Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Sozcu.az “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.

“Abzas Media”nın rəhbəri saxlanılıb

“Abzas Media”nın direktoru Ülvi Həsənlini bu gün səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə redaksiya məlumat yayıb. Bildirilib ki, müstəntiq jurnalistin vəkili Zibeyda Sadigova ilə əlaqə saxlayıb, onu idarəyə dəvət edib. Hələlik rəsmi qurumlar saxlanılmanın səbəbini açıqlamayıblar.

Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNDİ

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü başlayıb.

Sahil Babayev etirazçı qaziyə zəng etdi: “Videonu sil...

İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Həsən Mehdiyevin ayağını amputasiya etdirmək üçün xalqdan yardım istəməsi və aidiyyatı qurumları tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə və hökumətin tənqidinə səbəb olub. Həsən Mehdiyevin hər iki ayağı dizinə qədər  amputasiya olunub. Özünün deydiyinə görə, indi ayağının birində çürümə getdiyi üçün dizdən yuxarı hissə də kəsilməlidir. Onun sözlərinə görə, cərrahiyyə əməliyyatını İsraildən olan həkimlər edəcək. Həsən Mehdiyev deyib ki, onun əhəmiyyatı üçün  23 min manat çatmır və ona görə bu vəsaiti xalqdan toplamaq qərarına gəlib. Gununsesi.info-ya açıqlamasında Həsən Mehdiyev bildirib ki, xalqa müraciətinin ictimailəşməsindən sonra  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ona zəng edib: “Nazir mənə şəxsən telefon açdı. Bildirdi ki, məlum video müraciətimi sosial şəbəkələrdən silərəmsə, o mənə kömək edəcək. Ancaq mən ona “inciməyin, siləsi deyiləm, bu günə qədər bütün müraciətlərimə laqeyid qalmısınız” dedim”.

Klaar: Zəngəzur dəhlizi İrəvanın nəzarətində olmalıdır

Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. O qeyd edib: “Birincisi, bir neçə ay əvvəl (təqribən may ayında) Moskvada Prezident Əliyev baş nazir Paşinyan və prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, yolun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, ounu "dəhliz" adlandırarkən, bildiyiniz kimi, biz Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik. Beləliklə, açıq-aydın nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, yaxud dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqi tənzimləmədir. Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşları və yüklərinin Ermənistan ərazisindən keçərkən təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Xocalıllıları qətlə yetirən erməni şok faktlar açıqladı: “Onları aldatdıq ki...”

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçu Raşid Beqlaryan həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır. Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişdir. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib. Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Şok iddia: Lukaşenko ölkədən qaçmaq üçün...

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko Kremlə etibar etmədiyi üçün Polşadan keçərək qaçmağı düşünürdü. Sozcu.az xəbər verir ki, bunu polşalı jurnalist Zbiqnev Parafyanoviç "Polşa müharibədədir" (Polska na wojnie) kitabında yazıb. Polşa rəsmiləri anonimlik şərti ilə jurnalistə bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ilk aylarında Varşava Belarusun mümkün müharibəyə daxil olmasından ciddi narahat olub: "Polyaklar sadəcə narahatlıqla məhdudlaşmayıblar və Belarus ordusunun arxa cəbhəsində təxribat törətmək üçün Minskdə rejim əleyhinə diversiya qrupları göndərmək üçün ssenari hazırlamağa başlayıblar. Lukaşenkonun özü o zaman o qədər qorxub ki, hətta müxtəlif kanallar vasitəsilə Varşavaya onun sərhədi keçib ən yaxın Polşa hava limanından uçmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sorğular göndərməyə başlayıb. O, yaxşı bilirdi ki, müharibə onlar üçün pis ssenari üzrə getsə, ruslar Batyanın Belarus hava məkanından uçmasına icazə verməyəcəklər".

