İmamoğlu gözlənilən təhlükə ilə bağlı istanbullulara səsləndi

İstanbul meri Əkrəm İmamoğlu quraqlıq təhlükəsi ilə əlaqədar Türkiyə metropolunun sakinlərini suya qənaət etməyə çağırıb.  Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb:  “Bütün vətəndaşları su sərfiyyatı və qənaətlə bağlı daha diqqətli olmağa çağırıram. İstanbulun su anbarlarında su ehtiyatı normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir”. Bələdiyyə sədrinin verdiyi hava proqnozlarına görə, bu həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək. Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında suyun iki aya kifayət edəcəyini açıqlamışdı. 

Azərbaycanda ətin qiymətini kim qaldırır? – Daha da bahalaşacaq

“Ətin qiymətinin artması gözlənilən idi və durduq yerdə olmadı. Çünki yemin qiymətinin artması son zamanlar ciddi şəkildə baş verdi. Eləcə də  hava şəraiti ilə əlaqəli otlaq sahələrin yanması və təbii otla qidalanmanın problemə çevrilməsi, habelə yemin bahalaşması və ölkədəki inflyasiya sahəsini götürsək, ət istehsalı ilə məşğul olan insanların məhsullarının qiymətini artırması gözlənilən idi. Çünki onlar əti satıb başqa məhsullar alırlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Azərbaycanda ətin qiymətinin artmasının səbəblərini izah edib. Xatırladaq ki, hazırda mal ətinin bir kiloqramı 15-16 manata alıcılara təklif olunur. “Əgər rəsmi məlumatlara görə, ölkədə ikirəqəmli inflyasiyasıdırsa, onlar da məcburdurlar ki, satdıqları məhsulların qiymətində müəyyən artıma getsinlər. Burada alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Qiymətlərin sürətlə qalxması baş verərsə, bu, əksinə, ət istehsalçılarına ziyan vura bilər. Çünki alıcılıq qabiliyyəti bunu qarşılamasa, onların satdıqları məhsulların həcmi azalacaq. Həcm azaldıqca da, onlar qiyməti artırsalar da, gəlirləri kəskin düşə bilər”, – o, əlavə edib. N. Cəfərli hesab edir ki, burada “qızıl orta”nı tapmaq və ət istehsalçılarının xərclərini nəzərə almaq lazımdır: “Çünki onların yem xərcləri çox artıb. Həmçinin də əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Çünki alıcılıq qabiliyyəti inflyasiya ilə paralel belə sürətlə artmır. Ona görə də ət istehsalçıları elə bir nöqtədə qiymətləri tənzimləməyə çalışmalıdırlar ki, həm özlərinə ziyan olmasın, həm də satışı həyata keçirsinlər və insanlar o əti ala bilsinlər” Müsahibimizin fikrincə, əsasən, Yeni il bayramlarına doğru noyabrdan başlayaraq müəyyən artım həmişə olub: “Bizdə bayramlaröncəsi qiymət artımları olub. Çünki tələbatın artması qiymətlərə təsir göstərib. Çox güman ki, Yeni il qabağı qiymət artımını bir çox ərzaq məhsullarında, o cümlədən ətdə görə bilərik. Lakin bunun alıcılıq qabiliyyətini mütləq nəzərə almalıdırlar. Çünki bu, dövlət tərəfindən tənzimlənməməlidir və bunu normalda bazar tənzimləməlidir. Bazarda da insanların alıcılıq qabiliyyətini nəzərə alan iqtisadi baxış olmalıdır”. İqtisadçı söyləyib ki, hər bir insan istehsal etdiyi məhsulu daha baha satmaq istəyir: “Lakin daha baha satmaq o demək deyil ki, onun gəlirləri də artacaq. Burada başqa parametrlər də işin içinə girir. Ona görə də təəssüf edirəm ki, Yeni il qabağı növbəti qiymət artımını görə bilərik. Lakin bu qiymət artımı insanların ala biləcəyi səviyyədə olmalıdır. Əgər bundan çox olsa, bütün ət istehsalçıları ziyan görə bilərlər”.

Moskvada ilk dəfə bütün aeroportlar bağlandı

Bu gün edilən PUA hücumu səbəbindən Moskvadakı “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Məlumata görə, “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” hava limanlarında 94 reys təxirə salınıb, 1 reys isə ləğv olunub. Qeyd edək ki, Ukraynada aparılan tammiqyaslı işğalçı müharibədən bəri Moskvanın bütün hava limanları ilk dəfədir eyni vaxtda bağlanır.

Avqustun 23-dək əksər rayonlarda hava yağmursuz keçəcək

Avqustun 21-i saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək). Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub. Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

“Tiktok”, teleqram və “1XBET” qadağan edildi

Somalinin Rabitə və Texnologiya Nazirliyi yeni qərarları açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən "Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı"ndan sonra açıqlana qərara əsasən ölkədə "Tiktok", teleqram və "1XBET" qadağan edilib. Qeyd olunub ki, "Tiktok", teleqram və "1XBET" platformaları somalili gənclərin həyatına mənfi təsir göstərir və hətta ölümlərə səbəb olur. Vurğulanıb ki, platformalar insanların həyat tərzinə təsir edir və pis davranışların artmasına səbəb olur.

