Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sensasiya xarakterli çıxış edib.
Sozcu.az xəbər verir ki, Dövlət Baxçalı MHP-nin bugünkü qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Özalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib
D.Baxçalı onu da sdeyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın.
“Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır.
Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq.
Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”.
Baxçalı deyib ki, Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir:
“Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”.
Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu çağırışı milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar:
“Fikrimcə, bu prezident Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq, PKK-nın tərk-silah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərk-silah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə, yenidən terrora başladı. Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyacı var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.