“Gömrük sisteminin vergi siyasəti soyğunçu xarakterə malikdir”

“Azərbaycanın gömrük sisteminin vergi siyasəti tamamən soyğunçu xarakterə malikdir. Çünki dünyanın heç bir normal ölkəsinin büdcəsinə vergi daxilolmalarının az qala hər 3 dollardan biri gömrük kanalları ilə daxil olmur”. Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. “Məsələn, 2024-cü il üçün proqnozlaşdırılan vergi (gömrük də daxil) gəlirlərinin (təxminən 19,7 mlrd. manat) 30%-i (5,9 mlrd. manat) Gömrük Komitəsinin öhdəliyidir. Ağırlıqlı olaraq vətəndaşın, qismən də biznesin cibini leqal yolla soyan soyğunçu gömrük sistemi mütləq dəyişdirilməlidir. Beynəlxalq əhəmiyyətli “Trademap” portalının informasiyasına görə, Azərbaycanın gömrük sistemi üzrə orta tarif dərəcəsi (xarici ticarətin obyekti olan bütün əmtəə kodları üzrə tariflərin orta statistik səviyyəsi) 6,5% təşkil edir. Bunun nə qədər yüksək və ya aşağı olduğuna başqa ölkələrlə müqayisədə özünüz asanlıqla qərar verə biləcəksiniz. Şübhəsiz ki, tariflərin aşağı olduğu ölkələrin dünya iqtisadiyyatına daha sağlam və rəqabətli əsaslarla inteqrasiyası, xüsusən Dünya Ticarət Təşkilatına üzvlük və onun tarif siyasətilə bağlı tələb və işlək mexanzimləri də həlledici səbəblərdən biridir”, - ekspert əlavə edib. R.Ağayev ölkələrin gömrük sistemi üzrə orta tarif dərəcəsini də qeyd edib: MDB və region ölkələri Özbəkistan 12,4% Azərbaycan 6,5% Tacikstan 5,5% Türkiyə 5,2% Qırğızıstan 4,5% Rusiya 4,4% Moldova 2,9% Ukrayna 2,6% Ermənistan 4,4% Belarus 4,3% Qazaxıstan 3,5% Gürcüstan 0,7% Türkiyə    Şərqi Avropa ölkələri Estoniya 1,3%, Latviya 1,3%, Litva 1,3, Polşa 1,3, Çexiya 1,3, Macarıstan 1,3, İnkişaf etmiş ölkələr Böyük Britaniya 0,7%, İsveç 1,3% Danimarka 1,3%, Finlandiya 1,3%, Avstriya 1,3% Almaniya 1,3%, Avstraliya 1,4% ABŞ 1,5%, Yaponiya 1,6%, İsveçrə 2,2 Norveç 2,1%, “Bizdən daha betər gündə olanları siyahıya əlavə eləmədim. Çünki o siyahıda olan ölkələr istinasız olaraq vətənaşına dəyər verməyən, hər cür siyasi və iqtisadi azadlıqları boğan ölkələrdir. Bu ölkələr klubunun başında gələnlərdən 1-2-nin adını yazım: İran (orta tarif dərəcəsi 19%-ə yaxın), Cibutti (20%-ə yaxın) və s”, - iqtisaqçı yazıb.

Kürdəmirdə ağır qəza: yaralılar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyeva Jalə Rəşadət qızı Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini 1979-cu il təvəllüdlü Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ermənistanda müharibə hazırlığı başladı - Ordumuz ilk bu...

Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” özüyeriyən MArG 155 haubitsalarının Ermənistana çatdırılacağını açıqlayıb. Bu hərbi texnikaların xüsusən dağlıq ərazilərdə effektiv olduğu bildirilir. Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yenidən silahlanmaya ciddi vəsaitlər ayırması onun sülh müqaviləsinin imzalanmasına hazırlaşmadığını göstərir: “Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana eyni zamanda hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”. Hərbi ekspertin fikrincə, alınan silahların miqyası rəsmi İrəvana Vətən müharibəsində itirdiyi silah və texnikaların yerini doldurmağa, eyni zamanda Azərbaycanla güc balansında müsbət dəyişikliyə imkan vermir: “30 illik işğal tarixi olan ölkənin yenidən silahlandırılması həm Fransa, həm də Hindistanın Qafqazda sülhə, sabitliyə zərbə vurmaq, mümkün sülh danışıqlarını sıfırlamaq məqsədini göstərir. Rəsmi İrəvanın bu fəaliyyəti istənilən halda Azərbaycan tərəfindən adekvat cavab tədbirləri ilə qarşılanacaq. Heç şübhəsiz, Ermənistanın silah-sursatı, digər ölkələrdən alınan hərbi texnikaları ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı məsafəyə yaxınlaşdıqda onlar qətiyyətlə məhv ediləcək”.

