Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb Mərkəzinin Ümumi Cərrahiyyə üzrə mütəxəssisi, TƏBİB Direktorunun müşaviri vəzifəsində çalışan tanınmış onkoloq-cərrah Vüqar Yaqublu Azəbaycan səhiyyə sistemi, xüsusən də tibb təhsili sahəsindəki vəziyyəti təhlil edib, nöqsanlarla bağlı maraqlı yazı hazırlayıb. Sozcu.az Bakupost.az-a istinadla həmin yazını təqdim edir: Dostlardan biri təhsilimizdə, xüsusilə də tibb təhsilində müşahidə etdiyimiz ciddi bir fenomeni sonuncu yazıma şərh olaraq xatırlatdı. Mən də fürsətdən istifadə edib bu mövzuya münasibətimi təhsillə, o cümlədən tibb təhsili ilə məşğul olan dostlarımızla bölüşmək istədim. Uzundur, amma ciddi mövzu olduğu üçün səbr edib oxumağınızı xahiş edirəm. Bəlkə də sizlərdən bəziləri ilə fikir oxşarlığı taparaq bu fenomeni Azərbaycanda daha dərindən təhlil edib, ondan necə bəhrələnmək yollarını birlikdə axtara bilərik. TƏBİB-in mənə yaratdığı imkanlardan faydalanaraq son zamanlar apardığım təhlil göstərir ki, ölkəmizin müasir tibbi praktikasında bu fenomen həlledici rol oynayır. Bu fenomen “Self-made Man” (Frederick Douglass, 1879) adlanır, azərbaycanca “Özü özünü inşa etmiş insan” kimi tərcümə etdim. Şəkil də məhz bu fenomeni təsvir edən heykəllərdən biridir. Daha doğrusu, onun pozitiv tərəfini. Amma bu fenomenin neqativ tərəfi də var. Mən onun təsvirini yazı ilə verəcəyəm. Allah qoysa, şəklini də çəkən tapılar. “Özü özünü inşa etmiş insan”lar əslində, inkişaf etmək istəyən icmalar üçün çox pozitiv və ruhlandırıcı bir fenomen olmalıdır. Amma ehtiyatla deyim ki, bizim kimi inkişafda olan cəmiyyətlər üçün bu fenomen təhlükəli və dağıdıcı da ola bilər. Çalışacağam fikirlərimi ehtiyatla çatdırım. Ürəkağrıdıcı olsa da, söyləməsəm də olmaz. Mövzu ilə bağlı nə istəsəniz, yazın, məni yıxıb sürüyə də bilərsiniz, problem deyil, səhiyyə strukturlarını ittiham edə bilərik, amma sizə pis xəbərim var, problem ümumi problemdir və biz də onun tərəfiyik... İndi keçirəm mövzuya… Son yazıma şərhi yazan xalam qızı idi. O, musiqiçidir, uşaqlıqdan bir-birimizlə mübahisə etməyi, müzakirə aparmağı sevmişik, indi də mənim paylaşımıma reaksiya verib. Sağ olsun ki “Özü özünü inşa etmiş insan”lar haqqında yazmağıma vəsilə olub. O yazır ki, vaxtilə Tibb Universitetinə daxil olmaq istəyən bir gənc az bal topladığı üçün ora düşməyib, kimya ixtisasına düşüb və kimyaçı olub. İndi kimyaçı kimi işləyir və yaşadığı regionun ən sevimli özəl müəllimlərindən (repititor) birinə çevrilib. Bu gözəl və uğurlu bir həyat nümunəsidir. O insan sonunda özünü tapıb və sevdiyi işlə məşğul olur. Əminəm ki, gördüyü işdən ləzzət alır, xoşbəxtdir. Əks halda uğurlu ola bilməzdi və insanlar tərəfindən bu qədər sevilməzdi. Uğurlu insan sevilən, axtarılan, kömək edən, problemləri həll edən biridir. Düşünürəm ki, məhz bu da xoşbəxtliyin