ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-ni vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. "Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - paylaşımda deyilir. ABŞ KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir. Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib. “Associated Press”in məlumatına görə, tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.

AMB: Trampın siyasəti iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir

ABŞ Prezidenti Donald Trampın addımları qlobal iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir. Sozcu.az xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) sədr müavini Luis de Qindos Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində bildirib. "Biz qeyri-müəyyənlik səviyyəsinin indi nə qədər yüksək olduğunu nəzərə almalıyıq. Bu, hətta pandemiya dövründəkindən daha yüksəkdir", - o deyib. "Biz görürük ki, ABŞ-nin yeni administrasiyası ümumi problemlərin həlli üçün yurisdiksiyalar arasında əməkdaşlığı nəzərdə tutan çoxqütblülük siyasətini davam etdirməyə o qədər də açıq deyil. Bu, çox mühüm dəyişiklik və böyük qeyri-müəyyənlik mənbəyidir", - Luis de Qindos vurğulayıb. Bununla yanaşı, de Qindos bazarın qısamüddətli volatilliyini uzunmüddətli tendensiyalardan fərqləndirməyin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hətta yüksək qeyri-müəyyənliyi nəzərə alsaq belə, AMB-nin uzunmüddətli perspektivdə Avropada inflyasiyanın iki faiz səviyyəsinə endirilməsi hədəfi tamamilə həyata keçirilə bilər. "Real əmək haqqı artıb, inflyasiya aşağı düşür, faiz dərəcələri düşür və maliyyələşdirmə şərtləri yaxşılaşır. Lakin fakt odur ki, istehlak artmır", - iqtisadçı qeyd edib. "Səbəb istehlakçıların gəlir səviyyələrindəki qısamüddətli dəyişikliklərə heç də həmişə reaksiya verməməsidir. Onlar həm də orta müddətli ticarət müharibəsi və ya böyük bir geopolitik münaqişə ilə bağlı iqtisadiyyata nə baş verə biləcəyinə diqqət yetirirlər”, - o vurğulayıb.

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir. "ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq", - bəyanatda bildirilir. Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın Şərq) regionunda sabitliyi daha da poza, ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirləri həyata keçirə bilər.

Trampın müşaviri: Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər. Sozcu.az xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib. O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib. Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.

Latakiyada partlayış - Ölənlərin sayı 16 nəfərə çatdı

Suriya şəhəri Latakiyanın cənubunda şənbə günü baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 18 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti Mülki Müdafiə Xidmətinin bəyanatına istinadən bildirib. Məlumata görə, ölənlər arasında beş qadın və beş uşaq var. Bəyanatda vurğulanıb ki, bu məlumatlar ilkindir, çünki xilasetmə işləri davam edir. Dağılmış binanın altında hələ də meyitlər qalır. Daha öncə hadisə nəticəsində 3 nəfərin öldüyü deyilirdi. Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, partlayışa metal tullantıları anbarında partlamamış böyükkalibrli mərminin detonasiyası səbəb olub. O, partlayış nəticəsində uçmuş Ər-Raml məhəlləsindəki dördmərtəbəli evin yaxınlığında yerləşirdi.

Rusiya ilin əvvəlindən bəri 100 min hərbçisini itirib - Sırski

Rusiyanın 2025-ci ilin əvvəlindən Ukraynaya qarşı müharibədə canlı qüvvə itkisi 100 mindən çox olub. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sirski deyib. “Ordumuzun koordinasiyalı və peşəkar işi sayəsində bu ilin əvvəlindən işğalçıların canlı qüvvədə ümumi itkiləri 100 min nəfəri ötüb”, - Sırski bildirib.

