Daha bir gürcü səfir aksiyalara dəstək verdi, istefaya getdi

Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia hakim Gürcü Arzusu Partiyasının 2028-ci ilə qədər AB-yə üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarına etiraz olaraq istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə diplomat bəyanat yayıb. “Gürcüstanın diplomatik xidmətində işlədiyim üç onilliyin çoxu Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. İşlərin gedişatına zərrə qədər də olsa, təsir göstərə biləcəyimə inandığım müddətdə rəsmi vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid puç olub. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - diplomat bildirib. Bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili eyni səbəblə istefa verib və Avropaya inteqrasiyanın dayandırılmasına qarşı çıxan etirazçılarla həmrəy olduğunu bildirib. Qeyd edək ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını və qrantlardan imtina edildiyini bildirib. Bunun ardınca müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara Prezident Zurabişvili də dəstək verir.

Hələbdə həbsxana ələ keçirildi, məhbuslar azad edildi

Suriyada silahlı dəstələr Hələb həbsxanasını ələ keçirərək məhbusları azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparan silahlı qruplar Hələb şəhərindəki Tarek bin Ziyad həbsxanasına hücum edərək, nəzarəti ələ keçiriblər. Həbsxanadan aralarında qadınların da olduğu siyasi məhbuslar azad edilib.

Azərbaycanda şok: ələ keçməmək üçün maşınını yandırdı

Biləsuvar rayonunda polis və gömrükçülərin keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Qarayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

Ağdərə-Kəlbəcər yolunda maşın aşdı: dörd nəfər öldü

20:52 Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, sözügedən yolda yolsuzluq avtomobili aşıb. Qəza nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralanması bildirilir. Faktla bağlı araşdırma başlayıb. *** Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub. Yolsuzluq avtomobilinin aşması nəticəsində Asəf Raquf oğlu Kərimov, Samir Mətləb oğlu Məmmədov, Mütalib Telman oğlu Həsənov, Sərdar İmran oğlu Alxanov aldıqları xəsarətdən hadisə yerində ölüblər. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İlkin Qurban oğlu Zülfüqarov isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma başlanılıb.

Suriyada silahlılar Moriki ələ keçirdi, Həmaya hücum etdi

Suriyada silahlı qüvvələr Hələb şəhərini və İdlib vilayətini ələ keçirəndən sonra Həma şəhərinə istiqamət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Məlumata görə, silahlı qruplar Morik qəsəbəsini də tutublar. Qeyd edək ki, bundan öncə "Təhrir əş-Şam"ın Hələbi ələ keçirdiyi bildirilmişdi.

Suriyada gərginlik: İraq sərhəddə tədbirləri artırır

İraq Suriyada gərginliyin artması fonunda bu ölkə ilə sərhəddə təhlükəsizliyi gücləndirir. Sozcu.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi ölkə mediasına açıqlamasında bildirib. “Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - komandan deyib. Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.

Kişini butulka ilə 1 zərbəyə öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində qadın şüşə butulka ilə kişini boynundan vurub. Lent.az yerli mediaya istinadla xəbər verir ki, zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadına qarşı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İsrail ordusu onun da öldürüldüyünü açıqladı

İsrail Müdafiə Qüvvələri 7 oktyabr 2023-cü ildə hücumda iştirak edən terrorçunun öldürüldüyünü açıqlayıb. Sozcu.az-ın məlumatına görə, bu barədə ordunun teleqram kanalında məlumat verilib. Məlumata görə, İsrail kəşfiyyatı terrorçunun izinə düşüb və onun yerini təsdiqlədikdən sonra avtomobilini hədəfə alıb. Açıqlamada qeyd olunub ki, avtomobil mülki olub və humanitar yardımın daşınması üçün istifadə edilməyib. Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Həmas yaraqlıları Qəzza zolağı ilə sərhədə yaxın ərazilərə hücum edib. Fələstin silahlıların 253 israillini əsir götürərək anklava aparıblar. İsrail hakimiyyətinin məlumatına görə, 1,2 minə yaxın insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.

Suriya ordusu Hələb şəhərini tərk etdi

Suriya rejimi ordusu Hələb şəhərindən geri çəkilib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya hakimiyyəti açıqlama yayıb. Açıqlamada bildirilib ki, ordu müvəqqəti olaraq geri çəkilib: “Məqsədimiz əks-hücuma keçməkdir”. Qeyd edək ki, “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib.

Bakıda “Porşe” “Fiat”la toqquşdu: yanğın oldu

Bakıda iki avtomobil toqquşub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda "Porşe" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda avtomobil qaçıran şəxslər TUTULDU

Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb. Eyni zamanda, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hələbdən sonra növbəti şəhər... - General

Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyada müxalif general Əhməd Rahal deyib. O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır: “Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Mənbic və Tel Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilərlər”.

Şirvanda körpənin ölüm səbəbi bilindi - YENİLƏNDİ

10:30 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. ***** Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. "Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

Naxçıvandan Bakıya gedən avtobus qəzaya düşdü - Foto

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib. Naxçıvandan Bakıya gedən avtobus "Kamaz"la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb. Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

BŞİH-də müşavirə: Ərazinizi qardan özünüz təmizləyin!

Paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı Yasamal, Nərimanov və Xəzər rayonlarında müşavirələr keçirilib. Bu barədə Sozcu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib. Qeyd edilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Bəzi dərman vasitələri PULSUZ OLACAQ? - AÇIQLAMA

Həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz alacaq. Bütün xərcləri isə İcbari Tibbi Sığorta qarşılayacaq. Sozcu.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova mövzu ilə bağlı İTV-yə danışıb. O bildirib ki, vətəndaşlar ixtisaslı həkim tərəfindən yazılan elektron resept əsasında agentliklə müqavilə imzalanan özəl apteklərə yaxınlaşaraq dərmanlarını əldə edə biləcəklər: “Dərmanların tarifləri, qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Xidmətlər zərfində təsiredici maddələri də qeyd olunmaqla hər bir dərman vasitəsinin adı qeyd olunacaq və qarşısında şərti kompensasiya məbləği,yəni sığorta tərəfindən ödənilən məbləğ qeyd olunacaq”. Qeyd edək ki, vətəndaş sığortanın tam qarşılamadığı dərmanı almaq istəsə, sığortanın ödədiyi məbləğlə aptekdəki qiymət arasında müəyyən fərq yaranacaq ki, bu zaman seçim vətəndaşa qalacaq. Aradakı fərqi ödəməklə sığorta hesabına dərmanı əldə etmək olar. Bu imkandan növbəti ildən yararlanmaq mümkündür.

5 ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR necə yoxlanılır?

Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır. Sosial şəbəkələrdə onlarla uğursuz plastik cərrahiyyə qurbanına rast gəlirik. Onlar ya yenidən daha doğru əməliyyat olunmalarını tələb edir, ya da ödənişlərini geri istəyirlər. Bəziləri isə fakt və sənədlərlə məhkəmələrə üz tuturlar. Mətbuatda yayılan məlumatlara görə, bu cür əməliyyatlardan vəfat edənlər də var. Həmçinin, iddia olunur ki, ölkəmizdə plastik əməliyyat icra edən bir neçə həkim saxta diplomla işləyir. İş o yerə çatıb ki, Milli Məclisdə belə bu mövzuya toxunulub. Deputat Səyyad Salahlı diplomsuz işləyən plastik cərrahlarla bağlı müvafiq qurumlara, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib, məsələni diqqətdə saxlamalarını istəyib. Ümumiyyətlə, "diplomsuz həkimlər" ifadəsini yaradan səbəblər hansıdır? Həkimlərin diplomları necə yoxlanılır? Estetik cərrah işləmək üçün hansı ixtisası bitirmək lazımdır və icazə prosesi necədir? Sozcu.az Bizim.media-ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim-plastik cərrahlar əldə edirlər: "Artıq 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti beş il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər". Məlumatda qeyd olunub ki, plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır: "Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu barədə inzibati tənbeh tədbirləri görülüb". Qurumdan bildirilib ki, pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var: "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar monitorinqlər zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətti" (012) 596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Kəskin soyuqlar gəlir: Dekabrda Azərbaycanda hava necə olacaq?

Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7 dərəcə şaxta, dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-8 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək şaxta, dağlarda 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

Qrafiklə su verilişi nə vaxt bitəcək? - AÇIQLAMA

Uzun illərdir ki, Bakının bəzi ərazilərində, xüsusən də köhnə tikili binalara içməli su fasilələrlə verilir. Paytaxtın əksər rayonlarında axşam saat  9-10-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa edilir. Odur ki, bir çoxu mənzillərdə hidrofor və digər cihazlardan istifadə etməklə, problemi qismən aradan qaldırmağa çalışır. Yeganə çıxış yolu isə su çənlərindən istifadədir. Paytaxtda suyun fasilələrlə verilməsi nə ilə bağlıdır? Önümüzdəki illərdə bu problemin aradan qaldırılması ehtimalı varmı? Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, hazırda ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər görülməkdədir: “Suyun fasilələrlə verilməsi qrafikə uyğun həyata keçirilir. Sukanal idarələri suyun verilməsini qrafik üzrə tənzimləyirlər. Bununla bağlı ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər icra olunur”.

Zurabişvili Avropadan kömək istədi

Gürcüstandakı vəziyyətlə bağlı Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb. “Səhər saat 6:30-a olan məlumata görə, Tiflisin mərkəzində etiraz və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, - o bildirib. Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

1010-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1010-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 738 660 hərbçi, 9 458 ədəd tank, 19 339 ədəd zirehli döyüş maşını, 20 886 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1006 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 272 ədəd avtomobil texnikası, 19 750 ədəd PUA, 2 851 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.

Sumqayıtda pəncərədən yıxılan şəxs xəstəxanada öldü

Sumqayıtda 5 gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Kənan Hüseynli bədbəxt hadisədən sonra şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdı. Faktla bağlı araşdırma aparılır.

51 yaşlı müəllim sirkə içərək intihar etdi

Sədərək rayonunda 51 yaşlı müəllim sirkə içərək intihar edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sədərək kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Həsənov Yusif Rahim oğlu yaşadığı evdə sirkə içərək intihar edib. Faktla bağlı Sədərək rayon Prokurorluğunda araşdırma aparılır.