Sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilirbki, Ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərin yerləşdiyi ərazilərə ilk öncə ünvanların təyin olunması olduqca vacib məsələdir.
“Bəzi ərazilər var ki, oradakı evlərə sənəd verilə bilməz. Lakin uzun illərdir ki, həmin ərazilərdə insanlar ev tikib yaşayır. Hansısa müəssisənin balansında olmasından və təyinatından dolayı oradakı evlərin sənədləşməsi qeyri-mümkündür. Buna görə də həmin evlərə qeydiyyata düşmək problemi yaranır. Hazırda çox sayıda ölkə vətəndaşı qeydiyyatsız yaşayır. Bu səbəbdən həmin ərazilərdəki məhəllələrə ünvan da verilmir. Belə olduqda isə hansısa vətəndaşa məktub, çağırış gəldikdə faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu yerə göndərilir. Digər tərəfdən fövqəladə hal zamanı çağırılan təcili yardım, yanğınsöndürən və digər maşınların ünvana çatması müşkülə dönür. Çünki qeydiyyat olmadığı üçün ünvan təyin olunmur, buna görə də insanlar olduqları yeri düzgün izah edə bilmir. Əvvəlcə ünvan təyin olunmalı, daha sonra ona uyğun formada evlərin sənədləşdirilməsinə başlanmalıdır”.
Ekspert Bakıda ilkin mərhələdə bu ərazidə tikilmi. evlərin sənədləşdirilməsinin vacib olduğunu deyib:
“Yaxın dövrdə ilkin formada hansı ərazilərin sənədləşdirilməsi ilə bağlı konkret nəsə demək çətindir. Sənədləşmə ilə bağlı illərlə hansısa qanun layihəsinin təsdiqlənəcəyi, hansısa qərarın veriləcəyi deyilsə də, görünən odur ki, ortada ciddi nəsə yoxdur. Ancaq Bakının mərkəzində yerləşən Yasamal, "Papanin", Alatava və digər ərazilər 100 ildən artıqdır ki, yaşayış massivləri kimi fəaliyyət göstərir. Buralar neft ərazisi və digər təyinatlı torpaq deyil. Bu massivlər sovet dövründə mənzil kommunal istismar sahələri tərəfindən ayrılmış yaşayış məntəqələridir. Qanunvericiliyə əsasən hansısa vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və başqa bir şəxsin bu ünvanla bağlı iddiası yoxdursa, məhkəmə qaydasında həmin əmlakı öz mülkiyyətinə çevirə bilər”.