“Çin işgəncəsi” ifadəsini yəqin ki çoxlarınız eşitmisiniz. Qədim tarixə və mədəniyyətə malik olan Çində öz mədəniyyətlərinə yad olan müsəlman, həm də türk uyğurlar illərdir ki, sözün əsl mənasında elə həmin “Çin işgəncəsi”-nə məruz qalırlar. Bu mövzuya müxtəlif zamanlarda toxunmuşuq, elə bu gün də toxunmaq istədik. Məhz bu gün bu mövzuya toxunmamız isə heç də təsadüf deyil. Bu gün 1933-cü ilin 12 noyabr tarixində qurulan Şərqi Türkistan İslam Cumhuriyyəti, daha sonra 1944-cü ilin 12 noyabr tarixində Şərqi Türkistan Cumhuriyyətinin yaranmasının ildönümüdür. Uyğur türklərinin yaşadığı faciə ilə bağlı Şərqi Türkistandan olan jurnalist Mir Kamil Kaşğarlı ilə söhbət etdik. Doğulduğu yerin adını özünə təxəllüs götürən Mir Kamil bəyin özü də Çin zülmündən xilas olanlardan və uyğur türklərinə verilən işgəncələr mövzusunda səsini duyurmağa çalışanlardandır. 1996-cı ilin sonunda Çindəki problemlərə görə ailəsi ilə birlikdə mühacir həyatı yaşamalı olublar. Mir Kamil Kaşğarlı uyğur türklərinin hazırkı vəziyyəti ilə bağlı proseslər barədə deyir ki, Şərqi Türkistan dedikdə ağlımıza qırğın və assimilyasiyanı, nasist düşərgələrini və inkvizisiya məhkəmələrini, ən əsası isə İslam dünyasının zəngin cənnəti olan Əndəlüsü gətirmək lazımdır.
“1492-ci ildə Əndəlüsün süqutu zamanı Əndəlüsdə baş verən hadisələr, Şərqi Türküstanın Çin tərəfindən işğalı və bugünkü gündə soydaşlarımızın amansız soyqırım düşərgələrində çəkdiyi zülmlərə səssizlik və reaksiyasızlığın nəticəsidir ki, Şərqi Türkistan öz “qınına” çəkilmiş vəziyyətdədir. Səkkiz əsr İspaniyanın taleyində söz sahibi olan müsəlmanlara sanki bu ölkəyə ayaq basmamış kimi davranılırdı.
Çin də Şərqi Türküstanın Əndəlüs fəlakəti ilə eyni şeyi yaşamasını istəyir. 1949-cu ildə Çin və Rusiyanın müştərək təşkil etdiyi təyyarə qəzası sui-qəsdi ilə Şərqi Türküstan Respublikasının prezidenti və baş naziri başda olmaqla, öndə gedən general və liderlər aradan qaldırıldıqdan sonra Şərqi Türküstana muxtar bölgə statusu təklif edildi. Şərqi Türküstan xalqının həyatına, malına, mədəniyyətinə və dini həyatına toxunulmayacağı, hətta siyasi idarəçiliyinə belə qarışmayacağına dair bir çox öhdəlik imzalandı. Bu öhdəliklərə görə, çinlilər Şərqi Türküstanda yalnız oranı çiçəkləndirmək, Təkləməkan səhrasını yaşıllaşdırıb qızılgül bağına çevirmək və iqtisadiyyatın inkişafına kömək etmək üçün məskunlaşacaqdılar. Çin bu yalançı öhdəliklərlə Şərqi Türküstana ayaq basdıqdan sonra Əndəlüsdəki kimi 3-5 il öz öhdəliklərinə sadiq qaldı. Bu prosesdə, Şərqi Türküstanda yerli nizami əsgərləri dağıdıb, onların əlindən silah almaq üçün xalqı yuxuya verməklə dünya tarixində misli görünməmiş bir hiylə həyata keçirdi. Düz 5 il sonra bütün sərhədlər bağlanaraq xarici dünya ilə bütün əlaqələr kəsildi və Şərqi Türküstan açıq qırğın düşərgəsinə çevrildi. Əndəlüsdə olduğu kimi, indi də Şərqi Türküstanda transformasiya başladı. Meydanlarda yüz minlərlə qiymətli kitab və Quran toplanaraq yandırıldı, əlifba dəyişdirildi, evlərində uyğurca kitab saxlayanlar qeyri-müəyyən müddətə həbs edildilər. Sonradan “Mədəni inqilab” adlandırdıqları qırğın düz 28 il davam etdi. Qeyri-rəsmi rəqəmlərə görə, ən azı 25 milyon Şərqi türküstanlı soyqırıma məruz qalıb. 