Azərbaycanla Ermənistan arasında yeni müharibə olacaq? - “Hərbi müdaxilə riski artır”

"Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma isə təkcə daha miqyaslı olması ilə deyil, həm də bölgəyə müdaxilələrin artması ilə nəticələnə bilər". Sozcu.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib. Ekspert Azərbaycan-Ermənistan sülh prosesi ətrafındakı son proseslərə diqqət çəkib: "Bu günlərdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın şikayəti əsasında Azərbaycanla bağlı qərar qəbul etdi. Qərarda Azərbaycandan tələb olunur ki, "doqquz aylıq blokadadan sonra Qarabağdan deportasiya olunmuş erməni əhalisi"ndən geri qayıtmaq istəyənlərin hüquqlarını, təhlükəsizliyini, əmlakının toxunulmazlığını təmin etsin. Bundan başqa, məhkəmə Azərbaycanı Qarabağda yaşamaqda davam edən erməniləri oradan çıxarmaq məqsədilə onlara qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb. Məhkəmə həmçinin Azərbaycandan iki ay ərzində qərarlarının icrası ilə bağlı hesabat verməyi tələb edib. Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında Azərbaycan "blokada və deportasiya"da ittiham olunur. Amma əsas bu deyil və biz Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə hətta "soyqırımı" ittihamını da görmüşük. Önəmli olan məsələnin başqa aspektidir: bu, hadisənun zaman baxımdan Qərbdən Azərbaycana qarşı yönəlmiş fəaliyyətlərlə üst-üstə düşməsidir. Bunda da təəccüblü bir şey yoxdur. Məhz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin ardınca ölkəyə ciddi basqılar başladı, bu da gözlənilən idi. Eyni zamanda, həmin basqılar fonunda Ermənistana hərbi-siyasi dəstək göstərilməsinə, onun sərt davranışa ruhlandırılmasına start verildi. Hələ dünən sülhdən bəhs edən erməni ekspertləri artıq bu gün silahlanmadan və hərbi güc toplamaq zərurətindən danışırlar. Bütün bunlar münaqişələrin geosiyasi mübarizədəki əhəmiyyətindən irəli gəlir. Başqa sözlə, istənilən münaqişə böyük güclərə onların baş verdiyi coğrafiyaya müdaxilə imkanı yaradır. Münaqişənin həll olunduqda isə belə imkanları məhdudlaşır, onun qarşısı alınır. Qarabağın dağlıq hissəsi ilə bağlı baş verən də belə oldu. Məhz Azərbaycanın bu əraziyə nəzarəti özünə qaytarmasının ardınca ölkəyə basqılara start verildi. Burada bir məqama da diqqət yetirmək önəmlidir: münaqiələrin həllində vasitəçilik onu həyata keçirən dövlətlərə öz geosiyasi maraqlarını reallaşdırmaq imkanı yaradır. Beləliklə də münaqişə həll olunursa, deməli, nə onu müzakirə etməyə, nə də həmin müzakirələrdə vasitəçilərə ehtiyac qalır. Azərbaycana qarşı basqılar da məhz o zaman başladı ki, Azərbaycan Ermənistanla sülh danışıqlarında vasitəçilərdən imtina etdi. Əvvəlcə rəsmi Bakı ard-arda iki dəfə Avropa Birliyinin vasitəçiliyilə aparılmalı olan danışıqlara getməkdən imtina etdi, sonra hər iki tərəfdən danışıqların vasitəçisiz (birbaşa) aparılmasının mümkünlüyü dilə gətirildi. Bu isə böyük güclər tərəfindən reaksiya doğurmaya bilməzdi. Amma heç bir tərəf də (Qərb və ya Rusiya) sülh danışıqlarının məhz onun vasitəçiliyi ilə