Rusiya minlərlə raket atıb, sülh istəyən belə etmir - Zelenski

Rusiya bir həftə ərzində Ukraynaya minlərlə PUA və KAB göndərib. Bu onu göstərir ki, onlar müharibənin bitməsinə hazır deyillər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu həftə şəhərlərimiz yüz dəfələrlə atəşə tutulub: Çerniqov, Xerson, Donetsk, Xarkov, Dnepr, Odessa, Poltava, Kiyev, Nikolaev, Zaporojye və Sum vilayətləri. Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı, 1360-a yaxın idarə olunan hava bombası və 10-dan çox müxtəlif tipli raketlər buraxıb. Müharibənin tez bitməsini istəyənlər belə etmir. Ona görə də Rusiyaya birgə təzyiq etməliyik ki, təcavüzə son qoymağa məcbur olsun”, - Zelenski bildirib.

Britaniya 10 minlik ordusunu Ukrayna göndərir

Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” yazıb. Nəşrin məlumatına görə, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək. Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır. Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.

Ərdoğan və Tramp regionu müzakirə etdi

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Bu ölkədə dəhşətli yanğın: 50 ölü, onlarla yaralı

Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı diskotekada yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub. 1500 nəfərin olduğu diskotekada baş verən yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir. Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

Ağdərədə dağlıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Sozcu.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

MN: Mövqelərimiz atəşə tutulub

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləyir və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa çalışırıq”.

Bakıda 28 dərəcə isti olacaq - SABAHIN HAVASI

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.

Adamı yandıran bilirsən nədir?

Adamı yandıran bilirsən nədir? Dəyər verib qoynunda bəslədiyin, Kədərdən,zərbələrdən qoruyub gizlədiyin, Yanında olmayanda darıxıb özlədiyin, Biri səni atanda. Adamı yandıran bilirsən nədir? Müqəddəs sevgiylə sevdiyin biri, Könlünə həmdəmin saydığın biri, Onunçün canına qıydığın biri, Danaraq əhdini dönük çıxanda. Ya da dayaq bilib arxalandığın, Dar günündə yetişəcək sandığın, Sevincinə sevinib, kədərinə yandığın, Dostun səni satanda. Adamı yandıran bilirsən nədir? Dalda qeybət edib üzə gülənlər, Yasına da sevinərək gələnlər, Yaltaqlıqla zirvəyə yüksələnlər, Səndə nöqsan tutanda. Ömrü boyu işlə,ver yeyim deyən, Yaltaqlıqla hamıya boyun əyən, Başqasının süfrə artığın yeyən, Biri sənə atmacalar atanda. Adamı yandıran bilirsən nədir? Bütün günü avara gəzən veyillər, Bir insanın gərəyi də deyillər, Bu da adam içinə çıxdı deyirlər, Zəhmətinlə bir yerlərə çatanda. Aşıq pərdələrdə sazın gəzdirir, Rəqqasə önündə sinə əsdirir, Biri bir milyona ayı kəsdirir, Qardaş,kasıb borc içində batanda. Adamı yandıran bilirsən nədir? Daim fəxr eləyən İslam diniylə, Torpaq düşməndədir deyən diliylə, Qohum olub xaricdə erməniylə, Saf qanını it qanına qatanda. Görən sonu yoxmu bu cür zillətin?! Cavabın bilmirəm,çətindir,çətin, Sabahı narahat edir millətin, Rahatlıq da vermir gecə yatanda. Deyirlər ki, unut, nəyinə gərəkdir? Bu millətə yalnız Allah köməydir, Gəlib bu gününü kaş ki, görəydi, Fəxr edərdi sənlə mərhum atan da. Fəxr edərdi sənlə mərhum atan da. Elçin Rəhimzadə, jurnalist

Ramazanın 16-cı günü: imsak və iftar VAXTLARI

Martın 16-sı Ramazan ayının 16-cı günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir. 16-cı günün duası: “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”. Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