1982-ci ildə dünyada baş verən proseslərə ayaq uydurmalı və iqtisadi cəhətdən kapitalizmə uyğunlaşmalı olan Çin dünyanın reaksiyasından yayınmaq üçün Şərqi Türküstandakı qırğınlarına ara verməli oldu. Dünya ölkələrindən sərt reaksiya almamaq üçün Şərqi Türküstan xalqının dini, dil və adət-ənənə hüquqlarını, eləcə də ağır və kommunist çevriliş düşərgələrinə çevrilmiş məscid və mədrəsələrini müvəqqəti olaraq geri çəkilmək məcburiyyətində qaldı. Bu azadlıq yalnız 10 il davam edə bilərdi. Şərqi Türküstanın bütün vilayət, mahal və kəndlərində onlarla müxtəlif adlar altında Çin üsulu nasist düşərgələri quraraq, İslamın bütün rəmzlərini, hətta Allah kəlamını terrora bağlayaraq, uyğurları oyandıran bütün fəaliyyətləri kütləvi şəkildə təbliğ etməklə separatizm, dini ekstremizm kimi uydurma bəhanələrlə mədəniyyət və adət-ənənələr yenidən məhvə və soyqırıma başlayıb. Saysız-hesabsız məscidlər dağıdılıb, Quran daxil olmaqla dini kitablar yığılıb yandırılır. Xüsusən də hər şəhər və rayonda yaradılmış “cəsəd yandırma mərkəzləri” Şərqi Türküstan xalqının nə cür kütləvi soyqırım dönəmində olduğunun ağırlığını izah etmək üçün kifayət edər, hətta bəlkə də artar” – deyə müsahib bildirdi.
Mir Kamil Kaşğarlı dünyanın uyğur türklərinin soyqırımına biganə qalmasından şikayətlənərək deyir ki, təəssüflər olsun ki, İslam və Türk dünyasındakı parçalanma Əndəlüs fəlakətində olduğu kimi, Şərqi Türküstanın 2-ci Əndəlüsə çevrilməsini də seyr etməklə qalır.
“Heç bir türk və ya islam ölkəsində hələ də “Çin Strateji Araşdırmalar İnstitutu”nun yaradılmaması bunun əyani göstəricisidir ki, dünya ölkələrinin çoxu Çini kifayət qədər yaxşı tanımır. Ən böyük səhvimiz Çini özümüz qədər dürüst “özü və sözü bir” olaraq görməmizdən və onların dediklərinə asanlıqla inanmağımızdan irəli gəlir. Şərqi türküstanlı dindarların fəryadlarına bağlı qalan qulaqlar dərhal Çinin şirin sözlərinə açılır. İslam və Türk dünyası sarsılmadan, bir baş, bir bayraq, bir hədəf ətrafında birləşməsək, başda Şərqi Türküstan olmaq üzrə heç bir yaramızı sağalda bilməyəcəyik.
Məncə, təcili olaraq atılmalı bəzi addımlar var. Hansı ki, Çinin Şərqi Türküstanla bağlı açıq siyasət yürütməsini təmin etmək, onu bu nöqtədə qapalılıq və məlumatsızlıq siyasətlərindən əl çəkməyə məcbur etmək və ya diplomatik kanallarla razı salmaq. Bunun göstəricisi kimi qadağan olunmuş xarici rabitə kanallarının açılması və tikinti şirkətlərinin xaricdəki qohumları ilə rahat ünsiyyət qura bilməsi zəruridir. Çinin media qurumlarının təmsilçiliyi olan bütün ölkələr, xüsusilə Türkiyə, Şərqi Türküstanda qarşılıqlı olaraq media nümayəndəliklərini açmalıdırlar və hətta onların azad xəbər hüquqları təmin edilməlidir. Bundan əlavə, əcnəbi səyyahların istər fərdi, istərsə də qrup halında Şərqi Türküstana yönləndirilməsi və orada əcnəbiləri sıx şəkildə olmasını təmin etmək çox faydalı olardı. Xarici iş adamlarını investisiya qoymağa, ofis və iş yerləri açmağa təşviq etmək lazımdır. Bu təşəbbüslər uğur qazandıqda, Çinin öz qeyri-insani assimilyasiyasını daha gizlədə bilməsinə mane olacaq. Çin də İslam dünyasındakı imicinə və uzunmüddətli imperialist məqsədlərinə xələl gəlməsinin qarşısını almaq üçün öz qəddarlığını və zülmünü bir az da olsa azaldacaq yaxud azaltmağa məcbur qalacaq”.musavat.com)