keçirilməsində israr edə bilməz. Çünki o zaman tam haqlı olaraq sual ortaya çıxar ki, sizə iki ölkə arasında sülh lazımdır, yoxsa həmin sülhün mütləq sizin iştirakınızla (daha dəqiqi isə sizin maraqlara cavab verən şəkildə) keçirilməsi? Elə həmin səbəbdən də Vaşinqton bildirir ki, ABŞ tərəflərin öz aralarında sülhə nail olmasını istəyir. Moskva isə bu məsələdə susqunluq nümayiş etdirir. Amma əvəzində Rusiya Ermənistana, Qərb isə Azərbaycana basqıları gücləndirir. Hər biri də arsenalında olan vasitələrdən istifadə etməklə: Moskva Ermənistanda çevrilişə hazırlıq aparır, Vaşinqton isə Azərbaycana siyasi və hüquqi təzyiq edir". Ərəstun Oruclu qeyd edib ki, danışıq tərəflərinin maraqları üst-üstə düşdüyündən onların birbaşa və ya qlobal iddiaları olmayan dövlətlərin (məsələn, Gürcüstanın) vasitəçiliyilə danışıqları davam etdirməsi mümkündür: "Həm də ona görə ki, belə formatda əldə olunacaq sülh qlobal və ya regional güclərin deyil, məhz danışıqlar tərəflərinin maraqlarını təmin etmiş olardı. Amma böyük güclər arasında kəskin mübarizənin kulminasiya nöqtəsinə çatdığı bir dönəmdə bunun mümkünlüyü istisnadır. Elə ona görə də sözdə deyilənlərə rəğmən əməldə başqa addımlar görürük. Həmin addımlar da ilk növbədə Azərbaycanla Ermənistan arasındakı ziddiyyətləri bir qədər də dərinləşdirməyə və onların sülh masası arxasına əyləşməsini mümkünsüz etməyə yönəlib. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti sırf hüquqi addımdır, amma onu ABŞ Konqresində qəbul edilən qərarlarla körükləmək artıq məsələnin siyasiləşdirilməsidir. Digər tərəfdən, siyasi qərarlar fonunda Ermənistana hərbi dəstək göstərmək ölkələri sülh prosesindən bir qədər də uzaqlaşdırmaqdır. Ən maraqlısı isə budur ki, hazırda Azərbaycan-Ermənistan sülh prosesinə destruktiv təsirlər hər iki tərəfdən (Rusiya və Qərb) gəlir. Bu da bir daha onu göstərir ki, nəinki Qarabağın dağlıq hissəsində keçirilmiş antiterror əməliyyatı, hətta sülh danışıqları da geosiyasi proseslərin mühüm elementi kimi nəzərdən keçirilir. Məhz bunu nəzərə alaraq, hələ xeyli əvvəl deyirdik ki, bölgədəki gəlişmələr başqa ardıcıllıqla baş tutmalıdır: öncə Ermənistanla sülh müqaviləsinin imzalanması, ardınca Rusiya ordusunun hissələrinin Azərbaycan ərazisindən çıxarılması və yalnız bundan sonra Qarabağın dağlıq hissəsindəki erməni icması ilə münasibətlərə aydınlıq gətirməsı daha məqbul olardı. Bu halda ən azı Azərbaycan-Ermənistan sülh danışıqları risk altına düşməzdi. Belə risk isə bu gün kifayət qədər yüksəkdir, hətta hərbi qarşıdurmaya qədər aparıb çıxara bilər. Ermənistanı sürətlə silahlandırmaqda məqsəd də budur. Bunun isə həm hər iki ölkə, həm də bütövlükdə bölgə üçün nə demək olduğunun xüsusi izaha ehtiyacı yoxdur. Yaranmış vəziyyətdə "nə hərb, nə də sülh" statusu sonsuzluğa qədər davam edə bilməz, çünki sülhə gedən yolun uzanması hərbə aparan yolun qısalması deməkdir. Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma isə təkcə daha miqyaslı olması ilə deyil, həm də bölgəyə müdaxilələrin artması ilə nəticələnə bilər".

