İcra başçısının qardaşının özünü öldürməsi ilə bağlı - Yeni məlumatlar

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində intihar edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Azay oğlu Qaraşovla bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb. Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib. Hadisə yerinin araşdırılması zamanı evdən beşatılan növ tüfəng aşkar edilib. A.Qaraşovun qarnından aldığı xəsarətlərdən ölümü müəyyən edilsə də, hadisə vaxtı evin tavanında da güllə izləri müəyyən edilib. Tüfəng və digər maddi sübutlar prokurorluq əməkdaşları tərəfindən götürülüb. Müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyəti hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsi barədə məlumat yayıb.

İnstitut: Ukrayna Ordusu ciddi şəkildə əks-hücum əməliyyatına başlayıb və Rusiyanın müdafiəsini yarıb

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində iri mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb və ehtimal ki, Orexovun cənubunda müəyyən mövqelərdə Rusiyanın müdafiəsini yarıb. Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnsitutunun analitikləri gəlib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr və bir neçə rusiyalı müharibəmeyilli bloqçular Robotino kəndi istiqamətində (Orexovodan 10 km cənubda) Ukraynanın cəbhədən hücumu barədə məlumat veriblər. Geolokasiya görüntüləri göstərir ki, USQ hücum zamanı Robotinodan 2,5 kilometr şərqdə irəliləyib. Lakin Rusiya qüvvələri çevik müdafiə taktikasından istifadə edərək Ukrayna əsgərlərini qismən geri çəkiblər. İnstitutun materialında qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əməliyyat üçün bölgəyə yeni qüvvələr yeridib, Rusiya qoşunları isə, görünür, bu sektorda rotasiya, yardım və ya əhəmiyyətli gücləndirmə olmadan cəbhə xəttində sıxışdırılıb. Bu vəziyyət Ukraynaya yaxın həftələrdə Orexovun cənubunda daha uğurlu irəliləməyə başlamağa imkan verə bilər. Anonim iki Pentaqon rəsmisi Ukraynanın əks-hücumunun “böyük zərbəsinin” ciddi şəkildə başladığını açıqlayıb.

ABŞ institutu: "Rusiya Ermənistanla Azərbaycan arasında effektiv sülh sazişinin müzakirəsindən yayınır"

“İyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya Ermənistanla Azərbaycan arasında tərəflərin müxtəlif mövqelərini dəstəklədiyini bildirsə də, uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa davam edib”. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Qeyd olunub ki, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir: “Canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. Bəzilərinin fikrincə, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir”. Amerikalı analitiklərin fikrincə, Ermənistan Azərbaycanla son hərbi gərginliklər zamanı İranın “Shahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib: “Ola bilsin, Moskvada keçirilən üçtərəfli görüşdə bu məsələ də müzakirə edilib. İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”. Qeyd edək ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Danışıqlar S.Lavrovun təşəbbüsü ilə baş tutub.

Bakı və Gəncədə iki yeniyetmə itkin düşüb

Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb. Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Faktlarla bağlı araşdırma aparılır.

Pentaqon: “Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır”

“Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır”. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusu hazırda Zaporojye istiqamətində ciddi əks-hücum əməliyyatları keçirmək niyyətindədir. Qeyd edilib ki, əməliyyat uğurlu başlasa, 2-3 həftə davam edə bilər. Bunun da Ukrayna üçün ciddi sınaq olacağı bildirilib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Çanaqqala meşələrində yanğın başlayıb - FOTO

Çanaqqala mərkəzinin Sarıbeyli kəndi yaxınlığındakı meşədə yanğın baş verib. Məlumata görə, yanğını küləyin təsiri ilə genişlənir və böyüyür. Bölgədə 35 suçiləyici maşın, 5 buldozer, 3 yanğınsöndürmə briqadası, 8 ilkin müdaxilə maşını, 8 su təchizatı maşını, 4 inşaat maşını, 300 canlı qüvvə 80 jandarm fasiləsiz olaraq iş aparır. Yanğının yaşayış məntəqələrinə də keçmək təhlükəsi var. Hazırda yanğınla mübarizə işləri davam etdirilir.

