Axtarışda olan diktator Putin hansı ölkələrə gedə bilər?..

"Putin həbsdən qorxur, ona görə də ancaq Belarusa gedəcək..." “Rusiya diktatoru Vladimir Putin xaricə getməyə hazırlaşırdı, lakin indi onun səfərləri açıqlanmayacaq, çünki o, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib”. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq İqor Eydman Ukraynanın “Kanal 24” kanalına şərhində deyib. Rusiyalı təbliğatçılar diktator Putinin xarici səfərlər planlaşdırdığını bildiriblər. Politoloq hesab edir ki, burada yəqin ki, Belarusa səfərlərdən söhbət gedir. "Bu iki kloun bir-birini əyləndirir. Onlar inanılmaz tezliklə görüşürlər. Düşünürəm ki, Lukaşenko Putinlə öz yüksək vəzifəli məmurlarından daha tez-tez görüşür", - İqor Eydman hesab edir. Həmçinin, politoloqun fikrincə, diktator Rusiya Federasiyasının protektoratı altında olan Mərkəzi Asiya ölkələrinə də gedə bilər. Bir də istisna Putinin Çinə səfəri ola bilər. Xatırladaq ki, Putin Hindistanda keçiriləcək “G20” sammitinə getməkdən imtina edib.

Günün qoroskopu: Diqqətli və sayıq olun

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Ancaq saatlar keçdikcə problemlərin sayı artacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Problemləri ürəyinizə salmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla müqayisədə sədləri daha tez dəf edə bilərsiniz. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. İşgüzar münasibətləri romantik təmaslara çevirməyin. Səfər və ya köç üçün əlverişli zamandır. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Buğa - uğurlar və qələbələr önəmlidir. Amma işlərin gedişatına aldanaraq kiçik problemlər və nöqsanları qulaqardına vurmayın. Diqqətli olun. Sərvaxt davransanız, bir sıra çətinliklərin qarşısını ala bilərsiniz. Yaşamın bu çətin, ağır dönəmində ruhdan düşməyin. Yaman günün ömrünə az qalıb. Günün ikinci yarısı yeni tanışlarla təmaslar üçün əlverişlidir. Onlardan dəyərli məlumat və faydalı məsləhətlər ala bilərsiniz. Alış-veriş uğurlu olacaq. Yalnız zərurət duyduğunuz nəsnələri alın. Əkizlər - qarışıq gündür və işlər asan deyil. Amma məqsədə aparan yolda dəfn edilməsi mümkünsüz sədlər, maneələr yaranmayacaq. Sadəcə, irəliləyiş adi günlərlə müqayisədə bir qədər zəif olacaq. Şərtlərə üsyan etməyin. Situasiyadan öz maraqlarınız üçün yararlanmağa çalışın. Günün ikinci yarısı yeni taktika ilə strategiyanı düşünmək, planları reallaşdırmaq üçün pis deyil. Yaşam potensialının səviyyəsi azalacaq. Özünüzü qoruyun. Rasiona fikir verin, sağlam qidalanın. Belədə səhhətinizdə problemlərdən qurtula bilərsiniz. Məişət kimyası ilə ehtiyatlı olun. Allergik reaksiya ehtimalı yüksəkdir. Xərçəng - soyuqqanlı olun. Təmkin və məntiq bu gün ən yaxşı dostlarınız olmalıdır. Dürüst qərarları tapmaq çətin deyil. Situasiyanı aydınlaşdırın, nə zaman hansı addım atmağın gərəkdiyini müəyyənləşdirin. Yalnız məntiqinizə güvənin. Yaxın ətrafınızdakı insanların məsləhətləri o qədər də yaxşı deyil. Günün ikinci yarısında şəxsi həyatınızda müəyyən dəyişikliklərə başlamaq olar. Tələskənliyə yol verməyin. Yeniliklər mərhələlərlə olmalıdır. Qərarlarınızı açıqlayanda kəmhövsələlik etməyin. Şəxsi münasibətləri aydınlaşdırmaq istəyini təxirə salın. Dəqiq fəaliyyət planınız olmalıdır. Şir - günün ilk yarısı laübəli, qarışıq olacaq. Rəqiblərlə bədxahlar adi günlərdən fərqli olaraq indi daha aktiv, daha aqresivdirlər. Onlar sizə pislik etməyə, işlərinizə pəl vurmağa çalışırlar. Tələlərdən yan keçin. Belə əməllər səy və vaxt tələb etdiyindən işlərinizdə gecikmələr ola bilər. Günün ikinci yarısı daha sakit, münasib olacaq. Əvvəllər başladığınız işləri bitirin. Planlarınızı daha da konkretləşdirin və onları həyata keçirin. Təyin olunmuş görüşləri unutmayın. Axşam