“Vosmoy bazarı”nda nə baş verir? – “Başqa holdinqə satılıb”

“8-ci km bazarı” kimi tanınan Ticarət Mərkəzinin ləğv ediləcəyi haqda xəbərlər yayılıb. Bildirilir ki, bazar ləğv ediləcək. Bazarla bağlı on illərdir oliqarxlar, nazirlər arasında böyük mübarizə gedir. Akif Çovdarovun, Eldar Mahmudovun, Fərhad Əliyevin və digərlərinin adıçəkilən ticarət mərkəzində payları var idi. Hətta məşhur məhkəmə proseslərində “Vosmoy bazarı” ilə bağlı proseslər də keçirilib. Bundan başqa, oranın başqa əraziyə köçürüləcəyi haqda məlumatlar dolaşdı. Sonradan məlum olmayan səbəbdən layihə təxirə salındı. Çünki sözügedən ticarət mərkəzində çox böyük pullar dövr edir. Globalinfo.az “Vosmoy bazarı”nın adının çəkilməsini istəməyən əməkdaşı ilə danışıb. O, bildirib ki, artıq uzun müddətdir ki, ticarət mərkəzinin bağlanacağına dair xəbər var: “İlk dəfə “Diqlas” yandıqda şayiə yayıldı ki, bazar ləğv ediləcək, lakin uzun müddət keçməsinə baxmayaraq, ləğv edilmədi. Daha sonra dedilər ki, bazarı “Yeni Günəşli”yə köçürəcəklər və adı dəyişdiriləcək. Hətta neçə vaxtdır buranın köçürüləcəyini gözləyirdik. Bu gün də ümumiyyətlə bazarın bağlanmayacağı deyildi. Amma bizdə olan məlumata görə, “8-ci km bazarı” başqa holdinqə satılıb. Ümid edirik, yeni sahib ərazini köçürməz və bazar bağlanmaz”.

Ermənistanda qəza: hərbçi öldü

Ermənistanda zəncirvarı yol qəzasında iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, “Ford” və “Mersedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb. Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar. Qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.

Hər dəqiqədə 1 nəfəri öldürən xəstəlik: Ölkəmizdə vəziyyət necədir?

Hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Həmin xəstəliklə əlaqədar tez-tez beynəlxalq səviyyədə genişmiqyaslı tədbirlər təşkil olunur. BMT-nin məlumatına görə, dünyada hər 4 dəqiqədə QİÇS-dən bir nəfər ölür. Hər həftə 4000 nəfər İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir. Məlumata görə, region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu ilin 11 ayı ərzində 792 nəfərdə İİV infeksiyası aşkarlanıb. Onların 761 nəfəri Azərbaycan vətəndaşıdır. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. QİÇŞ-lə bağlı ən böyük problemlərdən biri bu xəstəliyə yoluxan insanların cəmiyyətdən təcrid edilməsidir. Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırkı dövrdə QİÇS o qədər də qorxulu xəstəlik deyil. "Bunun müalicə yolları var, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq düzgün deyil. Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq  və s. yollarla yox, birbaşa qan vastiəsilə keçir", - o qeyd edib. Ekspert deyir ki, uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə, xəstəliyin qarşısını almaq bir o qədər mümkün olar. "Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.

Rusiyanın 8,8 milyard dollarlıq aktivləri donduruldu

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.  Məlumata görə, 2022-ci ilin dekabrında ölkə hakimiyyəti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın aktivlərinin dondurulmasına başlayıb. 

İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc etdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza sakinlərin təxliyəsi üçün Qəzza zolağının xəritəsini yeni məlumat dərc edib. Sozcu.az xəbər verir ki, IDF bu barədə "X" sosial media hesabında məlumat paylaşıb. Məlumata görə, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub. İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır - Jdanov

Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Onu zədələmək üçün gücümüz və vasitəmiz var. Körpünün vurulmaması hərbi qərardan daha çox, siyasi xarakter daşıyır. Struktur texniki cəhətdən o qədər mürəkkəbdir ki, bu körpüdəki hər hansı partlayış onun işinin dayanmasına və uzunmüddətli təmir-bərpa işlərinə səbəb ola bilər”, – Jdanov əlavə edib.

