“Bakı razılaşmaları təsdiqləsə, sülh sazişi 70 faiz razılaşdırılmış sayıla bilər” – Paşinyan

“Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləsə, Ermənistanla Azərbaycan arasında sülh sazişi 70% razılaşdırılmış sayıla bilər”. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı deyib. “İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə olduğunu qiymətləndirməyə çalışır. Mübaliğə olmaz ki, Azərbaycan artıq razılaşdırılmış şeyləri təsdiqləsə, işin 70%-ini artıq görülmüş saymaq olar”, - Paşinyan bildirib. Paşinyan izah edib ki, burada söhbət, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünün təsdiqindən gedir.

Əbülfəz Elçibəy bircə günlük aramızda görsənə...

Bəlkə də bir çoxları məndən belə bir fikir gözləmirdi. Amma hər şeyin "ağı" çıxarılan məqamda bəzən mən də özümü "ələ ala" bilmirəm.   Nə isə....   Hərdən düşünürəm ki, Allah bir möcüzə göstərə və ƏBÜLFƏZ ELÇİ BƏYİ bircə günlüyə aramıza "göndərə".    Bilirsinizmi nə üçün???    İctimai fikirdə özünü yaxın olduğunu sırıyaraq ONUN adından istifadə edənlərin, şəxsi çıxarlarından dolayı ONUN adından yalan satanların, kimlərəsə xoş gəlmək üçün baş vermiş hadisələri ONUN adından saxtalaşdıraraq ictimai rəyi əleyhinə yönəltməyə çalışanların, ONU "dost" tutaraq düşmən dəyirmanına su tökənlərin ÜZLƏRİNƏ TÜPÜRMƏK üçün.    Bu fikrim xüsusilə, ağlının ikinci uşaqlıq dövrünü yaşayan, amma iştah dişləri yeni çıxmış qocalara və qarılara aiddir.    RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN, BƏY.   Yaxşı ki, zamanında tərk etdin bizləri. Özlərini dost kimi göstərənlərin bir çoxlarının əks sifətlərini görmədin. Ədalət Yusub

Paşinyan ordunu döyüşə hazırlayır: Hədəf Rusiyadır, yoxsa Azərbaycan?

Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək. Qeyd olunur ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, görünür Ermənistan surətli şəkildə silahlanır və bu ilk belə hal deyil: “Ermənistan bundan öncə də Fransadan qısamənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.

"Brüsseldə son nöqtəni qoymağa hazırıq" - Qriqoryan

“ Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazırdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkün olacaq”. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Sülh müqaviləsi üçün mandat almışıq. Sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün açıq şəkildə təsdiqlənməsi və nəqliyyat xətlərinin blokadadan çıxarılmasını da ehtiva edən dörd prinsip əsasında həyata keçirilməsini istəyirik. Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır”, – o bildirib. News24.az

Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: “Bizdə monopoliyadır”

“Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda ətin qiyməti əhali üçün əlçatan və münasib olsun”. Bu sözləri Yenisabah.az-ala söhbətində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O, ətin qiymətinin 1-2 AZN aşağı salınması bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib. Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kilosu 14 manata müştərilərə təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında qərarlaşmışdı. Öz növbəsində, V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir: “Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan zaman qiymətlər uyğun olacaq”. “O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik-1 manat düşməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə bilmiriksə, deməli, bazardan monopoliya götürülməlidir. Monopoliya ümumiyyətlə, aradan qaldırılmalıdır”, – mütəxəssis əlavə edib. Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:  “Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat əlavə edir”. “Hökumət bu kimi süni baryerlər yaratmaq özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınması ilə bağlı elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Bu barədə hökumət bir qiymət deyə bilmir. Məsələn, 1 manat, yaxud manat yarım aşağı salınsın – bu, yoxdur. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir ki, bu şəxslər də qəssablara və ət satışı ilə bağlı sahibkarla tapşırıq versin ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələdə öz xərcinə uyğun yanaşır və qiyməti ona uyğun elan edir”, – müsahibimiz fikirlərini tamamlayıb.

