"Qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir"

“Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötrü atdıqları bir addım deyil. Əsl səbəb ictimai qınaqdan qorxmaqlarıdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Zibeydə Sadıqova bildirib. O, sözügedən problemlə bağlı bir sıra nüasnlara toxunub: “Boşanmaların təşəbbüskarı qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin, əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə, məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar. Kişilərə bu ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır”. Hüquqşünas onu da qeyd edib ki, boşanmaların böyük əksəriyyəti məişət zorakılığı ilə bağlıdır: “Əlbəttə ki, digər səbəblər də rol oynayır. Amma məişət zorakılığının artması halları nikahların pozulması statistikasının artmasına səbəb olur. “Aliment üçün boşanıblar” fikri kökündən yanlışdır. Çünki məhkəmə aliment müəyyən edir, amma onun icrasında böyük əngəllər olur. İllərlə aliment ala bilməyən qadınlar var. Alimentin miqdarı da böyük deyil və həmin pulla uşağa yalnız qida almaq mümkündür. Uşağın digər xərcləri yenə də ananın üzərində qalır. Cəmiyyətə qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir. Bu formada təqdimat qadınların üzləşdiyi problemləri ciddiyə almamağa gətirib çıxarır”.

Ər və arvad pomidor turşusundan zəhərləndi

09:08 Şəmkir rayonu, İmişli kəndində iki nəfər qidadan zəhərlənib. Sozcu.az xəbər verir ki, kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, zəhərlənən şəxslərin müalicələri davam etdirilir: "Martın 14-də saat 10:30-da 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (biri kişi, digəri qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir". Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin səbəbləri araşdırılır: "Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

TARİXİ SÜLH MÜQAVİLƏSİ VAŞİNQTONDA İMZALANACAQ?

Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırılmasına dair prosesin artıq yekunlaşdığını bildirəndən sonra, dünyanın müxtəlif nöqtələrindən, mötəbər siyasi mərkəzlərdən və bir çox maraqlı ölkələrdən məsələyə dair reaksiyalar gəlməkdədir.  BMT-nin, Avropa İttifaqının, NATO-nun, eləcə də bir çox başqa ölkələrin rəsmiləri iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşmanı təqdir edərək alqışlayıblar.  Əlbəttə, hardan baxsaq bu, çox sevindirici bir haldır. Cənubi Qafqazın uzun illər münaqişələrin qaynadığı bir bölgə kimi, uzunmüddətli sabitliyə, sülhə, barışa, kommunikasiyaların açılmasına, siyasi, iqtisadi, humanitar, mədəni əlaqalərin zamanla bərpa olunmasına, bir sözlə iqtisadi cəhətdən inkişafa, çiçəklənməyə ehtiyacı var.  Burada yaşayan bütün xalqların sülh şəraitində birgəyaşayışa, qarşılıqlı fayda zəminində rifaha qovuşması çoxdankı arzumuzdur.  Bu mənada, həqiqətən Azərbaycan və Ermənistanın tarixi sülhə nail olması hadisəsi dünyada beynəlxalq hüququn çeynəndiyi, qlobal müharibələr riskinin artdığı bir ərəfədə, planetimiz üçün dünya xalqlarına sülhün, barışın alternativsiz bir yol olduğunu göstərmək şansı yaradır.  Hazırda ən qızğın polemika mövzularından biri də, baş tutma ehtimalı yüksək olan tarixi sülh müqaviləsinin məkan olaraq harada imzalanacağıdır. Artıq bununla bağlı da diplomatik trafik hiss olunmaqdadır.   Məncə, sazişin ABŞ-da, məhz Vaşinqtonda imzalanması şansı da yox deyil. Bunun üçün son iki sutkada baş verənlər belə deməyə əsaslar yaradıb.  Trampın nümayəndəsi Uitkoffun təyyarəsi Moskvada Putinlə görüşdən sonra Bakıya enib. Məlum enişin adını "texniki baxış" qoydular, amma mən buna az inananlardanam. Ukrayna-Rusiya arasında uzunmüddətli atəşkəs və sülh hələlik dalana dirənib. Trampa isə 100 günlüyündə sülhpərvərliyini sübut edəcək nəticələr lazımdır.  Uitkoffun təyyarəsinin məhz bu məqamda Bakıya planlaşdırılmamış enişi maraq doğurmaya bilməz. Təsadüfi deyil ki, Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh mətninin razılaşdırılmasının yekunlaşması barədə açıqlama verdikdən bir gün sonra, ABŞ Dövlət katibi Rubionun məlum məsələyə dair operativ reaksiyası özünü çox gözlətmədi. "...Bu, Trampın uzunmüddətli sülhə nail olmaqla bağlı vizyonuna uyğun gələn bir irəliləyişdir" deyən dövlət katibi prosesin ABŞ-ın yeni administrasiyasının diqqət mərkəzində olduğuna işarə etdi.  Buradan da belə anlaşılır ki, dünyanın onsuz da qarmaqarışıq olduğu, heç kimin bir-birinin sözünü, fikrini, təklifini qəbul etmədiyi bir vaxtda, məhz Azərbaycan-Ermənistan tarixi sülh müqaviləsi Trampın sülhpərvər vizyonunu tamamlaya və rövnəqləndirə bilər.  Sülh müqaviləsinin təntənəli surətdə ABŞ-da imzalanması ilə, uzun illər davam etmiş bir regional münaqişənin sonlandırılması Trampın qlobal lider kimi əhəmiyyətini göstərən bir hadisəyə çevriləcək. Bu baxımdan sülh müqaviləsinin bağlanmasının məkan olaraq Vaşinqtonda gerçəkləşdirilməsi versiyası inandırıcıdır.  Əlbəttə, ABŞ-la son dönəmlər soyuyan münasibətləri normallaşdırmaq istəyən Azərbaycan prezidenti Əliyev üçün də belə bir fürsət göydəndüşmə olardı və onun bundan imtina etməsi inandırıcı deyil.  Çünki son illər Qərb ölkələrinə rəsmi dövlət səfərlərinin, demək olar, baş tutmadığı bir şəraitdə ABŞ-a gedib həm sülh müqaviləsini imzalamaq, həm də ABŞ-ın yeni prezidenti Donald Tramp və administrasiyası ilə ikili görüşlər keçirmək Əliyevin gələcək siyasi perspektivi üçün az əhəmiyyət kəsb etmir.  Təsadüfi deyil ki, bir neçə gün əvvəl Azərbaycanın ABŞ-dakı səfiri də ABŞ-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq fazasına qaldırmağın mümkünlüyündən danışmışdı. Son vaxtlar yəhudilərin də ABŞ-la münasibətləri düzəltmək üçün ciddi lobbi dəstəyi verməsinin altında həm də bu yatır.  Mənə elə gəlir ki, rəsmi Bakı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində sırf məkan problemini, həm də okeanın o tərəfindən əlavə siyasi dividentlər qazanmaq baxımından dəyərləndirir. Mirzə Rəşad Orbey, siyasətçi

