Sabahdan əmi, dayı, bibi, xala uşaqlarının evliliyi qadağandır

Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb: - qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; - bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.

Tommi Abraham "Beşiktaş"da

"Roma"nın futbolçusu Tommi Abraham karyerasını Türkiyə "Beşiktaş"ında davam etdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. İstanbul təmsilçisi 27 yaşlı hücumçunun transferi ilə bağlı "Roma" ilə razılığa gəlib. "Beşiktaş" Tommi üçün 20 milyon avro ödəyəcək. Bildirilir ki, Abraham artıq Türkiyəyə uçmağa hazırlaşır. Tommi ötən mövsümü icarə əsasında "Milan" da keçirib. O, A seriyasında 29 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Azad edilmiş ərazilərdə daha 103 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd olunub ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azərbaycanda 14 nəfər qarpızdan ZƏHƏRLƏNİB

Mövsüm başlayandan 14 nəfər qarpızdan zəhərlənib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 14 nəfər müraciət edib.  Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb. Qeyd edək ki, yay mövsümündə tez-tez rast gəlinən qida zəhərlənmələri arasında qarpızdan zəhərlənmə halları xüsusi yer tutur. İstiliyin artması, məhsulun düzgün saxlanılmaması, erkən yetişdirilmə məqsədilə istifadə olunan kimyəvi maddələr və gigiyenik qaydalara riayət olunmaması bu cür halların başlıca səbəbləri sayılır.

Elman Məmmədov: “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar"

“Rusiya Prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi: “Rus əsgərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir”. Bu, Putin dövründən də, SSRİ dövründən də əvvəl çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik siyasətinin bir daha təsdiqidir. İndi də Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin, keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə etdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də, müsəlmanlara — bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şeyi unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.

Şamaxıda kişi qayınatasını öldürdü - Rəsmi

10:16 Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

Ağdamda minaya düşən polis kimdir?

02:38 İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib. Faktla bağlı araşdırma aparılır. *** Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən polis əməkdaşının kimliyi məlum olub. Oxu.az-ın əldə etdiyi məlumata görə, Ağdam Rayon Polis Şöbəsində polis serjantı kimi çalışan Xəyyam İsmayılov piyada əleyhinə minaya düşüb və sağ ayağı topuqdan amputasiya edilib.

Bakıdakı partlayışla bağlı cinayət işi açıldı

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Xəbər verildiyi kimi iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib. Hazırda ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qarabağa getmək istəyənlərə üzücü xəbər

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa" portalında 9 istiqamətdə - Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib. Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.

Mahir “Kayzerslautern”də növbəti qolunu vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb. Sozcu.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub. Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.  Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb. Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub. Almanların ilk oyunu isə Lüksemburqun "Saar" komandasına qarşı olub. Mahir həmin görüşdə də 1 qol vurub. 

Yekaterinburq məhkəməsi işgəncə görən 3 azərbaycanlını həbs etdi

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsində məhkəmə 22 sutka həbs qətimkan tədbiri seçib. Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev məhkəmənin qərarı ilə üç sutka müddətinə həbs edilib. Bundan başqa, saxlanma zamanı güc strukturları tərəfindən xəsarət yetirilərək xəstəxanaya yerləşdirilən Kamal Səfərov və Əziz Abbasov evə buraxılıblar.

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri "Ural Hava Yolları" vasitəsilə sabah Vətənə gətiriləcək. Bu barədə "Report"un Rusiya bürosu xəbər verir. Hazırda konsulluqda bununla bağlı işlər gedir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Pakistanda güclü yağışlar - 38 nəfər öldü

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi güclü yağışların təsiri ilə bağlı açıqlama yayıb. Sozcu.az “Samaa TV”yə istinadən xəbər verir ki, son 3 gün ərzində güclü yağışlar ölkə üzrə ilkin məlumatlara əsasən 38 nəfərin həyatını itirməsinə, 63 nəfərin isə xəsarət almasına səbəb olub. Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı, Pəncab əyalətində isə 12 nəfərin həyatını itirdiyi bildirilib. Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə həyatını itirdiyi qeyd olunub. Açıqlamada güclü yağışların davam edəcəyi proqnozlaşdırılır və ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı verilib.