DƏHŞƏT: Qəzzada ölənlərin 4506-ı uşaq, 3027-i isə qadındır

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında İsrailin aviazərbələri nəticəsində ölənlərin ümumi sayı 11 078 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qurbanlar arasında 4506-ı uşaq, 3027-i isə qadındır.

Astarada tibb bacısı evində qətlə yetirildi

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bəstəkar, əməkdar incəsənət xadimi, Nəsib bəy Yusifbəylinin xalası nəvəsi Mobil Babayev vəfat edib

M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb. Ruhu şad olsun ! Sözcü.az

Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov

Qərb mediası bildirir ki, guya tərəfdaşlar Rusiya ilə sülh danışıqlarının başlaması üçün Ukraynaya təzyiqlər edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Danilov bildirib ki, sülh danışıqları müharibənin yeni mərhələsi üçün qüvvə toplamaq məqsədilə ilk növbədə Rusiyaya lazımdır: "Rusiya həqiqətən də güc toplamaq və müharibənin növbəti mərhələsinə keçmək üçün ölkəsinin xeyrinə sülh sazişləri imzalamaq istəyir".

İsrail HƏMAS-a yox, bütün Fələstinə qarşı savaşır - Ştaye

İsrail hazırda təkcə HƏMAS hərəkatı yox, bütün Fələstin xalqına qarşı müharibə aparır. Sozcu.az xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib. “Heç birimiz bu və ya digər tərəfdən dinc əhalinin öldürülməsini dəstəkləmirik. Halbuki İsrailin indi etdiyi HƏMAS-a qarşı yox, bütün Fələstin xalqına qarşı müharibədir”, - Ştaye bildirib. Ştayenin sözlərinə görə, İordan çayının qərb sahilində bu il azı 350, oktyabrın 7-dən isə 147 nəfər ölüb: “Üstəlik, israilli nazirlərdən biri məskunlaşanlara silah paylanması əmrini verib. Bu, fələstinlilərin öldürülməsinə icazə verilməsi deyilsə, bəs nədir? İndi bizim həqiqətən ehtiyacımız olan şey müharibənin dayandırılmasıdır. Çünki humanitar yardımın ehtiyacı olanlara çatdırılması üçün bu lazımdır”.

Rusiyanın itkiləri 310 minə yaxınlaşır

Ukrayna müharibənin 625-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 309 520 hərbçi, 5317 ədəd tank, 10017 ədəd zirehli döyüş maşını, 7489 ədəd artilleriya sistemi, 877 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 578 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9876 ədəd avtomobil texnikası, 5595 ədəd PUA, 1558 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1060 xüsusi avadanlıq itirib.

Bakı metrosunda ölüm

Bu gün səhər Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. Qurumdan Sozcu.az-a verilən məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.

“Tiktok Azərbaycanda bağlanmalı, onlar cəzalandırımalıdır”

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”. Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir: “Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, əksinə, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyir. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”. Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, Tiktok sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir: “Birmənalı şəkildə bildirirəm ki, Tiktok Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. Tiktoka əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri, paylaşılıb-göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.

Mustafa Kamal Atatürkün vəfatından 85 İL ÖTDÜ

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür. Sozcu.az xəbər verir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”lardan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub. 1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub. 1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

Şuşadakı dəhşətli qəzada ölənlərin sayı 6 nəfərə çatdı

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb. Sozcu.az-ın report-a istinadən məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb. Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

İrəvandan Kremlə cavab: Bu, heç bir sənəddə yoxdur!

Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini elan edib. Onun əsasında regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməsi dayanır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində deyilir. “Bundan əlavə, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir. Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsaslanıb.