Ukraynaya qoşun göndərməyə hazırıq

Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ ölkələrinin başçıları, NATO-nun baş katibi və digər dövlətlərin liderləri ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. O bildirib ki, tərəflər Ukraynanın təhlükəsizliyini və ölkənin silahlı qüvvələrini gücləndirməyə davam edəcəkləri barədə razılığa gəliblər. Starmer deyib ki, Ukrayna öz ərazisində növbəti münaqişə baş verəcəyi təqdirdə özünü müdafiə edə bilməlidir və əlavə edib ki, döyüşlər bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələri göndərməyə hazırdır. “Biz... Ukraynanın quruda, dənizdə və səmada təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün sülh sazişi əldə ediləcəyi təqdirdə “istəkli ölkələr koalisiyası” kimi yerləşdirməyə hazır olacağıq. Atəşkəs vəziyyətində, biz razılaşmanın hər hansı pozuntusunun müəyyən edilməsini və dayandırılmasını təmin etmək üçün güclü monitorinq tədbirlərinə ehtiyac olduğunu vurğuladıq", - Starmer qeyd edib. Tərəflər, həmçinin razılaşıblar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşi dərhal dayandırmaqdan imtina edərsə, Ukraynanın gücləndirilməsi, Rusiyanın hərbi maşınının zəiflədilməsi və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmaq üçün səyləri gücləndirməli olacaqlar. Buna nail olmaq üçün biz hərbi dəstəyimizi artıracağıq, sanksiyalarımızı sərtləşdirəcəyik... və Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəməsi üçün bütün hüquqi yolları araşdırmağa davam edəcəyik”.

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bir ay öncə tanınmış ürək cərrahı Mehmet Öz ABŞ-ın yeni administrasiyasında Sağlıq Sığortası Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Bir neçə gün öncə isə Mehmet bəyin bacısı, Massaçusets Texnologiya Universitetinin məzunu Seval Öz ABŞ Nəqliyyat Naziriliyində nazir müavini vəzifəsinə namizəd göstərilib, yaxın günlərdə onun təsdiqi parlamentdə səsverməyə çıxarılacaq. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, bacı-qardaş Türkiyənin Konya vilalətinin kiçik bir qəsəbəsi - cəmi 25 885 nəfər əhalisi olan Bozqırdandır. N.Cəfərli bir ailədən, kiçik bir qəsəbədən iki böyük mütəxəssisin çıxmasını böyük uğur adlandırıb və alqışlayıb.

Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski

30 günlük atəşkəs gələcək fəaliyyətlə bağlı razılaşma yolunda yalnız ilk addımdır. Bu, Ukrayna üçün kifayətdir, lakin Rusiya üçün kifayət edəcəyinə zəmanət yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bundan sonra nə olacağını söyləmək mənim üçün çətindir. Çünki bu, növbəti addımlar barədə razılığın əldə edilməli olduğu dövrdür. Əlavə edəcəyim heç nə yoxdur", - Zelenski bildirib.

Ölkə prezidenti 100 milyardlıq sərvəti Trampa təklif etdi

Serb Respublikasının prezidenti Milorad Dodik ABŞ prezidenti Donald Trampla nadir torpaq metalları müqaviləsində maraqlı olduğunu bildirib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “The American Conservative” jurnalına müsahibəsində bildirib. “Biz prezident Trampla nadir torpaq mineralları sazişini müzakirə etməyə hazırıq”, - o qeyd edib. Prezidentin sözlərinə görə, Serb Respublikasının şərq regionunda litium, maqnezium və digər nadir torpaq minerallarının əhəmiyyətli yataqları var ki, onların kommersiya dəyəri, bəzi hesablamalara görə, 100 milyard dolları ötür. Dodik əlavə edib ki, indiyədək “heç bir ölkəyə və ya xarici şirkətə” mədən hüququ verməyiblər və o, bu məsələni eksklüziv olaraq Amerika lideri ilə müzakirə etməyə hazırdır.