təriflərindən biri olsun gərək. Bu xoşbəxt insanlardan səhiyyəmizdə də çoxdur. Bizim səhiyyədə “Özü özünü inşa etmiş insan”lardan bir-iki nümunə verim, bəlkə də bu gün Azərbaycanda çalışan hər bir aktiv həkim özünü bu numunələrdə görəcək. Əslində elə işin pozitivliyi də, problemi də məhz burasındadır. Məsələn, biri ürək cərrahı olmaq istəyirdi, sovet dövrlərinin sonu idi, kənddən gəlmiş bir gəncə o imkan verilməzdi, amma çox bacarıqlı idisə, ümümi cərrah ixtisasını alardı. Amma bu ixtısası alsa da, onu heç kim öyrətməzdi, işlədiyi klinikada bəzən saatlarla nərd oynayardı, bəziləri də şahmat. O zamanlar İnstaqram da, Facebook da yox idi ki, heç olmasa, vaxtını fərqli öldürsün. İki-üç il öncə bir universitet klinikasında qonaq idim, orada olan rezidentlər hamısı telefonda idilər, yanımda olan xarici dostlar da qəribə-qəribə sullar verirdilər: Bunlar niyə işləmirlər? Rəhmətliyin nəvəsi, o zaman bizdə də belə idi. Bunların heç olmasa, telefonları var, klinikadan da çıxsalar "NB" qoyacaqlar, sonda da diplom ala bilməyəcək, sizin alman təhsil qurumları da "bukvayed"dirlər, deyir, filan kağızı verməsən, səni imtahana baraxmaram, o da məcbur olub gəlir və klinikanın koridorunda vaxt öldürür. Klinikada yeni başlayan həkimin yanına xəstə gəlməzdi. Sistem belə idi. Xəstə yalnız tanınmış həkimlərin yanına gələrdi. Kinolarda gödüyümüz və ya mənim kimilərin Almaniyada yaşadığı kimi deyil ki, xəstə klinikaya gəlir və onun müalicəsi ilə komanda məşğul olur, hər kəs bilik və bacarıqları çərçivəsində töhfəsini verir, öyrənmə imkanı isə bol və mərhələli olur. Yeni başlayanın işi də hamıdan çox olur, o həm öyrənməli, həm də işləməlidir. Amma o zamanlar təsadüfdən yeni başlayan biri kimi sənə xəstə gələrdisə, nə badə başqası ilə onun barəsində məsləhləşəsən, rus demiş, "zapadlo" hesab edilirdi. O zaman da ChatGPT, Youtube, dosta zəng yox idi ki, xəstə haqqında suallarına cavab tapasan. Məcbursan ki, anadangəlmə mütəxəssis olasan. “Oseçka” versən, bir də sənə xəstə gəlməz... İndi sənə oğul deyirəm bu vəziyyətdə o "kurtlar süfrəsində" yer tap. Bir səhv etdinmi, süfrənin “dembelləri” həkim diplomu almanı sənə zəhər edərlər. Bu təzyiqə yalnız çox güclülər tab gətirir və onların da bəziləri əvvəl ona həyatı dar edənin yerini tutur, ondan daha qəddar olmağı özünə borc bilir. Amma gənclərin çoxu kimyaçı dostumuzun nümunəsində olduğu kimi, təklif edilən "çərçivəni" qəbul etməyəcək dərəcədə güclü çıxır və üzərinə qoyaraq daha gözəl “heykəl” tikmə iddiasına girir. Spartak olmayacaq dərəcədə ağıllı. Özünü sevər, gücünə inanar və qapısının qarşısından onlarla xəstə dayananlardan özünü daha güclü hesab edərdi. Özünü inkişaf etdirmək yolları elə də çox deyildi. Ya kiməsə pul ödəməliydin ki, səni öyrətsinlər, ya da Türkiyəyə və ya Moskvaya getməliydin. Sonradan