Ağsuda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub. Sozcu.az xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır. Fakt araşdırılır. 18:48 Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub. Sozcu.az-ın məlumatına görə, VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir. Fakt araşdırılır.(report)

"Müharibə Rusiya qoşunlarının Ukraynanın ərazilərindən çıxarılması ilə bitməlidir"

"İstənilən ərazi güzəşti nəticəsində bir çox ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarın gözləri önündə canlanacaq..." Zelenski Rusiya ilə danışıqların başlaması üçün yeganə şərtini açıqlayıb Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna istənilən ölkənin sülh təşəbbüslərinə açıqdır, amma bu təşəbbüslər Rusiya qoşunlarının Ukraynanın suveren ərazilərindən tamamilə çıxarılmasına əsaslanmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə o, Reuters NEXT konfransında bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb. O, bəyan edib ki, Ukrayna təcavüzün qurbanı kimi nədən hansısa güzəştlərə getməli olduğunu anlamır. O, əmindir ki, istənilən ərazi güzəşti o demək olacaq ki, bir çox başqa ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarların gözləri qarşısında canlanacaq. Zelenski iddia edir ki, müharibə Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılması ilə bitməlidir. "Rusiya əsgərləri öz torpaqlarına çəkilməlidir. Bu, müharibənin dayanması nöqtəsi olacaq və onu bitirmək üçün diplomatik platformanın yaradılması başlanacaq", - prezident deyib.. Onun sözlərinə görə, ən başlıcası "rusiyalıların getməli olduğudur". Zelenski deyib ki, o, Çin, Afrika liderləri və başqaları ilə vasitəçilik barədə danışıqlar aparıb. "Biz Rusiyadan başqa, istənilən səsləri, o cümlədən Braziliya, ABŞ, Çin, Afrikanən səsini dinləməyə hazırıq. Biz onları öz sülh düsturumuza cəlb edirik. Buzim 10 bəndimiz qüvvədə qalmaq şərtilə onlar da təkliflər verə bilər. Lakin bütün bunlar həmin başlıca ideyaya əsaslanmalıdır", - o, əlavə edib. Rusiya ilə danışıqların detalları Bundan öncə xəbər verilib ki, ABŞ və Avropa İttifaqı nümayəndələri Ukrayna ilə sülh danışıqlarının aparılmasının mümkünlüyünü müzakirə etməyə başlayıb. Qeyd edilib ki, sülh danışıqları haqqında aktiv və təcili diskusiyaların başlanmasınadək Ukraynanın, ehtimal ki, ilin sonuna və ya bir qədər çox zamanı olacaq. ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya ilə istənilən sülh danışıqları üzrə Ukrayna ilə danışıqların aparılması barədə məlumatı yoxdur və istənilən danışıqların Ukraynanın işi olduğu vurğulanıb.

Azərbaycanla Naxçıvanı birləşdirən yola Rusiya nəzarət etməlidir! - Zaxarova

İrəvanın təşəbbüsləri bir çox cəhətdən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində müzakirə edilmiş layihələrlə uzlaşır.  Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur: “Biz qəti inanırıq ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, stabilləşməyə və tranzitin açıqlanmasına töhfə verir və bütün Cənubi Qafqazın logistik potensialını gücləndiri.  Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupunu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu, biz deyilik. Biz regional kommunikasiyaların açılması proseslərinə lazımi yardımı göstərməyə davam etməyə hazırıq”.  Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib:   “Diqqəti cəlb etmək istərdim ki, qeyd olunan üçtərəfli qaydada Sazişlərə əsasən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın FTX-nin sərhəd xidməti orqanları həyata keçirməlidir”. O, həmçinin izah edib ki, Rusiya həm də Ermənistanın blokadasını açmaq vəzifəsini, o cümlədən İrəvan və Ankara arasında dialoqun yenidən başlamasına töhfə verərkən, onu rəhbər tutur. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə ilk görüşü 2021-ci il yanvarın 14-də Moskvada baş tutub.  "Rusiya həmçinin ölkələr arasında qarşılıqlı fəaliyyət üçün daha bir yaxşı platforma olan "3+3”ü məsləhətçi regional platforma hesab edir. Platformanın 2024-cü ildə Türkiyədə keçiriləcək növbəti iclasında nəqliyyat mövzuları da nəzərdən keçiriləcək. Bu format çərçivəsində mən əminəm ki, İrəvanın konstruktiv təklifi tələb olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb. 

Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım - Nağı Bayramgil

Kommunist rejimə qarşı üsyan qaldırmağın bir uğuru və nəticəsi olmaya bilərdi. Amma bu insanlıq və türklük şərəfinin yeni göstəricisi olacaqdı. Nağı Bayramgil də bu şərəfli yolda idi. Azərbaycan Cümhuriyyəti qurulan zaman onun 6 yaşı var idi. 2 il sonra 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Qırmızı Ordu tərəfindən süquta uğradılan zaman Nağı Bayramgil hadisələrlə dolu həyata addımlayırdı. Bu, kommunist rejimə qarşı dirənmək, kommunist rejimə qarşı üsyanlarla dolu bir həyat idi. O gizli polislər tərəfindən zindana atılanda 17 yaşı vardı. 1929-cu ilin oktyabr ayında baş verən Azərbaycan üsyanına qatılmışdı. Macar üsyanında olduğu kimi dünya bu dəfə də türk üsyanını sadəcə kənardan izləmişdi və Nağı Bayramgil əlində silahla mübarizə apararaq, vuruşaraq 1930-cu ildə Türkiyə Cümhuriyyətinə getməyi bacarmışdı. Amma ürəyi və fikri hələ də kommunistlər tərəfindən istila edilmiş Azərbaycanda idi.                 Nağı Bayramgil  《 Məmləkətimdə cümhuriyyət elan olunan zaman 6 yaşım vardı və bu uşaqlıq xatirələrimin ən dəyərlisi idi. Kommunistlər məmləkətimi işğal edib Azərbaycan Cümhuriyyətinə, milli hakimiyyətimizə son verdikləri zaman isə 8 yaşım vardı və ağlayırdım… Bəli, 3 gün əvvəl Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı və beləliklə, Anadoluda türkün yeni milli hakimiyyəti qurulurdu, amma 27 aprel 1920-ci ildə Azərbaycandakı ilk Türk Cümhuriyyəti Qırmızı Ordu tərəfindən sonlandırılmışdı… Kommunistlərin ayaqları altında inləyən vətənimdə polis tərəfindən həbs olunanda 14 yaşım var idi. İçim kommunist və kommunizmə qarşı nifrətlə dolu idi. Polislər məni kommumizmə qarşı mübarizə aparmaqda, gizli bəyannamələr yaymaqda və kommunizmə qarşı təxribat aparmaqda ittiham edirdi. 14 yaşı olan mən bunlardan hansını etmişdim? Bu suallara veriləcək cavabım var idi… O anın ən dəhşətli və ürək parçalayan səhnələri hələ də gözlərimin önündədi: Kommunist rejimin polisi tərəfindən hər gün yoxlamalar keçirilirdi. Həbs olunanların əlləri zəncirlə bağlanır, daha sonra zənciri bururdular. Zəncir əllərini sümüyə qədər kəsirdi. Əlləri bağlı olan yurddaşlarımız yük maşınına mindirilib üstlərinə brezent çəkilirdi və brezentin də üstündə kommunist əsgərləri otururdu. Yük maşını yurddaşlarımızı öldürüləcəkləri yerə aparırdı. Ancaq ora çatana qədər sağ qalan yurddaşlarımızın sayı 3-4 nəfəri keçmirdi. Onları da əvvəlcədən hazırladıqları çuxurlara atıb başlarından güllələyirdilər... Əvvəl hər bir nəfər üçün ayrı çuxur qazıldığı halda daha sonra bundan imtina etdilər. Böyük quyu qazıb yüzlərlə yurddaşımızı bu quyuya atırdılar. Polis tərəfindən həbs edilib böyük ittihamlara məruz qalanda 14 yaşım var idi və bütün cinayətləri öz gözümlə görmüşdüm. Gözlərimdə kommunist rejimə və kommunizmə qarşı kindən başqa nə ola bilərdi? Və bu kinlə heç kim məni kommunistlərlə mübarizə aparmaqdan çəkindirə bilməzdi. 