Bərdədə binanın eyvanı uçdu: ölən var

Bərdədə yaşayış binasının eyvanı uçub. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində ölən və yaralananlar olub. Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Azərbaycanda bu nazirliklər birləşdirilə bilər

Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir. Sozcu.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a açıqlamasında sözügedən qurumların birləşdirilməsinin mümlün olduğunu bildirib: “Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”. Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işlməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir: “Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.

Azərbaycanda qərargah rəisi intihar etdi

Ağdaş rayon Mərkəzi Xəstəxanasının Mülki müdafiənin qərargah rəisi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə xəstəxana özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Qeyd edilib ki, 38 yaşlı Anar Kərimzadə martın 15-də dünyasını dəyişib. Sozcu.az-ın qafqazinfo.az-a istinadla məlumatına görə, mərhum yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub. Araşdırma aparılır.

Qəbirstanlıqda biabırçılıq - Polis işə qarışdı

Antalyanın ( Türkiyə ) Muratpaşa mahalında iki gənc qızın qəbir daşlarının üzərində kart oynayıb kola içdiyi görüntülər sosial mediada yayılıb. Onların geyimləri və hərəkətləri etiraz doğurub. Görüntülərin qısa müddətdə yayılmasının ardından Antalya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Bildirilib ki, görüntülər Andızlı qəbiristanlığında E.S. və K.Y. adlı xarici vətəndaşlar tərəfindən lentə alınıb. Bildirilib ki, bu şəxslər 10 mart bazar ertəsi Türkiyəni tərk edərək xaricə gediblər. Açıqlamada həmçinin qeyd olunub ki, həmin şəxslər barəsində Türk Cinayət Məcəlləsinin 216-cı maddəsi əsasında "Xalqı kin və düşmənçiliyə təhrik" maddəsi ilə hüquqi proses başladılıb.(milli.az)

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...”

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir. Bu barədə “Xəzər TV”yə sakinlər məlumat veriblər.  Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər.  Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: “Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi...” Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir”.