Almaniya, Amerika çıxdı. Oralarda pulsuz öyrədirlər deyərlərdi. Yəqin ki elə idi, imperiya yatarmiş millətlər mütəxəssisin nə olduğunu anlayırdılar və bilirdilər ki, kəndli birindən də millət üçün dəyərli mütəxəssis çıxa bilər. Amma oralara getmək üçün də pul yox idi. Dövlətin də pulu yox idi. Cəmi 6 nəfər göndərirdilər. Amma o xəyallarda olanlar çox idi. Pul tapmaq da çətin idi. Ən yaxşı pul qazanmaq yolu "talkuçka"da piştaxta götürmək idi. Dostlardan biri isə orijinal bir yol tapmışdı, kiçik bir elektrik qizdirıcısı alıb "Gənclik" metrosunun üstündə sendviç satırdı, pul topladı, Moskvaya getdi. İndi Azərbaycanın tanınmış cərrahlarından biridir. Arada səsi Almaniyadan gəlir. Digərləri başqa ölkələrə getdi, bəziləri özləri özlərini yetişdirdi, fərqli kurslara getdilər, başlarının üstünü sertifikatlarla doldurdular, "Xoşqədəm xanım" da çox dəstək oldu. Deyəsən, hələ də yardımını əsirgəmir. İndi deyilənə görə, İnstaqram daha güclü mövqedədir. Beləliklə, səhiyyəmiz çoxlu gözəl mütəxəssislər qazandı. Xeyli “Öz özünü inşa etmiş insan”lar formalaşdı. Onların hər biri fərqli tarixçəsi olan uğurlu insanlardır. Fəxr etməliyik! Amma gördüyüm qədəri ilə onların sistemlə münasibətində problemlər mövcuddur. Onlardan inkişaf etməli olan səhiyyə üçün gözləntilər artıb. Bu səbəbdən problemlər dərinləşir. Elə burada keçirəm işin məğzinə, söhbətin ən çətin yerinə... Bu çətin yollardan keçib özünü təsdiq etdinsə, səviyyən orta sistem səviyyəsindən bəzən dəfələrlə yüksək olur. Bu yüksəkdə durmanı heç də hər kəs idarə edə bilmir. Bəzən də haqlı olaraq. Çünki etmək istədiklərin çərçivəyə sığmır. Ətrafdakılar kim olduğunu bilsələr də, səninlə çox uğraşmaq istəmirlər. Onlar öz kiçik rutin həyatlarını yaşamaq istəyirlər. Hamı sənın kimi iddialı deyil ki. Məcburi uzaqlaşırsan. Ya da münaqişələr yaranır. Bu münaqişələr bəzən elə ciddi olur ki, sənin həyatında dərin iz buraxır. Onu yaddan çıxara bilmirsən. Məsələn, belə gənclərdən biri son zamanlar Amerikaya getməzdən öncə işə gəlmədiyi üçün universitet məhkəməyə verilir və s. O gəncə elə od vurursan ki, Amerikada gözəl mütəxəssis olsa da, bir daha özünə gələ bilmir. Halbuki, o orada yüzlərdən, minlərdən biridir, burada “ən”lərdən olmaq istəyirdi. Amma öz rutinini pozmaq istəməyən mövcud komanda üçün baş ağrısı idi. Öz yüksəlişini hiss edən, ancaq istəkləri yerinə yetirilməyən bu mütəxəssislər məcburən sistemdən çıxmalı olurlar və bir "qusurlu dövran" yaranır. Beləliklə, bu gün səhiyyə strukturlarının mübarizə apardığı ən ciddi problem ortaya çıxır - mütəxəssis çatışmazlığı. Onları saxlaya bilmirsən, çox güclüdürlər. Hər birinin də istəyi fərqli olur. “Öz özünü inşa etmiş insan” fenomenin də yaratdığı əsas problem məhz budur, hamısına eyni yanaşmanı tətbiq edə bilmirsən. İkisini bir araya gətirə bilmirsən. Hətta ən