Dadsız hesab etdiyimiz qidalar ayaq ağrılarımızın dərmanı imiş

Qidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmasının (PAD) inkişaf riskini azaldır. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Şandunq Tibb Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra elan ediblər. Araşdırma "PLOS One" jurnalında dərc olunub. Qeyd edilir ki, PAD - ayaqlara qan axınının azalması ilə nəticələnir və özünü soyuq, mavi dəri, həmçinin hərəkətliliyin pozulması, xoralar şəklində göstərir. Alimlər 40 və daha yuxarı yaşda olan 6 000-ə yaxın insanda ayaq biləyi-brakial indeksini (ayaqda qan axınının vəziyyətini qiymətləndirməyə imkan verir) sınaqdan keçiriblər. Nəticədə 409 xəstəyə PAD diaqnozu qoyulub.  İştirakçılardan həmçinin son 24 saat ərzində yedikləri bütün qidaları xatırlamaları istənilib. Qeyd edilir ki, bu element buğda kəpəyi, kakao, qoz-fındıq, dəniz yosunu, avokado, kərəviz və brokolidə daha çox olur. Məlum olub ki, sağlam iştirakçılar gündəlik orta hesabla 288,30 mq, PAD olanlar isə gündəlik orta hesabla 244,89 mq maqnezium qəbul ediblər ki, bu da tövsiyə olunan normadan aşağıdır. Araşdırma zamanı mikroelement qəbulu (xüsusilə maqnezium) və PAD-ın inkişaf riskinin aşağı olması arasında əlaqə müəyyən olunub. Özü də bu siqaret çəkmə statusundan, milliyyətindən və yanaşı xəstəliklərdən asılı olmayıb. Alimlər izah edirlər ki, maqnezium damarların genişlənməsinə və arterial qan axınının artmasına kömək edir. O, həmçinin C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa (TNF-α) və interleykin-6 (IL-6) daxil olmaqla, iltihab faktorlarının səviyyəsini azaldır.  Nəhayət, maqnezium qan damarlarının divarlarında kalsiumun çökməsini azaldır.  Bütün bunlar PAD riskini azaltmağa kömək edir.

Ötən həftə Azərbaycan klublarının avrokubok oyunlarını neçə azarkeş izləyib?

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın səfərdə Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçı 7612 nəfər izləyib. Bu nəticə ilə sözügedən oyun siyahıda ikinci olub. Konfrans Liqasında "Neftçi"nin Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə uduzduğu matça 21890 nəfər stadiondan baxıb. Matç 3-cü olub. "Sabah"ın Serbiyada "Partizan"a 0:2 (pen: 4:5) hesabı ilə yenildiyi görüş isə 14225 nəfərlə səkkizinci sıradadır. 

Güneyli sənətçinin məhkəməsi keçirildi

Milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində məhkəməsi olub. Kult.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat paylaşıblar. Məlumata görə, Azərbaycan rəqsi müəlliminə qarşı "İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbliğat" ittihamı irəli sürülüb. Qeyd edək ki, "Mişoc Qartalları" mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də həbs edilib. Ardınca iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onun barəsində son qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Moskvaya PUA hücumu – Hava limanı bağlandı

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. PUA hücumuyla əlaqədar olaraq hava limanlarına məhdudiyyət qoyulub, uçuşlar digər şəhərlərə yönəldilib. Dağıntı və tələfat yoxdur.

Rusiyanın 2 strateji nüvə bombardmançısı məhv edildi

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu avqustun 19-da Novqorod vilayətindəki “Soltsı” hərbi areodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, Rusiya Teleqram kanalları PUA-larla edilən hücum zamanı aerodromda olan iki ədəd Tu-22M3 strateji nüvə bombardmançısının məhv edildiyini yazıb. Məlumata görə, təyyarələrdən biri tamamilə məhv edilib, digərinin isə bir hissəsi sıradan çıxıb. Teleqram kanalları məhv edilən Tu-22M3-ün fotosunu da yayıb.

Mirziyayevin Azərbaycana səfərinin tarixi bəlli oldu

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də ölkəyə dövlət səfəri edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.

544-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 544-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 930 hərbçi, 4358 ədəd tank, 8449 ədəd zirehli döyüş maşını, 5264 ədəd artilleriya sistemi, 719 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7692 ədəd avtomobil texnikası, 4309 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 794 xüsusi avadanlıq itirib.