saatlarında normal istirahət edin. Qız - müsbət təmayüllərin təsiri çoxdur. Gün pis deyil. İşlərinizdə əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Həmişə sizə mane olmağa çalışan insanlar bu gün bir qədər passiv olduqlarından yaxşı şanslar yaranıb. İşgüzar danışıqlar, tanışlıqlar, habelə potensial sifarişçilərlə görüş üçün münasib zamandır. Günün ikinci yarısında pozitiv olun. Yaxın ətrafınızdakı insanları da bədbinliyə qapılmağa qoymayın. Qəfil etiraf və ya dəvət ola bilər. Tərəzi - mənasız hisslər, əssassız təlaş və emosional gərginlikdən qorunsanız, gün pis alınmayacaq. Buna nail olmaq üçün ilk əvvəl təmas və ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın. Qalmaqal yaradan, davakar insanlardan uzaq olun. Təmkinli, soyuqqanlı davranın. Günün ikinci yarısında yaşananları emosional dəyərləndirməyin. Obyektiv olun. Hadisələr başlanacaq fəlakət və ya həyat dramının ilkin mərhələsi deyil. Hansısa iş alınmayanda təşvişə qapılmayın. Hər şey yaxşı olacaq. Əqrəb - intensiv və məhsuldar yaradıcılıq axtarışları zamanıdır. Aktiv olun. Ən adi, rutin və cari məsələlərin həllində süst davranmayın. Ağır situasiyalarda uğur qazanmağa çalışın. Yeni layihəyə başlamaq üçün münasib zamandır. Sizə inanan və bel bağlayan insanlara dürüst yol göstərməyə can atın. Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Təşəbbüskar olun, geri çəkilməyin. Yeni tanışlıqlar istisna deyil. Çalışdığınız insanların rəğbətini qazanın. Axşam saatlarını özünüzə həsr edin. Oxatan - hadisələrlə zəngin gündür. Yaşanan olayları tez-tələsik dəyərləndirməyin. Məntiqli və soyuqqanlı olun. Yaxın gələcəklə bağlı planlar qurun. Daha sonra isə həmin planları konkretləşdirin və real işlərə başlayın. Situasiya hadisələrdən asılı olaraq bəzi düzəlişlər tələb edəcək. Günün ikinci yarısında bilin ki, yeniliklər və dəyişikliklər həmişə pis deyil. Sadəcə, şərtlərin fərqli hal ala biləcəyini ehtiva edin. Axşam saatlarına yaxın qeyri-adi, maraqlı insanlarla yaddaqalan ünsiyyət olacaq. Romantik macəra istisna deyil. Fəqət belə təmaslar ciddi münasibətlərin təməli olmayacaq. Səfərə yollanmaq olar. Oğlaq - insanlar və hadisələrlə bağlı tələsik, düşünülməmiş qərar verməyin. Detalları daha diqqətlə, təfərrüatlı şəkildə təhlil edin. Əks təqdirdə səhvlərə yol verəcəksiniz. Günün ikinci yarısında yanlışlıq olarsa, bunu etiraf edin. Onsuz da, ağır olan situasiyanı daha da çətinləşdirməyin. Problemləri tələsmədən, ağılla həll edin. Diqqətli və sayıq olun. Məşğul olduğunuz işə laqeyd yanaşmayın. Yaşlı qohumlarla fikir ayrılıqları və münaqişələr istisna deyil. Bəzi məsləhətlər o qədər də xoş deyil. Dolça - günün ilk yarısı çox əlverişlidir. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşdə həmkarlarla münasibətləri yaxşılaşdırmaq şansları var. Yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz. Bu yaxınlara qədər bədxahlarınız və rəqiblərinizin yanında olan insan sizə yardım edəcək. Günün ikinci yarısında situasiyanı aydınlaşdıran insanlar sizi dəstəkləyəcəklər. Axşam saatlarına yaxın problemlər və xoşagəlməz hadisələr ola bilər. Onlar ailə münasibətlərinə, romantik təmaslara mənfi təsir edəcəklər. Əhvalınız korlanacaq. Balıqlar - bəzi hadisələr gözləntilərinizin əksinə ola bilər. Ümumiyyətlə isə, gün o qədər də pis deyil. Şəraitdəki dəyişikliklərə sürətlə uyğunlaşmağı bacarın. Situasiyadan tez baş çıxarın. Yaxın ətrafınızdakı insanlar davranışınızı bəyənməyə bilərlər. Onlar sizdən əvvəlcədən seçilmiş davranış modelinə riayət etməsini istəyirlər. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizi korlamayın. Onları sevindirməyə çalışın. Axşam saatları ailəvi istirahət, birgə əyləncə üçün yararlıdır. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir.