"Gürcülərin bizə yaşatdığı "svan" fəlakəti: Udabno faciəsi"- MÜSAHİBƏ

Mən heç vaxt Gürcüstanda olmamışam, heç gürcü millətindən biri ilə “salam-məleykim”im də olmayıb. Amma oxuduğum tarixi kitablar, xəbər portallarında Gürcüstanda azərbaycanlılara qarşı rastlaşdığım münasibət , eyni zamanda, 2019-cu ildə Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik zamanı gürcülərin nifrətinin şahə qalxmasını ortaya qoyan mənzərə... Hələ  Gürcüstan hökümətinin Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büst qoyulmasına icazə verməsi də bir ayrı nifrət göstərisidir. Müşahidəm prinsipcə gürcülərin ermənilərdən heç də geri qalmadığını deyir. Bu fikirlərimi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sosial şəbəkə hesabında paylaşdığı bir post sanki təsdiqlədi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Zaur müəllim sosial şəbəkədəki hesabında Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunduğunu iddia etmişdi. O bildirmişdi ki, həmyerlilərimizin yaşadığı əraziyə eşşək şəkli çəkilib və başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə müti halda başını aşağı salıb. Daha sonra Z. Əliyevin gürcülərin azərbaycanlılara qarşı bir ədalətsizliyindən yazdı. Əslində isə özü bu hadisəni faciə adlandırırdı. İndi isə tarixçi alimlə bu mövzuda söhbətimizi sizin diqqətinizə çatdırırıq. - Zaur müəllim, bir dəfə “Udabno faciəsi” adlı bir paylaşım etmişdiniz…Düzünü deyim ki, o günə qədər nə Udabno sözünə , nə də o faciəyə aid heç bir məlumatım olmayıb. - Təccüblənməyinə dəyməz...Bu hadisə haqqında onsuz da çox az adam bilir. 1980-ci ildə baş verən, sovet dövründə üstü bağlanılan və araşdırılmasına izn verilməyən Udabno hadisəsi xalqımızın başına gətirilən ilk milli zəmində faciə adlana bilər. Qeyd edim ki, Saqareco bölgəsində -  Udabno kəndində tarix boyu azərbaycanlılar yaşayıblar. - Hadisədən danışmamışdan əvvəl haqqında söhbət gedən əraziləri oxucularımıza tanıtsanız yaxşı olardı. - Qədim oğuz yurdu olan Qaraçöp mahalı Gürcüstanda yaşayan azərbaycanlıların ən sıx yaşadığı ərazidir. Azərbaycan mənbələrində Qaxet adıyla tanınan Kaxeti vilayəti var. Həmin bu vilayətin paytaxtı da Qaracalar‎ olub ki, hazırda gürcülər onu Telavi adlandırırlar. Kaxeti vilayətində bir Saqareco şəhəri də var ki, bizim Qaraçöp mahalı o rayonun ərazisinə düşür və Lor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, Tüllər, Qazlar, Qarabağlı, Muğanlı, Baldo adlı səkkiz kəndi özündə birləşdirir. 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçən “Keşikçidağ” - gürcülərin dili ilə desək “David Qareci” məbədi də həmin kəndin ərazisində yerləşir. Böyük əhali etnik azərbaycanlılardan ibarət olan kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi. - Bəs , onda, tarix boyu azərbaycanlılar yaşayan Udabno kəndində 1980- ci ildə nə baş verdi? - Kənd qədim olduğu üçün də əhali təbii ki, etnik azərbaycanlılardan ibarət idi. Kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi. Gürcüstan hokuməti 1980-ci illərdən etibarən etnik svanları bəhanələrlə azərbaycanlılar yaşayan ərazilərə köçürməyə başladı. - Svanlar? Onlar da kimdir?  - Svanlar- Kartvel dil ailəsinə daxil olan svan dilində danışan etnik qrupdur. Gürcüstanda özlərinə düşmən kimi azərbaycanlıları görürlər. Baxmayaraq ki, Atatürk və Azərbaycan Cümhuriyyəti 1918-1919-cu illərdə onlara kifayət qədər kömək ediblər. - Yadıma düşdü. Uzun illərdir azərbaycanlıların yediyini-içdiyini zəhər edən toplum....2021-ci ildə Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində svanlarla yerli azərbaycanlılar arasında böyük bir qaşıdurma oldu. Qan su yerinə axdı. Olay bir neçə gün də davam etdi. Hətta xəbərlərdə deyilirdi ki, azərbaycanlılara hücum edən kiçik terror təşkilatları kimi fəaliyyət göstərən silahlı svanların arxasında, şübhəsiz ki, iri kriminal qruplaşmalar dayanırdı, yerli hüquq-mühafizə orqanları “oğru dünyası”ndan “haqq” aldığından, bu cür hallara demək olar ki, reaksiya vermirdilər. -Bəli, svanlar o əraziyə köçürüləndən sonra düşmənçiliyə istiqamətləndilər. İlk işləri azərbaycanlılara aid abidələri məhv etmək oldu. Hətta iş o yerə çatdı ki, yaşı 300 ildən