2-ci dəfə polis tərəfindən həbs ediləndə 17 yaşım var idi. Əvvəlcə bizi Qarayazıdakı zindana saldılar və 3 gün sonra gecə saat 4-də əllərimizi bağladılar. Yük maşınlarına yığıb ölüm yerinə apardılar. İmkan tapan kimi oradan qaçdım… Bu ərəfədə, yəni 1929-cu ilin oktyabr ayında üsyanımız var idi.. Üsyana əmioğlum başçılıq edirdi. Mən iştirakçısı olduğum bu üsyanda önəmli vəzifələri yerinə yetirdim. Həmin ərəfədə kommunist rejim ərləri öldürülən türk qadınlarını gəmilər vasitəsilə düşərgələrə aparırdılar. Gəmilərə minik zamanı anaların qucağından övladları alınaraq gözləri qarşısında suya-Xəzər dənizinə atılırdı. Övladlarını da itirən anaların çoxu yerə basdırdıqları əmək alətlərinin üstünə özlərini ataraq intihar edirdilər! Belə olduğu halda kommunist rejimə qarşı başladığımız üsyanda mütləq şəkildə uğur qazanmalıydıq. Kommunist rejimin ayaqları altında inləyən və türk olmayan millətlər də bizə kömək edirdilər. Üstümüzə göndərilən Qırmızı Ordu birliklərini dəfələrlə dəf etmişdik. Və Allah da bizimlə idi. Allah daima yolumuzu açır, bizə kömək edirdi. Amma dünya başladığımız hürriyyət savaşını sadəcə kənardan izləyirdi. Dünyanın heç yerindən heç bir yardım gəlmirdi. Yardım mövzusundakı müraciətlərimiz cavabsız qalırdı. Daha sonra Qırmızı Ordu, qırmızı təyyarələr və qırmızı tanklar… Beləliklə, bu önəmli hürriyyət savaşında da məğlub olduq. Yurddaşlarımız yenidən kütləvi şəkildə öldürülür və ya kütləvi şəkildə Sibirə sürgün edilirdi. Mən aylarla, yəni ilk baharın sonuna qədər Qarayazı meşələrində gizləndim… Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım. Biz kommunistlərlə və kommunizmlə savaşda tək qalmışdıq. Biz indi də kommunist və kommunizmin əleyhinəyik. Ancaq indi dünya da kommunizmlə mübarizə aparır. Bəlkə də gecikmiş mübarizə… Amma insanlığın ayılması daha da gecikə bilərdi... Azərbaycanda kommunistlərə qarşı başladığımız savaşda məğlub olduqdan sonra kommunistlərin əlinə keçməmək üçün hər çarəyə əl atdığımı və aylarla meşədə yaşadığımı qeyd etmişdim. İndi isə həmin vaxtlara aid acı xatirələrimi danışmaq istəyirəm: Kommunistlər bizi həbs edən kimi öldürəcəkdilər. Kommunistlərin əlinə keçməmək üçün dözdüyüm şərtlərə bir insanın dözməsi olduqca çətin idi. Məsələn, bir dəfə kommunistlər tərəfindən izlənərkən, bir tövlədə gizlənmək məcburiyyətində qalmışdım. Bu tövlə təxmini 30 metr uzunluğu, 12 metr eni olan 2 tövlədən ibarət idi. Hər 2 tövləni bir-birinə birləşdirən kiçik dəlik var idi. Kommunistlər məni burada axtaran zaman mən bu tövlədən digər tövləyə bu dəlik vasitəsilə keçərək kommunistlərə görünməməyə çalışırdım. Ancaq həmin an heç gözləmədiyim bir hadisə baş verdi. 1 qoyun iti, hər 2 tövləni birləşdirən kiçik dəliyin qarşına gələrək, yolu kəsmişdi. Artıq bir tövlədən digərinə keçərək gizlənə bilmirdim. Çarəsiz halda tövlənin ən qaranlıq hissəsinə çəkilərək əlimdəki tüfənglə hər an hücuma hazır vəziyyətdə gözləməyə başladım. Elə bu an içəri G. P. U. rəisi yanında 2 süvari əsgərlə girdi. Fikrim qəti idi, onlara atəş açıb öldürəcəkdim. Əgər xilas ola bilməsəm, öldürüləcəkdim. Ancaq 3 dəfə önümdən keçmələrinə baxmayaraq