yüksək səviyyədə xahiş (tələb yox, xahiş!) gəlsə belə, hər biri öz həqiqətlərini əsas götürür və "stəkanda fırtına" başlayır. Sistem onlardan tələb də edə bilmir, çünki alternativi yoxdur. Onlar da bəzən özləri də bilmədən alternativləri məhv edirlər. Beləliklə, özü özünü yaradan insan mənim paylaşdığım şəkildəki kimi, gözəl və pozitiv olmur, monstra çevrilir. Ortaya maliyyə məsələsi də çıxır. Çünki sən artıq sistem ortalamasından çox yüksək məbləğ qazanırsan və öz mini-sistemini formalaşdırmısan, onu saxlamaq isə maliyyə tələb edir və beləliklə, uzaqlaşıb özəl fəaliyyət formalaşdırırsan. Hətta özünə məxsus "təhsil sistemi", idarəetmə üsulları yaradırsan. Dövlət səndən geri dönməni istəyərsə, orada məhz bu sistemin qurulmasını tələb edirsən. Amma say yüzlərcə olunca, hər kəsin özü qurduğu sistem "error" verir. Özü özünü inşa etmiş mütəxəssislər üçün əslində çıxıb kənarda öz işini görmək normaldır, elə deyilmi? "Bacarana baş qurban" demirdilərmi? Deyə də bilərsən ki, səndən bir şey istəmirəm, əl çək məndən, öz əlim, öz başım. Amma elə deyil, sistemin özəl xidməti ala bilməyəcək xəstələrə xidmət üçün sənə ehtiyacı var. Eyni zamanda sənin gəncliyində olduğu kimi, öyrənməyə ac olan gəncləri yetişdirmək üçün mütəxəssis gərəkdir. Almaniyaya qaçır hamısı. Onları saxlamaq lazımdır. Hər problemdən çıxış yolu var. Bu problem də həll ediləcək. İnkişaf edən iqtisadiyyat, Qarabağ zəfəri əldə etmiş millətin istəkləri bunu qaçılmaz edir. “Özü özünü inşa etmiş insan” mütəxəssislərdən dövlət “gözəllərini” seçər və ovuc içərisində saxlayar, onlara yeni gəncləri yetiştirmək imkanı yaradar ki, gələn nəsil də eyni yolu tutmasın. “Monstr” roluna girmişlərə də yolu açıq saxlar. Nə zaman istərlərsə, gələrlər. Amma şərtlər fərqli olar təbii ki. Ya da təqaüdə gedərlər. İnsan, xüsusilə də həyatının başlanğıcında ən kiçik hesab edilən bir yaxşlığı belə unutmaz. Sənin ona inkişafı üçün verdiyin 1000 manat belə onu sonunda milyonlar qazandıracaq bir mütəxəssisə çevirər və sən onu ən zəif zamanında dəstəklədiyi üçün qazanarsan. Heç də hamının çörəyi dizinin üstündə deyil. Yeni təqaüd proqramları bir-birinin ardınca açılar, fondlar, layihələr, imkanlar göydən yağış kimi yağar. Kim hara istərsə, öyrənmək üçün gedər, təki sən öyrənmək istə. Mənim sonuncu çinli PhD tələbəm klinikasının təqaüdü ilə üç ildir çalışır. Bu günlərdə geri dönəcək. Hətta bir zaman gələcək ki öyrənmək həvəsi olan gəncləri tapmaq üçün günün günorta çağı lampa ilə küçə-küçə gəzmək lazım olacaq. O zaman qonşu və uzaq ölkələrdən gəlib iş axataracaqlar, beləliklə, “Özü özünü inşa etmiş insan”ların idarə etdiyi sistem özü özünü inkişaf etdirən və digərlərinə nümumə olan bir sistemə çevriləcək. “Özü özünü inşa etmiş insan”lar yenə yaranacaq, amma cəmiyyətə pozitivlik verən istiqamətdə formalaşacaqlar.

