AB nümayəndələri səfər ediblər. Regionda fəlakət risklərinin idarə edilməsi proqramları həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Zəngəzur vilayətinin rəsmi mənbəsi bildirib ki, bu strukturlar və erməni QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir. Əsasən əhalinin təxliyəsi, sığınacaqların salınması, mənzil fondunun nizamlanması planlarına aid müzakirələr təşkil edilir. Bu fəallıq sakinlər arasında qorxu, şübhə doğurub. Ehtimal olunur ki, Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçdikdən sonra orada yaşamaq istəməyənlər Zəngəzura köçürüləcək. Eyni zamanda, bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğu düşünülür. Hazırki geosiyasi gərginliyə görə Zəngəzur tezliklə iranlı qaçqınları öz damı altına ala bilər”, - məlumatda deyilir.