“Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və s. kimi separatçı liderlərin dövlətimiz tərəfindən qandallanıb Bakıya gətirilməsi mənə çox ləzzət elədir, ürəyimdən 30-35 illik tikanlardan birini də çıxardı... Amma...”
Azərbaycan ordusunun Qarabağdakı son əməliyyatı zamanı Şuşa rayonunun dogma Malıbəyli kəndini bələdçi və döyüşçü kimi ziyarət edə bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov Moderator.az əməkdaşı ilə söhbətində işğaldan azad edilən torpaqlarda keçmişdə və hazırda baş verən bir sıra olaylarla bağlı təəssürat və fikirlərini açıqlayıb.
-Azay bəy, inşallah, doğma Malıbəyliyə köçəndən sonra Xankəndidə ermənilər yaşadığını bilə-bilə orada yaşamağı qəbul edə biləcəksinizmi?
- Mən 35 ildən çoxdur, Qarabağ savaşlarının od-alovunu yaşamış, hər cür əzabını görmüş bir qarabağlı, bir köçkün, həm də bir zabit olaraq ermənilərlə barışmayacağam. Kim barışır, barışsın. Onların vasitəsilə törədilmiş bu hadisələr mənə o qədər od qoyub ki... Mənim əmim oğlu, dayım oğlu, neçə dostum, döyüş yoldaşlarım şəhid olub, şikəst olub ermənilərlə döyüşlərdə... Ona görə də mən yaxınlığımda, qonşuluğumda ermənilərin varlığına dözməyəcəm. Daha təfərrüatı açıqlamıram. Yəqin ki, məni anladınız...
Yeri gəlmişkən onu da deyim ki, Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və s. kimi separatçı liderlərin dövlətimiz tərəfindən qandallanıb Bakıya gətirilməsi mənə çox ləzzət elədir, ürəyimdən 30-35 illik tikanlardan birini də çıxardı... Amma məni bir hərbçi, həm də bir qarabağlı köçkün kimi daha çox yandıran separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın aradan çıxıb Ermənistana qaça bilməsi olub. Gərək, düzünü deyəsən, 1987-1988-ci illərədək Qarabağda, nadir istisnalarla, erməni və azərbaycanlılar bir-birinə “can” deyib, “can” eşidirdi. Azərbaycan torpaqlarında iki millətin arasını qızışdıran Zori Balayan, Köçəryan, Sərkisyanla yanaşı, həm də Samvel Babayan olmuşdu. Bunların hamısı Moskvanın, “KQB”nin agentləri idi. Odur ki, Samvel Babayanı cəzasız buraxmaq bizim üçün böyük günahdır. Hesab edirəm ki, Balayan, Köçəryan və Sərkisyanla birlikdə, Babayanı da Ermənistanda tələb etmək lazımdır...
- Hazırda Xankəndində Azərbaycan polisinin sülhməramlılarla birgə patrul xidməti aparması 1989-1990-cı illərdə münaqişənin başladığı ilk vaxtlarını xatırladır. O zaman da yalnız Xankəndində deyil, digər məntəqələrdə rus hərbçilərlə azərbaycanlı milis adlanan polisləri təmin edirdi. O vaxtın təcrübəsi nə göstərir: Rusiya hərbçilərinə etibar etmək olar?..
- Xeyr, əlbəttə ki, etibar etmək olmaz. Əvvəlki söhbətlərimizdə hələ 1990-1991-ci illərdə sovet-rus hərbçilərinin bir arağa görə hansı tərəfə desən, atəş açmaqları barədə çox misallar çəkmişəm... Ermənilərin öz niyyətlərinə çatmaq üçün əsas “silah”ları məhz alkoqollu içkiləri: tut araqları, konyakları, çaxırları və bir də axçiləri, harsunları- qızları, qadınlarıdır...
- Oktyabrın 2-də birgə patrul xidmətinə atəş açılıb. Görəsən, bunu doğrudan da hansısa revanşist separatçı edib? Bəlkə Rusiya tərəfi təşkil edib ki, bu torpaqlarımızda öz varlıqlarının “zəruriliyi”ni isbatlasınlar?
- O da ola bilər. Çox güman ki, hansısa ürəyi həm Azərbaycana, həm Rusiyaya qarşı nifrətlə dolu olan separatçı erməni güclü alkoqol təsiri altında bunu etsin... Bütün hallarda mən də hesab edirəm ki, Qarabağda Rusiya “sülhməramlı”larının varlığına indi, ümumiyyətlə, ehtiyac yoxdur...