Prezident yeni nazir təyin etdi - Sərəncam

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Tərtərdə qətlə yetirilən "Azərsu" işçisinin görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Tərtərdə 1984-cü il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu su pulu yığan zaman həmkəndlisi 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu ilə mübahisə zamanı qətlə yetirilib. Manset.az qətlə yetirilən 3 uşaq atası Elburus Şəmilovun fotolarını əldə edib. Mərhumun 2 oğlu 1 qızı var. Dünyasını dəyişən şəxsin kiçik oğlu 2-ci sinif şagirdidir. Qeyd edək ki, hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

7-ci sinif şagirdi böyrək çatışmazlığından vəfat etdi

Salyan rayonunda məktəbli qız dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə Salyan şəhər Azər Səfərov adına İnternat ümumi orta məktəbi məlumat yayıb. Bildirilib ki, məktəbin 7-ci sinif şagirdi Fatimə Cavadova qəfil böyrək çatışmazlığından vəfat edib.

Bakıda həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Sozcu.az “Unikal”a istinadla bildirir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib. Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır

Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etməni də nəzərdə tutur. 18 yaşına çatmış kişi cinsli vətəndaş Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməlidir. Müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Çağırışçı üçün son yaş həddi 36,5 yaşdır.  Bəs görəsən hansı hallarda vətəndaşlar həqiqi hərbi xidmətdən azad olunur?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas-vəkil Turan Abdullazadə aşağıdakı hallarda şəxslərin həqiqi hərbi xidmətdən azad olunduğunu deyib:  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxslər, sağlamlıq vəziyyətinə görə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, həm sülh, həm də müharibə dövründə hərbi xidmətə yararsız olan, 35 yaşınadək müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş, alternativ hərbi xidmət keçməyə göndərilmiş, Azərbaycan vətəndaşlığını qəbul etmədən öncə vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş və ya azad edilmiş şəxslər müddətli hərbi xidmətdən azaddır”. Vəkil boy və çəki ilə əlaqədar hərbi xidmətdən azad olunmanın hüquqi tərəflərindən də söz açıb: “Hərbi xidmətdən azad edən xəstəliklərin cədvəli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilib. Həmin əsasnamədə qeyd olunub ki, bədən çəkisi 45 kiloqramdan, boyu isə 148 santimetrdən az olan şəxslər endokrinoloq tərəfindən müayinə olmalıdır və 12 ay müddətində hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. 12 aydan sonra həmin şəxslərdə fiziki inkişaf çatışmazlığı davam edərsə, onlar hərbi xidmətə yararlılığın “C” kateqoriyası ilə qiymətləndirilir. “C” kateqoriyasına daxil edilən şəxslər sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə yararlı hesab olunur”. 

Bakıda ŞOK - Talassemiyalı uşaqların 1 milyonunu BELƏ ƏLƏ KEÇİRDİLƏR

Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, istintaqla təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova və A.Məmmədovanın qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə etdikləri müəyyən edilib. Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər. Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər. İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib. Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

İsrail səfiri Xocalı faciəsindən yazdı: Bu vəhşiliklər...

Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X hesabında yazıb. “Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ortaq insanlığı qorumağa məcbur edir”, - paylaşımda qeyd edilib.

Xocalı qurbanları 1 dəqiqəlik sükutla yad olundu

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sozcu.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qəzzada 100-ə yaxın jurnalist öldürülüb

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.  Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb.  100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər. 

Bayraktardan Xocalı PAYLAŞIMI

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.

Xocalı soyqırımını inkar etmək vicdansızlıqdır

Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

“Anama deyiblər ki, körpəni boğ, ermənilər səsinə gəlməsinlər” – Xocalı DƏHŞƏTLƏRİ