məni görmədilər. Mən Azərbaycan türklüyü, Azərbaycan türklüyünün istiqlalı, hürriyyəti və insan kimi yaşaya bilməsi üçün kommunistlərlə mübarizə apardım. Amma onlar zalım və günahkar idilər. Bizim onları məhkum etmə haqqımız olduğu halda güc onlarda olduğu üçün onlar bizi təqib edir və onların gözündə biz günahkar idik. Tövlənin qaranlıq küncündə olarkən ağlımdan keçən bu düşüncə və duyğuların necə kədərli olduğunu təxmin etməyiniz çətindir. Bu dəhşətli haqsızlıq qarşısında insan vicdanının hansı halda ola biləcəyini düşünməyinizi istəyirəm. Kommunistlər məni tövlədə görməmişdi və onlar gedəndən sonra tövlədən çıxıb gecəni mağarada keçirmişdim. Mağaradan sonra mənim üçün gizlənəcək bir yer qalırdı, o da Qarayazı meşələri. Bunun nəticəsi olaraq baharın son ayına qədər Qarayazı meşələrində gizləndim və qərara aldım ki, dağlarda qar əriyər-əriməz Türkiyəyə gedim. Qarayazı meşəsinin Kür çayına yaxın bir hissəsində yaşamaq üçün uyğun olan bir ağac tapdım. Həmin ağacın orta hissəsində özümə yuva düzəldib, içini otlarla doldurdum. Ancaq ağacın üstünə çıxmadan Qarayazı meşəsində gecələmək çox təhlükəli idi. Çünki bu meşələrdə vəhşi heyvanlar çox olurdu. Bu vəziyyətdə tam 2 ay meşədə yaşadım. Bu müddət ərzində meşədə yaşadığım çətin günlərə baxmayaraq, özümü yox, kommunistlər tərəfindən həbs edilib öldürülən, sürgün edilən millətimi və kommunistlərin xalqımıza etdikləri işgəncə və zülmləri düşünürdüm. Kommunist rejimdə yaşamaq hər an polis tərəfindən həbs olunmaq qorxusu ilə yaşamaq deməkdir. Və yaxud kommunist rejimdə yaşamaq bütün zülm və təzyiqlərə dözmək deməkdir. Digər tərəfdən isə kommunist rejimdən qaçmaq vətənindən ayrı düşmək idi. Bəli, kommunizm biz türkləri bu hala salmışdı. Kommunistlər üçün türklərə və türklük ruhuna yer yox idi. Çünki kommunistlər ən çox türklərdən qorxurdular. Türklüyün xüsusiyyətləri və ədəbi onları ürküdürdü. Türklərin ailəsinə, əxlaqına, din və milli məsələlərə bağlı olması kommunistləri qorxudurdu. Ona görə də kommunist rejim türklüyü məhv etmək üçün ağlasığmaz metodlardan istifadə edirdi. Rəsmi çıxışlarda türk-rus dostluğundan danışan kommunist rəsmiləri, bununla türkləri yenidən aldatmağa çalışırdılar. Kommunistlər türk-rus dostluğundan söz açaraq hələ də hürr şəkildə yaşayan türkləri ələ almaq məqsədi güdürdülər. Kommunistlərə qarşı aparılan mübarizənin sonunda meşələrə sığınmaq məcburiyyətində qalan türklər kommunistlərin təbliğ etdiyi dostluğun canlı nümunəsi idi. Əlləri zəncirlə bağlanıb, biləklərindən qan axa-axa güllələnməyə aparılan türk kişiləri onların dostluğa necə dəyər verdiyinin sübutu idi. Türk analarının əllərindən uşaqlarının alınmağı və anaların gözləri qarşısında dənizə atılmağı Rusiyanın türklərlə dostluqda nəyi nəzərdə tutduğunu göstərirdi. Bizi artıq kommunizmlə aldada bilməzdilər. Çünki biz kommunizmin dostluğunu görmüşdük, bu dostluğun necə saxta olduğunu və zülmlərlə dolu olduğununun şahidi idik. Elə bu səbəbə görə də başımıza gələn bu hadisələri danışmaq istəyirik. Məqsədimiz kommunizmi