“Sülh” deyib sülhə mane olanlar...

Qarabağ münaqişəsi başlandığı gündən dildə “sülh” deyib əməldə qızışdırıcı rol oynayan dünya bu gün, Azərbaycan ərazi bütövlüyünə real olaraq nəzarəti bərpa edəndən sonra da, qızışdırıcı mövqeyindən əl çəkmir. 44 günlük müharibə bitəndə bir cür, antiterror əməliyyatından sonra başqa cür yollarla sülhün yaranmasına əngəl olmaq siyasəti davam edir və Ermənistan həmişə olduğu kimi bu siyasətdə alət rolundadır. Fəal şəkildə Qərbdən, eyni zamanda son vaxtlar bir az passiv olsa da Rusiyadan gələn siqnallara, bəyanatlara, çağırışlara Ermənistan bir ümid yeri kimi baxır: “bəlkə Qarabağı qaytardılar”, “bəlkə Azərbaycanı cəzalandırdılar”, “bəlkə...” və bu bəlkələr əbədi olaraq ermənini yanlış, həm də taleyüklü yanlışlar içərisində boğsa da, hələ də özlərinə deyil, kənar qüvvələrə inanmaqda davam edirlər. Son günlərin sülhə maneə törədənlərinin siyasətinə nəzər salaq... Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin daha çox reallaşacağı bir vaxtda Qərb platforması son iki ayda apardığı siyasətə sadiq qalaraq bir daha iki ölkə arasında barışın yaxınlaşmasına mane olur. Daha doğrusu, Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə komitəsi illik hesabatını qəbul edib və hesabatda Azərbaycana qarşı əsassız iddialar, hücumlar və Azərbaycanı təcrid edəcək çağırışlar yer alıb. Azərbaycanı “Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hücumda” pisləyən, bunun “nəticəsiz qalmayacağı”ilə təhdid edən Avropa Parlamenti “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə” çağırış edib. Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun dayandırılması və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur...  İkinci anti-sülh çağırışı Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən gəlib. Təzadlıdır deyilmi? Adın sülh fondu ola, amma Ermənistanı silahla təmin etməyə qərar verəsən, özü də sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda...  Dünən Skopyedə ATƏT-in 30-cu Nazirlər Şurası forumunda Ararat Mirzoyan çıxışına belə bir başlıq verir: “.., Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməkdən əl çəksin”. Ardınca, qeyri-səmimiliyi çıxışının hər cümləsində özünü göstərir. Ermənistan XİN rəhbəri Azərbaycana qarşı elə ittihamlar irəli sürür ki, bu, sülhə deyil, savaşa səsləməkdir. Diqqət edək:  “Doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib. Bu, yerli əhalinin Dağlıq Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsinə səbəb oldu. Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə - erməni əhalisi olmadan Dağlıq Qarabağ ərazisini əldə etməyə nail oldu. Amma bundan sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. İndi Ermənistanın bütün suveren ərazisi qonşumuz üçün hədəfə çevrilib. Bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.  Beynəlxalq platformada bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir. Sülh istəyən belə danışmaz. Sülh istəyən Ermənistanı silahlandırmaz. Sülh istəyən Azərbaycanı sanksiya ilə hədələməz. Sülh istəyən vasitəçi.., tərəf tutmaz. Üstəlik, sülh istəməyənlərin Azərbaycanı hədəfə alan bəyanatları məhz vasitəçisiz olaraq delimitasiya komissiyalarının sərhəddə ikitərəfli görüşü keçirilən gün elan olunur. Sərhəddə vasitəçisiz keçirilən ikitərəfli görüşün daha çox Azərbaycan cəmiyyətinin gündəmində olduğunu desək, yanılmarıq, çünki Ermənistanı dünən də, bu gün də ən çox narahat edən Yuxarı Lars yolunda erməni maşınlarının Rusiya sərhəddini keçə bilməməsi və əksəriyyət maşınların da geri qaytarılmasıdır. Rusiya tərəfindən fitosanitariya adı altında yüklərin buraxılmamasını təzyiq kimi qiymətləndirən ermənilər təlaş içərisindədirlər. Vaxtilə Rusiyanın postsovet respublikaları- Moldova və Gürcüstana, daha sonra Türkiyəyə bu ad altında təzyiqlər göstərdiyi məlumdur və artıq ermənilər də sərhəddə baş verənləri “Ermənistan diz çökdürülür” kimi qəbul edirlər. Amma yenə Azərbaycanla sülh bağlamaqdan müxtəlif bəhanələrlə qaçırlar. Əgər sülh olsaydı, Zəngəzur yolu Azərbaycan üçün açılsaydı, Ermənistan da Azərbaycandan keçməklə alternativ yoldan istifadə edə bilərdi. lakin erməni siyasiləri, politoloqları, hətta sıraviləri bu variantı belə vəziyyətdə də dilə gətirmirlər... Ermənilər və ermənipərəstlər səhv edə-edə 30 ildir yol gəlirlər, indi də növbəti səhvlərini edirlər, gec-tez bizim mövqeyimizə razılıq verəcəklər, çünki  bizim karvanımız düz yoldadır... moderator) İlham İsmayıl