Təbrizdə partlayış baş verdi

Təbrizdə partlayış baş verib. Sozcu.az "Azad İran"a istinadən xəbər verir ki, şəhərin neft emalı zavodunda hazırda istismarda olan qurğulardan birində azot kapsulu partlayıb. Məlumata görə, neft emalı zavodu ətrafında güclü partlayış səsi eşidilib. Dördpendirli pizza Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilib.

Azərbaycanın daha bir rayonunda ehsan verilməsi ləğv edildi

Göygöl rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə yerli sakinlər məlumat verib. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Marqarita pizza Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda tətbiq olunub.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1222-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 018 940 hərbçi, 10 976 ədəd tank, 22 915 ədəd zirehli döyüş maşını, 29 689 ədəd artilleriya sistemi, 1 425 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 189 hava hücumundan müdafiə sistemi, 420 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 53 508 ədəd avtomobil texnikası, 42 624 ədəd PUA, 3 394 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 921 xüsusi avadanlıq itirib.

Naxçıvanda ağır qəza: ölü və yaralılar var

Naxçıvan MR-də iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, yaralananlar var. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan – Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Rusiyada iqtisadiyyat tənəzzülə uğrayır, hərbi xərclər azaldılır

Rusiya Prezidenti Vladimir Putin hərbi xərcləri azaltmaq planlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Məlumata görə, Rusiya Federasiyası müdafiə xərclərini gələn il və ya yaxın üç il ərzində azaldacaq. Bildirilir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun ötən həftə ölkənin iqtisadi yavaşlama durumunda olduğunu deməsindən sonra belə addım atılıb. Bundan başqa Rusiyada işçi qıtlığı da yaşanır. Xüsusilə, müdafiə sektoruna və orduya axınının yaratdığı işçi çatışmazlığı səbəbindən əmək haqqı artımı son 16 ilin ən yüksək səviyyəsinə çatıb.

Sürücülər “qan ağlayır” - Cərimələrin sayı niyə çoxalıb?

"AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb". Bu sözləri Yenisabah.az-a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O, bildirib ki, son zamanlar nəqliyyat sahəsində cərimələrin sayı xeyli artıb: "Əslində baxanda belə bir tendensiya müşahidə olunur. Cərimələlənmə halları çoxalıb. Çünki AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb. Tutaq, şəhərdaxili maksimal sürət 60 kilometr/saat olaraq nəzərdə tutulur. Bəzən sürücü bu sürət həddini aşır. Elə prospektlər var ki, orada əvvəllər kameralar yox idi. İndi isə həmin prospektlərdə sürət həddinə nəzarət edən kameraların sayı kəskin artıb. Bu da öz təsirini göstərir".  pizza sifarişi İlqar Hüseynli qeyd edib ki, bu kimi hallar avtomobil sürücülərinin işini xeyli çətinləşdirir: "Xüsusən, Bakıdan ətraf ərazilərə, rayonlara hərəkət edərkən, magistral yolun sağ və solunda sürücülər bəzən maşınlarını saxlayırdılar. Həmin dayanma nöqtəsində vətəndaş heç vaxt cərimə olunmurdu. İndi hətta Bakı şəhərinin ətrafındakı magistralların sağında və solunda kameralar quraşdırılıb. Bu həm də sürücülərin qədərindən çox-çox artıq hərəkət məhdudluğuna, manevr imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Mən düşünürəm ki, bəzi təhlükəsiz yerlərdə bu kameraların sayını azaltmaq olar. Məsələn, elə etmək olar ki, sürücü dayandıqdan 5 dəqiqə sonra cərimələr tətbiq olunsun. Bunlar hamısı avtomobil sürücülərini kifayət qədər yükləyir. İnsanlar artıq dayanma-durma, yer tapma, parklama kimi məsələlərdə kifayət qədər zorlanır. Bu mənada cərimələrin sayı kifayət qədər çoxalıb".

Rusiyada məhkəmə: Həmyerlimiz həbs edildi

10:16 Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. *** İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib. Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib. *** Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib. Həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Məmurlar xalqın sosial-iqtisadi durumunun, rifahının yaxşı olması üçün çalışmalıdır...