çox olan qədim qəbiristanlıqları belə sökməyə başladılar. Gürcüstanın Azərbaycanlılara aid hissəsinə köçən svanları yerlilər "eko-miqrantlar" adlandırılar. - "Eko-miqrantlar"? Elə niyə? - 1987-ci ildə Svaneti dağlarında sürüşmə bəhanəsi edib onları azərbaycanlılar yaşayan ərazilərə köçürən Gürcüstan rəsmləri bilirdilər ki, iki xalq arasında böyük mübahisəli məsələlər dinc yolla həllini tapa bilməyəcək. Gürcüstan Mərkəzi Komitəsinin rəhbəri Patiaşvilinin bu planı gələcəkdə yüzlərlə insanın evsiz eşiksiz qalması ilə nəticələnəcəkdi. Svanların yaşadıqları Mulaxi kəndindən sakinlərin köçürülməsi üçün Azərbaycanla sərhəddə yerləşən Udabno kəndi seçildi. Gürcülər yaşayan yox, məhz azərbaycanlılar yaşayan ərazilər...Svanların sürüşmə zonasından gəlməsini eşidən yerli azərbaycanlılar onlara həm sığınacaq, həm də yemək verdilər. Və əvvəlcə iki tamamilə fərqli xalq sülh şəraitində yaşayırdı. Lakin tezliklə toqquşmalar başladı və millətçilik gücləndi. Udabnoda nəsillər boyu yaşamış azərbaycanlı ailələri “tatar” adlandıraraq, azərbaycanlı uşaqları döyürdülər – fiziki zorakılıqla yanaşı svanlar azərbaycanlılara mənəvi zorakılıq tətbiq edirdlər. Küçədə görüdükləri azərbaycanlıları ölümünə döyən svanlar uşaq, qadın, yaşlı bilmədən hər kəsi ağır formada döyürdülər. Udabnoya qayıtmasınlar deyə azərbaycanlıların evlərini uçurdub, qarşılarına çıxan hər bir mədəniyyət, tarixi və dini abidələri darmadağın edirdilər. Bu gün Udabno əhalisi təxminən 500 nəfərdir və azalmaqda davam edir. Svanlar heç vaxt səhrada yaşamağa öyrəşməyiblər, imkan daxilində dağlara qayıdırlar, lakin azərbaycanlılar artıq bu yerə qayıtmağa tələsmirlər. Xatırladım ki, 2019-cu ildə Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim “Keşikçidağ” monastırına iddia edənlərin böyük əksəriyyəti svanlar idi. Svanlar hər zaman azərbaycanlılarla mübahisəli mövqedə durmaqda davam edirlər. -Amma, ümumilikdə gürcülərin azərbaycanlılara nifrəti qədimdən başlayıb və davam edir. Nifrətin kökü 1139-cu ilə qədər gedib çıxır. - Yəqin ki, 1139-cu ildə güclü zəlzələ Gəncəni dağıtmasını və bu ağır zəlzələdən tamamilə çökmüş şəhərə hücum edən gürcüləri və gürcü çarı Demetreni nəzərdə tutursunuz? Vəziyyətdən istifadə edən çar Demetre, Gəncəyə hücum etdi. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş yazırdı ki, Demetri azərbaycanlılarla rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər:"Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə camaata zəlzələnin özündən daha çox əzab verirdilər".  Bəli, gürcülər şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və geri qayıtdılar. Zəfər əlaməti olaraq Gəncə qapısını söküb Gürcüstana apardılar. Hazırda Gürcüstan məktəblilərini Kutaisi rayonundakı Helat monastırına aparanda onların "tarix müəllimləri" əsrlərdi orda saxlanılan Gəncə qapılarını şagirdlərə göstərib deyirlər: "Baxın, bu qapılar böyük gürcü xalqı tərəfindən tatarların Gəncə şəhərini almasından sonra zəfər rəmzi kimi gətirdiyi tarixi abidədir". -Zaur müəllim,hər 3 xalq özünə Qafqazın ən qədim xalqı adlandırır. Həqiqət necədir? -Hazırda Gürcüstan 1922-ci il oktyabrın 15-də onlara güzəşt edilən Azərbaycan torpaqları Qarayazı – 4.564,6 kv.km, Borçalı (bir hissəsi)- 5.161,4 kv.km, Sıqnax - 6. 832,6 kv.km və digərləri ilə birlikdə 16.558,6 kv.km ərazimiz üzərində dövlət qurub.Məşhur şərqşunas Rudolf Virxov və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi Mixeil Cavaxişvili “Gürcü xalqının tarixi” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar". Ümumiyyətlə Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür. - Həqiqətən , düz təyin etmişəm, gürcülər mahiyyətcə bir ermənidirlər. - Yəni  haylardan və gürcülərdən öncə bu coğrafiyada Oğuz və Qıpçaq genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin və gürcülərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Konkret olaraq ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində Hind-Avropa dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil” - Zaur müəllim geniş müsahibəyə görə , qəzetimiz adından və şəxsən öz adımdan sizə təşəkkür edirəm. Çox sağ olun. Söhbətləşdi Əntiqə Rəşid