O dəhşətli günün ildönümü münasibətilə yazı hazırlamaq lazımdır deyəndə sanki ürəyimi kimsə ovcuna alıb bərk-bərk sıxdı. Nə Xocalıdanam, nə hadisənin şahidiyəm. Mənə bu qədər ağırdırsa, hadisə şahidləri nələr hiss ediblər? O günlərdə ölümün, qanın-qadanın cəngindən qarlı, buzlu yollarla qaçıb xilas olmuş 5 nəfərə zəng etsəm də, hamısı müsahibə verməkdən imtina etdilər. "Danışa bilmirik" dedilər. O gecə atasını, qardaşını, ərini, qardaşının balasını və xanımın itirmiş Tacirə xanımı  müsahibəyə razı sala bildim. Söhbət göz yaşları içində başlayıb, göz yaşları içində də bitdi. Lent.az-ın qonağı Xocalı sakini Tacirə Hüseynovadır - Tacirə xanım Xocalıda doğulub böyümüşdünüz? - Biz əslən İrəvandanıq. Ailəmiz mənim 4 yaşım olanda ermənilərin içindən çıxıb Xocalıya köçüb. Ermənilər incidirmiş. Nə biləydilər ki, odun-alovun içinə gəlirlər. Orda böyüdüm, ailə qurdum. Yoldaşım Xocalı aeroportunda polis işləyirdi. Ermənilərlə müharibə başlayandan iki qardaşım könüllü orduya yazıldı. Tez-tez kəndə atəş açılırdı, raketlər düşürdü. Uşaqlarım körpə idi, çox qorxurdum, dilim tutulub, üzüm əyilmişdi. Atam yoldaşıma dedi, onu göndər Bərdəyə baldızı gilə. 2 ay öncə mən körpələrimi götürüb Bərdəyə gəlmişdim. Gəlmək istəmirdim zorla göndərdilər. Hadisələr baş verməzdən 3-4 gün öncə balaca qardaşım Yaşar vertolyotla Xocalıya benzin, neft, ərzaq daşıyırdı. Basabas yaranmış, camaatın bir hissəsi qaçmaq üçün doluşmuşdu, o vertolyotdan düşə bilməmişdi, Ağdama gəlmişdi, can atırdı ki, geri qayıtsın. 4 ay idi evlənmişdi, Xocalıda yoldaşı qalmışdı. Elə bil ürəyinə dammışdı, Bərdədə mənə dedi ki, Tacirə, deyəsən hamı öləcək, ikimiz qalacağıq.   - Həmin gecə kim sağ çıxdı ailənizdən? - Anam, qardaşımın 2 uşağı və balaca gəlin. Atam, böyük qardaşım, yoldaşı, bir qızı, mənim ərim həlak oldular. Anamın danışdıqlarını danışacam sizə. Gecəyarısı Xocalıya hücum olub. Yuxudan durub hamı yarıçılpaq, yalınayaq tökülüb kənddən aşağı ki, qaçıb canlarını qurtarsınlar. Anam qardaşımın 23 günlük körpəsini belinə şəlləyib qaçırmış. Geri baxıb ki, qardaşım ailəsinin əlindən tutub gəlir, atam da bir az arxada. Sonra pərən-pərən düşüblər, yolda hamını itirib. Qardaşımın yoldaşı 4 yaşlı qızı ilə arxada qalıb. Birinci gəlini sinəsindən güllə ilə vurublar. Lalə də oturub anasının yanında. Başının üstündən güllələr uçuşur. Kənd camaatı çağırsa da, gəlməyib, deyirlər ətrafdan paltarları yığıb atırmış anasının üstünə. Bəlkə də qanını kəsmək istəyib, ya da yatmış bilib onu. Elə orda güllə dəyib. Çingiz Mustafayevin çəkdiyi göy kurtkalı uşaq meyiti bizim Lalə idi. Böyük qardaşım 6 yaşlı qızı Həmayılla qaçırmış, arxadan 4 güllə dəyib, yıxılıb. Yanından keçənlərə deyib, Həmayılı çatdırın bizimkilərə. Uşaq atasından ayrılanda ağlayıb, o da deyib "məni qoyub gedirsən Həmayıl?". Bədbəxt qardaşım. Həmayıl bu hadisədən sonra 3-4 həftə danışmadı, yatağından qalxmadı. Anam qucağında 23 günlük uşaq bir dəstə adamla mühasirəyə düşüb. 4 saat buz kimi suyun içində kol-kosluq bir yerdə gizləniblər.  Körpə başlayıb ağlamağa. Yanındakılar deyib, uşağı boğaq. Ermənilər səsə gələcək, hamımızı qıracaqlar, anam imkan verməyib. Suyun içində bələyi açıb, altının yaş əskisini çıxarıb. Körpə susub. Atışma başlayıb, qırılan qırılıb. Qırılmayanlar da yenə başlayıb qaçmağa. Anam meyitlərin içi ilə qaçıb keçib. - Neçə yaşı var idi ananınızın onda? - 49. Ölən qardaşımın da 29 idi. - Bəs yoldaşınız necə olub? - Hücum başlayandan sonra evlərinə gedib ki, ana-atasını tapsın, görüb yoxdurlar. Meşədə rastlaşıblar. Allah onlara birlikdə ölməyi nəsib eləyib. Rəşid (həyat yoldaşı)  Samir adlı bir yaralı uşağı belinə alıb ki, onu da özləri ilə götürsünlər. Arxadan BTR gülləsi ilə vurmuşdular, ikisinin meyiti bir-birinə qarışmışdı. Atamı isə bir dəstə kənd sakini ilə tutublar. Qarnından güllə dəymişdi, erməni avtomatı başına dirəyib, deyib ki, səni öldürüm? Atam da deyib onsuz da öldürmüsünüz. Avtomatla başından atıb öldürmüşdülər. Elə həmin gecə. Bərdəyə gələndən sonra Həmayılın dili tutuldu, həftələrlə danışmadı. Əslində nə danışacaqdıq ki, bir ailədən o qədər şəhid vermişdik. 2 öz yetimimi, 2 qardaşımın yetimini anamla böyütdük. Aylarla göz yaşımız dayanmadı. Mənim övladlarım göz yaşları içində böyüdülər. Biz yaşamadıq ki, biz nəfəs alan ölülər olduq o faciədən sonra.  - O hadisədə təcavüzə uğrayan xanımlar da oldu yəqin... - Olmuşdu. Bəzilərinə toxunmamışdılar, bəzilərinə isə zülm eləmişdilər. Amma biz hamımız bunun üstündən susaraq keçdik. Ailələri ilə yaşadılar. Bu da ayrı bir dərd idi. Bu barədə susduq. Hey susduq. Onların içi özlərini yandırır... - Xocalıya dönməyə hazırsınız? - Xocalı alınandan bəri hamımızı bir sual düşündürür. Biz ora necə gedəcəyik? İnanın ki hamımız eyni haldayıq. Getməyə, xatırlamağa o gecəni yenidən yaşamağa qorxuruq. Bu elə sağalmaz yaradır ki, illər keçsə də eyni şəkildə insanın içini yandırır, gedib o qanımız tökülmüş yerləri xatırlamağa çətinlik çəkirik. Qanla sulanmış Xocalıya ayaq basmaq bizim üçün asan olmayacaq.