Qanda şəkəri yüksək olan kişilərdə - 4 intim problem

Çox vaxt kişilər diabet olduğunun fərqinə varmır və simptomları iqnor edir. Əksər hallarda şəkər xəstəliyi onlar intim problemlər səbəbindən həkimə müraciət etdikdə təsadüfən aşkarlanır. Sozcu.az medicina.az-a istinadən xəbər verir ki, müəyyən müddət qanda yüksək şəkər qan damarlarını zədələyir qan dövranını pozur, nəticədə cinsi orqan hissiyatını itirir. Onlarda həm psixoloji, həm fizioloji problemlər başlayır. Qanda təhlükəli şəkərin kişi cinsiyyət üzvlərinə təsirinin siqnalları: - Cinsiyyət üzvü yanında dəridə qıcıqlanma, şişkinlik, qaşınma - Pis qoxu - İntim əlaqə zamanı ağrı - Erektil disfunksiya Cinsi zəiflik diabet xəstələrinin 55%-də yaranır və kişiləri narahat edir. Kişilər getdikcə ereksiya, orqazm, libidonun azaldığını, itdiyini hiss edir, amma bunun səbəbinin şəkər olduğunu düşünmür.

“Nə evim, nə də torpağım var. Nə vaxtacan gözləyim?” - Qarabağ qazisi

“İki ildən çoxdur ki, heç bir yerdə işləmirəm. Bugünədək işlə təmin olunmamışam. Ailəliyəm, iki övladım var. Çox ciddi şəkildə şəxsi evə-mənzilə ehyiyacım var. Amma nə evlə, nə ev tikdirmək üçün torpaq sahəsi ilə, nə də mənzillə təmin olunmuşam. Bilmirəm dədrimi kimə deyim, qulaq asan yoxdur”.  Bunları biləsuvarlı Qazimiz, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı Şamxal Hüseynov dilə gətirib. Qeyd edək ki, Şamxal Hüseyn oğlu Hüseynov 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biridir. 1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.  2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub və 9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib. Bir neçə il NMR-də hərbçi-Gizir kimi xidmət etdikdən sonra 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində.  Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi 44 günlük Vətən Müharibəsinə qatılıb və və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb.  Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb. Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər. Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub. Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub. Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib.  Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir. 35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır. Və özünün də qeyd etdiyi kimi, hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb. Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur, valideynləri ilə bir yerdə yaşayır. Eyni zamanda, ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib. Onun çox ciddi şəkildə həm işə, həm də şəxsi evə-mənzilə ehtiyacı var.  Qazimiz isə çıxış yolu kimi təklif irəli sürür ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində qazilər, şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun… “Bu təklifimi bir neçə dəfə səsləndirmişəm. Biləsuvarda tikmirlər, heç olmasa, yaxınlıqdakı rayonlardan, boş ərazilərdən birində Şəhid və Qazi ailələri üçün çoxmərtəbəli bina tiksinlər və oradan həm bizlərə-qazilərə, həm də şəhid ailələrinə ev-məzil versinlər. Bununla da problem həll olunsun. Çünki bir çox qazilərimiz kimi mənim də şəxsi evə-məzilə ehtiyacım var. Ötən müddətdə hər yerə müraciət etsəm də, müraciətimə cavab verən yoxdur. Bir çox yerlərdə qazilərimiz torpaq sahəsi ilə təmin olunsalar da, bizdə elə hey deyirlər ki, boş torpaq yoxdur. Yaxşı onda nə edim, nə edək? Nə vaxtacan gözləyim, gözləyək? Səhhətim də yerində deyil, dözə bilmirəm…Bir daha qeyd edirəm ki, həm evə, həm də işə ciddi ehtiyacım var. Artıq aidiyyatı qurumlar, şəxslər boş vədlər verməkdən əl çəkib, bu məsələyə bir əncam etsinlər!”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Səfirimizdən Qarabağdakı ermənilərə çağırış