Gəmi İranın əmri ilə ələ keçirilib - Netanyahu

Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Britaniya şirkətinə məxsus olan və yapon şirkəti tərəfindən idarə edilən gəmi İranın istəyi ilə Yəməndə husi milisləri tərəfindən ələ keçirilib", - deyə o bildirib. Qeyd edək ki, husilər Ədən körfəzində İsrailə məxsus quru yük gəmisini ələ keçirdiklərini bildiriblər. İsrail tərəfi isə bu gəminin onlara məxsus olmadığını açıqlayıb.

Ələ keçirilən gəmi bizim deyil, Türkiyədən gələndir! - İsrail

Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi İsrailə məxsus deyil, ekipajında ​​heç bir israilli yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilərin yük gəmisini ələ keçirməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və israillilərin olmadığı beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir. Bu, İsrail gəmisi deyil”, - deyə bildirilib. Qeyd edək ki, Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin "Galaxy Leader" yük gəmisini Ədən körfəzində ələ keçiriydiyini iddia edib.

Bakıda səfirliyi partlatmaq planı: hücum cəhdi gerçəyi üzə çıxardı

İsrailin Azərbaycandakı səfirliyində terror cəhdi ilə bağlı müzakirələr davam edir. Bəzi ekspertlər hesab edirlər ki, burada hədəf təkcə İsrail deyil, həm də Azərbaycan dövlətidir: Bakının diplomatlar və diplomatik nümayəndəliklər üçün etibarsız, əlverişsiz olduğu göstərilməyə və İsraillə Azərbaycan arasında soyuqluq yaratmağa çalışılır. Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran bu sahədə kifayət qədər təcrübəlidir: “ABŞ-ın xarici ölkələrdəki səfirliklərinə də bənzər formada hücumlar baş vermiş və əksəriyyəti İran təşkil etmişdi. Bu mənada Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin təlimatı da Tehrandan gəlib. Ümumiyyətlə, təkcə Azərbaycan deyil, dünyanın bütün ölkələrində İsrail səfirlikləri bu gün bənzər hücumlara məruz qala bilər. Misal üçün bu gün ABŞ-ın İraqdakı bazalarına İranın proksiləri hücumlar edir. Yəni İraqda İsrail səfirliyi olsaydı, İran bu ölkədəki səfirliyə də hücum törədər, hətta müvəffəq belə olardı. İsrail səfirliyinə edilən hücum onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasından danışmaq üçün hələ çox tezdir. İki ölkə arasında münasibətlərin normallaşması üçün hələ çox işlər görülməlidir. Ümumiyyətlə, İran bu məsələdə çox hiyləgərdir. Belə ki, Azərbaycan və İsrailə qarşı mübarizə İrandan bir yox, birdən çox mərkəzdən idarə edilir. Yəni iki ölkə lideri bir araya gəlib müsbət mesajlar versə belə, SEPAH-ın paylaşımları bunun əksini göstərir. Bu gün Azərbaycanda İrana pərəstiş edən kütlə var. Rəsmi Tehran nüfuz etdiyi ölkələrdə bu qüvvələr vasitəsilə terror aktları törədir, çaxnaşmalar yarada bilir. Hesab edirəm, İsrail səfirliyinə hücum cəhdi də bu yolla təşkil edilib”.

Kadırovun 15 yaşlı oğlu yaxın gələcəkdə belə görünəcək...-FOTO

Neyro-şəbəkədən Adam Kadırovun 2024-cü ildə necə görünəcəyi soruşulub və nəticə bütün gözləntiləri üstələyib. Bu haqda Ermənistanın "İravunk" saytı məlumat yaysa da, Moderator.az bu vacib(!) informasiyanı Azərbaycan ictimaiyyətinə də təqdim etdməyi məqsədəuyğun sayır.  Xatırladılır ki,  Adam Quranı təhqir edən şəxsi təpiklə vuraraq videokamera qarşısına keçən Çeçenistan lideri Ramzan Kadırovun 15 yaşlı oğludur. Bundan sonra ona bir dəstə medal verildi və atasının mühafizə xidmətinin rəisi təyin olundu.  Əlavə edək ki, noyabrın 14-də Adam Kadırovun sinəsinə 7-ci orden taxılıb -"İslam dininə xidmətə görə I dərəcəli orden...

Hindistandan Ermənistana özüyeriyən MArG 155 haubitsaları göndərilir

Özüyeriyən MArG 155 haubitsaları Ermənistana çatdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən Idrw portalı məlumat yayıb. MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır. MArG Hindistan istehsalı olan "Ashok Leyland Mk 4" hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.apa

HƏMAS varsa, Qəzzada sülh olmayacaq - Bayden

HƏMAS-ın məhvi təşviq edən ideologiyası var olduğu müddətdə Qəzzada atəşkəs sülh gətirməyəcək. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. "HƏMAS məhvetmə ideologiyasına sadiq qaldıqca, atəşkəs sülhə çevrilməyəcək. HƏMAS üçün hər atəşkəs raket ehtiyatlarını bərpa etmək, döyüşçüləri yerləşdirmək və öldürməyə davam etmək üçün qazanılmış vaxtdır", - Bayden bildirib.