Pediatrdan məktəb çantaları ilə bağlı xəbərdarlıq

Pediatr Vaqif Qarayev məktəbli çantaları ilə bağlı valideynlərə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşımında bildirib. "Oturuşmuş normalar var: ibtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kq ağırlığında olmalıdır. Bu belədirmi? Xeyr, belə deyil! Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb çantaları müxtəlif lazımsız vəsaitlərlə doldurur. Hətta eyni məktəbin bir sinfində sanitar normalara əməl edilir, digərində isə hər gün valideynə nəsə aldırırlar. Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır çantaları kürəyində daşımasıdır", - pediatr qeyd edib.

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Mourinyo "Fənərbağça"dan rəsmən GETDİ

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat paylaşıb. Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024/2025 mövsümündən "Fənərbağça"ya rəhbərlik edirdi.

“Gediş haqqının 1 manat olması yolverilməzdir!” – Ekspertən sərt açıqlama

“Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı iictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm.” Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. Onun fikrincə, vaxtı ilə gediş haqqının 50 qəpiyə qalxmasının iqtisadi əsası var idi, amma 1 manatlıq gediş haqqı artıq yol verilməzdir: “Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir. Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır. Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir. Əlqərəz, əgər kimlərsə nəbzi yoxlamaq məqsədilə belə bir manevr edirsə, yekunda bu niyyət yuxarı qərarvericilər tərəfindən dəstəklənməməlidir.”Bakupost)

“Eməni soyqırımının tanınması bizə heç nə vermir” – Paşinyandan Netanyahuya etiraz

"Erməni soyqırımının tanınmasının xarici siyasətçilərin əlində geosiyasi alver vasitəsinə çevrilməsinə ehtiyac yoxdur". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyandeyib. O, İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı"nı tanımasını tənqid edib: “Biz anlamalıyıq: doğrudanmı istəyirik ki, erməni soyqırımının tanınması bizim reallığımızla və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alətə çevrilsin?” Onun sözlərinə görə, Netanyahu tərəfindən səsləndirilən bu bəyanat nə Ermənistan Respublikası, nə də onun əhalisi ilə əlaqəlidir. Paşinyan vurğulayıb ki, "soyqırımı"nın tanınması ölkəyə heç bir fayda vermir.

Tramp rus casusudur - Portuqaliya prezidenti

Donald Tramp hazırda Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına dəstək verməklə sovet casusu kimi çıxış edir. Sozcu.az CNN-ə istinadla xəbər verir ki, bunu Portuqaliya prezidenti Marselo Rebelo de Sousa bildirib. "Dünyanın ən böyük fövqəldövlətinin lideri obyektiv olaraq sovet və ya rus casususdur. O, casus kimi fəaliyyət göstərir. Obyektiv desək, Amerikanın yeni rəhbərliyi strateji baxımdan Rusiya Federasiyasına şərait yaradıb", - deyə o vurğulayıb.  De Sousa əlavə edib ki, Tramp həm Ukrayna, həm də Avropanı istisna olmaqla, yalnız tərəflərdən biri ilə danışıqlar aparmaq istəyir.

Rus ordusu darmadağın olunur: 23191 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1283-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 080 480 hərbçi, 11 143 ədəd tank, 23 191 ədəd zirehli döyüş maşını, 32 125 ədəd artilleriya sistemi, 1 476 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 213 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 60 116 ədəd avtomobil texnikası, 54 375 ədəd PUA, 3 626 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 952 xüsusi avadanlıq itirib.

Hərbi müxbirlər fəryad edir: Rusiya artıq qoruya bilmir...

Rusiya neft emalı zavodlarına hücumlar inflyasiyanı sürətləndirəcək və Rusiyada iqtisadi vəziyyəti daha da pisləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya hərbi müxbirləri artıq problemlə bağlı fəryad edir: “Onlar vətəndaşların artıq hiss etməyə başladığı benzin qiymətlərinin artmasının nəticələrindən danışmağa başlayıblar. Arxa cəbhədəki hədəflərə zərbələr Rusiya üçün ən ağrılı məsələlərdən biri olaraq qalır və eyni zamanda hakimiyyətin kritik infrastrukturu qorumaq qabiliyyətinə inamı sarsıdır. Rusiya informasiya məkanı ölkə rəhbərliyini hərbi infrastrukturları Ukraynanın PUA zərbələrindən qoruya bilməməkdə ittiham edir. Ukraynanın uzaq mənzilli pilotsuz təyyarələri bu ağrılı nöqtəyə zərbələr endirməkdə davam edir”.

Namiq Qaraçuxurlu Rusiyaya buraxılmadı

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb. Sozcu.az olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.  İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.  İlkin Şükürov hadisəni təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.

“Bu ərazilər Azərbaycana məxsusdur” - Paşinyan

Ermənistan ərazisində Azərbaycana məxsus anklavlar var. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Eksklav-anklavlar mövzusuna gəlincə, mən əvvəllər bu mövzuya ətraflı toxunmuşam və bu da həll edilməli olan məsələdir. Hətta mən və Ermənistan hökuməti və Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilməz”, - baş nazir qeyd edib. N.Paşinyan bunların suveren Azərbaycan əraziləri olduğunu, bunun Almatı bəyannaməsində əks olunduğunu vurğulayıb. Ermənistan baş naziri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib. Xatırladaq ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri yerləşir.