Paytaxtda bir məktəb ibtidai siniflər üçün distant tədrisə keçdi – Qızılcaya görə

Qızılcaya görə Bakının Qaradağ rayonu ərazisində yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. “Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - İdarənin məlumatında bildirilib.

Rusiyanın Ukraynadakı itkiləri 330 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1280 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 330 040 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 32 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

11 yaşlı qız dəm qazından boğularaq öldü

Mingəçevir şəhərində 11 yaşlı qız dəm qazından boğulub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Ş.Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Daha bir uşaq qızılcadan öldü - Rəsmi

2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən bildirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

Məktəblər qızılcaya görə bağlanacaq? - Nazir

Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.

Ukrayna üçün Krımı qaytarmaq daha asandır - Zelenski

Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. "Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.

"Şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq"

"Məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq". Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin xəsarət almasına münasibət bildirərkən deyib. "Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olan barədə tədbir görürük", - nazir qeyd edib.

Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

Son günlər Azərbaycanda tez-tez kiçik maqnitudalı zəlzələlərin baş verməsi cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Dünən isə saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub. Bir sözlə, cəmiyyətdə zəlzələ ilə bağlı qorxuya əsas varmı? AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Musavat.com-a açıqlamasında bildirib ki, cəmiyyətdə zəlzələlərlə bağlı qorxuya əsas yoxdur: “Kiçik zəlzələlərin olması daha yaxşıdır, nəinki sakitlik olsun, orada güclü enerji toplantısı getsin və sonradan güclü zəlzələ baş versin. Yəni bloklar arasında dərinlik qırılması tektonik qırılmalarla bağlıdır, enerjilərin boşalması da daha yaxşıdır, nəinki sakitlik. Təlaşa ehtiyac yoxdur. Katastrofik zəlzələ ehtimalı yoxdur”.

Azərbaycanda 15 deputata 100 minlik maşın verildi - FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.  Yenisabah.az-ın xəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.  Hazırda parlamentin 15 komitəsi var.  Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.  "Yeni Sabah" araşdırıb ki, hazırda “Mercedes E 300” markalı avtomobillərin Mercedess-in Azərbaycandakı rəsmi nümayəndəliyində satış qiyməti 101 808 manatdır. 

İlham Əliyev sərəncam imzaladı

On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bakıda şagird qızılcadan vəfat etdi - Yeniləndi

12:17 Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”. Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib. *** Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb. TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: "Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür". Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.