Məmurlar xalqın sosial-iqtisadi durumunun, rifahının yaxşı olması üçün çalışmalıdır... Əksər ailələr çox ağır, çox çətin durumdadır. Burbaşa mətləbə keçək. Hər birimizin gözümüzün önündədir ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda kasıb, yoxsul, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrin sosial durumu çox-çox aşağı səviyyədədir.  Deməli, belə məlum olur ki, əgər yüksək vəzifəli şəxslər, məmurlar və bu məsələlərə aidiyyatı olan qurumların rəhərləri, XALQı düşünsəydilər Xalq kasıblıq içində, səfalətdə zülüm çəkərək çabalamazdı.  Demək olar ki, əksər ailələr kasıblıq, işsizlik, çarəsizlik, yoxsulluq burulğanına düşərək qanadları qırılmış quş kimi çırpına-çırpına qalıb. Çox-çox təəssüflər olsun.  Ailə başçıları işsiz olan ailələrin uşaqları səfalət içində, dilənçi günündə əzablarla sürünərək yaşayır. Belə hal isə çoxlu sayda təbii sərvəti olan ölkə üçün xoşagəlməz hallardı. Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi və bir VƏTƏNDAŞ kimi bu fikirləri özümə də aid edirəm. Elə mən də  Azərbaycan vətəndaşıyam. Çünki ölkənin digər çoxlu sayda kasıb vətəndaşı kimi mənim də sosial-iqtisadi vəziyyətim çox dözülməz və çox acınacaqlıdır.  Ürək ağrıdan bir məsələni də qeyd edək ki, yavan çörəyə möhtac qalan aztəminatlı və çoxuşaqlı ailələr hətta bir çox hallarda demək olar ki, çörək də ala bilmir.  Çünki ölkədə yeni iş yerləri açılmır ki, işsiz vətəndaşlar işləyib çörək pulu qazansınlar. Zavodlar, fabriklər tikilmir, yeni istehsalat sahələri, iri sənaye müəssisələri yaradılmır.  İşsizliyin əsas səbəblərindən biri də budur.  Həmçinin ölkədə çox bahılıqdır. Eləcə də kommunal qiymətlər çox-çox yüksəkdir. Hətta ailələr var ki, mətbəxdə soyuducusu tamamilə boşdur. Ailə başçıları var ki, işsiz olduğu üçün evinə ərzaq ala bilmir, həyat yoldaşının, övladlarının qarşısında utanır, başıaşağı olur və düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir.  Vətəndaşlar kasıb, pulsuz olduğu üçün vaxtlı-vaxtında yaxşı qidalanmaqda çətinlik çəkirlər. Bu kimi səbəblərdən vətəndaşlarda  bəzi xəstəliklər yaranır. Əlbəttə, bu da bir çox ciddi problemlərə yol açır desək, qəti  yanılmarıq.  Onu da vutğulayaq ki, yeni iş yerləri yaradılmadığına görə Azərbaycanda işsizlik gündən-günə çoxalır. Ölkənin vətəndaşları məcburiyyət qarşısında qalaraq öz doğma Vətənini tərk edib xarici ölkələrə üz tuturlar.  Belə hallar nəvaxtadək davam edəcək axı? Xalqın kasıb, yoxsul zümrəsini də, çoxuşaqlı və aztəminatlı ailələri də düşünmək lazımdı. Kasıblıq məngənəsinə düçar olan, min-bir əzab içərisində çətinliklə yaşayan ailələrin sosial-iqtisadi vəziyyəti çox dözülməzdir. Ölkə əhalisinin yaxşı yaşamasını, həmçinin vətəndaşların sosial durumunun, rifah halının yaxşılaşdırılması istiqamətində məmurlar, vəzifəli şəxslər mütləq şəkildə yubanmadan təxirəsalınmaz və lazım olan tədbirləri görməlidir.  XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Yekaterinburq, yeni Xocalı