görməyən kommunist rəhbərlərin və kommunizmi təbliğ edənlərə inanan insanları bu yoldan yayındırmaqdır. Dünyada hürr və müstəqil olan Türkiyəmizi qorumaq istəyiriksə, kommunizm dəhşətini görən insanların sözlərini dinləməliyik və onların fikirlərindən faydalanmalıyıq. Bu bizim üçün vəzifə borcu olmalıdır. İnsanlıq ayılmışdı və kommunist rejimin insanlara qarşı etdiyi işgəncə və zülmləri bilirdi. Artıq kommunistlərin etdikləri sirr deyildi. Hamı kommunist rejimdə işçilərin, kəndlilərin, məmurların və zabitlərin necə təzyiq altında olduğunu bilirdi. Buna baxmayaraq, kommunizmin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülmürdü. Hər ötən gün kommunizm apardığı təbliğat nəticəsində daha geniş yayılır və tərəfdarlarının sayı artırdı. Çünki kommunizmin azad ölkələrdə apardığı təbliğat fəaliyyətində, xüsusilə, sosializm və sosial bərabərliyi ön plana çıxararaq gənc nəsli ələ alırdı. Gənclər isə cəmiyyətdə böyüklərdən fərqli olduqlarını göstərmək üçün fürsət axtarırdı. Məhz kommunizm də gənclərin bu psixologiyasından faydalanaraq kommunizmi gənclərə mütərəqqi bir məsələ olaraq təbliğ edirdi. Gənclər də sırf yaşlılardan daha qabaqcıl olduqlarını sübut etmək fikrinə qapılır və beləliklə də, kommunistlərin qurduğu tələyə düşürdülər. Kommunistlər azad ölkələri içdən yıxa bilmək üçün hiyləgərcəsinə addımlar atmalı olduğunu bilirdi. Bu səbəblə də kommunistlər azad ölkələrdə tərəfdar toplaya bilmək üçün özünü hürriyyət və demokratiya tərəfdarı olaraq göstərir, milli mənfəətləri düşünən tərəf olaraq tanıdır və öz zəhərlərini demokratiya və milliyyətçilik adı altında axıdırdı. Əgər kommunistlərin demokratiya ilə ən kiçik əlaqəsi olsaydı, Azərbaycanda türk milliyyətçilərini güllələtdirməzdilər. Əgər kommunistlərin milliyyətçiliklə ən kiçik əlaqəsi olsaydı, bizə vətənimizdə həyatı zindan etməz, türklüyümüzü unutdurmaq üçün millətimizi hissə-hissə sürgünə göndərməzdi. Türk anaların qucağından uşaqlarını alıb dənizə atan kommunistlər tarixdə görünməyən zülmün və vəhşiliyin təmsilçiləri idi. Biz bunları öz gözlərimizlə görmüşdük. Kommunizm təbliğatına inanan və kommunizmi sosialistlik hesab edən gənc nəslə gözümüzün qarşısında uşaqları alınan türk analarının kədər və fəryadlarını çatdırmaq istəyirik. Onu da xatırladım ki, kommunist rejimə keçdikdən sonra oradan xilas olmaq mümkün deyil. 1920-ci ildə bizim ölkəmizdə kommunist sistem quruldu. Təxmini yarım əsrdir ki, Azərbaycan türkləri kommunist rejimin əsarətindədir. Bu arada kommunist rejimdən xilas olmaq üçün edilən bütün üsyanlar və savaşlar da boş çıxırdı. Kommunizmə qarşı üsyan qaldırmanın necə nəticəsiz qalacağını biz Macar üsyanında görmüşdük. Günlərlə davam edən və hürriyyətə qovuşduğuna düşünən qəhrəman macarlar bir anda rus tanklarının altında əzilmişdi və beləliklə, bir azadlıq savaşı da nəticəsiz qalmışdı. Şərqi Avropanın digər ölkələrində də kommunistlərə qarşı başlanmış hürriyyət və qurtuluş savaşı heç bir nəticə verməmişdi. Deməli, kommunist rejimə keçdikdən sonra bu rejimdən xilas olmaq