Rusiyanın itkiləri 318 mini ÖTDÜ

Ukrayna müharibənin 634-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 318 570 hərbçi, 5435 ədəd tank, 10166 ədəd zirehli döyüş maşını, 7744 ədəd artilleriya sistemi, 898 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 588 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 120 ədəd avtomobil texnikası, 5755 ədəd PUA, 1563 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1096 xüsusi avadanlıq itirib.

Böyük əməliyyat: Məşhur narkobaron İstanbulda tutuldu

Türkiyə polisi İstanbulda keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik kartelinin Qərbi Balkan qanadının liderlərindən birini saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X səhifəsində yazıb. “İnterpol, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində İstanbulun Beşiktaş rayonunda saxlanılıb. Onun daxil olduğu cinayətkar qruplaşma Cənubi Amerikadakı cinayət təşkilatları ilə əlaqələr qurub və Avropaya kokain tədarükündə və narkotik qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, - nazir bildirib.

Müsavat başqanı Arif Hacılı Vyanaya dəvət olundu

Noyabrın 18-də Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Əvvəlcə həftə ərzində görülən işlər barədə məlumat dinlənilib. Arif Hacılı Avropa Parlamenti üzvlərinin təşəbbüsü ilə Varşava və Brüsseldə keçirilən tədbir və görüşlər barədə ətraflı məlumat verib. Arif Hacılı partiyanın sabiq başqanı İsa Qəmbərlə birlikdə Brüssel şəhərində Şərqi Avropa və postsovet məkanında xalq hərəkatı liderləri olmuş siyasət və dövlət xadimləri ilə birlikdə Avropa Parlamentində postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı mövzusunda keçirilən toplantıda iştirak və çıxış ediblər. Müsavat təmsilçilərinin irəli sürdüyü təkliflər, Ermənistan nümayəndələrinin iştirak etdiyi toplantıda qəbul edilən sənədə daxil edilib. Avropa Parlamentinin binasında keçirilən toplantıda bütün postsosialist məkanının indi həyatda olmayan siyasi dissidentləri ilə yanaşı, Azərbaycan Xalq Hərakatı liderləri Əbülfəz Elçibəy və Tofiq Qasımovun da portretləri nümayiş etdirilib. Səfər zamanı Müsavat Partiyası üzvlərinin Avropada yaratdığı AKM və “Prometey” təşkilatlarının rəhbər şəxsləri ilə də görüş keçirilib. Arif Hacılı bildirib ki, o, gələn həftə Avstriyada Avropanın ən mötəbər qurumları nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirə dəvət olunub. İclasda Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub.(Basta)

Müsavat başqanı Avropada keçirdikləri görüşlər barədə məlumat verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakla bağlı özünün Feysbuk səhifəsində yazaraq məlumat verib. Sozcu.az Müsavat başqanının məlumatını təqdim edir:  Polşanın Varşava şəhərində başlayaraq Brüsseldə davam edən Avropa səfərimiz başa çatdı.  Əvvəl də məlumat verdiyimiz kimi Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə İsa bəy Qəmbərlə birlikdə Azərbaycanı təmsil etdik.  Yerli və beynəlxalq qurumların təsis etdiyi bəzi medal və mükafatlarla təltif olunduq.  İstər Varşavada, istərsə də Brüsseldə, Avropa Parlamentində  keçirilən toplantılarda iştirak etdik.  Müzakirə edilən məsələlər barədə çıxışlarımız və konkret təkliflərimiz oldu.  Azərbaycan adına irəli sürdüyümüz təkliflər iştirakçıların əksəriyyətinin səsverməsi ilə qəbul edilən yekun sənədə daxıl edildi.  Ermənistan nümayəndələrinin son dövrlərdə istənilən beynəlxalq tədbirlərdə irəli sürdükləri etnik təmizləmə iddiasını burada da yeritmək cəhdlərinin qarşısı alındı.   Brüssel memarandumuna Azərbaycan Ermənistan münaqişəsinə aid olan məsələ bizim təklif etdiyimiz kimi təxmini tərcüməsi bu şəkildə daxil edildi:  “Biz Azərbaycan və Ermənistan rəhbərliyinin sülh razılaşmasının imzslanması istiqamətində atdığı addımları alqışlayırıq.  Bunun ardınca erməni əhalisinin Azərbaycana, Azərbaycan əhalisinin Etmənistana qaytarılması üçün uzunmüddətli şərait yaradıla bilər.  Cənubi Qafqaz problemlərinin həlli üçün Ermənistan Azərbaycan və Gürcüstan arasında üçtərəfli formatda müzakirəsi ideyadı səmərəli ola bilər.  Biz əminik ki, Cənibi Qafqazda sülhə nail olmaq Rusiyanın bu ərazilərdə təsir imkanlarının sıxışdırılması şərti ilə mümkündür.” (İngiliscə tam mətnin şəklini və rus dilində variantını şərh bölümündə təqdim edirəm) Səfər zamanı qurur duyduğumuz məsələrdən biri də istər Varşavada, İstərsə də Brüsseldə, Abropa Parlamentində Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəyin və Tofiq Qasımovun portretlərinin bütün postsosialist məkanına aid əfsanəvi hərakat liderlərinin portretləri ilə yanaşı nümayiş etdirilməsi oldu.