Hava yenidən pisləşəcək - Leysan, dolu və qar yağacaq

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.  Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir. Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Lənkəranda direktor şagirdi döyüb - İzahatları alındı

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib. Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib. Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Müsavat Məclisinin sessiyası keçirildi - Fotolar

Martın 15-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.  Partiya başqanı İsa Qəmbər ölkədəki ictimai siyasi vəziyyət və qurumun qarşısında duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Məclisin Gender Komissiyasının sədri Könül Alı və Seçki Komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdikləri komissiyanın fəaliyyəti barədə məlumat veriblər.  Məruzə ətrafında Məclis üzvləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı, Zakir İsmayıl, Seyran Rüstəmov, Tahir Sofulu, Namiq Niftili, İman Əliyev və Osman Kazımov çıxış ediblər.  Məclisin sədri Arif Hacılı ölkədəki repressiyalar və Tofiq Yaqublunun barəsində çıxarılan qanunsuz hökm ilə bağlı bəyanat layihəsini təqdim edib. Layihə səsə qoyulub və yekdilliklə qəbul edilib. Sənəddə deyilir: Müsavat Partiyası Məclisinin bəyanatı Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, ölkədə repressiya dalğası artan xətt üzrə davam etməkdədir. Jurnalistlərin və ictimai-siyasi fəalların əsassız ittihamlarla həbsi adi hal alıb. Hakimiyyət tənqidə dözümsüz olduğu üçün qanunsuzluqlara uca səslə etiraz edənləri susdurmağa çalışır. Eyni zamanda hakimiyyət bəzi Qərb dövlətləri ilə apardığı ədavət çərçivəsində də öz vətəndaşlarını cəzalandırmaq xəttini seçib. Nəticədə onlarla jurnalist, yüzlərlə ictimai-siyasi fəal bu repressiyanın qurbanına çevrilib.  Məclisin sessiyası ərəfəsində ictimai fəallar Məmməd Məmmədzadə və Bəşir Süleymanlı saxlanılıb.  Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkilləri ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə sifarişli hökm çıxarıb. Müsavat Partiyası Tofiq Yaqublunun və siyasi motivlərlə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.