Bu vərdişlər ömrü 24 il uzadır

Amerikalı tədqiqatçılar ömrü təxminən dörddə bir əsr uzada biləcək yaxşı vərdişlərdən danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Amerika Qidalanma Cəmiyyətinin illik toplantısı olan NUTRITION 2023-də təqdim olunan Million Veteran Proqramının araşdırmasına görə, elm adamları ömrü uzatmaq üçün ən təsirli səkkiz vərdişin adını açıqlayıblar. Tədqiqatda 40-99 yaş arası təxminən 720 min müharibə veteranı iştirak edib. Mütəxəssislər iştirakçıların hər birinin həyat tərzini öyrənib və hansı vərdişlərin ömür uzunluğuna müsbət təsir etdiyini müəyyən ediblər. Onların məlumatına görə, bu səkkiz vərdişin həyata keçirilməsi artıq 40 yaşı olanların ömrünü 24, 50-dən yuxarı olanların ömrünü 21, 60-dan yuxarı olanların isə 18 il uzadacaq. Deməli, ömrü uzatmağın ən təsirli yolu fiziki məşqdir. Tədqiqatın aparıcı müəllifi Xuan Mai Nguyenin sözlərinə görə, müntəzəm və çox idman edən insanlar məşq etməyənlərə nisbətən ömrünü 46 faiz artırır. Gözlənilən ömür uzunluğuna görə siyahıda ikinci yerdə opioidlərdən - həm həkim tərəfindən təyin olunan güclü ağrıkəsicilərdən, həm də qeyri-qanuni dərmanlardan asılılığı olmayan tədqiqat iştirakçıları olub. Bir araşdırmaya görə, müntəzəm opioid istifadəsi ömür müddətini 34 faiz azaldır. Hazırda, sözdə opioid böhranı ABŞ-ın ictimai səhiyyəsində təcili vəziyyətdir. Siqareti tərgitmək də ömrün uzamasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, siqaret çəkməyənlər siqaret çəkənlərdən orta hesabla 29 faiz daha uzun yaşayırlar. Onlar əlavə ediblər ki, hər yaşda pis vərdişdən əl çəkmək sağlamlıq üçün böyük faydalar gətirir. (publika)

Pəhriz saxlamadan arıqlamağın yolu

Mütəxəssislər pəhriz saxlamadan arıqlamağın sirrini açııqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, qidalanma prosesi düzgün təşkil edilsə və zərərli qidalardan imtina olunsa aclıq aksiyaları, pəhrizlər və məhdudiyyətlər olmadan arıqlamaq olduqca mümkündür. Prosesi sürətləndirmək üçün bir neçə fənd bilmək lazımdır. Dietoloqlar sağlamlığınıza zərər vermədən arıqlamağa kömək edəcək bir neçə sadə üsullar açıqlayıblar. Bunlardan birincisi odur ki, səhər yeməyi mütləq yeyilməlidir. Bu sizin gün ərzində harmoniya və rifahınızın açarı olacaq. Tədqiqatçılar yüksək kalorili səhər yeməyi yeyən, lakin nahar və axşam yeməyini yüngül edən insanların günə 300 kalorili səhər yeməyi ilə başlayanlara nisbətən orta hesabla 18 kiloqram daha çox arıqladığını müəyyən ediblər. Çalışın yemək yeyərkən yavaş yeyin. Əksər hallarda bu, həddindən artıq yeməyin qarşısını almaq üçün kifayətdir. Doymaq üçün ən azı 20 dəqiqə lazımdır. Bundan əlavə, bu şəkildə həzm sisteminiz bütün qidaları və mikroelementləri daha tez mənimsəmiş olacaq. Yediyiniz şeyə diqqət yetirmək daha az yeməyə kömək edə bilər. Həm də yeməyinizdən daha çox həzz alacaqsınız. Diqqətinizi televizor, iş, kompüter oyunları, kitab oxumaq və s. Daha tez-tez yeyin, lakin kiçik hissələrlə qidalanın. Bu, maddələr mübadiləsini sürətləndirmək və aclıqdan tamamilə xilas olmaq üçün əla bir yoldur. Pəhriz etmədən belə, gün ərzində aralıqlı yemək yağları daha effektiv şəkildə yandırmağa kömək edəcək. Daha çox sağlam yağlar və daha az yağlı işlənmiş qidalar yeyin. Sağlam yağlar, qəribə də olsa, arıqlamaq prosesində kömək edə bilər. Avokado, zeytun yağı və qoz-fındıqda olan mono doymamış yağlar çox sağlamdır və maddələr mübadiləsini sürətləndirir. Kifayət qədər yatmaq arıqlamağın ən asan yollarından biridir. Yuxunun olmaması iştahı artıran və toxluqdan məsul olan hormon olan leptin səviyyəsini azaldan qrelin istehsalını stimullaşdırır.