“Bu yalandır”: Rusiya Kurskda Ukraynanın minlərlə əsgərini mühasirəyə almayıb..." - "Forbes"

Hərbi rəsmilər və analitiklər Putin və Trampın Ukrayna qüvvələrinin bölgədə mühasirəyə alınması ilə bağlı iddialarını təkzib edirlər...  "Putinin sözlərinə deyil, kəşfiyyat məlumatlarına etibar etmək ağlabatandır..." Rusiya ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Kursk bölgəsində minlərlə Ukrayna əsgərini mühasirəyə almayıb. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "Forbes" yazır. Tramp cümə günü sosial mediada böyük hərflərlə yazıb: “Sadəcə minlərlə Ukrayna əsgəri tam olaraq Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb və çox pis və həssas vəziyyətdədir”. Tramp bazar ertəsi və ya çərşənbə axşamı Kursk vilayətindəki mövqelərini tərk edən 10 minə yaxın ukraynalı hərbçinin təxliyəsinə reaksiya verib. Trampın xəbərlərinə baxmayaraq, Ukrayna əsgərləri mühasirəyə alınmayıb. Kursk yaxınlığındakı döyüşlərdə iştirak edən ukraynalı pilotsuz təyyarə operatoru Kriqsforşer "Bu yalandır" deyib. "Frontelligence Insight"analitik qrupunun təsisçisi Tatariqami də bildirib: “Komandamız Kurskdakı vəziyyəti yaxşı anlayır. Mühasirəyə düşən yoxdur." Yayda güclü Ukrayna qüvvələri Ukrayna prezidenti Vladimir Zelenskinin sonradan Rusiya tərəfindən işğal edilmiş ərazi ilə mübadilə edə biləcəyi Rusiya torpaqlarının bir hissəsini ələ keçirmək məqsədi ilə Kursk şəhərinə hücum etdi. Hücum altı ay davam etdi- fevralın 25-nə qədər. Rusiyanın elit "Rubikon" dron qrupu Sucada Ukrayna qüvvələrini dəstəkləyən təchizat xətlərinə bir sıra hücumlar həyata keçirdi. Qabaqcıl dron taktikalarından istifadə edən analitik Endryu Perpetua deyir ki, "Rubikon" tez bir zamanda yüzlərlə Ukrayna avtomobilini məhv edərək, Kursk bölgəsindəki Ukrayna briqadalarının tədarükünü effektiv şəkildə əngəlləyib. İki həftə sonra, bazar ertəsi və ya çərşənbə axşamı sağ qalan Ukrayna qoşunları texnikanı geridə qoyaraq, minlərlə əsgərin həyatını xilas edərək Kurskdan çıxdı. "Geri çəkiliş bəzən xaotik olsa da, ümumiyyətlə, təşkil edilmişdi" deyib Tatariqami. “Heç bir mühasirəyə alınma təhlükəsi yox idi və heç bir dəlil bunu təsdiq etmir”. Tramp niyə mühasirə haqqında danışmağa başladı?.. Tramp yalandan minlərlə ukraynalının mühasirəyə alındığını iddia etməklə, əslində mümkün atəşkəs danışıqları ərəfəsində Putinin mövqeyini təkrarlayır. Fevralın 28-də Tramp və vitse-prezident J.D.Vensin Zelenskini ABŞ-ın köməyinə kifayət qədər minnətdar olmamaqda tənqid etdikləri mətbuat konfransı nəticəsində yaranan iki həftəlik mübahisədən sonra Kiyev və Vaşinqton nəhayət, 30 günlük potensial atəşkəsin əsas şərtləri ilə razılaşdılar. Moskva bu şərtlərlə razılaşmalı və ya öz tələblərini irəli sürməlidir. Tramp Putinlə danışıqların yaxşı getdiyini və müharibənin tezliklə bitə biləcəyini deyib. Bununla belə, görünür, Tramp ilkin müzakirələrini Rusiyanın Kursk bölgəsində minlərlə ukraynalı hərbçini faktiki olaraq girov saxlaması yalanı üzərində qurur. “Mən prezident Putini onların həyatını xilas etməyə çağırıram”, - deyə Tramp yazıb. Lakin Kursk vilayətində artıq minlərlə Ukrayna əsgəri yoxdur. Onlar Putinin iddiasına baxmayaraq, bir neçə gün əvvəl məkanı tərk ediblər. Tatarigami məsləhət görür ki, Putinin sözlərinə deyil, kəşfiyyat məlumatlarına etibar etmək ağlabatandır...

Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. Sozcu.az "Trend"ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Araik etiraf etdi: Gəncənin bombalanması...

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Araik Arutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu tarixlərdə 30 dərəcə isti olacaq

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Palata Dövlət Turizm Agentliyində yoxlama aparır

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. Sozcu.az APA-ya istinadal xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb Hesablama Palatasından da məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Daha 24 ailə Ballıcaya yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür. Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.