Ukrayna və Rusiyanın müharibəyə baxış fərqi

Ukrayna bu gün iki neft emalı zavoduna zərbə endirib: Kuybışev Neft Emalı Zavodu (Samara vilayəti) və Afipsk Neft Emalı Zavodu (Krasnodar diyarı). Kuybışev Neft Emalı Zavodunun ildə 7 milyon ton neft emalı gücü var və bu, Rusiyanın ümumi emalı həcminin 2,5%-idir. Afipsk Neft Emalı Zavodu isə təkcə sənaye obyekti deyil, həm də Rusiyanın mühüm hərbi infrastruktur elementidir. Bu zavod ordu tərəfindən istifadə olunan dizel yanacağı və aviasiya kerosininin təchizatı üçün əsas mərkəzdir. Afipsk Neft Emalı Zavodunun ildə 6,25 milyon ton neft emalı gücü var və bu, ümumi həcmin 2,2%-idir. Ukrayna, danışıqlardakı mövqelərini gücləndirməyin yolunu belə görür və bu yolla buna nail olmağa çalışır. Rusiya isə danışıqlardakı mövqelərini gücləndirməyi Kiyevdəki 5 və 16 mərtəbəli binaları, yuxuda olan insanları, uşaqları, sərnişin qatarlarını və s. məhv etməkdə görür. Rusiya və Ukraynanın müharibəyə münasibət və yanaşması arasında fərq də məhz budur. P.S. Şəkil bu gün səhər Kiyevdə çəkilib. Kamran Cəfərov, politoloq

Ərdoğan qılıncı qınından çıxaracaqmı?

Malazgirt Zəfərinin 954-cü ildönümünə həsr olunmuş tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qılınc qınından çıxarsa, qələmə və sözə yer qalmaz” sözləri Ankaranın Suriyanın bütövlüyünü qorumaq, kürd müxtariyyatının yaranmasının qarşısnı almaq üçün hərbi qüvvədən istifadə edəcəyi görüntüsü yaratsa da, bunun mümkünsüz olacağını söyləməyə borcluyuq. Suriyanın daxilində və ətrafında yaranmış vəziyyət Ankaranın hərbi müdaxiləsinin təhlükəli olacağını aydın göstərdiyi kimi, digər amillər də Türkiyənin belə bir addımının fəlakətə səbəb olacağını aydın göstərir.  Suriyada kürdlərlə yanaşı druzlar və ələvilər də müxtariyyat iddiasındadır. Druzlar hətta bu məsələdə kürdləri qabaqlayırlar və müxtariyyatın təməllərini yaratmağa başlayıblar. Ələvilər də artıq müxtariyyat üçün hərəkətə keçiblər. Belə bir vəziyyətdə Ankaranın hərbi müdaxiləsi Suriyadakı etnik və məzhəb qarşıdurmasının Türkiyəyə ixracına səbəb olacaq.  Suriyanın güclü radikal sünni dövlətinə çevrilməsinin ərəb təhlükəsini dəfələrlə artıracağı sübuta ehtiyacı olmayan məsələdir. Qərb mərkəzləri ərəblər arasında radikallığın artdığını açıq əndişə ilə izləyirlər. Araşdırmalar nəticəsində məlum olub ki, ərəblər arasında yeni doğulan oğlan uşaqlarına verilən adlar arasında İsrailin öldürdüyü HƏMAS lideri Yəhya Sinvar ismi hətta İslam peyğəmbərinin də ismini ötüb. Müşahidəçilər oxşar vəziyyətin 1991-ci ildə yaşandığını bildirirlər. İrakın o zamankı lideri Səddam Hüseyinin şərəfinə övladına “Səddam” ismini verənlər arasında Liviyanın indiki lideri Xalifa Haftar da var.  Bütün ərəb çoğrafiyasında radikal islamın gücləndiyi bir zamanda Suriyanın güclü radikal sünni dövlətinə çevrilməsi Yaxın Şərqdə həyati əhəmiyyəti olan bütün böyük dövlətlərin maraqlarını təhdid edir. Yaxın Şərqin tarixini bilənlər Suriyanın nə qədər böyük əhəmiyyətə malik olduğunu bilirlər. Buna görə də Suriyada güclü radikal sünni dövlətinin yaranmasına imkan verməyəcəklərini əminliklə söyləyə bilərik.  Ankara özünü bu alovun içərisinə atsa, Ərdoğanın təbirincə desək, qılıncı qınından çıxarsa bu Türkiyə üçün böyük fəlakətə səbəb olacaq. Türkiyə Suriyada Rusiyanın Ukraynada düşdüyü bataqlığından böyük bataqlığa düşəcək. Çünki, Rusiyadan fərqli olaraq Türkiyənin uzun müddətli hərbi münaqişə üçün iqtisadi resursları mövcud deyil. Xəqani Cəfərli, politoloq

Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir

Rusiyanın ötən gecə Kiyevə şiddətli raket-dron hücumları nəticəsində: - "Bayraktar" dron zavodu 2 raketlə vurulub; - Azərbaycan səfirliyinin binasının 100 metrliyinə raket atılıb, səfirliyin pəncərələri sınıb, damında çatlar yaranıb; - Britaniya Şurasının binasına zərər dəyib; - Avropa Birliyi nümayəndəliyinin ofisinə zərər dəyib. Kiyevdə 4-ü uşaq, 18 dinc sakin həlak olub. Xarkovda ölənlər arasında bir azərbaycanlı da var.  Bir həftə əvvəl isə Rusiya Ukraynanın Mukaçovo şəhərində yerləşən ABŞ şirkətinə məxsus müəssisəyə raket zərbəsi endirmişdi. Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir.  ABŞ başda olmaqla, müasir dünya nəhayət anlamalıdır ki, Rusiyanın başındakı obsessiv sindroma düçar olmuş psixopatı dialoq yoluyla, qabağından geri çəkilməklə dayandırmaq mümkün deyil. Əksinə, bu cür hərəkət etmək, yəni zəiflik nümayişi onun aqressiv-heyvani instinktlərini daha da tətikləyir.  Hətta Ukrayna ilə bağlı bütün tələbləri yerinə yetirlisə belə, rus imperializmi (məsələni sırf Putinin personası ilə məhdudlaşdırmaq doğru olmaz) dayanmayacaq, sadəcə, öz itkilərini, çatışmazlıqlarını kompensasiya edərək növbəti ekspansiyalar üçün ciddi hazırlığa başlayacaq. Bunun dərk edilməsi üçün daha nələr baş verməlidir, bilmirəm. Şahin Cəfərli, politoloq

Valideynləri tərəfindən döyülən körpə Bakıya gətirildi

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpənin vəziyyəti açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 27-də saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib. Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Məlumat üçün qeyd edək ki, 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək", - məlumatda qeyd olunub. 

Sabah 3 itkin şəhid dəfn olunacaq

Sabah daha 3 itkin şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, hərbçi Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında, hərbçi Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, hərbçi Kərimov Natiq Zeynal oğlu Qax rayonu, Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Ali məktəblər Bakıdan bu regiona köçürülməlidir, başqa yol yoxdur

Universitetlərin hamısı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan universitet nəyə lazımdır ki?! BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün universitetlər regionlara, əsasən də Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir, başqa yol yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır: “Xankəndidəki Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa milkiyyət məsələsi həll edilməlidir. Universitet şəhəryaradan müəssisədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq...”

İran daha bir güneyli körpəyə adına görə şəhadətnamə vermədi

İranın Culfa şəhərinin Vətəndaş Qeydiyyatı İdarəsi Əlihan adı seçildiyi üçün güneyli ailənin körpəsinə doğum şəhadətnaməsi verməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə uşağın atası “Balamın Adı” kampaniyasına bildirib. O, uşağın adının sistemdə olmaması və türk-ərəb mənşəli olması səbəbilə idarənin əməkdaşlarının bu ada qarşı çıxdığını bildirib. Valideynlər məhkəməyə müraciət etsələr də, 85 gün keçməsinə baxmayaraq, proses hələ başlamayıb. Körpə bu müddətdə sənədsiz qaldığından peyvənd və tibbi xidmətlərdən istifadə edə bilmir.

Sabah hava necə olacaq?

Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycana qaçaqmalçılıq yolu ilə 62 kq narkotik gətirildi

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb. Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Xaricdə onlayn təhsillə bağlı Xəbərdarlıq

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.  Sozcu.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada qeyd olunub.   Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir: “Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Açıqlamada, həmçinin qeyd olunub ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu  halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir. Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik”. Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.

Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində tarixi addım kimi qiymətləndirilir. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma regionda yeni siyasi və iqtisadi imkanlar yaradır. Sozcu.az-ın məlumatına görə, bu barədə "Foreign Policy" jurnalında dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi ABŞ Milli Müdafiə Universitetinin Strateji Tədqiqatlar İnstitutunun araşdırmaçısı Ceffri Mankoffdir. O yazır ki, razılaşma yalnız Bakı və İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. ABŞ uzun müddətdən sonra postsovet məkanında ən böyük diplomatik təşəbbüslərindən birinə imza ataraq bölgəyə qayıdışını nümayiş etdirdi. Mankoff hesab edir ki, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi yeni reallıq yaratdı. Paşinyan bu məğlubiyyət fonunda sülhün zəruriliyini qəbul etdi, Bakı isə üstün mövqeyindən çıxış edərək daha sərt şərtlər irəli sürdü. Sazişə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur. Ən mübahisəli məqam Naxçıvana gedən dəhliz ilə bağlıdır. Azərbaycan bu yolun maneəsiz açılmasını tələb edir, Ermənistan isə suverenliyinə təhlükə yarada biləcək xarici hərbi nəzarətə qarşı çıxır. ABŞ diplomatiyasının əsas yeniliyi dəhlizin inkişaf hüquqlarının eksklüziv olaraq Vaşinqtona verilməsi təklifidir. Digər mühüm məsələ Ermənistan Konstitusiyasına dəyişikliklərdir. Razılaşma hər iki ölkə üçün mühüm faydalar vəd edir. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əldə edərək enerji və infrastruktur layihələrinə sərmayə cəlb edə, həmçinin müdafiə sahəsində məhdudiyyətlərin aradan qalxmasına nail ola bilər. Ermənistan isə uzun illərdir bağlı olan sərhədlərin açılması, Türkiyə ilə normallaşma və regional ticarət şəbəkələrinə qoşulmaq imkanı qazanır. Bu proses “Orta Dəhliz” layihəsini gücləndirərək regionu Avropa və Asiya arasında strateji körpüyə çevirə bilər. Bununla belə, risklər də az deyil. Ermənistanda siyasi qeyri-sabitlik və çevriliş cəhdləri, Rusiyanın və İranın kəskin narazılığı, habelə ictimai etimadın zəifliyi sülh prosesini çətinləşdirir. Moskva artıq Ukraynada Azərbaycan şirkətlərinə məxsus obyektlərə hücum etməklə xəbərdarlıq edib, İran isə ABŞ-ın bölgədə möhkəmlənməsini açıq şəkildə rədd edir. Müəllifin qənaətinə görə, bütün risklərə baxmayaraq, bu sənəd Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edir. Bu addım yalnız siyasi liderlərin cəsarətini deyil, həm də ABŞ və Fransanın diplomatik səylərini əks etdirir. Onilliklərdir davam edən münaqişənin sonlanması, regionun inteqrasiyası və beynəlxalq güclərin maraqlarının yenidən formalaşması Cənubi Qafqaz üçün yeni perspektivlər açır. Mankoff yazır ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması hələ yekun sülh sənədi deyil. ABŞ administrasiyası bu ilkin sazişin gələcəkdə tam sülh müqaviləsinə çevriləcəyini gözləyir. Məqalədə göstərilir ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanıb ratifikasiya olunacağına ümid edir. Yəni 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd yalnız çərçivə razılaşmasıdır, əsas sülh sazişinin isə 2026-cı ildə rəsmiləşdirilməsi planlaşdırılır.modern)

Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi - Atası tutuldu

Ağdamda azyaşlı valideynləri tərəfindən işgəncəyə məruz qalıb. Sozcu.az xəbər verir ki, körpənin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb. 13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi rayon məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.  Azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.   Faktla bağlı araşdırma aparılır.

Bakının üç rayonunda söküntü olacaq - ÜNVANLAR

Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək. Sozcu.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq. Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək. Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib. Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır: Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39 Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6 Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43 Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur. Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.