ABŞ adından Xocalıda həlak olanların ailələrinə başsağlığı verirəm - SƏFİR

“Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi bildirib.

Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq!

32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı X hesabında bildirib. “Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o bildirib.

Bayramov açıqladı: Yaxın günlərdə görüş olacaq!

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Salyanda körpə pnevmaniyadan öldü

Salyan rayonunda pnevmaniyaya yoluxan körpə ölüb. Sozcu.az xəbər verir ki, Salyan şəhər sakini 2023-cü il təvəllüdlü Sadıqov Hüseyn Arif oğlu bu gün səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, azyaşlı uşaq dəqiqləşdirilməmiş bronxit-pnevmaniyadan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xocalı soyqırımını unudulmasına imkan verməyəcəyik - Səfir

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. “Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Putinin mobil telefonu yoxdur, mənə necə zəng etsin? - Zelenski

Rusiya Prezidenti Vladimir Putin mənə zəng etməyəcək, çünki müharibəni bitirmək niyyəti yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfrasında deyib. “Axı onun mobil telefonu yoxdur, necə zəng edəcək? Mən isə 1917-ci ilin teleqrafından istifadə etmirəm. Mənə zəng etməyəcək, müharibəni bitirmək istəmir. Bu gün bu, belədir”, - deyə dövlət başçısı jurnalistin sualını cavablandırarkən bildirib.

ABŞ-nin baş kəşfiyyatçısı Ukraynaya səfər etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns gözlənilmədən Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “New York Times“ qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, səfər Ukraynaya yardımla bağlı dünya liderlərinin əmin etməyə hesablanıb. Qeyd edilir ki, bu, MKİ rəhbərinin son iki ildə Ukraynaya onuncu səfəridir.

Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək - Zelenski

Yeni əks-hücuma hazırlaşırıq və plan mövcuddur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Aydın planımız var, detalları açıqlaya bilmərəm, buna hüququm yoxdur. Bu plan rəhbərliyin dəyişməsi ilə bağlıdır, bəli, müəyyən dəyişikliklər var”, - deyə Zelenski bildirib.

Krım körpüsü bağlandı

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Telegram kanalında məlumat verilib. “Tamandan gələn 180 maşın növbədə gözləyir. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən də gələn 95 avtomobil növbədədir”, - bildirilib. Qeyd edək ki, Ukrayna kəşfiyyatı Krım körpüsündən istifadə etməməyi tövsiyə etmişdi.

Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik",- o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik".

Ermənilər insanlığa qarşı cinayət törətdilər - Hacıyev

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb. “Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.

Putin anlamalıdır ki, Ukrayna NATO üzvü olacaq - Rasmussen

Ukraynanı NATO üzvlüyünə dəvət etmək sülhün təmin olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, müttəfiqlər Ukraynanı Rusiyanı döyüş meydanında məğlub etməsi üçün lazım olan hər şeylə təmin etməlidir: “Və müttəfiqlərin təhlükəsizlik zəmanətləri bu gün çox vacibdir. Bu zəmanətlər Ukraynanın AB və NATO-ya gedən yolunda ehtiyaclarını ödəməlidir. Avropanın uzunmüddətli təhlükəsizliyi həm də Ukraynanın AB və NATO-ya daxil olmasından asılıdır. Biz indi bunun üzərində işləyirik. Putin anlamalıdır ki, Ukrayna NATO-ya üzv olacaq”.