Krımda telekanalların yayımı kəsildi - Zelenskinin müraciəti göstərildi

Krımda telekanalların yayımı kəsilib və Ukrayna prezidenti Vladimir Zelenskinin müraciəti nümayiş etdirilib.  Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. Krımın “rəhbərinin” müşaviri Oleq Kryuçkov rəqəmsal televiziya xidmətləri göstərən bir sıra internet provayderlərinin sındırıldığını bildirib. Kryuçkovun sözlərinə görə, haker hücumunda Ukraynanın İnformasiya və Psixoloji Xüsusi Əməliyyatlar Mərkəzi (CIPSO) iştirak edib. Məlumata görə, yayımlanan videoda sakinlərə Zelenskinin oktyabrın 24-də Krım Platforması sammitindən sonra yazılan müraciəti göstərilib. Ukrayna lideri həmin videoda Rusiya donanmasının uçuşu barədə danışıb və ilhaq edilmiş Krım əhalisinə müraciət edib: “Hamınız hiss edirsiniz ki, bizim torpaqlarımızda Rusiyanın mövcudluğu əbədi deyil. Mən bunu bilirəm. Ukrayna öz ərazisini, öz xalqını qaytaracaq”.

Dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlandı - Dörd nəfər saxlanıldı

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Araik Bakıdan Şahramanyana tez-tez zəng edir? - Separatçıların yeni planı

Qarabağda qandallanaraq, Bakıya gətirilən separatçı-terrorçu rejimin keçmiş “rəhbərləri” haqda yeni iddialar yayılıb. Ermənistan mediası Araik Arutyunyanın, Arkadi Qukasyanın və Bako Saakyanın Qarabağdan Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanla mütəmadi olaraq əlaqə saxladığını yazır. Bu iddianı İrəvana qaçmış separatçıların qondarma “deputatı” olaraq göstərilən Davit Qalstyan irəli sürüb. “Məhkumlarımız mütəmadi olaraq təkcə ailələri ilə deyil, həm də (qondarma) “artsax prezidenti” ilə əlaqə saxlayırlar. Bildirirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”, - Qalstyan bildirib. Bu iddianın absurd olduğu aydındır. Çünki həbs edilən separatçıların ailələri ilə əlaqə yaratmasından tutmuş bütün digər hüquqları təmin edilsə də, onların özünü ləğv edilmiş qondarma rejimin “rəhbəri” kimi təqdim edən və Qarabağla bağlı iddiaları saxlayan Şahramanyanla əlaqə yaratmasına icazə verilməməlidir. Qalstyanın iddiası daha çox Şahramanyanı “rəhbər” kimi göstərmək məqsədi daşıyır. Bu, Ermənistana qaçan separatçılar arasındakı qarşıdurma fonunda təsadüfi deyil və bu iddiaların Şahramanyanın yeni planı olduğu da istisna deyil. Bununla nümayiş etdirir ki, “keçmiş rəhbərlər” onu “başçı” kimi qəbul edirlər./Publika.az

Qüdsdə terror: 3 ölü, 5 yaralı

10:08 Qüdsdə terror aktı törədilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İlkin məlumata görə, avtobus dayanacağında atışma baş verib. Atışma nəticəsində 6 nəfərin yaralandığı bildirilir. *** Qüdsdə ətrafdakılara atəş açan iki nəfər yerindəcə öldürülüb. Bu barədə İsrail polisi məlumat verib. Qeyd olunub ki, terror aktı nəticəsində 1 mülki vətəndaş ölüb, 5 nəfər isə yaralanıb.

Delimitasiya komissiyasının iclası başladı

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, məlumatı baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb. Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.

Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə

Qarabağda özünü buraxmış keçmiş separatçı-terrorçu xuntanın keçmiş başçılarından olan Araik Arutyunyanın Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsinin daha bir hissəsi yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bez Tormozov” məlumat paylaşıb. İddia edilib ki, Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək niyyətində olduğunu bildirib. Qeyd edilib ki, o, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək arzusunu ifadə edib.axar)