Ucarda 23 yaşlı oğlan anasını boğaraq öldürdü - TƏFƏRRÜAT

Ucar rayonunda anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.  Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.  İtithama görə, qətl hadisəsi Ucar rayonunun Qaradağlı kəndində baş verib. Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq öldürüb.  Faiq Qurbanovun barəsində Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. 

“Veteran pulu” nə qədər artırılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov çıxış edib.  O bildirib ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq.  Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Bu həftə parlamentdə büdcə müzakirələri zamanı vəsaitin artırılması barədə təkliflər səsləndirilib. Bəs vəsait nə qədər artırıla bilər? Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb. "Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun çıxışında bildirdiyi kimi, müharibə veteranlarının təqaüdünün artırılması məsələsi müzakirə olunacaq. Müzakirələr yekunlaşdıqdan sonra məbləğin nə qədər artacağı ilə bağlı məlumat veriləcək",- Rəşad Mehdili vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında veteranların təqaüdünün artırılmasını vacib hesab etdiyini bildirib: “Bu məsələ çox ciddi qaldırılıb. Himalay müəllim bildirdi ki, məsələyə baxıla bilər. Maliyyə naziri də bu məsələyə baxılmalı olduğunu deyib. Onu nəyəsə bağlamalıdırlar. Bəziləri deyir ki, veteranların təqaüdü yaşayış minimumuna gəlib çıxmalıdır. Məncə, öncədən bir rəqəm demək düzgün deyil. Bu məsələ şəraitdən və imkandan asılıdır.. Dövlət büdcəsinin hesabından, gəlirlərindən də çox şey asılıdır”. Qarabağ qazisi Rey Kərimoğlu isə müharibə veteranlarının təqaüdlərinin minimum istehlak səbəti həddinə çatdırılmalı olduğunu düşünür: "Veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir. Amma təəssüf ki, hələ də onlara verilən 80 manat təqaüd artırılmayıb. Konkret rəqəm deyə bilmərəm, amma ümid edirik ki, bu məbləğ minimum istehlak zənbili həddinə çatdırılacaq. "Qarabağ qaziləri" birliyi təklif edir ki, yaralı veteranların təqaüdü digərlərinə nisbətdə 3 dəfə artıq olsun. Məsələn, hazırda veteranların təqaüdü 80 manatdır, yaralı veteranlara isə 240 manat verilsin. Yaralı veteran deyəndə, yaralanıb, amma müharibə əlilliyi dərəcəsi almayan şəxsləri nəzərdə tuturam. Dövlət Şəhid ailələrinə, müharibə əlilləri ilə bağlı çox böyük işlər görür. Onu da xüsusi ilə qeyd edim ki, bu təbəqədən olan insanlar daim cənab Prezidentimiz İlham Əliyevin və vitse-prezidentimiz Mehriban xanımın diqqətindədir". 

İstanbulda partlayış: 1 ölü, 5 yaralı

Türkiyənin İstanbul şəhərində Kiçikçəkməcə rayonunda dördmərtəbəli binada partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə TRT Haber məlumat verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Binanın zirzəmisində baş verən partlayışın yaranmasına səbəb təbii qaz balonunun partlaması göstərilir. Qeyd edək ki, əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.