Sənədsiz evlərlə bağlı mühüm məlumat

Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililərin, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illər bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkarladıqda, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Qeyd olunan hissənin icrası ilə əlaqədar mütəmadi olaraq Siyahının təkmilləşdirilməsi və qeydiyyat üçün əsas olan yeni sənədlərin Siyahıya daxil edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyat nazirinin 2023-cü il 21 iyun tarixli əmrinə əsasən idarələrarası İşçi qrup yaradılıb. Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən problemin həlli yolları barədə hüquqi, iqtisadi, tikinti, şəhərsalma və torpaq qanunvericiliyi nöqteyi-nəzərindən təhlillər aparılır və məsələnin nizamlanması ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Həmin Qaydalarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi müəyyənləşdirilib. Beləliklə, Qaydaların tələblərinə uyğun olaraq, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin və bələdiyyələr tərəfindən ərazi planlaşdırma və şəhərsalma sənədlərinə uyğun olaraq hazırlanmış əsaslandırılmış müraciətlər daxil olduqda, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi yaşayış evlərinə aid vətəndaşların istifadəsində olan əlavə torpaq sahələri ilə bağlı müvafiq layihə hazırlanıb. Layihə üzrə torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və həmin torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda Abşeron rayonu və Bakı şəhərinin Sabunçu, eləcə də xüsusən Bakı ətrafı inzibati rayonlarından daxil olan müraciətlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara məxsus torpaq sahələrinin mülkiyyət sənədləri mövcuddur. Həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məqsədilə inzibati ərazilər üzrə müvafiq rayon icra hakimiyyətləri tərəfindən vəsatət qaldırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi və sığorta edilməsi ilə bağlı bildirilib ki, "İcbari sığortalar haqqında" qanunun tələbləri çərçivəsində daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər tərəfindən icbari qaydada yaşayış evlərinin və mənzillərin, o cümlədən qeyri-yaşayış sahələrinin sığortalanması həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq sığortalanmanın aparılmasına nəzarət müvafiq səlahiyyətli dövlət orqanları, sığortaçıların fəaliyyətinə nəzarət isə Mərkəzi Bank tərəfindən təmin edilir. Mərkəzi Bank tərəfindən bu sahədə yerli və xarici təcrübələr araşdırılmış, yerli və xarici ekspertlərlə müzakirələr aparılmış və bu xüsusda hazırlanmış ilkin təkliflər sığorta sektoru və səlahiyyətli dövlət qurumları ilə müzakirə edilir.

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh razılaşması olduqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacağını bildirib. Sozcu.az xəbər verir ki, Mirzoyan bu barədə Ermənistan parlamentində danışıb. "Azərbaycanla münasibətlərin normallaşmasından sonra hesab edə bilərik ki, münaqişə institusional baxımdan başa çatıb, indidən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - o, bildirib. Mirzoyanın sözlərinə görə, Ermənistan təəssüf ki, Azərbaycan tərəfində bəzi ritorika görür. "Mövqeyimiz aydındır: sülh sazişi imzalanan kimi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da öz qeydlərimiz olacaq", - o qeyd edib.

ABŞ İranın neft nazirinə sanksiya tətbiq etdi

ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “İran hökuməti və ordusu neft naziri Möhsün Paknejadın köməyi ilə İranın neft sərvətlərini oğurlayır",- məlumatda deyilib. Nazirlik İran neftinin ixracını sıfra endirməyə çalışdıqlarını bildirib.

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər. Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır. Faktla bağlı araşdırma aparılır.

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir. “Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq”, - hesabatda qeyd olunub.

17 yaşlı oğlanı öldürən şəxslər tutuldu - Rəsmi

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib. A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir. Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Sarayda 67 yaşlı qadın faciəli şəkildə öldü

Sarayda 67 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az Baş Prokurorluğa istinadla məlumat yayıb. Bildirilirb ki, hadisə Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bənövşə İbrahimovaya məxsus evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır.

ABŞ bu bombaların Ukraynaya tədarükünü yeniləyir

ABŞ Ukraynaya Rusiyanın elektron müharibə sistemlərinə qarşı təkmilləşdirilmiş dəqiq idarə olunan GLSDB bombalarının tədarükünü bərpa etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, bu bombaların döyüş meydanına qayıtması yaxın günlərdə baş verə bilər, çünki ehtiyatlar artıq Avropadadır. Sonuncu dəfə Ukrayna ordusu bundan bir neçə ay əvvəl istifadə edib.