Gəncədə maşın aşdı: ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Putin qorxur ki, bu bizim plandır - Şolts

Qərb Rusiyadakı siyasi rejimin dəyişdirilməsi üçün səy göstərmir. Sozcu.az xəbər verir, verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “Kimin harada oturduğunu biz həll etmirik. Biz həmçinin Rusiyada rejim dəyişikliyi də planlaşdırmırıq. Amma Rusiya prezidenti qorxur ki, bu bizim plandır. Putin Avropa Birliyinin onun qonşusu olması faktı ilə yaşamalı olacaq. Açıq cəmiyyətlər, liberal demokratiyalar birliyi kimi azadlığın da virus olmadığına ümid edəcək”, - kansler bildirib.

Separatçılar fortifikasiya qurmaq istədi, Ordumuz dərhal...

Avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.

Ağcabədidə kişi bıçaqlandı: qonşusu şübhəli bilinir

Ağcabədidə kişi bıçaqlanıb, qonşusu şübhəli bilinir. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 20-də Ağcabədi şəhəri, H.Aslanov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini Namiq Kazımovla qonşusu Ramil Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə N.Kazımov qonşusunun qarın nahiyəsinə bıçaqla bir zərbə endirib. Faktla bağlı araşdırma aparılır.

Gədəbəy və Laçındakı mövqelərimiz atəşə tutuldu

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Türkiydə ağır qəza: 12 nəfər öldü

Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, 19 sərnişin yaralanıb. Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdiriliblər.

Oğuzda birinci kurs tələbəsi vəfat etdi

Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib. Sozcu.az Report-a istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

Rusiya nüvə silahı olan iqtisadi cırtdandır - Borrell

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb. "Putin özünü xilas etmək üçün xalqını və ordusunu qurban verməyə hazırlaşır, buna görə də sülh danışıqları aparmaq çətindir", - Borrell vurğulayıb. Eyni zamanda, Borrell Ukraynanın "sülh formuluna" dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib: "Baxmayaraq ki, Çin heç vaxt Rusiyaya dəstəyini azaltdığını və ya onun aşkar məğlubiyyətinə töhfə verdiyini birbaşa deməyəcək. Pekin hazırkı vəziyyətdən qətiyyən razı deyil. Ən azı nüvə silahlarından istifadə məsələsində...". AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil. "Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır”, - deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.

Rusiyanın 489 hava hücumundan müdafiə sistemi məhv edilib

Ukrayna müharibənin 543-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 470 hərbçi, 4346 ədəd tank, 8435 ədəd zirehli döyüş maşını, 5233 ədəd artilleriya sistemi, 717 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7680 ədəd avtomobil texnikası, 4304 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 790 xüsusi avadanlıq itirib.

Moskvaya PUA hücumu: Hava limanları bağlandı

Bu gecə Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. “Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb”, - Sobyanin bildirib. Rusiya mətbuatını məlumatına görə, PUA hücumu səbəbindən Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanlarını fəaliyyəti dayandırılıb. “Flightradar” xidmətinin məlumatına görə, təyyarələr “Şeremetyevo”ya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.

Ukrayna Kurskda vağzalı vurdu: yaralılar var

Ukraynaya məxsus pilotsuz təyyarənin Kurskda dəmiryol vağzalı binasının damına çırpılması nəticəsində yanğın baş verib və 5 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt teleqram kanalında məlumat yayıb. Məlumata görə, PUA dəmiryol vağzalı binasının damına çırpılıb və damda yanğın baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Yeni tədris ili və od tutub yanan “məktəb bazarı”...

"Yeni tədris ilinin gəlişi ilə məktəb bazarında qiymət artımı müşahidə olunur”.  Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru deyib. Ekspert bildirib ki, ilk növbədə məktəbli ləvazimatları, dəftər, gündəlik, iş dəftəri və digər vəsaitlərin qiymətinin artması gözlənilir:  "Hətta iş dəftəri ilə gündəliyin tapılmasında çətinliklər yaranacaq. Son bir neçə ildə belə olub. Bu, yolverilməz haldır. Bu gün bazarda müxtəlif nəşriyyatlar tərəfindən məktəbli ləvzimatları ilə yanaşı gündəliklər buraxılır". Elmin Nuri bildirib ki, bəzi məktəblərdə gündəlikləri nəşriyyatlardan alıb sonra onu məktəbdə şagirdlərə baha qiymətə satırlar. Ekspert vurğulayıb ki, iqtisadiyyatın özəl qanunları var, bir məhsula ehtiyac yarandığı halda avtomtik olaraq onun qiyməti qalxır:  "Bu, həmişə belə olub. Bu ildə də məktəb ləvazimatlarının qiymətində müəyyən qədər artım olacaq”.  Elmin Nuri qeyd edib ki, əsas məktəbli formalarının da qiymətinin qalxması müşahidə oluna bilər:  "Nazirlər Kabinetinin qərarına əsasən, onlara müəyyən qiymət təyin edilir. Qısaqol köynək 15 manat, uzun qol köynək isə 25 manata satılacaq. Bəlli satış müəssisələrində də bu paltarlar satılacaq. Bunların həmin qiymətə satılacağına şübhə edirəm. Çünkü təlabat meyarı artacaq və mümkündür ki, bu istiqamətdə də qiymətlər artsın. Bütün bunların da yükü valideynin üzərinə düşür”.