Qətlə yetirilən bir ailə idi, öldürülən bir millət vicdanı Ötən gün Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən hadisə təkcə kriminal xəbər deyil. Bu, bir xalqın qüruruna, varlığına, etnik kimliyinə qarşı yönəlmiş qəddar hücumdur. Azərbaycanlı bir ailənin, beş nəfərin amansızlıqla qətlə yetirilməsi Rusiyada baş qaldıran sistemli şovinizmin, etnik nifrətin və dövlət səviyyəsində laqeydliyin bariz nümunəsidir. Bu hadisə “ailədaxili mübahisə” və ya “adi kriminal olay” kimi təqdim edilə bilməz. Yekaterinburqda baş verən qətl həm beynəlxalq qanunlarla, həm də təsnifatca soyqırımıdır. Onlar sadəcə azərbaycanlı olduqları üçün öldürüldülər Hadisənin bütün detalları göstərir ki, bu ailənin azərbaycanlı olması onların qətlə yetirilməsinin əsas səbəbidir. Onlar Rusiyada illərlə yaşasalar da, işləsələr də, vergi ödəsələr də, etnik kimliklərinə görə seçildilər və məhv edildilər. Soydaşlarımıza əvvəlcə işgəncə verilməsi, onların qəddarcasına öldürülməsi, bədənlərinə zor tətbiqi və izlərin silinməsi cəhdləri göstərir ki, bu, qəfil cinayət deyil ola bilməz. Planlaşdırılmış, hədəflənmiş və nifrət motivli bir aktdır. Xocalının kölgəsi Rusiyanın şəhərlərinə yayılır Bu hadisə Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biri olan Xocalı soyqırımı ilə oxşarlıq təşkil edir. 1992-ci ilin fevralında Xocalıda baş verən dəhşətlər zamanı da azərbaycanlılar etnik mənsubiyyətlərinə görə, ailələr şəklində rusların və ermənilərin birgə planı ilə qətlə yetirilmişdi. Bu gün Yekaterinburqda baş verənlər bir daha göstərir ki, o gün Xocalıda Azərbaycan xalqının başına gətirilən müsibətlərdə fəal iştirakçı olan Rusiya bu gün də dəyişməyib. Bu hadisə sadəcə cinayət deyil, tarixi təkrardır. Rusiyada şovinizmin yeni mərhələsi başlayır, qorxu yaymaq Yekaterinburq hadisəsi Rusiyada son aylarda miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlərin, rəsmi və qeyri-rəsmi strukturlar tərəfindən həyata keçirilən irqçi siyasətin məntiqi nəticəsidir. Müharibə üçün insan resursu axtaran Kreml bu məqsədlə Orta Asiyalıları, Qafqazlıları, xüsusən də azərbaycanlıları narkotiklə, yalan ittihamlarla və ailə təhdidiylə müharibəyə aparırdı. İndi isə təhdid mərhələsindən soyqırımı mərhələsinə keçid yaşanır. Bu siyasətin arxasında məqsəd sadədir: Azərbaycanlıların Rusiya torpaqlarında qorxuyla yaşamasını təmin etmək, susdurmaq, köçməyə məcbur etmək. Qətlə yetirilənlər soyqırımı qurbanları, millətin şəhidləridir Yekaterinburqda öldürülən ailə üzvləri sadəcə cinayət qurbanı deyil. Onlar Azərbaycanın milli yaddaşına yeni soyqırımı şəhidləri kimi daxil olurlar. Necə ki, Xocalı qurbanları bu xalqın taleyinə yazıldı, eləcə də Yekaterinburq şəhidləri bizi ayıq olmağa, birliyə, haqsızlığa qarşı qətiyyətli durmağa çağırır. Bu insanlar bir ailə idi,  amma onların taleyi bütün azərbaycanlıların taleyidir. Nə etməliyik? Dövlət səviyyəsində hadisə soyqırımı aktı kimi tanınmalı, Rusiya tərəfinə diplomatik nota verilməlidir. Azərbaycan diasporu, beynəlxalq təşkilatlar bu cinayətin beynəlxalq gündəmə çıxarılması üçün kampaniyaya başlamalıdır. Medianın və ictimai xadimlərin bu mövzuya davamlı diqqət çəkməsi təmin olunmalıdır. Rusiya azərbaycanlılarının təhlükəsizliyi məsələsi prioritet xarici siyasət məsələsinə çevrilməlidir. Xocalıdan Yekaterinburqa  Bu millət nə Xocalını unudub, nə də Yekaterinburq qurbanlarını unudacaq. Onlar bizim vicdanımızda, tariximizdə, mübarizə ruhumuzda yaşayacaqlar. Çünki azərbaycanlı öldürmək asan ola bilər, amma Azərbaycan xalqını sındırmaq mümkün deyil. Biz bir ailənin qanına susayanlara qarşı bir millət olaraq birləşəcəyik. Elnur Əmirov Modern.az

Rusiyada öldürülən azərbaycanlıların meyitləri bu tarixdə vətənə yola salınacaq

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq. Sozcu.az “Report”a istinadən xəbər verir ki, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər...

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. Sozcu.az xəbər verir ki, o, Report-a açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. "Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib. O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər: "Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik". Hadisə şahidinin sözlərinə görə, onlar evdən pul, qızıl əşyalar, maşınlarının nömrəsinə qədər - hər şeyi aparıblar. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.