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özünü təcrid etməsi aradan qaldırıldı. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım yola salması ilə bağlı “X” hesabında yazıb. O, sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini vurğulayıb: “Yerli sakinlər Azərbaycanın suverenliyinə, bütövlüyünə və qanunlarına hörmət çərçivəsində ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar”, - diplomat bildirib. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqustun 29-da Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Gömrük Komitəsinin əməkdaşı həbs edildi

Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Urmiyanın sarı maralları Kirmana aparılır

Urmiya gölünün quruması və ekosistemin dəyişməsindən sonra gölün adalarında yaşayan sarı maralların Kirmana aparılması prosesinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Kirman əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mustafa Niktəb məlumat yayıb. O bildirib ki, Kirman indiyə kimi bu növün yaşayış yeri olmayıb: “Bu səbəbdən, əyalətdə sarı maralların yaşayış yerini müəyyən etmək üçün xüsusi araşdırmalar və işlər aparılır. Azərbaycan marallarının Kirmana köçürülməsi Urmiya gölündə baş verən dəyişikliklər, ekoloji problemlə bağlıdır”. Urmiyanın sarı marallarının Kirmana aparılması barədə açıqlama güneyli sosial media istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar bunun Urmiya gölünün bərpa edilməyəcəyinə dair mesaj olduğunu bildiriblər. Qeyd edək ki, bundan əvvəl Urmiya gölü hövzəsində, xüsusən Aşk və Kəbudan adalarında nadir maral növlərindən olan sarı maralın sayı minlərlə olub. Son illər ekoloji fəlakətin genişlənməsi, Urmiya gölünün suyunun quruması və ekosistemin dəyişməsi nəticəsində maralların sayı azalaraq 60-a çatıb.

Rahib Salmanov özünü buna görə öldürüb - Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.

Araikin 6 saatlıq “tş görüşü”nün nəticəsi...

Qarabağdakı separatçıbaşı Araik Arutyunyan “təhlükəsizlik şurası”ndakı müzakirəklərin nəticələrini Xankəndidə meydana toplaşmış ermənilərə təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Separatçıbaşı bildirib ki, “iclas”da Azərbaycan bayrağını təhqir etdikləri üçün “Laçın” postunda tutulan 3 erməni, çörək məsələsi, eləcə də özünün mümkün istefası müzakirə olunub. Arutyunyan hətta orada toplaşanlara söz verib ki, “çörək problemi” bir neçə günə həll olunacaq. Qeyd edək ki, ötən gecə Arutyunyan son vəziyyətlə bağlı “tş üzvləri” ilə görüş keçirib. Görüş 6 saat davam edib. “İclas” müddətində erməni sakinlər meydana toplaşaraq, hansı qərarən verildiyini öyrənmək istəyiblər.

Generalın cinayət işi: büdcəyə 40 milyon ödətdirildi

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə sabiq generalın vəkili Rəşad Mirmehdizadə məlumat verib. Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir. "Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə əlavə edib. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib. Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.

Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu cənub cəbhəsində, Verbove istiqamətində ciddi uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib. “Hücum Novodanilovka-Verbove istiqamətində uğurlu oldu, hərbçilərimiz əldə olunan xətlərdə möhkəmləndilər”, - Kovalyov bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Melitolpol istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib. Sozcu.az Report-a istinadən xəbər verir ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq. Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 552-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 261 840 hərbçi, 4414 ədəd tank, 8579 ədəd zirehli döyüş maşını, 5450 ədəd artilleriya sistemi, 733 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7909 ədəd avtomobil texnikası, 4387 ədəd PUA, 1419 qanadlı raket, 18 gəmi/qayıq, 820 xüsusi avadanlıq itirib.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Konya şəhərində 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Bakı Xankəndiyə humanitar yardım göndərdi

09:28 Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. *** Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Ermənilər Füzulini atəşə tutdu

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft cüzi bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,41 dollara, yüngül neftin bir barreli isə 80,05 dollara satılır.

Rusiya geri çəkilməyə hazırlaşır - Oseçkin

Rusiya Federasiyası əvvəlki kimi döyüşə bilmir və geri çəkilməyə hazırlaşır. Buna görə də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin ləğv edildi, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkov (Qirkin) isə nəzarətə götürüldü. Sozcu.az xəbər verir ki, bunu “Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin deyib. “Sistem tikişlərlə parçalanır. Sistem yorulub. O, 2022-ci ilin yazında və yayında başladığı həcmdə mübarizəni davam etdirə bilməz. Sursatla, orduda xidmət etmək istəməyən, evakuasiya tələb edən çoxlu sayda insanla, ərazilərdə təxribat təlimatları və əmrləri ilə bağlı problemlər yaşanır. Ona görə də şəxsən mən burada sistemin müəyyən dərəcədə geri çəkilməyə hazırlaşdığını görürəm. Super optimist olub müharibənin sabah bitə biləcəyini demək istəmirəm. Amma aydındır ki, Rusiya müharibəni hələ altı ay əvvəl olduğu formatda apara bilməz”, - Oseçkin bildirib.

Azərbaycanda maşın qatara çırpıldı: xəsarət alanlar var

Azərbaycan Dəmir Yollarına məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Bu gün Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlinin doğum günüdür

Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ?  Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir.  Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir.  Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır.  Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi 

Rusiyada yaşayan 1 milyon soydaşımızın başı dərddədir - AÇIQLAMA

"Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, soydaşlarımız qəbul etməyə hazır olmalıyıq”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrlə və o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsinin göndəriləcəyini şərh edərkən deyib:  "Rusiya Dövlət Dumasına göndərilməsi gözlənilən bu qaun layihəsi əslində etnik mənsubiyyətə görə diskriminasiyadır. Çünki bu qanun layihəsi ölkə vətəndaşlarını etnik mənsubiyyətə görə bölür. Artıq Rusiya vətəndaşı olan şəxsin gəlmə olub-olmamasının nə fərqi var ki? Vətəndaşlar Konstitusiyaya görə qanun qarşısında bərabər olmalıdır. Həmin qanun qəbul olunsa, deməli, Rusiyanın öz Konstitusiyasna belə hörmət etmədiyi ortaya çıxacaq”.  Ekspert hesab edir ki, belə bir qanunun qəbul fonunda Azərbaycan tərəfi ikili vətəndaşlığı olanlara seçim etmək üçün müraciət etməlidirlər. "700 minə yaxın soydaşımızın həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərsə, ölkəmiz soydaşlarını qəbul etməyə hazır olmalıdır. Onlara belə bir seçim verilməlidir. Çünki insanlarımıza bu müharibədə iştirak edib, həlak olmaq kimi bir seçim qoymaq olmaz. Onlara müxtəlif istiqamətlərdə öz həyatlarını yenidən qurmaq üçün şərait yaradılmalıdır”.  Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. Bu ölkədə  bildiyimiz kimi, xeyli sayda azərbaycanlı yaşayır. Onlarn  sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir. 

Bakı metrosunun ilk xanım maşinisti qovuldu

Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

İmran Xanın məhkəməsindən XƏBƏR VAR

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı qətl ittihamını rədd edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Naim Pancuta bildirib. Qeyd edək ki, İ.Xan başqa bir vəkilin ölüm işində ittiham olunurdu.

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evlə bağlı protest verildi

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib. Sozcu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, söhbət Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir. R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi. İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb. Dövlət ittihamçısı hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir. Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.