"Rakov" - "Qarabağ" matçı 6-cı oldu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları arasında ən çox azarkeş toplayan matçlar açıqlanıb. Sozcu.az xəbər verir ki, 12 qarşılaşmanı ümumilikdə 73 278 tamaşaçı izləyib. “Qarabağ”ın Polşa “Rakov”una səfərdə 2:3 hesabı ilə uduzduğu görüşü 5451 nəfər stadiondan izləyib. Matç bu nəticə ilə 6-cı olub.  Ən çox azarkeşi isə “Servette” (İsveçrə) - “Genk” (Belçika) oyunu toplayıb - 18026 nəfər. Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasındakı cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - TARİX

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

İran Ermənistana hərbi dəstəyi genişləndirir - ABŞ-dan XƏBƏRDARLIQ

Ermənistan Azərbaycanla son hərbi gərginliklər ərəfəsində İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ola bilsin ki, Moskvada keçirilən XİN başçılarının sonuncu üçtərəfli görüşündə bu məsələ də müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun gündəlik məlumatında bildirilib. Məlumatda deyilir ki, İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. "Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”, - ABŞ İnstitutunun yaydığı məlumatda vurğulanıb. Amerikalı ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir. Qeyd edilib ki, Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa çalışıb. Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. 

Axtarışda olan 117 nəfər saxlanıldı

Ötən gün axtarışda olan 117 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyulun 26-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını əhəmiyyətli dərəcədə artıraraq gündə 10 dəfəyə çatdırıb. Bu barədə Sozcu.az-a AZAL-dan bildirilib. Məlumata görə, aviaşirkət ehtiyac olduqda sərnişinlərin tələbini ödəmək üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır. Uçuşların tezliyinin artırılması sərnişinlərə Azərbaycanın iki şəhəri arasında səfərlərinin planlaşdırılmasında daha çox çeviklik təmin edəcək. Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir. Bu, onlara ən əlverişli uçuş vaxtını seçmək imkanı verəcək və mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir. Bu ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir. Belə ki, yayın iki ayı ərzində 1 000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb. Bu marşrut üzrə gündə orta hesabla 2700-ə yaxın sərnişinə xidmət göstərilib. Bu iki ay ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən çox reys iyunun 26-da (14 reys) və iyulun 6-da (13 reys) həyata keçirilib.

Türkiyənin bir çox silahları ilə maraqlanırıq - Zakir Həsənov

“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Nazir bildirib ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir: “Bu inkişaf bizi sevindirir. Azərbaycan Türkiyənin hərbi sənayesi ilə yaxından maraqlanır. Biz çoxlu sayda ikitərəfli müqavilələr imzalamışıq. Eyni zamanda bir çox layihələri birlikdə həyata keçiririk”. Z.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə orduda islahatlar aparılır: “Azərbaycan Ordusunun strukturu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır. Odur ki, bizim həm strukturumuz, həm də silahlarımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. İki ölkə liderlərinin bununla bağlı tapşırıqlarını qısa müddətdə yerinə yetirəcəyik”. Qeyd edək ki, Z. Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bakıda 44 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini, 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Rusiyanın itkiləri 245 minə yaxınlaşır

Ukrayna müharibənin 519-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 244 270 hərbçi, 4186 ədəd tank, 8147 ədəd zirehli döyüş maşını, 4745 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 457 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7229 ədəd avtomobil texnikası, 3996 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 708 xüsusi avadanlıq itirib.

Putin ölsə, başsağlığı verməyəcəyik – İrlandiya

Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin ölsə, İrlandiya hökuməti başsağlığı verməyəcək. Sozcu.az xəbər verir ki, bunu İrlandiya Baş naziri Leo Vardakar deyib. Onun sözlərinə görə, İrlandiya nümayəndə heyəti Rusiya prezidentinin dəfn mərasimində də iştirak etməyəcək.

Əncir yığan qadın faciəvi şəkildə öldü

Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq - XİN

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bölgədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib. O vurğulayıb ki, Azərbaycan Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. "Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir", - XİN rəsmisi deyib.

Daha bir hərbçimiz özünü ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Hərbi Prokurorluqdan məlumat verilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilibvə təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

İcra başçısının qardaşı intihar etdi

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib. Sozcu.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib. O, hadisə yerində vəfat edib. Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.

Qusarda itkin düşən şəxs meşədə tapıldı

Qusarda itkin düşən şəxs tapılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

“Qarabağ” Polşaya YOLLANDI: Sabah böyük oyun var

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.  Sozcu.az-ın məlumatına görə, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.  Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.  Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. 

"Azərpoçt" bankları regionlarda təmsil edə bilər

Biz bank kimi fəaliyyət göstərmək əvəzinə prioritet baxımından maliyyə təmsilçiliyi layihəsinə üstünlük veririk. Sozcu.az xəbər verir ki, bunu "Azərpoçt"un İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib. "Böyük şəbəkənin olduğu bankları əməkdaşlığa dəvət edirik. Hansısa bankın, hansısa bölgədə filialı olmadığı halda, "Azərpoçt" üzərindən öz məhsullarını sata, xidmətlərini göstərə bilərlər", - deyə Əfqan Cəlilov bildirib.