qeyri-mümkündür. Gənc nəsil bunu xüsusilə yaddan çıxarmamalıdır. Və həmçinin, gənc nəslə bütün həqiqətləri öyrətməliyik. Bunun üçün də daha əvvəl dediyim kimi kommunizmin nə olduğunu izah edən kitablar çap edilməli və vətəndaşlara çatdırılmalıdır. Sosialist fikirləri önə çıxaranları diqqətlə izləyirdik. Həmin fikirlərin hər kəlməsini biz Sovet İttifaqının “qırmızı” təbliğatlarında eşitmişdik. Ona görə qeyd etmək istəyirəm ki, bu gün Türkiyədə sosializmdən və sosialistlikdən danışanların işlətdikləri hər kəlmə Rusiya kommunistlərinin işlətdikləri sözlərlə eynidir. Rusiyadakı kommunistlər xalqı istismar edilməkdən, işçiləri rəhbərlərin zülmündən, kəndlini ağaların zorakılığından xilas etmək istədiklərini deyirdilər. Rusiyadakı kommunistlər gənclərə və ziyalı insanlara hürr və rahat bir həyat vəd edirdilər. Ancaq hakimiyyəti ələ keçirdikdən sonra həmin kommunistlər xalqı, işçini, kəndlini, gənc və ziyalıları qul kimi işlətməyə başladılar. 》 Xatirəni toplayan: Rəfiq Qorqud Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili Təqdim etdi: Ceyhun Nəbi

Müsavat rəhbərliyi Avropaya getdi: Mühüm tədbir var

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və MSDM- in rəhbəri İsa Qəmbər Varşava və Brüsseldə keçiriləcək Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Avropaya səfər ediblər  Sozcu.az- ın xəbərinə görə, bu səfər haqqında məlumatı Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı özünün Feysbuk səhifəsində paylaşıb. 

Rəsmi Brüssel: İsrailə qarşı sanksiyaların vaxtıdır

Belçika baş nazirinin müavini hökuməti Qəzzada mülki hədəflərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Reuters məlumat yayıb. Baş nazirin müavini Petra De Sutter deyib: "İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı qeyri-insani hərəkətdir. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır". De Sutter deyib ki, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün bağlanmış assosiasiya sazişini dərhal dayandırmalıdır. De Sutter həmçinin İsrailə qarşı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən məhsulların idxalına qadağa qoyulmasıdır. İkincisi, silahlıların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

“Hərbiçilərin xeyli hissəsi kreditə girib” – Maaş artımı nəyi dəyişəcək?

2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb. Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb. Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir. Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Turan-a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır". Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub". Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin". Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil. Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər". Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar". Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq". Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 8,28 km dərinliyində meydana gəlib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.